“Məni Salatın Əsgərovanın qatiliylə dəyişmək istəyirdilər” - 606 günlük əsirlik hekayəsi
Bizi izləyin

Qırmızı.az

“Məni Salatın Əsgərovanın qatiliylə dəyişmək istəyirdilər” - 606 günlük əsirlik hekayəsi

Ermənistanın ölkəmizə təcavüzkar müharibəsinin bütün ağırlıqlarını öz çiyinlərində daşıyan bəzi könüllülərimizin əsirlik həyatında yaşadıqları işgəncələr, əsirlikdə üzləşdikləri qeyri-insani rəftar, ağlasığmaz zorakılıqlar ermənilərin vəhşiliklərinin miqyas tanımadığını sübut etdi. Snayper Fərhad Fərhadovun 605 günlük əsirlik həyatından danışdıqları bir daha göstərir ki, ermənilərin törətdikləri qəddarlıqlar insanlıq adına ləkədir.

1991-ci ilin noyabrında Milli Ordumuzun ilk əsgərlərindən biri kimi ikinci dəfə hərbi xidmətə başlayan 31 yaşlı Fərhad Fərhadov bir ay sonra Şuşadakı döyüşlərdə ermənilər tərəfindən əsir götürülüb. O, 1 il 9 ay sonra Laçın rayonundan olan girovlarla birgə erməni əsirliyindən qaçaraq, yenidən ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə iştirakını davam etdirir.

Publika.az 1991-ci ilin dekabrından 1993-ci ilin avqustuna qədər erməni əsirliyində olmuş döyüşçümüzün dili ilə azərbaycanlılara qarşı edilən vəhşilikləri, işgəncələri təqdim edir:

“Ən zəif yerlərə, boşluqlara, böyrümüzə vururdu”

Dekabrda əsir düşdük. Rus zabitlərindən biri dərhal hamımızı döyməyə başladı. Halbuki artıq təslim olmuşduq. Əmr etdi ki, yerə uzanaq. 366-cı alayın zabiti hamımızı əvvəlcə söyməyə, sonra döyməyə başladı. Özü də bədənimizin ən zəif yerlərinə, boşluqlara, böyrümüzə, qarnımıza, başımıza, sifətimizə vururdu. Bir neçə saat sonra maşınlara mindirib “qorotdel” deyilən yerə gətirdilər. Piyada da gələ bilərdik. Amma arvadlar bizi yolda daşqalaq edirdilər deyə qərara aldılar ki, maşınla gətirsinlər. Burda elə döydülər ki..!

Sonra hamımızı “qorotdel”in müvəqqəti təcridxanasının kamerasına saldılar. Bunlar 4 nəfərlik kameralar idi. Ehtiyat etdiklərindən hərəmizi ayrı-ayrı kameralara atmışdılar. Hamısında 4 dəmir çarpayı vardı. Amma heç birinin döşəyi də yox idi. Ona görə də çarpayıların üstündəki dəmirlərdə yatmaq mümkün deyildi. Çarpayıların üstü qalın tozla örtüldüyündən burda qaldığım günləri işarə ilə qeyd edirdim. Hərbi formamın – “buşlat”ımın ortasını cırmışdım, ona bürünüb yerdə yatırdım.

Gündə 15-20 dəfə işgəncə verirdilər. Bəzən “insaf”a gəlib, 10 dəfə döyürdülər. Hərdən sayı da itirirdik. Döysəydilər, 1-2 sillə, təpik vursaydılar, yaxşı idi. Armaturlarla, odunla, kabellə, dəmir alətlərlə vəhşi kimi çırpırdılar. Hərdən elə döyürdülər ki, yerdən qalxa bilmirdik.

Bir dəfə “dubinka” ilə döydülər. Elə “xoşum” gəldi ki..! Bilirsiniz niyə? “Dubinka”yla döyəndə yaralarımın yeri qızdı, bədənim istiləndi, soyuqdan keyiyən yerlər açıldı. Döyənlərin sayı-hesabı bilinmirdi. Üç qrupa ayrılıb, işgəncə verirdilər. Əməlli-başlı “smen”ə bölünmüşdülər: - təcridxana nəzarətçiləri, əsgərlər, onların dostları. Döyməyə gələn qruplarda ən azı 3 nəfər olurdu.

Təcridxanadakı kamerada 31 gün gecə-gündüz döyüldüm. Əvvəllər yeməyə heç nə vermədilər. Sonradan gündə 1 parça qənd, “perlovka” və su verdilər. Onu da gündə cəmi bir dəfə.

“Məni qucaqlayıb soruşdu ki, ailən, övladın var?”

Bir dəfə Qalina Staravoytova ilə Leninqraddan bir deputat gəldi. Görüşdən qabaq ayaqlarıma corab geyindirdilər. Çünki döyüləndə dırnaqlarımı qoparmışdılar, barmaqlarım şişmişdi. Dırnaqlarımı gizlətmək üçün ayağıma corab geydirdilər. Ayaqqabılarım yox idi.

Staravoytova üzünü turşudub soruşdu ki, burda nə gəzirsən? Dinmədim. Ağzımın, dodağımın şişdiyini, partlayıb qan axdığını görüb soruşdu ki, nə olub? Cavab verdim ki, özüm dişləmişəm. Beləsinə nə cavab verəsən?

Sonra Leninqraddan olan qadın deputatla görüşdük. Məni qucaqlayıb soruşdu ki, ailən, övladın var? Cavab verdim ki, 2 övladım var. Qadının gözləri doldu, məni kənara çəkdi. Bizi izləyən erməni mayoruna dedi ki, get burdan, əsirə sözüm var. Dedi ki, ailənə məktub yaz, çatdırım. Bilirəm, sizi döyürlər, nəyi istəyirsən qeyd elə.

Yanvarın 31-də gözlərimi bağlayıb, kameradan çıxardılar. Yeriyə bilmirdim deyə, iki erməni qoluma girdi. Maşına mindirib harasa apardılar. Gözlərimi açanda gördüm evdəyəm. Sonra çoxmərtəbəli bina evinə apardılar. Sahibənin adı Lyuda idi. Lakin bir qədər sonra yenidən yerimi dəyişdirdilər. Bu dəfə məni Aida adlı qadının evinə gətirdilər. Bura Xankəndi idi. Bizə xüsusi nəzarətçi ayırmışdılar, hər hərəkətimizə göz qoyurdu. Mayın sonlarında Beynəlxalq Qızıl Xaç tərəfindən əsirlərə yemək ayrılsa da, ermənilər həmin ərzaqları bizə vermir, özləri yeyirdilər. Bizə ancaq 150 qram quru çörək və itburnudan dəmlənmiş çay verirdilər. Evdə bir ailə yaşayırdı, təxminən 8 nəfər üzvü vardı. Hərdən qonaqları gəlirdi, 10-11 nəfər olurdular. Bizimkilər Şuşanın Qaladərəsi kəndini işğaldan azad edəndə həmin kənddəki qohumları da bunların evinə köçdülər.

“Evdə mənlə yanaşı 3 yeniyetmə girov da vardı”

Qaldığımız otaq “reşotka”yla çərçivəyə alınmışdı. Gecələr qapını qıfıllayırdılar. Evdə mənlə yanaşı 3 girov da vardı. Laçından olan mülki şəxslər idilər. Birinin 22 yaşı vardı, digərləri isə 17 və 13-14 yaşlı yeniyetmələr idi. Əllərimizi açdılar, çünki qapı, pəncərə, hər yer dəmir “reşotka”larla bağlıydı. Otağımızın qapısına nəzarət etmək üçün gecələr 2- 3 nəzarətçi ayırmışdılar. Ayaqyoluna əyilə-əyilə, gizli gedirdik ki, qonşular burada yaşamağımızdan xəbər tutmasınlar. Danışmağı qadağan etmişdilər. Yavaş-yavaş qadağalar aradan qaldırıldı. Qonşular bildilər ki, evdə azərbaycanlılar var. Bir az sonra bizi silahlı nəzarətçinin müşayiəti ilə meşəyə odun yığmağa göndərdilər. Odun daşımağa başladıq.

“Məni Salatın Əsgərovanın qatili Arustamyan Qarnik Qurqeneviçlə dəyişmək istəyirdilər”

Bir gün nəzarətçi Rantik bizimlə odun yığmağa sərxoş getdi. Meşəyə çatanda otun üstündə uzanıb yuxuladı. Dördümüz həmişəki kimi birlikdə ağac kəsdik, doğradıq. Yaxınlaşıb Rantiki oyatdım. Dedim işimizi qurtarmışıq, dur, gedirik. Təəccüblənib soruşdu ki, “Parxad, ara sənin əlində balta ola-ola məni niyə öldürmədin? Öldürə, silahımı götürüb qaça bilərdin”. Fənd işlədib dedim ki, səni niyə öldürürəm ki, bu gün-sabah dəyişiləcəm də. Yeri gəlmişkən, məni mərhum jurnalist Salatın Əsgərovanı qətlə yetirmiş Arustamyan Qarnik Qurqeneviçlə dəyişmək istəyirdilər.

Rantikə dedim ki, qaçmaq istəsəydim, səni niyə öldürürdüm ki? Elə bu vəziyyətdə qaçardım da. Səni mən yaratmamışam ki, mən də öldürüm. Bununla ermənilərin etibarını qazandım. Səhər Rantik dedi ki, Parxad, oduna özün, mənsiz gedə bilərsən? Cavab verdim ki, məgər mənə meşənin yolunu sən göstərirdin, özüm tanıyıram da. Həmin gündən etibarən oduna nəzarətçisiz getdik.

“Xəritəyə baxıb, qaçacağımız yolları müəyyənləşdirdim”

Bir dəfə ailənin kürəkəni dedi ki, Parxad, mənim “UAZ” avtomobilimi təmir edə bilərsən? Cavab verdim ki, 2-3 gün vaxt lazımdır. Maşını həyətdə qoyub getdi. Avtomobilin qapısını açanda içində xeyli silah və xəritə gördüm. O qədər səfeh deyildim ki, silah oğurlayım. Elə olurdu ki, silahları, qumbaraları mənə verirdilər ki, bunu apar filan yerə. Əsas məqsədim əvvəlcə ailənin etibarını qazanmaq, sonra qaçmaq idi. Xəritəyə 3-4 gün ərzində diqqətlə baxdım. Qaçacağımız yolları dönə-dönə müəyyənləşdirdim.

Bir gün ailə üzvləri evi bizə tapşırıb, döyüşdə ölmüş qohumlarının dəfninə getdilər. Uşaqlar təklif etdilər ki, qaçaq. Dedim siz nə danışırsınız? Bizə elə bu küçədə, bəlkə də, beş nəzarətçi qoyublar, hər hərəkətimiz nəzarətdədir. Bütün bunlar bir yana, indi qaçsaq, çöllərdə acından ölərik, çünki nə meyvə var, nə tərəvəz. Ermənilər hüzrdən qayıdanda evdəki bütün əşyaların yerbəyer olmasından təəccübləndilər. Beləliklə, onların etimadını tam qazandıq. Hətta elə olurdu ki, Aidə öz nəvələrini - qızının azyaşlı uşaqlarını da mənə tapşırıb gedirdi. Uşaqlar səhər yuxudan duran kimi “Knem Parxad daday” – “Fərhad dayıya gedək” – deyirdilər.

“Aida başımdan 3 ağır zərbə endirdi”

Hərdən bizi vururdular da. Məsələn, bir dəfə yanımızdakı girov Rasimə görə Aida məni döydü. Rasim doymadığı üçün dedi ki, Rantikdən çörəyin miqdarını artırmağı xahiş edim. Rantikdən xahiş edəndə yalandan dedi ki, çörək özümüzə güclə çatır. Halbuki beynəlxalq təşkilat əsir və girovlara çörək, ərzaq ayırırdı. Amma onu ermənilər yeyirdilər. Bu xahişi etdiyimə görə, Rantik 13-14 yaşlı Rasimi aparıb meşədə vəhşi kimi döydü. Aida isə başımdan 3 zərbə endirdi.

Avqustun 22-də uşaqlara dedim ki, hazırlaşın. Hər şeyinizi yığışdırın, yola ehtiyatınızı görün. Lakin hara gedəcəyimizi demədim. Çünki ola bilərdi ki, yolda qruplara ayrılaq və kimsə ələ keçəndə o biriləri ələ verməsin. 22 yaşlı Əlif təəccüblənib soruşdu ki, necə qaçırıq? Cavab verdim ki, görmürsünüz içiblər? Ermənilər birinci badədən sonra özlərini tamamilə itirib sərxoş olurlar. Bəziləri tərəddüd etsələr də, mən evi tərk edib, qaçmağa qərar verdim.

Ehtiyat kimi özümüzlə paltar, balta, bıçaq, azca çörək götürmüşdük. Onları hərbi çantalara bənzəyən xüsusi torbaların içinə yığmışdıq. Yeri gəlmişkən, hər gün zibil atmağa gedirdik. Uşaqlara dedim ki, kisələri götürün və elə addımlayaq ki, guya hər gün olduğu kimi zibil atmağa gedirik. Xankəndi küçələrində erməniləri şübhələndirməməkdən ötrü hər gün zibil atdığımız eyni vaxtda çıxdıq, yol ehtiyatını, əşyalarımızı da eyni zibil kisələrinə yığdıq. Qonşular bizim hər gün axşam saat 8-də bu kisələrlə evin zibillərini daşımağımıza öyrəşmişdi. Heç kimin ağlına gəlməzdi ki, qaçırıq və iki qrupa bölünüb, şəhərin müəyyən yerində birləşməyi qərara almışıq.

“Bizi Ağdam istiqamətində axtarmağa başladılar”

Bir neçə dəqiqədən sonra vədləşdiyimiz yerdə görüşdük. Xeyli getdik, artıq hava qaralırdı.1 saat sonra evi tərk etməyimizdən duyuq düşdülər. Bizi Ağdam istiqamətində axtarmağa başladılar. Heç ağıllarına da gəlməzdi ki, başqa istiqamətdə - uzun, dağlıq yolla irəliləyirik. Uzun dağ-dərə yolunu seçmişdim ki, sərhədə gec çatsaq da, əllərinə keçməyək. Ağdam istiqamətində xeyli güllə atdılar. Başa düşdük ki, o tərəfə qaçsaydıq, 1 saat sonra bizi tutacaqdılar.

“Səkkiz gün piyada yol gəldik”

Bir neçə kilometr gedib, böyük uçurumun kənarına çıxdıq. Az qala uçuruma yuvarlanacaqdıq, Allah saxladı. Uzaqdan görünən dağı istiqamət seçib, bütün gecəni həmin yüksəkliyə doğru irəlilədik. Avqustun 23-ü, səhər çağı idi. Bütün gecəni bir dəqiqə də gözümüzü yummamışdıq. Çünki bizi Canhəsən, Kosalarda axtarırdılar. Fermanın yanında inək səsi çıxarırdılar ki, mal-qaranın səsini eşidib, gizləndiyimiz yerdən çıxaq. Bilirdilər ki, acıq. Səfiyan kəndinə yaxınlaşmışdıq, meşəliyin içiylə gedirdik. Harda cığır görürdüksə, onun içiylə addımlayırdıq.

Birdən bizə yaxınlaşdılar. Tez küləyin aşırdığı böyük ağacın kötüyünün altında gizləndik. Ermənilər çıxıb getdikdən sonra yenidən yola düzəldik. Gəzdiyimiz kəndlərin adlarını dağıdılmış evlərin içinə girərək, oralarda oxumuş şagirdlərin dəftərlərinə əsasən bilirdim. Məsələn, görürdüm ki, dəftərin üzərinə yazılıb – Səfiyan kənd orta məktəbi. Xeyli məsafə qət edib, Laçının yaxınlığındakı Zerti kəndinə çatdıq. Yol boyu gələ-gələ itburnuyla qidalanırdıq. Həm də boşaldılmış kəndlərin birindən tapdığımız kəpəyi yeyirdik. Səkkiz gün idi piyada yol gəlirdik.

“Ermənilər girovlarımızdan ikisini tutdular”

Təəssüf ki, ermənilər 22 yaşlı oğlanla 13-14 yaşlı yeniyetməni qaçışımızın 7-ci günündə tutdular. Bunun da səhvi onlarda oldu. Qamışlıqların içiylə gəlsək də, ikisi də təklif etdi ki, asfalt yolla gedək. O daha rahat və yaxındır, biz yorulmuşuq. Razılaşmasam da, sonda onların təklifinə qulaq asdım. Lakin asfalt yola çıxan kimi erməni əsgəri ilə üz-üzə gəldilər. Əsgər “Ara, uva?” (ara, kimsən?) - deyib hər ikisini saxladı. Lakin Rasimlə mən onun gözündən yayınmağı bacardıq. Hər ikisini nə qədər döysələr də, bizi satmadılar. Üstəlik, erməniləri aldatdılar ki, elə iki nəfər olublar. Əvvəlcədən vədləşmişdik ki, kim ələ keçsə, yoldaşını ələ verməsin. Ermənilər bizim olduğumuz ərazidən uzaqlaşmadılar. Əllərimi göyə qaldırıb yalvardım ki, Allah bizə azca külək nəsib et. Qamışlar bir-birlərinə dəyib xışıldasın, ayaqlarımızın səsini eşitməsinlər, otların arası ilə qaçaq. Bir neçə dəqiqə sonra meh əsdi, qamışlar xışıldadığından irəlilədik. Çayın kənarına çatanda burada 10-a qədər tank, PDM və xeyli sayda əsgər gördük. Rasimə dedim ki, Güləbird yalının döşüylə getməliyik. Yolda əsgərlərin qoyub getdikləri quru çörəkləri tapdıq. Həmin çörəkləri yeyə-yeyə hərəkət etdik. Güləbird yalına qalxıb körpüyə yaxınlaşdıq. Əraziyə çatanda ermənilərlə bizimkilər atışmaya başladılar. Mən Həkərinin kənarıyla yox, Kirsin döşüylə getməyi qərara aldım. Çünki ermənilər ancaq Həkərinin döşündə ola bilərdilər, Kirsin hündür yerində yox.

“Birdən kimsə arxadan dedi ki, dur, düz get”

Zənnimdə yanılmamışdım. Ermənilər dəstələrə bölünüb, şam işığında toplaşmışdılar. Dəstələrin arasındakı məsafələr 20 metr olardı. Biz ya bu dəstələrin arasından keçib getməliydik, ya da geri qayıdıb yenidən ac-susuz, 8-10 kilometr məsafə qət edib Kirsin ətəyilə uzaq məsafə qət etməliydik.

Avqustun 29-dan 30-na keçən gecə idi. Saat təxminən 1-in yarısı olardı. Ayın işığıyla irəliləyib sərhədə çatdıq. Ürəyim partlayırdı, axı düz torpaqlarımıza çatmışdıq. Artıq sərhədi keçməyimizə bir neçə metr qalmışdı. Dizlərimi yerə qoyub əllərimi göyə qaldırdım. Yalvardım ki, Allah, mən səndən indiyə qədər heç nə istəməmişəm. Burada isə sənin qüdrətini görmək istəyirəm. Bizi qızılquş qanadına alıb sərhədi keçir. Atamın ruhuna və Allaha and olsun, bunu demişdim ki, birdən kimsə arxadan mənə belə dedi: “Dur, düz get”. Əllərim göydə, dizlərim yerdə idi. Eşitdiyim səsdən yerimdə quruyub qaldım. Dönüb arxaya baxanda heç kimi görmədim. Səs bir də eşidildi: “Dur, düz get”. Elə ürəkləndim ki. Dedim, Rasim, düz ermənilərin üstünə gedib, iki dəstənin arasından keçəcəyik. Əvvəlcə qorxub tərəddüd elədi, sonra razılaşdı. İrəli addımlayıb dəstələrə çatdıq. Gəlib ermənilərə yaxınlaşdıq, iki dəstənin arasından keçdik. Əsgərlərlə aramızdakı məsafə 7-8 metr olardı. Gəlib düz onların yanından keçdik. Bir az aralananda arxamızdakı erməni əsgərlərindən biri avtomatın çaxmağını çəkib buraxdı. Rasim bu səsi eşitcək, həyəcanından yerə yıxıldı. Çiynindən yapışıb qaldırdım ki, dur ayağa, getdik. Beləcə, onlardan bir neçə metr aralandıq. Bir neçə addım getmişdik ki, bizim snayperin atdığı güllə qulağımı qarsdı. Amma xoşbəxtlikdən, dəymədi. Beləcə, Allah bunların gözlərini bağladı. Sonradan başa düşdük ki, erməni avtomatının çaxmağını çəkib, bizə hərbi salam verirmiş. Orduda belə bir ənənə var - əsgərlər öz kəşfiyyatçı yoldaşlarının əməliyyata getdiklərini görəndə hərbi salamlama üçün avtomatın çaxmağını çəkib buraxırlar. Onlar elə bilmişdilər ki, biz də erməniyik və kəşfiyyata gedirik. Çünki kəşfiyyata məhz gecələr həmin vaxt gedirlər. Özümüzünkülər isə bizi erməni kəşfiyyatçısı sanıb, snayperlə atəş açmışdılar. Yaxından çoban itinin səsi gəlirdi. Başa düşdüm ki, səngərlərimizə çatmışıq. Beləcə, gəlib əsgərlərimizə yaxınlaşdıq.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm