• USD 1,7000 0,00% EUR 1,9163 -0,82%
    • GBP 2,1395 -0,36% RUB 0,0240 +0,83%

Yoluxma artır, reanimasiyalarda yerlər dola bilər - TƏBİB-dən iddialara CAVAB

Yoluxma artır, reanimasiyalarda yerlər dola bilər - TƏBİB-dən iddialara CAVAB

Azərbaycanda koronavirusa yoluxma halları artmaqda davam edir. Son sutka ərzində 273 nəfər infeksiyaya yoluxub, 3 nəfər isə pandemiyanın qurbanı olub. Yoluxmanın artım fonunda son günlər bəzi mənbələrdə xəstəxanaların reanimasiya şöbələrində koronaviruslu xəstələrin müalicəsi üçün yer olmadığı haqqında məlumatlar yayılır. Bu isə cəmiyyətdə ajiotaja səbəb olub.

Məsələ ilə bağlı Publika.az-a danışan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva reanimasiyalarda çarpayıların dolması ilə bağlı məlumat verməyin hələ tez olduğunu bildirib:

“Xəstəxanaların reanimasiya şöbələrində viruslu xəstələr üçün ayrılan yerlərin dolması ilə bağlı informasiya vermək hələ ki, erkəndir. Ancaq TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqlərində dəfələrlə səsləndirib ki, virusa yoluxanların sayı artıqca və ona müvafiq olaraq vəziyyəti ağır olan xəstələrin də sayı artdığı halda reanimasiyalarda çarpayılar dola və yerləşdirmədə məhdudiyyətlər yarana bilər. Amma hazırda belə bir məlumat yoxdur”.

TƏBİB rəsmisi sosial şəbəkələrdə nəfəs darlığı müşahidə olunan yaşlı insanların analizin nəticəsini gözləmələri və bu müddətdə onlara heç bir müdaxilə olunmaması ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib. O, TƏBİB-in ünvanına səsləndirilən ittihamları əsassız hesab edib:

“Nəfəs darlığı müşahidə olunan, ancaq koronavirus testinin nəticəsi elan edilməyən insanları biz son iki günə qədər xüsusi rejimli “triaj” xəstəxanalarına yerləşdirmişik. Hansı ki, bu xəstəxanalar pandemiya xəstəxanası deyil və koronaviruslu xəstələr üçün nəzərdə tutulmayıb. Son iki gündə ola bilər ki, müəyyən sıxlıq yaranıb və belə hallar müşahidə olunub. Çünki müraciət edən şəxslər o xəstəxanalara növbəlilik prinsipi ilə yerləşdirilir. Son üç gündə, hətta son bir həftə ərzində virusa yoluxma sayı artdığına görə bu tipli xəstəxanalarda sıxlıq yaranmağı normaldır. Ona görə ki, xəstə sayı artdıqca növbə prinsipi tətbiq edilir”.

Baş infeksionist Cəlal İsayev isə bildirib ki, hazırda yoluxma sayı artır. Onun sözlərinə görə, belə olduğu halda xəstəxanalarda yaranacaq sıxlıqla bərabər bir sıra problemlərlə üzləşə bilərik:

“Xəstələnmələrin sayı artarsa, bir sıra problemlərlə qarşılaşacağıq. İlk növbədə hələlik bizim çarpayı sayımız kifayət qədərdir. Yoluxma daha da artarsa bu, reanimasiya şöbələrində çarpayı sayına təsir edə bilər. Güman etmirəm ki, virusa yoluxanların sayı artacaq. Hazırda çarpayılar dolmayıb. Sadəcə olaraq reanimasiya şöbələrində müalicə alan xəstələrin sayı yüksələ bilər. Bu da uyğun sayda çarpayının olmamasına səbəb olacaq. Bu isə o qədər də gözlənilən bir hal deyil. Hazırda reanimasiya şöbələri xəstələri qəbul edir. Ancaq bununla bərabər əgər insanlar virusa qarşı laqeyd münasibət bəsləsələr, xəstələnmə hadisələrinin sayının artmasına gətirib çıxaracaq. Bu da yer qıtlığına səbəb olacaq”.

Baş infeksionist qeyd edib ki, maska taxmağın məcburi olması yoluxma sayında azalmalara səbəb olacaq: “Hava-damcı infeksiyasında əsas profilaktik və önəmli qoruyucu tədbirlərdən biri maskalardan istifadə etməkdir. Bundan əlavə, ara məsafəsinin gözlənilməsi və sosial təcrid də önəmli qaydalardandır. Koronavirus hava-damcı yolundan başqa qida, su və təmasla yoluxduğu üçün tövsiyə olunur ki, əllər təmiz saxlanılsın, qablaşdırılmış ərzaq məhsullarından istifadə edilsin. Bu, yoluxma ehtimalını azaldacaq. Bu tövsiyələrə əməl olunarsa, insanların xəstələnmə riski azalar və yoluxma sayının artması da müşahidə olunmaz”.

Professor, həkim-cərrah Adil Qeybulla hesab edir ki, insanlar pandemiya dövründə vətəndaş məsuliyyətsizliyi nümayiş etdirəcəklərsə, yoluxma sayında artımın müşahidə olunması qaçılmaz olacaq:

“İnsanlar nə qədər ki, karantin rejiminin şərtlərini və davranış qaydalarını gözləməyəcəklər, maska taxmayıb, sosial məsafə saxlamayacaqlar təbii ki, biz virusa yoluxmada artım müşahidə edəcəyik. Artım isə çoxsaylı itkilər deməkdir. Artım nə qədər çox olarsa, itkilər də bir o qədər çox olacaq. Ona görə də düşünürəm ki, sonunda insanlar bu qaydalara əməl edəcəklər. Yoluxmalar çox olsa və insanlar küçələrdə yıxılıb ölsələr hər kəs qorxuya düşəcək. Biz bunu niyə bu səviyyəyə gətirib çatdırmalıyıq? Bu məsələdə məsuliyyətli yanaşma lazımdır. Maska taxmaq məcburi oldu. Amma istənilən halda karantin qaydalarına əsasən maska taxmaq vacibdir. Buna görə cinayət işi açılmasa da, insanlar başa düşməlidirlər ki, bu, məcburidir və qaydaları yerinə yetirmək lazımdır”.

Akqabay Mıradov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR