İcra başçısı: “Bayılda təhlükəli sahədə yerləşən tikililər plansız, bünövrəsiz tikilən evlərdir”
Bizi izləyin

Sosial

İcra başçısı: “Bayılda təhlükəli sahədə yerləşən tikililər plansız, bünövrəsiz tikilən evlərdir”

Səbail Rayon İcra Hakimiyyəti Bayılda sürüşmə zonasındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Publika.az-a daxil olan məlumatda son iki gündə Səbail rayonunun Bayıl yaşayış massivindəki Cənub Dərə adlanan ərazidə yağan intensiv yağıntıların buradakı vəziyyətə də təsir göstərdiyi qeyd edilir.

Bildirilir ki, yağış suları ərazidə yaranmış çatlara dolaraq torpağın alt qatlarına hopub. Bunun da nəticəsində sürüşməyə meyilliliyin mərkəzində vətəndaşlara məxsus 4 fərdi ev tam, 1 ev isə qismən dağılıb. Əhali bu ərazidən vaxtında köçürüldüyünə görə xəsarət alan olmayıb.

Səbail Rayon İcra Hakimiyyəti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində uçan və həmin evlərin yaxınlığındakı tikililərdə vətəndaşların əmlakı çıxarılaraq nəqliyyat vasitələri ilə başqa yerlərə daşınıb. İcra hakimiyyətinin başçısı Eldar Əzizov deyib: “Bu ərazidə sürüşmə hadisələri, hələ çox-çox əvvəllər də olub. Arxiv məlumatlarına əsasən bizə məlum olan ilk belə hadisə 1842-ci, 1847-ci və 1874-cü illərdə də qeydə alınıb. Sonradan da ərazıdə bu hallar baş verib, sonuncu böyük sürüşmə hadisəsi isə 2000-ci ildə baş verib. Bundan sonrakı vaxtlarda da ara-sıra bu ərazidə kiçik sürüşmələr olub. XIX əsrin əvvəllərində Bakı şəhəri əhalisinin sayı 5 minə yaxın olub, həmin əsrin sonlarında isə Bakıda yaşanan neft bumu nəticəsində əhalinin sayı 100 minə qalxıb. XIX əsrdə Bayılın bu hissəsində ümumiyyətlə yaşayış olmayıb. Lakin həmin dövrdə də bu ərazidə sürüşmə prosesləri baş verib. Araşdırmalar nəticəsində Bayıl yamacındakı tikililərin faiz baxımından təqribən 20-25 faizinin ötən əsrin 60-70-cı illərində, qalanlarının da 1990-2000-ci illərdə qeyri-qanuni 1 gecəyə tikildiyi evlər olduğu müəyyən edilib. Lakin bütün bunlara baxmayaraq bu gün dövlətimiz ayrı-seçkilik etmədən orada yaşayan insanların hər birinin qayğısına qalır.

Bayılda baş verən sürüşmənin səbəbləri barədə tam dəqiq söz demək hələ tezdir. Lakin mütəxəssislərin ilkin verdikləri rəyə görə, sürüşmə aktivliyi torpağın daxilində baş verən proseslərlə əlaqədardır. Sürüşmə təbii prosesdir. İnsanlar öz fəaliyyətləri ilə bu prosesin sürətlənməsinə sadəcə olaraq az da olsa təsir edə bilərlər. Təhlükəli sahə hesab olunan ərazidə yerləşən tikililər birmərtəbəli, plansız, bünövrəsiz bir gecəyə tikilən zəif evlərdir. Bayılda tikilən yeni çoxmənzilli yaşayış binaları ilə əlaqədar isə qeyd edim ki, bu binalar təhlükəli sahədən 5 kilometr aralıda yerləşir və bütün layihə işləri tikinti norma və qaydalarına uyğun olaraq aparılır. Bu binaların layihələndirilməsi və tikintisi işləri Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi və rəyi əsasında, birbaşa olaraq bu qurumların mütəxəssislərinin nəzarəti altında aparılır. Sürüşmə prosesi ilə bağlı yaranan söz-söhbətlər siyasiləşdirilmiş spekulyasiyadan başqa bir şey deyil.

Hadisələr cərəyan etdiyi ilk gündən rayon rəhbərliyi, rayonun bütün xidmətləri, bələdiyyə və ictimaiyyət nümayəndələri sakinlərin yanındadırlar. Son 2 gündə burada sakinlərlə 10-dan çox görüş keçirilib, mövcud vəziyyət, onun aradan qaldırılması ilə bağlı görülən və görülməsi nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verilib, vətəndaşların sualları cavablandırılıb. Ərazidən köçürülən sakinlərin əmlakının qorunması, təhlükəli zonaya insanların buraxılmaması üçün postlar yaradılıb. Rayon icra hakimiyyəti tərəfindən 163 nömrəli məktəbdə yaradılan sığınacaqda vətəndaşlar üçün hər cür şərait yaradılıb.

İcra hakimiyyətinin nümayəndələri hazırda həmin ərazidədirlər və Nazirlər Kabinetinin buradakı vəziyyətlə bağlı çıxaracağı qərara uyğun olaraq tərəfimizdən müvafiq tədbirlər həyata keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm