İranda yüksək rütbəli polis zabiti sui-qəsdlə öldürüldü - Pezeşkian tapşırıq verdi
Bizi izləyin

Region

İranda yüksək rütbəli polis zabiti sui-qəsdlə öldürüldü - Pezeşkian tapşırıq verdi

İranda yüksək rütbəli polis zabiti sui-qəsdlə öldürüldü - Pezeşkian tapşırıq verdi

İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətinin polis rəis müavini, polkovnik-leytenant Nosrat Eftexari öldürülüb.

Publika.az xəbər verir ki, bu barədə "Mehr" məlumat yayıb.

Bildirilib ki, cümə günü Eftexarinin avtomobili Zahidan yaxınlığında, Çeşme-Ziyarət kəndinə gedən yolda partlayıcı qurğu ilə hücuma məruz qalıb. Hücum nəticəsində daha bir neçə polis əməkdaşı yaralanıb.

Ölkə Prezidenti Məsud Pezeşkian onun öldürülməsini pisləyib.

Şənbə günü yayımlanan bəyanatında Pezeşkian əyalət polis idarəsinin mədəni və sosial məsələlər üzrə rəis müavini vəzifəsini tutan Nosrat Eftexarinin ölümü ilə əlaqədar başsağlığı verib.

“Qeyri-sabitlik yaratmağa, zorakılığı yaymağa və ictimai asayişi pozmağa yönəlmiş kor-koranə terror aktları günahsız insanların ölümünə səbəb olmaqdan və onların arxasında dayananların cinayətkar mahiyyətini üzə çıxarmaqdan başqa heç nəyə gətirib çıxarmayacaq”, — deyə prezident bildirib.

O, Eftexarinin qətlini qeyri-insani cinayətlərin “acı nümunəsi” adlandırıb, mərhumun ailəsinə, polis rəhbərliyinə və əməkdaşlarına, onun həmkarlarına, eləcə də əyalət sakinlərinə başsağlığı verib.

Pezeşkian vurğulayıb ki, bu hücum təhlükəsizlik qüvvələrini vətəndaşların həyatını və rifahını qorumaqdan çəkindirməyəcək. Onun sözlərinə görə, terrorizmlə mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi istiqamətində səylər davam etdiriləcək.

İran Prezidenti, həmçinin səlahiyyətli orqanları hadisəni dərhal və hərtərəfli araşdırmağa, cinayəti törədənləri və onun həyata keçirilməsi barədə göstəriş verən şəxsləri müəyyənləşdirməyə çağırıb.

Bəyanatın sonunda Pezeşkian həlak olmuş polis əməkdaşının və digər hüquq-mühafizə orqanları əməkdaşlarının xatirəsini ehtiramla yad edib, onların ailələrinə səbir və güc arzulayıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm