Türkiyə bu layihə ilə dağıntıları önləyə bilərdi, amma... - Azərbaycan nə etməlidir?
Bizi izləyin

Sosial

Türkiyə bu layihə ilə dağıntıları önləyə bilərdi, amma... - Azərbaycan nə etməlidir?

09:05

Türkiyədə son 100 ilin ən dağıdıcı zəlzələsi baş verib. Ötən gün ölkənin cənub-şərqində meydana gələn güclü zəlzələ nəticəsində ölkənin 10 əyaləti təsirlənib. Zəlzələ Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda böyük dağıntılara səbəb olub.

Minlərlə insanın ölümünə, xəsarət almasına, 10 mindən çox binanın dağılmasına səbəb olan yeraltı təkanlar 2011-ci ildə baş verən Van zəlzələsindən sonra Türkiyə hökumətinin qəbul etdiyi “Kentsel dönüşüm” proqramlarının əhəmiyyətini gündəmə gətirdi. O zaman iri şəhərlərdə binaların mütləq əksəriyyətinin zəlzələyə davamlı olmaması aşkarlanmışdı.

“Kentsel dönüşüm” (Şəhər yenilənməsi), şəhərin bir hissəsinin və ya əhəmiyyətli bir hissəsinin mümkün zəlzələ nəticəsində məhv olma ehtimalının azaldılması, binaların təkanlara davamlılığının artırılması, şəhərsalmanın müasir standartlarla aparılmasını təmin etməklə, təhlükəli strukturları istismardan çıxarmaqla fəlakətlər nəticəsində yarana biləcək həyat və infrastruktur itkisini minimuma endirməyə yönəlmiş layihədir.

2012-ci ildə zəlzələ ilə əlaqədar olaraq AKP hökuməti 6306 saylı “fəlakət riski olan ərazilərin dəyişdirilməsi haqqında” qanun layihəsini hazırlayıb. Bu, olduqca böyük xərclər tələb edən təşəbbüs idi. AKP hökumətinin opponentləri o təşəbbüsün korrupsiyaya imkan aça biləcəyini iddia edirdilər. Lakin lazımi təşəbbüs olduğunu zaman göstərdi. Türk mütəxəssislər bildirirlər ki, “Kentsel dönüşüm” proqramının yubanmadan bütün ölkə boyu sürətlə icrası aparılsaydı, fəlakətin qarşısını əhəmiyyətli dərəcədə almaq mümkün olardı.

Bu fonda türkiyəli professor Naci Görür deyir ki, “Kentsel dönüşüm” proqramının zamanında icra edilməməsi, insanların buna qeyri-ciddi yanaşması səbəbindən hazırda dağıntıların miqyası böyükdür: “Biz şəhər yenilənməsini “al-ver və biznes dönüşümü” kimi qəbul etdik”.

Bəs Azərbaycanda şəhərsalma sahəsində belə miqyaslı təşəbbüslər, suallar doğuracaq, amma icrası vacib proqramlar varmı?

Sualımızı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanladıq. Qurumdan bildirildi ki, təhlükəsizlik və binaların zəlzələ kimi hadisələrə dözümlülüyü məsələsi komitəyə aid deyil.

Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli Publika.az-a müsahibəsində bildirmişdi ki, artıq dörd ildən çoxdur hündürmərtəbəli binalar inşa olunarkən nə RSXM-in, nə də seysmoloqların fikri öyrənilir:

“2019-cu ildən bu yana binaları tikəndə zəlzələyə davamlılığı barəsində bizdən heç nə soruşmurlar, maraqlanmırlar. Qeyd etdiyim tarixə qədər yaşayış binaları üçün ayrıca hesabat aparırdıq, rəy yazırdıq, bina ərazisinin maksimal seysmik ballığı haqqında məlumat verirdik ki, ən güclü zəlzələ buraya necə təsir edəcək və s. Ümumiyyətlə dünyanın hər yerində tikintidən öncə, ilk növbədə seysmoloqların tədqiqatını əsas götürürlər. Tikinti materialları elementlərinin istifadə qaydasını müəyyənləşdirmək isə ikinci plandadır. Bizdə isə buna ehtiyac duyulmur. Görünən odur ki, maşallah, deyəsən, hər şey qaydasındadır”.

Azərbaycanın tanınmış memarı, Türkdilli Ölkələrin Beynəlxalq Araşdırmaları Elmlər Akademiyasının fəxri doktoru, professor Cahid Həsənov Publika.az-a bildirdi ki, ölkəmizdə çoxmərtəbəli binaların inşasında aidiyyəti dövlət qurumlarının təqdim etdiyi qaydalar əsasında texniki baxımdan möhkəmlik, həmçinin seysmoloji aktivlik nəzərə alınır.

Onun sözlərinə görə, Bakıdakı yeni tikililər 7-8 bal gücündə zəlzələyə davamlıdır. Lakin bu, tikinti zamanı aidiyyəti qurumların təqdim etdiyi standartlara əməl olunan binalara aiddir:

“Tikinti standartlardan kənar formada aparılıbsa, o zaman davamlılıqdan söhbət gedə bilməz. Elə bina var ki, orada interyer üçün bir sütun götürülüb, bu isə həmin binanın çökməsinə səbəb ola bilər. Hər detal önəmlidir, qaydalardan kənara çıxmaq olmaz. Müstəqillik dövründə tikinti üçün yeni xüsusi qaydalar tətbiq olunmağa başlandı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətləri genişləndirildi. Tikilinin hündürlüyü, içərisində olan armaturların sayı, diametri və s. digər beynəlxalq standartlara cavab verən tələblər qoyuldu. Lakin əvvəllər bu qaydalara əməl olunmurdu, beynəlxalq tələblərə cavab verməyən binalar inşa olunurdu. 7 mərtəbə üçün icazə alınırdı, 11 mərtəbə tikilirdi... Sovet dövründə tikilən panel binalar, “xruşşovkalar” və başqaları zəlzələ olmasa belə, istismara yararsızdır. Buna baxmayaraq, həmin binalara əlavə otaqların, eyvanların, hətta yuxarı mərtəbəsinə daha bir mərtəbənin də əlavə edilməsi durumu daha da ağırlaşdırır”.

Memar təklif edir ki, Türkiyədə icrasına 10 il əvvəl qərar verilən “Kentsel dönüşüm” layihəsi Azərbaycanda həyata keçirilə bilər. Onun sözlərinə görə, Türkiyə hökuməti insan amilini nəzərə alaraq bu layihəni təklif edib.

“Hündürmərtəbəli binaların zəlzələyə davamlılığını artırmaq üçün xüsusi proqramlar hazırlanmlıdır. Bunun üçün dünya təcrübəsindən faydalanmaq olar. Düzdür, Azərbaycanda şəhərsalma və tikinti ilə bağlı qanunlar beynəlxalq standartlara uyğundur. Ancaq xoşagəlməz hallar da olur. Gərək sahibkarlar dəstək göstərsinlər, daha çox gəlir əldə etmək hərisliyi insan amilinin önünə keçməməlidir”.

Cahid Həsənov zəlzələdən minimum itki ilə xilas olmaq üçün bir sıra təkliflər səsləndirib:

“Son nəsil avtomobillərin hər birində təhlükəsizlik yastıqları var, onlar zərbə anında avtomatik açılır və sərnişinlərin daha çox xəsarət almasının qarşısını alır. Həmçinin təyyarə qəza vəziyyətində eniş zamanı hava şarı buraxır və insanlar oradan sürüşüb düşürlər. Bu, qısa zaman kəsiyində xilas olmaq üçün nəzərdə tutulub. Düşünürəm ki, binalarda da bu cür sistemlər quraşdırmaq olar. Titrəyiş zamanı bir neçə saniyə ərzində bina dağılmır, zəlzələ az şkalada baş versə də, titrəyişin çoxluğu və uzun müddət davam etməsi binanı dağıdır. Təkanları hiss edən zaman liftə minmək olmaz, hündür mərtəbələrdən pilləkənlə düşənə qədər isə dağıntılar altında qala bilərlər. İnsanlar təkanları hiss etdikləri anda təhlükəsizlik üçün quraşdırılan vasitələrdən istifadə edərək fəlakətdən xilas ola bilmələri üçün xüsusi layihələr icra olunmalıdır. Hava şarları vasitəsilə binadan təhlükəsiz formada sürüşüb düşmək və ya başqa vasitələrlə xilas olmaq mümkündür. Bu, araşdırılaraq, sınaqdan keçirilərək yeni tikiləcək binalarda tətbiq oluna bilər.

Eyni zamanda, insanlar saatlarla dağıntılar altında, havasız yerdə qalırlar. Onların əksəriyyəti oksigen çatışmazlığından həlak olur. Lakin evlərdə insan sayına uyğun olaraq oksigen balonları yerləşdirmək mümkündür. İyirmi birinci əsrdir, köhnə standartlar heç bir effekt vermir, yenilik lazımdır. Bunun üçün isə xüsusi layihələrin reallaşdırılmasına ehtiyac var”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm