Sosial
Azərbaycanda konsert qiymətləri və müğənnilərin qonorarı: Elə ağlasığmaz şərtlər qoyurlar ki...
Musiqi zövqdür. Zövqünü oxşayan mahnıların ifaçılarını canlı izləmək, onların konsertinə iştirak etmək isə hər bir pərəstişkarın arzusudur. Amma nədənsə, bəzi səbəblərdən sevənlərinin görüşünə gələn müğənniləri canlı izləmək bir çoxlarına qismət olmur. Bu səbəblər sırasında ən aktualı isə biletlərin qiymətləridir. Yerlər isə cibə uyğun dəyişir, təbii ki, imkanı olanlar ön sıradan biletlərini alır, konsertdə iştirak edir, əylənir...
Düzdür, əylənmək hamının haqqıdır, amma bu, həm də bizim maddi vəziyyəti aşağı olan təbəqənin də haqqıdır. Son dövrlər Azərbaycanda təşkil olunan konsertlərə biletlərin baha olması isə bir çoxlarının əylənmək haqqını əlindən alır. Xüsusilə insanlar ölkəmizi Türkiyə ilə müqayisə edirlər və bildirirlər ki, türkiyəli müğənnilərin öz ölkələrində verdikləri konsert biletlərinin qiyməti Bakıdakından qat-qat aşağıdır. Türkiyədə bilet maksimum 30 manat olduğu halda, Azərbaycanda 300-450-500 manat arasıdır.
Məsələn, dekabrın 3-də baş tutacaq türkiyəli müğənni Yalının 2 saatlıq konserti üçün bilet qiymətləri 45-500 AZN arası dəyişir. Yalının pərəstişkarları ifaçını ön sırada əyləşib izləmək üçün 500 manatlarından keçməli olacaqlar. Konsertin keçirilməsinə hələ bir ay qalmasına baxmayaraq, artıq 175 manata qədər olan biletlər satılıb, “əl yandıran” 500-lük yerlərdən isə cəmi 6-sı qalıb. Yalını 36-cı sırada əyləşib izləmək üçün sizə 175 manata başa gələcək. Nəzərə alaq ki, əksər insanlar konsertə tək getmir, ya ailə üzvləri, ya da dostları ilə birgə iştirak edirlər ki, bu da xərcləri iki, üçqat artırır.
Sosial mediada yayılan məlumatlara görə, Yalının konsertinə biletin baha olması Azərbaycanda çox sayda təşkilatçının müğənniyə müraciət etməsidir. Konsert təşkilatçılarının ifaçını Bakıya gətirmək üçün etdikləri cəhdlərdən sonra Yalın da o qənaətə gəlib ki, ona ölkəmizdə “tələbat” çoxdursa, qonorarın miqdarı da çox olsun. O, nə az, nə çox, tək özü üçün 120 min dollar istəyib. Qonorarın çox olması isə bilet qiymətlərinə təsirsiz ötüşməyib.
Yaxın vaxtlarda baş tutacaq türkiyəli müğənni Karsunun konserti üçün bilet 30-180 manatadır. Müqayisə üçün digərlərini də təqdim edirik: Qazapizm 33-200, Kolpa 30-135, Soner Sarıkabadayı, Jah Khalib 50-230, Oğuzhan Koç 45-150, Rafet El Roman 40-220 manat.
Bəs bilet qiymətləri nəyə əsasən təyin olunur? Xarici müğənnilərin Azərbaycandakı konsertlərinin biletləri niyə bahadır? Qiymətə hansı amillər təsir edir?
Çox sayda məşhur müğənnini paytaxtımıza gətirən “Anadolu Events”in rəhbəri Eyyub Hüseynzadə bilet qiymətlərinə təsir edən amillərdən danışıb.
"Qonorar çoxdursa, bilet də baha olur"
E.Hüseynzadə qeyd edib ki, bütün müğənnilərin özlərinin standart qonorarları olur və ölkəmizə komanda şəklində gəlirlər. Qonorarla yanaşı, müğənninin və onunla birlikdə gələn heyətin bütün xərclərini də təşkilatçı qarşılayır ki, bu da qiymətlərə təsir göstərir:
“Sənətçilər ortalama olaraq 20-25 nəfərlik heyətlə gəlirlər. Onların hər birinin təyyarə biletləri, hotel, yemək-içmək, transfer və s. üçün xərcləri təşkilatçı şirkət tərəfindən qarşılanır. Eyni zamanda, məkan pulu və digər bu kimi xərcləri də təşkilatçı qarşılayır. Bunların hamısını hesabladıqda, böyük məbləğ ortaya çıxır”.
Eyyub Hüseynzadə söyləyib ki, müğənninin qonorarı nə qədər çoxdursa, bu, avtomatik olaraq biletin qiymətinə təsir göstərir. Əgər bilet bahadırsa, deməli ifaçının qonorarı da çoxdur, aşağıdırsa, qonorar da aşağıdır:
“Bəzən tamaşaçılar narazılıq edir, buradakı qiymətlərlə müğənninin öz ölkəsindəki qiymət arasında paralellər aparırlar. Özcan Dənizin, Yalının və ya hər hansı bir ifaçının Türkiyədə baş tutan konsertinə qiymətləri Bakıdakı qiymətlərlə müqayisə etmək məntiqsizdir. Elə müğənni var ki, onun təyyarə biletinin qiyməti 30 mindən çox olur. Amma həmin müğənninin Türkiyədəki konsertinə təyyarə üçün pul ödənmir. Ödənsə belə, Ankaraya, İzmirə və s. gedir, yəni ölkədaxili uçuşlardan yararlanır. Türkiyədə isə daxili uçuşlar ucuz başa gəlir.
Eyni zamanda, konsertdə səs və işıq sistemi də böyük xərc tələb edir. Ən az qonorarla gələn müğənninin səs və işıq sisteminə çəkdiyimiz xərc 17-18 min manatdan aşağı deyil. Amma bu kimi sistemlər Türkiyədə inkişaf edib, az vəsait tələb olunur. Həmçinin zalın kirayəsi, reklam və s. xərclər də var. Bütün bunları hesablayaraq qiymət təyin edilir”.
Ölkəmizə gələn müğənnilərin əsas şərtləri nələrdir?
“20-25 nəfərlik heyət üçün həmişə 1 və ya 2 biznes-klass bilet alınır. Müğənninin, əsasən hotel, avtomobil istəkləri olur, digərləri isə standartdır”, - Eyyub Hüseynzadə əlavə edib.
"Bu, “kimsə gəldi, filan qiymətə oxudu, getdi” deyil ki..."
Əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadə də konsert qiymətləri və müğənnilərin şərtlərindən danışıb.
O qeyd dib ki, artıq dünyada bütün maliyyə məsələləri tənzimlənir. Qiymətləndirmə aparılmadan isə heç bir məhsul bazara çıxarılmır. Konsert də belədir, hər bir şey hesablanır, daha sonra bilet qiymətləri təyin olunur:
“Dünyada müğənnilərin müqavilə üzrə aid olduğu şirkətlər, prodüser mərkəzləri, studiyalar var. Onların heç biri pərakəndə şəkildə deyil, direktorla çalışır. Biz də buna doğru gedirik, yaxında hər şey tənzimlənəcək, daha rəsmi olacaq. Ona görə də müğənninin neçə manata konsert verməsinə, qonorarının yüksək olmasına və onun tələbinin gəldiyi ölkənin iqtisadiyyatına uyğun olub-olmadığına biz qərar vermirik. Həmin şirkətlərin kataloqu var, qiymətlər, konsertin proqramı orada qeyd olunur. “Müğənni gəlib bu qiymətə oxuyub getdi” anlayışı yoxdur. Eyni zamanda, “mən bu qiymətə oxuyuram” deyə də bir şey yoxdur. Prodüser mərkəzləri müğənninin konsert proqramını hazırlayır. İfaçı neçə nəfərdən ibarət komanda ilə gəlir, onlar hansı ölkədən gəlirlər, bunların açıqlaması var. Konsertində ön yerlərin qiyməti 400-500 manat olan müğənni, bəlkə 100 nəfərlik heyətlə gəlir, simfonik orkestr gətirir, onun ifa etdiyi əsərlərin icazəsi məsələləri var və s. Bir konsertin təşkil edilməsi üçün xeyli sənəd imzalanır, bu, “kimsə gəldi, filan qiymətə oxudu, getdi” deyil ki...”.
G.Həsənzadə vurğulayıb ki, müğənnilərin əksəriyyətinin konkret müəyyən olunmuş qonorarları var və ondan kənara çıxmırlar: “Burada reklam məsələsi də var. Bəzi təşkilatçılar ziyana belə getsələr, mütləq ən yaxşıları gətirirlər. Məsələn, qonorarı yüksək olsa da, ildə iki konsert olsun, amma şou-biznes bazarında ön sırada getsinlər. Deyirik ki, ABŞ-da hansısa aktyor 20 milyonluqdur. Müğənnilərdə də belədir. Bu qaydalar hər yerdə eyni tənzimlənir. Elə müğənni var ki, deyir, “100 min dollara gəlirəm, 90-a düşə bilmərik, çünki biz o sıralama ilə gedirik”. Burada çox incəliklər var”.
"Təşkilatçı şirkətlər konsert proqramını satır, insanı yox"
Əməkdar incəsənət xadimi təklif edib ki, bu gün Azərbaycan tamaşaçasının hansı qiymətə bilet almağa imkanının çatıb-çatmadığı müəyyən edilməlidir: “Sonra təyin edilir ki, bu qiymətə hansı müğənnilər oxuya bilər. Bəlkə müğənni Bakıya elə qarderob gətirir ki, “Dolce&Gabbana”nın kostyumlarını konsert vaxtı nümayiş etdirəcək. Bu ifaçılar məhsuldur, onları satan təşkilatçı şirkətlər hər bir detalı nəzərə alaraq qiymət təyin edir. Çünki təşkilatçı şirkətlər konsert proqramını satır, insanı yox”.
Müğənnilər o qədər şərt qoyurlar ki...
G.Həsənzadə ifaçıların tələblərinin çox olduğunu söyləyib: “Onlar, hətta yedikləri yeməyə, qaba, içkiyə qədər əvvəlcədən deyirlər. O qədər şərt qoyurlar ki... Hansı divanda əyləşəcək, otağında nə olmalıdır, hansı gül olsun, hansı olmasın və s. kimi tələbləri olur”.
Bəstəkar qeyd edib ki, bilet qiyməti hansısa bir ölkədə müğənniyə göstərilən münasibətlə təyin olunmur. Qiymət həmin müğənninin bağlı olduğu şirkətə aiddir: “İstəmirəm ki, insanlar konsertinin qiyməti baha olan müğənniyə nifrət etsinlər. Deyəcəklər ki, “gəlib Azərbaycanda çox yüksək qonorarla ifa etdi”. Ömrüm səhnənin arxasında keçib, çox konsertlər təşkil etmişəm. Bazar iqtisadiyyatı liderdir, həyatımız ondan asılıdır. Hər şeyimizi, hətta istirahətimizi də cibimizə uyğun qururuq. Demək olar ki, konsertə heç kəs tək getmir, daha çox ailə üzvləri, dostlarla gedirlər. Bu, həm də ailə məsələsidir. Təbii ki, belə olan halda da, biletlərin baha olması məyusluq yaradır. Amma reallıq budur”.
Akqabay Mıradov
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar