"TikTok" bu şəxsləri mükafatlandırdı - FOTO
Bizi izləyin

Sosial

"TikTok" bu şəxsləri mükafatlandırdı - FOTO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və TikTok video platformasının təşəbbüsü ilə keçirilən #TikTokdanÖyrən layihəsi başa çatıb və qaliblər müəyyən olunub. Layihənin cəmi iki ayında istifadəçilər 20 mindən çox maarifləndirici video yaradıblar.

Publika.az xəbər verir ki, layihədə ölkənin hər yerindən, o cümlədən 22 mədəniyyət qurumundan -14 teatr və 6 muzeydən, Azərbaycan Milli Kitabxanasından və “İçərişəhər” tarix-memarlıq qoruğundan istifadəçilər iştirak edib və maarifləndirici məzmun paylaşıblar.

Bu ilin əvvəlində TikTok Azərbaycanda təhsil məzmununun inkişafını dəstəkləmək və ölkənin müxtəlif yerlərindən olan istifadəçilərə rahat qısa video formatında bilikləri paylaşmaq və üfüqlərini genişləndirmək imkanı vermək üçün Azərbaycanda #TikTokdanÖyrən layihəsinə start verib.

Müsabiqədə #TikTokdanÖyrən həştəqindən istifadə edərək ən azı 30 saniyəlik maarifləndirici videolar yaradan bütün TikTok istifadəçiləri avtomatik olaraq iştirak ediblər. Layihənin nəticələrinə əsasən, ən yaxşı videoçarxların müəllifləri üç kateqoriya üzrə müəyyən edilib:

Musiqi müəllimi @vusalsuleymanov_ tələbəsinə Lüdviq Bethovenin “Xəz Elizası” əsərinin yaranma tarixindən kreativ və ətraflı danışdığı video ilə “Ən kreativ video” nominasiyasında qalib olub.

“Ən yaxşı video” nominasiyasında qalib isə yaradıcı @origami8574 tərəfindən mükəmməl origami qırıcı təyyarəsinin necə hazırlanacağına dair təlimat xarakterli video olub. Bu video müsabiqə dövründə bütün videolar arasında ən çox baxış toplayıb.

"TikTok-da kəşf" kateqoriyasının qalib müəllifi @abbasov__eziz olub. Onun avtomobil təmiri ilə bağlı videoları müsabiqənin bütün müddəti ərzində ümumilikdə ən yüksək baxış sayı toplayıb.

Hər kateqoriya üzrə qalibə TikTok-dan smartfon hədiyyə olunub.

Layihənin əsas tərəfdaşı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi olub. Bu tərəfdaşlığın bir hissəsi olaraq, hər biri TikTok-da hesablar yaradan 22 mədəniyyət müəssisəsi layihəyə qoşulub. Məsələn, Xalça Muzeyi @nationalcarpetmuseum hesabında xalçaçılığın tarixindən, xalçaların əcdadlarımız tərəfindən necə yaradılmasından, eləcə də keçmişdə əvəzolunmaz olan məişət elementlərindən bəhs edir. Azərbaycan Tarixi Muzeyinin @nmuseumhistoryazerbaijan hesabında arxeoloji kolleksiyasının eksponatlarına baxmaq və Zeynalabdin Tağıyev Sarayı haqqında məlumat əldə etmək mümkündür. Milli İncəsənət Muzeyi isə @natalartmuseum.az hesabında öz sərgilərinə virtual turlar təşkil edir.

Azərbaycan teatrlarından olan videoçarxlar diqqəti cəlb edib. Ümumilikdə onlara 650 min baxış olub. Dövlət Akademik Rus Dram Teatrı @rusdrama.az hesabında tamaşaların necə yaradıldığını, Dövlət Akademik Musiqili Teatrının aktyorları @akademik.musiqili hesabında iş günlərinin necə keçdiyini paylaşıblar, Akademik Opera və Balet Teatrının hesabında isə opera əsərlərindən parçalara baxıb dinləmək imkanı yaradılıb.

Layihə Azərbaycan Milli Kitabxanası @milli.kitabxana tərəfindən də dəstəklənib və öz hesablarında kitab kolleksiyaları nümayiş olunub. Həmçinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun rəsmi hesabında istifadəçilər məscidlər, keramika sənətinin tarixi və İçərişəhərinin bir çox başqa komponentləri ilə tanış ola bilərlər.

Layihə həştəqindən istifadə edərək istifadəçilər müxtəlif mövzularda faydalı və maarifləndirici videolar paylaşıblar. Ən çox müzakirə olunan mövzulardan biri isə yemək bişirməklə bağlı olub. Yaradıcılar dil öyrənməklə bağlı videolar da hazırlayıblar. İdman məzmunu ayrı bir kateqoriya təşkil edib.

Layihə barədə danışan Mədəniyyət nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov bildirib ki, nəticələr müsbət olub: " #TikTokdanÖyrən layihəsinin nəticələri həqiqətən ümidvericidir. İnanırıq ki, bu addımı yeniləri də izləyəcək və bu platformada mədəni məzmunun həcminin artması ilə birlikdə ölkəmizdə TikTok istifadəçiləri arasında mədəniyyətə dəyər verənlər çoxalacaq".

TikTok-un Şərqi Avropa və Mərkəzi Asiyada Hökumətlə Əlaqələr və Korporativ Əlaqələr üzrə Direktor Sergey Sokolov layihənin əhəmiyyətindən danışıb: " #TikTokdanÖyrən Azərbaycanda ilk genişmiqyaslı kampaniyamız olub, ölkədə təhsil məzmununun fəal şəkildə yaradılmasını və yayılmasını stimullaşdırmaq üçün nəzərdə tutulub. Azərbaycanın hər yerindən mədəniyyət müəssisələri, idmançılar, müəllimlər, kulinariya mütəxəssisləri və müxtəlif sahələrdən olan digər bilik sahibləri öz fikirlərini bölüşüblər. İki ay ərzində müxtəlif mövzularda məlumat və “lifehack”lərin Azərbaycanda istifadəçilərin böyük marağına səbəb olduğunu görürük".

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm