Çimərliklər I Avropa Oyunlarına necə hazırlaşır?
Bizi izləyin

Qırmızı.az

Çimərliklər I Avropa Oyunlarına necə hazırlaşır?

I Avropa Oyunlarının yay çimərlik mövsümünə təsadüf etdiyini nəzərə alsaq, həm ölkəmizə gələn idmançıların, həm də qonaqların günün müxtəlif saatlarında Xəzər sahillərinə və ölkəmizin digər su hövzələrinin sahillərinə üz tutacaqları əvvəlcədən bəllidir. Ona görə də FHN Dövlət Sularda Xilasetmə Xidməti I Avropa Oyunları zamanı su hövzələrində təhlükəsizliyin təmin olunması üçün bir sıra tədbirlər həyata keçirir.

Bu barədə Publika.az-a FHN Dövlət Sularda Xilasetmə Xidmətinin Təbliğat və təşkilat sektorunun müdiri Mansur Piriyev bildirib.

Onun sözlərinə görə, nazirliyin Bakı Regional Mərkəzi ilə birgə Bakının bir çox rayonlarında Xəzər dənizinin sahil zolağı üzrə monitorinqlər və müşavirələr keçirilib və hal-hazırda da bu istiqamətdə işlər həyata keçirilməkdədir. Xidmətin mütəxəssisləri ilə yanaşı yerli icra orqanlarının da iştirakı ilə keçirilən monitorinqlər zamanı müşahidə olunan nöqsanlar ətraflı öyrənilir və su hövzələrində insanların təhlükəsizliyi üçün zəruri hesab edilən tədbirlərin həyata keçirilməsi üçün lazım olan məlumatlar aidiyyəti orqanların diqqətinə çatdırılır. Bununla yanaşı, monitorinqlərin nəticələri ilə bağlı rayon icra hakimiyyətlərində keçirilən geniş müşavirələrdə mövcud problemlərin birgə aradan qaldırılma yolları müzakirə edilir:

“Rayon əhalisinin sularda təhlükəsizlik və davranış qaydaları ilə bağlı maarifləndirilməsi üçün zəruri materiallar verilir. Bu tədbirlərdə iştirakçılara zəruri məlumatları əks etdirən buklet və broşürlər paylanılır.

Qeyd edək ki, Xidmət Abşeron yarımadasından sonra ölkə ərazisində yerləşən FHN-nin bütün Regional Mərkəzlərinin inzibati əraziləri üzrə su hövzələrində monitorinqin keçirilməsini və onun nəticələri ilə bağlı rayon müşavirələrinin təşkil edilməsini planlaşdırıb”.

M. Piriyev həmçinin bildirib ki, eyni zamanda I Avropa Oyunları ilə bağlı olaraq bu il su hövzələrinin kənarında quraşdırılacaq maarifləndirici lövhələr beynəlxalq işarələrlə - həm Azərbaycan, həm də ingilis dilində yazılmış mətnlərlə hazırlanıb. Çimərlik mövsümündə həmin lövhələr təyinatı üzrə su hövzələrinin kənarında quraşdırılacaq.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm