Dünya liderləri İlham Əliyevi təbrik edir
Bizi izləyin

Rəsmi xronika

Dünya liderləri İlham Əliyevi təbrik edir

Latviya Respublikasının Prezidenti Egils Levits Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Publika.az-ın xəbərinə görə, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, ölkənizə sülh və tərəqqi arzulayıram.

Latviya və Azərbaycan arasında bir çox mühüm sahələrdə gözəl əməkdaşlığın qurulmasını məmnunluqla qeyd edirəm. Ötən illər ərzində bizim dostluğumuz siyasi, iqtisadi, mədəni sahələrdə, eləcə də xalqlararası ünsiyyətdə səmərəli nəticələr verib.

Pandemiyanın yaratdığı hazırkı çağırışlar bizim gündəlik həyatımıza və işimizə təsir göstərib. Buna baxmayaraq, mən əminəm ki, ölkələrimiz arasındakı uğurlu əməkdaşlıq bizə bu böhrandan daha güclü şəkildə çıxmağa imkan verəcək.

Qəti əminliyimi bildirirəm ki, bizim qarşılıqlı anlaşma və etimad ruhunda gözəl əməkdaşlığımız xalqlarımızın mənafeyinə uyğun olaraq bundan sonra da davam edəcəkdir.

Zati-aliləri, Sizə cansağlığı, Azərbaycan xalqına firavanlıq arzulayıram.

Xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".

xxx

Belçikalıların Kralı Filip Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Publika.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi qəlbdən təbriklərimi çatdırıram.

Pandemiya ilə əlaqədar çətin vəziyyətin yarandığı bu günlərdə Sizə və xalqınıza rifah və firavanlıq arzulayıram".

xxx

Moldova Respublikasının Prezidenti İqor Dodon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Publika.az-ın xəbərinə görə, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı – Respublika Günü ilə əlaqədar ən səmimi təbriklərimi və ən gözəl arzularımı qəbul edin.

Əminəm ki, ölkəniz bundan sonra da səmərəli daxili siyasət apararaq və beynəlxalq arenada öz mövqeyini möhkəmləndirərək mühüm islahatlar və yeniliklər yolu ilə inamla addımlayacaq.

Fürsətdən istifadə edərək, Moldova ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin xalqlarımızın rifahı naminə dostluq, qarşılıqlı anlaşma və konstruktiv əməkdaşlıq ruhunda inkişafı istiqamətində bundan sonra da birgə fəaliyyətə hazır olduğumuzu təsdiqləmək istərdim.

Möhtərəm cənab Prezident, icazə verin, bu əlamətdar gündə Sizə və Sizin simanızda dost Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzulayım".

xxx

Albaniya Respublikasının Prezidenti İlir Meta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu yazıb.

Publika.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli сənab Prezident.

İcazə verin Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və dost xalqınıza Albaniya xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırım.

Fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında mövcud olan möhtəşəm dostluq münasibətlərinə ən dərin ehtiramımı bildirir, bu münasibətlərin dərinləşməsi və möhkəmlənməsinə verdiyiniz dəstəyə görə Sizə təşəkkürümü ifadə edirəm.

Enerji sahəsindəki çox sıx əməkdaşlığımız, xüsusilə də TAP layihəsinin həyata keçirilməsində əldə edilən böyük irəliləyiş ölkələrimiz arasında yeni əməkdaşlıq layihələri üçün geniş perspektivlər açmışdır.

Sizi əmin edirəm ki, ölkələrimiz arasındakı münasibətlərin bütün sahələrdə daha da gücləndirilməsində qətiyyətliyəm.

Bütün dünyanın, eləcə də bizim ölkələrimizin COVID-19 pandemiyası ilə üz-üzə qaldığı bir vaxtda arzu edirəm ki, hamımız birgə səylərlə, müdrikcəsinə bu vəziyyətin öhdəsindən gələk, tezliklə gündəlik normal həyata qayıdaq və hər birimiz üçün daha yaxşı gələcəyə sahib olaq.

Sizi tezliklə, ən uyğun zamanda Albaniyada görmək arzumu bir daha bildirirəm.

Zati-aliləri, Sizə cansağlığı, Azərbaycan xalqına firavanlıq diləyirəm.

Bir daha ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

xxx

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Publika.az-ın xəbərinə görə, məktubda deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Sizə və böyük Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Bu fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah diləyirəm".

xxx

Estoniya Respublikasının Prezidenti Kersti Kalyulayd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Publika.az xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi, tərəqqi və əmin-amanlıq arzularımı çatdırıram.

Mən bizim hamımızın COVID-19 pandemiyası ilə bağlı çağırışlarla üzləşdiyimiz bir vaxtda Azərbaycan xalqına dəstəyimi ifadə etmək istərdim. Pandemiya bir-birimizdən nə dərəcədə asılı olduğumuzu nümayiş etdirir və həll yollarının yalnız yaxın əməkdaşlıq vasitəsilə tapıla biləcəyini göstərir. Ümid edirəm ki, bizim ölkələrimiz ikitərəfli əsasda, habelə BMT kimi beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün birgə fəaliyyət göstərməkdə davam edəcəklər. Həmçinin icazənizlə vurğulayım ki, Estoniya Şərq Tərəfdaşlığının möhkəm tərəfdarıdır və tərəfdarı olaraq qalacaqdır. Estoniya, həmçinin Avropa İttifaqı ilə onun qonşu tərəfdaşları arasında yaxın münasibətləri təşviq etməkdə davam edir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm