Komitə dini maarifləndirmə işini turizm şirkətinə verdi, etiraz yarandı - 1 milyonluq tender...
Bizi izləyin

Sosial

Komitə dini maarifləndirmə işini turizm şirkətinə verdi, etiraz yarandı - 1 milyonluq tender...

Xəbər verdiyimiz kimi, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi dini maarifləndirmə tədbirləri ilə bağlı işlərin və xidmətlərin satınalınması tenderinə yekun vurub. Qalib “RR Travel Company” MMC (VÖEN: 1305786331) olub. Şirkətlə 1 048 978 manat məbləğində müqavilə imzalanıb.

Komitənin dini maarifləndirmə işini turizm şirkətinə verməsi sosial mediada birmənalı qarşılanmayıb. Qeyd olunur ki, dini maarifləndirmə işini bir turizm şirkətinə həvalə etmək doğru deyil. Xüsusilə də əsas gətirilir ki, şirkətin adında yer alan “Travel” sözü bunu deməyə əsas verir. Eyni zamanda, “RR Travel Company”-nin sosial media hesablarında da yalnız turizm fəaliyyəti göstərdiyi görünür.

Publika.az mövzunu araşdırıb.

İqtisadçılar bildiriblər ki, adında “Travel” sözünün olması o demək deyil ki, şirkət yalnız səyahət işləri ilə məşğul ola bilər. Buna görə də adla bağlı da heç bir problem yoxdur.

Onlar hesab edirlər ki, ola bilsin şikət tədbirlərin keçirilməsini də təşkil edir və bu, normal haldır.

Ekspertlərə görə, əgər tenderlə bağlı şikayət olmayıbsa, hər şey qaydasında aparılıb anlamına gəlir. Vəzifələrin səmərəli icrası məsələsinə gəlincə, qeyd olunur ki, kənardan bunu demək mükün deyil, eyni zamanda şirkət götürdüyü öhdəliklərin icrasına hələ başlamayıb.

İqtisadçılar vurğulayırlar ki, bir çox səyahət şirkəti tədbirlərin təşkili məsələsini də həyata keçirə bilər: “Əgər bu, şirkətin fəaliyyət göstərməsi üçün alınan kodda qeyd olunubsa, adın heç bir önəmi yoxdur. Məsələn, hansısa hotel fəaliyyətini dayandırır, lakin eyni adla başqa bir istiqamətdə fəaliyyət göstərir. Çünki zamanında nüfuz qazanıb, kifayət qədər müştərisi var və onu həmin adla tanıyırlar. Buna görə də adla bağlı xüsusi olaraq heç bir məhdudiyyət yoxdur”.

Bəs, adıçəkilən şirkətin dini maarifləndirmə və tədbirlərin təşkili ilə bağlı bugünədək hansısa fəaliyyəti olubmu? Şirkət təkcə səyahətlə bağlı xidmətlər göstərir, yoxsa tədbirlərin təşkili ilə bağlı da işlər görür?

Publika.az-ın sorğusuna cavab olaraq “RR Travel Company” MMC-dən bildirildi ki, şirkət 2003-cü ildən beynəlxalq və yerli tədbirlərin təşkili üzrə ixtisaslaşmış kommersiya subyekti olaraq fəaliyyət göstərir və artıq 20 ildir MİCE - yəni işgüzar turizm (konfransların, seminarların, simpoziumların, yarışların və s. təşkili) sektorunda təcrübəli yerli şirkətlərdən biridir.

“Bu gün şirkətimiz bir çox hökumət və dövlət qurumları, 200-dək kommersiya təşkilatı, habelə onlarla beynəlxalq təşkilata layiqli servis xidməti göstərir və hər kəsin etibarlı tərəfdaşı rolunda çıxış edir. Eyni zamanda “RR Travel Company” MMC artıq 20 ildir dünyanın istənilən ölkəsinə ən sərfəli qiymətlərlə səyahət paketlərinin satışını həyata keçirən peşəkar turizm şirkətlərdən biridir.

Mövzuya münasibətdə təəssüflə bildiririk ki, bəzi media nümayəndələri tenderlərin əsas şərtlər toplusu ilə tanış olmadan, tender predmetini oxumadan onun sadəcə başlığını görüb əsassız xəbərlər tirajladılar. “Dövlət satınalmaları haqqında” Azərbayvan Respublikasının Qanununda əksini tapıb ki, müsabiqələrdə (tenderlərdə) birmənalı olaraq hər zaman ən yaxşı qiymət verən təşkilat qalib elan olunur. Tenderin əsas mahiyyəti də məhz budur ki, müsabiqəni elan etmiş təşkilat hansısa xidmətləri, işləri və ya malları ən ən sərfəli qiymətlərlə əldə etsin. Ümumiyyətlə, müsabiqəyə qatılan şirkətlər şərtlər toplusunun tələblərinə əsasən yalnız texniki təşkilatçı rolunda çıxış edirlər. Məsələn, sifarişçini konfrans zallarla, mehmanxana otaqları ilə, abiabiletlərlə, qidalanma, nəqliyyat, promo məhsullarla təhciz edirlər.

Şirkətlər heç bir sahədə hər hansı dövlət qurumlarının əvəzinə tədbir keçirə və ya maarifləndirmə işləri apara bilməz. Əks halda, dövlət qurumlarının mövcudluğuna ehtiyac olmazdı. Şirkətlər yalnız tədbirlərin texniki tərəfinin təminatçısı rolunda çıxış edirlər. Tədbirlərin mövzusunu müəyyən etmək, ideoloji iş aparmaq, kimisə maarifləndirmək və ya bu tip hər hansı digər vəzifə və öhdəliklər birbaşa həmin tədbirin sifarişçinin müstəsna səlahiyətinə aid olan məsələlərdir”, - tenderin qalibi olan şirkətdən bildirilib.

Adında “Travel” sözü olan, eyni zamanda turizm fəaliyyəti göstərən şirkətin dini maarifləndirmə və onun təşkili ilə bağlı tenderin qalibi olmasının mümkün olub-olmadığını aydınlaşdırmaq üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə sorğu ünvanladıq. Lakin sorğumuz cavabsız qaldı.

Qeyd edək ki, “RR Travel Company” MMC-nin qanuni təmsilçisi Günəş Şirvanskaya Yəhya qızıdır. Şirkət 21.11.2018-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Yasamal rayonu, Mirəli Seyidov, ev 35. M. 3-də yerləşir. “RR Travel Company”-nin MMC “RR Group of Companies” MMC-yə bağlı olduğu bildirilir. Nizamnamə kapitalı 40 manat olan “RR Group of Companies” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. MMC-nin sahibi Qarayev Rafiq Hümbət oğludur.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm