Əlillik BU QAYDALARLA müəyyən ediləcək - (YENİLƏNDİ)
Bizi izləyin

Sosial

Əlillik BU QAYDALARLA müəyyən ediləcək - (YENİLƏNDİ)

Dəyişikliklə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab ediləcək. Beləliklə, həmin müddət üçün vətəndaşın sosial ödənişlərinin aparılmasını təsbit edən dəyişiklik əlilliyi olan şəxslərin sosial təminatının daha da yaxşılaşdırılmasını nəzərdə tutur.

Müvafiq olaraq “Əmək pensiyaları haqqında” qanuna da dəyişiklik edilir. Təklif edilən dəyişikliyə əsasən, əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi əlillik müddəti bitdiyi gündən dayandırılır. Bu kateqoriyadan olan şəxslərə əmək pensiyasının ödənilməsi isə onların “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa ediləcək.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, şəxsin əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu yenidən müəyyən edilərsə, əmək pensiyasının verilməsi əlilliyin, o cümlədən sağlamlıq imkanlarının məhdudluğunun yenidən müəyyən edildiyi gündən bərpa edilir. Eyni zamanda təkrar müayinə vaxtı üzrlü səbəbdən ötürüldükdə bu müddət ərzində əmək pensiyası bir aydan çox olmayan müddət üçün ödənilir. Təkrar müayinə zamanı əlilliyi olan şəxs başqa əlillik dərəcəsinə keçirildikdə bir aydan çox olmayan müddət üçün əmək pensiyası əvvəlki dərəcə üzrə ödənilir.

Deputat Əli Məsimli təklif edib ki, əlilliyin müəyyənləşdirilməsi məqsədilə qeyd edilən 6 aylıq müddət uzadılsın.

Razi Nurullayev isə bildirib ki, Vətən müharibəsində yaralanan və əlillik statusu təyin edilməyən şəxslərə maddi yardımlar edilsin. Deputat qeyd edib ki, 4500-5000 nəfər Vətən müharibəsində yaralanmış şəxs əlillik statusu ala biləcək: “Mən təklif edirəm ki, yerdə qalan yaralılardan təxminən 6000 nəfərə yaxın şəxsə 5 il ərzində 500 manat məbləğində ödəniş edilsin. Onlar bununla gələcək həyatlarını planlaşdıra bilərlər. Müharibə əlillərinin əksəriyyəti peşəsi, ali təhsili olmayan şəxslərdir. Onları peşə təhsili almağa yönəltmək lazımdır”.

Sonda qanun layihəsi səsə qoyularaq qəbul edilib.

xxx

Əlilliyin təyin edilməsi ilə bağlı yeni qaydalar üçüncü oxunuşda təsdiq edilib.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif olunan dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar yeni qaydalara keçilir. Belə ki, artıq I, II və III qrup kimi əlillik göstəricisi olmayacaq.

Əlillik dərəcəsi orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək.

Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib. Yeni qaydalar 2022-ci ilin iyulun 1-dən qüvvəyə minəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm