Metronun yeni rəisindən gözləntilər
Bizi izləyin

Qırmızı.az

Metronun yeni rəisindən gözləntilər

Metronun yeni rəisindən gözləntilər?

-Bilmirsən yeni rəis haralıdır?

-Kimi deyir qubalı, kimi də deyir bakılıdır. Axı sənin üçün nə fərqi qubalı, yoxsa bakılıdır? İşini görüb maaşını alacaqsan?

-Necə yəni nə fərqi? Hansının ləhcəsini öyrənməli olduğumu bilməliyəm də.

Bu iki metro əməkdaşı arasındakı dialoqdandır. Əlbəttə, onların narahatlığına əsas səbəb işdən azad olunub-olunmamalarıdır. Əslində yeni rəhbərin təyin edilməsi ilə hansı yeniliklərin olacağı əslində hər kəsi, metronun daimi, elə nadir istifadəçilərini də düşündürür.

Dünən ölkə prezidenti İlham Əliyevin “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında imzaladığı sərəncam nəticəsində Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) yaradılıb. Bu cəmiyyətin yeni rəhbəri vəzifəsinə isə əvvəllər “Bakıelektrikşəbəkə” ASC sədrinin müavini vəzifəsində çalışan Zaur Mir Tofiq oğlu Hüseynov təyin edilib.

İndi hər kəsi maraqlandıran yeni rəhbərin əvvəlkindən qalma hansı problemləri həll edəcəyidir. Bunun üçün isə əvvəlcə metroda həllini gözləyən problemlərdən başlasa yaxşıdır. Problemlər isə bunlardır.

Əvvəlcə qiymət məsələsi. Metroda xərclərin müəyyən edilmiş gediş haqqı ilə üst-üstə düşmədiyi barədə Metropoliten rəhbərliyi dəfələrlə açıqlama verib. Qiymətin birdən-birə 5 qəpikdən 20 qəpiyə artırılması da məhz bununla izah edilmişdi. Açıqlamada 20 qəpiyin belə bir nəfər üçün çəkilən xərclərdən dəfələrlə az olduğunu deyilirdi. Bir sərnişinin daşınmasının 70 qəpikdən çox xərc apardığı haqda dəfələrlə açıqlamalar verib, beləliklə, gediş haqqının artırılmasına hələ zərurət olduğunu deyərək ayaq yeri də qoymuşdular. İndi insanları düşündürən əsas məsələ qiymətin daha da artırılmasıdır.

İqtisadçı ekspert Samir Əliyev “Media forum” saytına açıqlamasında metropolitenin hüquqi şəxs olması metroda qiymətin tənzimlənməsi qaydasını dəyişmədiyini deyib:

“Metroda gediş haqqı tənzimlənən qiymətlərə daxildir. Bu o deməkdir ki, indən belə də metroda gediş haqqının məbləğini Tarif Şurası müəyyənləşdirəcək. Yəni “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti qiyməti özü dəyişə bilməz. Əgər cəmiyyət qiyməti dəyişmək istəsə, yenə Tarif Şurasına müraciət etməli, qərar Tarif Şurasında çıxarılmalıdır. Bir sözlə, Bakı metrosunda gedişin neçəyə olması yenə Tarif Şurasının qərarından asılı bir məsələdir”.

Ekspertin qiymət məsələsindəki şərhi bizi bir az da olsa rahatlaşdırdı. Keçək digər məsələlərə. Metro istifadəçilərin həllini gözlədiyi əsas problemləri gecikmələrdir. Getdiyi məkana daha tez çatmaq ümidi ilə metrodan istifadə edənlər 2 dəqiqəyə gəlməli olan qatarı bəzən 8-10 dəqiqə gözləməli olurdular.

Mindiyiniz qatarın “Dərnəgül”ə yox, “İçərişəhər”ə getdiyini “28May”stansiyasında öyrənmək artıq alışılan hala və problemə çevrilib. Metropoliten rəsmiləri isə hər dəfə açıqlama verərkən ya belə bir problemin olduğunu qəbul etmir, ya da çıxış yolunu “texniki nasazlıq baş verib” deməkdə görürlər. Səhər saatlarında texniki baxışdan keçmiş qatarın nə üçün texniki nasazlıq yaşamasını isə izah edən olmur.

Ekspertlərin fikrincə, digər ölkələrin metrolarına nəzər saldıqda orda stansiyada metro işçisi görmək olmaz, amma bizdə nədənsə bütün işçilər stansiyadadır, onlar dispetçer sistemində oturmalı, ordan dəqiq idarə etməlidirlər. Həmin ölkələrdə interval 2 dəqiqədən bir gəlir və qatarlar arasındakı məsafəni göstərəcək konkret vaxtlar var.

Daha bir həllini gözləyən problem metrodakı ticarət obyektləridir. Onsuz da dar olan metro keçidlərinin əsas hissəsinin ticarət obyektlərinin istifadəsində olması, gediş-gəlişə maneə yaradan amillərdəndir.

Yeni tikilən və təmir olunan stansiyalarda isə əvvəlkilərdən elə də ciddi fərq müşahidə edilmir. Sadəcə yenilərin döşəməsi bir az da sürüşkən olur ki, bu da yalnız kimsə yıxılıb xəsarət alandan sonra həllini tapır.

Yeni qatarların alınmaması, köhnələrdən bir neçəsinin kosmetik təmirdən sonra istifadəyə verilməsi bir tərəfə, qatarların təmizliyi, oturacaqların sınması, qatarlardakı səs-küy da metro istifadəçilərinin əsas problemlərindəndir. Bundan başqa, metro xərcləri və istifadəçilərin sayının açıqlanmasında Dövlət Statistika Komitəsi ilə metropoliten rəqəmləri arasında da xeyli fərq müşahidə edilir. Bu isə şəffaflığın təmin edilməsi, xərclərin müəyyənləşdirilməsində problemlər yaradır.

Sadalandıqlarımızdan əlavə xüsusi lətifəyə çevrilmiş metroda wi-fi sisteminin qurulması,fiziki qüsurlu şəxslərin nəzərə alınması, metro kartlarının nəqliyyat kartı kimi istifadə edilməsi və s yeni xidmətlər də var. Problemlərin həlli ilə yanaşı bu yeniliklər də gözləniləndir.

Metropolitendən isə yeni sistemlərin tətbiq edilməməsini hər zaman xərclərinin çox olmasi ilə əlaqələndirir. Amma metronun reklam və icrayə verdiyi ticarət obyektlərindən əldə etdiyi gəliri çıxmaqla, təkcə gediş haqlarından il ərzində 1 milyon 400 minə yaxın gəlir əldə edir ki, bununla da, yeni sistemə keçmək elə də çətin deyil. Dövlət Statistika Komitəsinin məlumatına görə, metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 187,3 mln. nəfər olmaqla 5,8% artıb.


Bəs bu gözləntilər nə qədər reallaşa bilər?

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, metropolitenlə bağlı sonuncu sərəncam hüquqda müəssisənin yenidən təşkili kimi dəyərləndirilir. Sərəncama əsasən, əvvəl mövcud olan iki hüquqi şəxs birləşdirilir. Hüquqi baxımdan heç bir problem yoxdur, sadəcə idarəetmə müəyyən qədər sadələşir:

“Sturukturda bütün qurumlar yerində qala, yaxud onlar yeniləri ilə əvəzlənə bilər. Çünki sərəncamda da həmin təşkilatın nizamnamə, sturukturun hazırlanması Nazirlər Kabinetinə tapşırılıb. Yeni qərarda əsas hədəfin metropolitenin idarəedilməsinin yaxşılaşdırılması kimi qiymətləndirilə bilər. Bu zaman həm də xidmətin daha da yaxşılışdırılması, əsas hədəflərdəndir.

İdarəetmənin sadələşdirilməsi, bu quruma dövlət büdcəsindən ayrılan xərclərin daha da azalmasına səbəb olacaq. Ən azından bir neçə rəhbər şəxs ixtisara düşəcək, onların xüsusi avtomobil, benzin xərcləri də ixtisar ediləcək. İdarəetmə təkmilləşdiriləndə əsas hədəf də maliyyə vəziyyətini yaxşılaşdırmaq olur”.

Gəlir gətirən sahə olan metroya dövlət tərəfindən əlavə dotasiyanın ayrılmasına gəldikdə isə ekspert bu vəsaitin yeni vaqonlar və digər texniki avadanlıqların alınması, təmiri metropoliten işçilərinin əməkhaqqı üçün nəzərdə tutulur. Amma bu sahəyə ayrılan pulların səmərəli xərclənməsi araşdırılmalıdır:

“Lakin müşahidələr göstərir ki, bu gün metropolitenin qatarları dünya standartlarından bir çox xüsusiyyətinə görə geri qalır. İstər səs, istərsə də təhlükəsizlik baxımından problemlər var. Xüsusən də, yanğın və hərəkət təhlükəsizliyi həll edilməli, müasir naviqasiya sistemləri quraşdırılmalıdır. Bunlar hamısı sərmaye qoyulmalı olan sahələrdir. Amma bildiyim qədəri ilə də həmin sahəyə normal vəsait ayrılırdı. Amma onun hara xərclənməsini araşdırmaq lazımdır”.

Ekspert onu da vurğuladı ki, metroya ayrılan xərclərin və gəlirin xərclənməsində manipulyasiyanın olması istisna deyil:

“Günün istənilən saatında metroya daxil olsanız orada sıxlıq müşahidə edilir. Amma bunun qarşılığında açıqlanan rəqəmlər heç də reallığı əks etdirmir. Düzdür, əlavə hesablama aparılmayıb, lakin müşahidələr rəqəmlərdə şəffaflığın olmadığını göstərir. Üstəlik keyfiyyət bir az da yaxşılaşsa, istifadəçilərin sayı daha da artar.

Ərazidə mövcud olan ticarət obyektlərindən əldə olunan gəlirlər də, metropolitenin büdcəsinə yönləndirilir. Həmin ticarət obyektlərinin metroda yerləşməsi təhlükəsizlik baxımından da problem yaradır. Bizdə iki və dörd çıxışlı metro giriş var. Keçmişdə tikilən metrolarda əsasən, 4 girişlidir ki, bunlar da hərəkəti asanlaşdırır.

Bu girişlər həm də yeraltı piyada keçirdi kimi istifadə edilir. Amma ticarət obyektləri həmin keçidlərdə elə sıxlıq yaradır ki, insanlar yerüstü ilə keçmək məcburiyyətində qalır. Bu vaxta qədər metropolitenin başı ticarətə elə qarışıb ki, göstərilən xidmət, təhlükəsizlik məsələləri yaddan çıxıb”.

Qatarların tez-tez gecikməsinə gəldikdə ekspert bunun texniki qaydalara əməl edilməməsi və naviqasiya sistemi, rəqəmsal sistemlə əlaqələndirilməməsi olduğunu dedi. Bunların aradan qaldırılması isə əsas gözləntilər sırasındadır.

Gözləntilər bəlli oldu, yeni rəhbərliyin bundan nə qədər hali olub, həll edəcəyini zaman göstərəcək.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm