İlham Əliyev qəbul keçirdi - FOTO
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev qəbul keçirdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Rusiya Federasiyasının Federasiya Şurasının sədr müavini İlyas Umaxanovu, Rusiya Federasiyasının Federasiya Şurasının Regional məsələlər üzrə komitəsinin sədri Sergey Melikovu, Dağıstan Xalq Məclisinin sədri Xızrı Şıxsəidovu və Dağıstan Xalq Məclisi sədrinin müşaviri Məhəmməd Qurbanovu qəbul edib.

Qonaqları salamlayan Prezident İlham ƏLİYEV dedi:

-Sizi yenidən görməyimə şadam. Xoş gəlmisiniz.

Çox şadam ki, siz mühüm tədbirdə - dünya dini liderlərinin Sammitində iştirak edəcəksiniz. Bu, ölkəmiz üçün çox mühüm hadisədir. Zənnimcə, bütün iştirakçılar üçün də belədir. Mən çox şadam ki, Rusiya Federasiyası çox yüksək səviyyədə, Federasiya Şurasının rəhbərliyi, qardaş Dağıstanın rəhbərliyi səviyyəsində təmsil olunub və Zati-müqəddəsləri, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin də, müxtəlif ölkələrdən olan çoxsaylı qonaqların da iştirakı gözlənilir. Zənnimcə, bu tədbir mədəniyyətlərarası, sivilizasiyalararası dialoqun gələcək inkişafına yaxşı təkan verəcək.

Bildiyiniz kimi, Azərbaycanda bu qəbildən olan çoxlu tədbirlər keçirilir. Rusiya və Azərbaycan prezidentlərinin himayəsi ilə müntəzəm olaraq keçirilən Bakı Humanitar Forumu, ənənəvi Mədəniyyətlərarası Dialoq Forumu beynəlxalq təşkilatlar, o cümlədən BMT, UNESKO və digər təşkilatlar tərəfindən dəstəklənir. Beləliklə, Azərbaycan artıq çoxdandır ki, xalqları, müxtəlif dinlərin nümayəndələrini yaxınlaşdıran humanitar xarakterli tədbirlərin keçirildiyi məkana çevrilib.

Əlbəttə, bunlar həm də ikitərəfli gündəliyə aid məsələlər barədə söhbət etmək üçün yaxşı imkandır. Bu gündəlik olduqca zəngindir və yüksək səviyyədə əlaqələr bizim münasibətlərimizin inkişafına çox güclü təkan verir. Mənim Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinlə bir neçə dəfə görüşüm olub. Pekində “Bir kəmər, bir yol” konfransı zamanı görüşümüzü xüsusi xatırlayıram. Tədbirlər qrafikinin çox gərgin olmasına baxmayaraq, biz bir sıra məsələlər barədə çox ətraflı söhbət etməyə vaxt tapdıq. Rusiya Prezidentinin məni “Valday” Forumunda iştiraka dəvət etməsi də bizə hörmət və xoş münasibət əlaməti kimi qəbul edildi. Forum çərçivəsində də Rusiya Prezidenti ilə mənim görüşüm oldu. Biz həmin görüşdə də ikitərəfli gündəliyə aid diskussiyaları davam etdirdik.

Əlbəttə, Valentina İvanovna Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyətinizin bu ilin yazında ölkəmizə səfəri də parlamentlərarası istiqamətdə münasibətlərə və bütövlükdə, ikitərəfli gündəliyə aid məsələlərə yaxşı təkan verdi. Buna görə də düşünürəm ki, bu görüş mühüm məsələlərə bir daha nəzər salmaq və əlbəttə, Xızrı İsayeviçin, Məhəmmədin və sizin, – biz ilk dəfə görüşürük, - timsalınızda qardaş Dağıstan nümayəndələrini görməyə çox şadam. Əlbəttə, bizim əziz qardaşımız İlyasa da “Xoş gəlmisiniz” deyirəm, o da bizim qardaş diyarı təmsil edir. Bir daha xoş gəlmisiniz.

X X X

Rusiya Federasiyasının Federasiya Şurasının sədr müavini İlyas UMAXANOV dedi:

-Hörmətli İlham Heydər oğlu, vəziyyətlə əlaqədar əsasən Dağıstan təmsilçilərindən ibarət olan Rusiya nümayəndə heyəti ilə görüşmək üçün vaxt tapdığınıza görə Sizə təşəkkür etmək istəyirik. Lakin bununla bərabər, demək istəyirəm ki, əlbəttə, dünya dini liderlərinin Sammitində iştirak etmək bizim üçün, əlbəttə, çox vacib idi. Bu, artıq ikinci Sammitdir. Mənə birinci Sammitdə iştirak etmək xoşbəxtliyi nəsib olub. Bu Sammitin gedişini böyük hörmət və maraqla izləyəcəyik. Ona görə ki, Parlamentlərarası İttifaqın Sankt-Peterburqda keçirilmiş 137-ci Assambleyasında parlament rəhbərlərinin ümumdünya konfransının keçirilməsi təşəbbüsü irəli sürüldü. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası həmin konfransın 2022-ci il mayın 21-də Rusiyada keçirilməsi barədə müvafiq qətnamə qəbul etdi. Etnik və konfessiyalararası məsələlərə həsr ediləcək bu konfransa Rusiya Federasiyasının Prezidentinin razılığı alındı. Ona görə də ikinci Sammitdə iştirak etmək, onun gedişini müşahidə etmək bizim üçün, əlbəttə, son dərəcə vacibdir.

Eyni zamanda, demək istəyirəm ki, biz Birinci vitse-prezident, çox hörmətli Mehriban Əliyevanın Moskvaya səfərini səbirsizliklə gözləyirik. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonunun açılışı olacaq, həmçinin Regionlararası Forum keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm