Sosial
Deputatdan MÜJDƏ: “190 manatın verilməsi ilə bağlı yaxın günlərdə..."
“Yeni növ koronavirus infeksiyası dünyanın 158 ölkəsini cənginə alıb, yüz minlərlə insanın həyatına son qoyub, iqtisadi böhranın yeni dalğasının yaranmasında, əhalinin güzəranını pisləşməsində güclü katalizator rolu oynayır. Analoji böhranlarla müqayisədə hazırda dünya iqtisadiyyatında daha dərin, ağrılı proseslər gedir. Dünyanın heç bir ölkəsi bundan kənarda qalmayacaq. İyulun əvvəlinə olan məlumatlara görə, dünyada koronavirusdan ölənlərin sayı 500 min nəfəri, Azərbaycanda isə 200 nəfəri ötüb. Dünyada bu virusdan ölənlərin sayı virusa yoluxanların 5 faizə qədərini, Azərbaycanda isə 1,2 faizini təşkil edir”.
Bu sözləri Publika.az-a açıqlamasında deputat Əli Məsimli deyib.
O bildirib ki, bu il qlobal iqtisadiyyatda 3 faiz ətrafında artım gözlənilirdi. Dünya Bankının proqnozlarına görə, pandemiyanın törətdiyi fəsadlar nəticəsində 5 faizin üstündə enmə gözlənilir. Azərbaycanda da bu ilin yanvar-fevral aylarında 2,8 faiz artım müşahidə olunsa da, bu artım ilin 5 ayı ərzində 1,7 faiz enmə ilə əvəz olunub və 3 faizlik artım proqnozuna qarşı ilin sonuna qədər 2,6 faiz enmə ola bilər:
“Son vaxtlar Azərbaycanda koronavirusa yoluxanların sayının sürətlə artması və bu artımın sağalanların sayını xeyli üstələməsi ilə iyunun ikinci yarısından ölkədə virusa yoluxmanın ikinci dalğası yaşanır. COVID-19-un qarşısının alınmasının 2 yolu var: ya bu virusa qarşı adekvat vaksin olmalı, ya da karantin rejimi vasitəsilə onun səngidilməsi və sonra da dayandırılmasına nail olmaq lazımdır. Hələlik vaksin tapılmadığından yaranmış vəziyyətdən az itki ilə çıxmaqdan ötrü bütün ölkələr müxtəlif sərtlikdə karantin rejimləri tətbiq edirlər. Virusun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 20 iyul saat 06:00-dək uzadıldı”.
Deputat qeyd edib ki, bu dəfə də əhalinin həyat və sağlamlığının qorunması prioritet təşkil edəcək.
Onun sözlərinə görə, xüsusi karantin rejiminin uzadılması koronavirusa yoluxanların sayının artmasının qarşını ala biləcək. Ona görə də təmkinlə, nizam-intizamla xüsusi karantin rejiminin tələblərinə əməl edilməlidir ki, bu bəlanın yeni mərhələsini də az itki ilə adlaya bilək:
“Hesab edirik ki, bu cür məqamlarda “koronavirusa qarşı biz birlikdə güclüyük” prinsipi ilə nümunəvi addımların atılması çox önəmlidir. Ona görə də hər kəs bu işə öz töhfəsini verməkdən ötrü maska taxmalı, sosial məsafə saxlamalı, gigiyena qaydalarına maksimum əməl etməlidir ki, özünün sağlamlığını qorumaqla yanaşı, ailəsinin və yaxınlarının da sağlamlığını qorusun və bu üsulla cəmiyyətin də sağlamlığının qorunmasında iştirak etsin. Eyni zamanda sosial gərginliyin artmasına və biznesin çökməsinə yol verməməkdən ötrü müvafiq orqanlar əhalinin və sahibkarların maddi vəziyyətini dəstəkləmək məsələsinə münasibətdə iqtisadi və sosial vəziyyətin gərginliyini real vəziyyətindən çıxış etməli, yeni sərt karantin qərarının yüksək keyfiyyətlə reallaşdırılması ilə yanaşı, hökumət mütləq əhalinin və sahibkarların maddi vəziyyətini dəstəkləməklə bağlı aprel-may aylarında tətbiq edilən yardım paketlərinin davamı kimi əlavə yardım paketləri təqdim etməlidir”.
Ə.Məsimli əlavə edib ki, koronavirus həm tibbi, həm sosial-iqtisadi epidemiya olduğundan əlavə itkilərə yol verməməkdən ötrü lazım olan tədbirləri ləngitmədən, dərhal görmək lazımdır. O deyib ki, artıq işsizlərə və aztəminatlı həssas təbəqəyə iyun ayı üçün nəzərdə tutulan 190 manatın verilməsi ilə bağlı yaxın günlərdə real addımlar atılacaq:
“Bununla yanaşı pandemiyadan əziyyət çəkən sahibkarlar üçün təşviq tədbirlərinin bir qismi davam etdirilir. Belə ki, 2021-ci ilin yanvarın 1-dək vergi güzəştləri nəzərdə tutulub. Zərərçəkmiş sahibkarlara 500 milyon manatlıq güzəştli kredit təklif olunmasına da başlanılıb. Kredit faizlərinin yarısı dövlət tərəfindən kompensasiya edilir. Bütün bunlarla yanaşı əhalinin və kiçik biznesin kreditlərinə görə ertələmənin və digər güzəştlərin də edilməsinə sistemli xarakter verilməsini zəruri hesab edirik. Bundan əlavə, sərtləşdirilmiş karantin qaydalarına uyğun olaraq, sahibkarlara digər dəstək tədbirlərinin də davam etdirilməsini vacib hesab edirik. Əgər sərt karantin rejimi avqustun 1-nə qədər uzadılıbsa, karantin rejimi demək olar ki, apreldəki - əvvəlki sərt formasına qayıdıbsa və “evdə qal” üsuluna keçilibsə, deməli bu məntiqlə vəziyyət yenidən analiz edilməli,vətəndaşlara və sahibkarlara pandemiyanın və sosial təcrid tədbirlərinin təsirlərinin yenidən qiymətləndirilməsi aparılmalı, vətəndaşlara və sahibkarlara dəymiş ziyanın azaldılması istiqamətində qəbul edilmiş qərarların müddəti azı avqust ayınadək uzadılmalı və eyni zamanda situasiyadan asılı olaraq avqustdan sonra da vətəndaşlara və sahibkarlara dövlət dəstəyi davam etdirilməsi məsələsi də gündəmdə olmalıdır”.
Deputatın sözlərinə görə, biznesin daha çox hissəsinin tam çökməməsi üçün iyun və iyul aylarında da pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqısının müəyyən hissəsi ödənilməlidir. Bundan əlavə, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi - mikro sahibkarlara maliyyə dəstəyi davam etdirilməlidir:
“Haqqı ödənilən ictimai iş yerinin sayını artırmaq vasitəsilə işsiz şəxslərin müvəqqəti məşğulluğunun dairəsinin genişləndirilməsi istiqamətində əlavə tədbirlər görülməlidir. Bir sıra yerlərdə içməli su sahəsində yaranmış gərginliyin aradan qaldırılması üçün əlavə tədbirlər aparılmalıdır. Əhaliyə 100 kvts. həcmində güzəştli işıq limitinin verilməsi qarşıdakı aylarda da təmin edilməlidr. Həmin limit və digər güzətlər təbii qaza və suya da tətbiq edilməlidir. İyul aylarında əhalinin və sahibkarların maddi vəziyyətini dəstəkləmək üçün vəsait ayrılmasa, bir müddətdən sonra bunun bədəlini ödəmək üçün dövlət indi tələb olunandan 2-3 qat artıq vəsait xərcləməli olacaq.
COVID-19-a qarşı mübarizədə əhalinin sağlamlığının qorunması, aztəminatlı təbəqənin sosial müdafiəsinin, etibarlılığının artırılması və iqtisadiyyatın çökməsinin qarşının alınması kimi 3 əsas məsələnin qarşılıqlı əlaqəli şəkildə həlli, bu bəladan tez və az itki ilə qurtarmağımızda həlledici rol oynaya bilər. Xəstələnmə və ölüm hallarına son qoyular, iqtisadiyyatımızın həm ölkə daxilində, həm də xarici iqtisadi məkana açılması tezləşər, qısa müddətdə tənəzzüldən qurtulub, inkişaf trayektoriyasına çıxa bilərik”.
Akqabay Mıradov
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO