Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
Bizi izləyin

Səhiyyə

Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi

Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi

Post-COVID sindromundan əziyyət çəkən insanlarda hipertoniya ilə qarşılaşma ehtimalı COVID-19-un uzunmüddətli fəsadlarını yaşamayanlarla müqayisədə 14 faiz daha yüksəkdir. Bununla yanaşı, xəstəxanaya yerləşdirilmədən infeksiyadan sağalan pasiyentlərdə də qan təzyiqinin yüksəlməsi riski artır.

Publika.az “Journal of the American Heart Association” (JAHA) jurnalına istinadla xəbər verir ki, İsveçdə yaşayan 1,2 milyondan çox yetkin insanın tibbi məlumatlarını araşdıran tədqiqatçılar bu qənaətə gəliblər.

Tədqiqat 18-65 yaş arası insanları əhatə edib. Onlar 2020-ci ilin oktyabrından 2025-ci ilin yanvarına qədər müşahidə altında olublar. Alimlər müşahidələr başlamazdan əvvəl hipertoniya diaqnozu qoyulmuş şəxsləri, eləcə də COVID-19 səbəbindən xəstəxanaya yerləşdirilmiş pasiyentləri təhlildən kənarlaşdırıblar.

İştirakçıların 8365-də post-COVID sindromu aşkarlanıb ki, bu da ümumi qrupun təxminən 0,7 faizini təşkil edir. Müşahidə dövründə post-COVID sindromundan əziyyət çəkənlərin 22-23 faizində hipertoniya inkişaf edib. Yaş, sosial-iqtisadi vəziyyət və digər xəstəliklər nəzərə alındıqdan sonra tədqiqatçılar müəyyən ediblər ki, bu şəxslərdə yüksək qan təzyiqinin yaranma ehtimalı digər iştirakçılarla müqayisədə 14 faiz daha yüksək olub.

Bu əlaqə həm kişilərdə, həm də qadınlarda müşahidə edilib. Lakin post-COVID sindromundan əziyyət çəkən kişilərdə hipertoniya daha çox qeydə alınıb: kişilərin 24 faizinə, qadınların isə 16 faizinə bu diaqnoz qoyulub. Bundan əlavə, əlaqə yaşlı insanlarda və diabetdən əziyyət çəkən pasiyentlərdə daha güclü olub.

Alimlər ehtimal edirlər ki, COVID-19-dan sonra qan damarlarının fəaliyyətində arterial təzyiqə təsir edən dəyişikliklər qala bilər. Bununla belə, tədqiqat post-COVID sindromunun məhz hipertoniyaya səbəb olduğunu sübut etməyə imkan vermir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm