Həcc ziyarəti ilə bağlı addım atılmalıdır, ildə 6 milyon dollar... - Həsənquliyev
Bizi izləyin

Sosial

Həcc ziyarəti ilə bağlı addım atılmalıdır, ildə 6 milyon dollar... - Həsənquliyev

"Bu gün 6-cı çağırış Milli Məclisin son iclasıdır. Bizim bütün tənqidlərimizə baxmayaraq hesab edirəm ki, 6-cı çağırış xalqımız üçün çox uğurlu və düşərli olub. Torpaqlarımızı işğaldan azad eləmişik, erməni vandalları tərəfindən dağıdılmış Qarabağ bərpa olunur, qaçqınlarımız öz yurd-yuvalarına dönür. Bundan böyük xoşbəxtlik ola bilməz".

Publika.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili əlavə edib ki, yəqin ki bu günlərdə cənab prezidentin növbədənkənar seçkilər haqqında sərəncamı olacaq:

“Növbəti seçkilərə qatılmayacaq həmkarlarıma həyatlarında müvəffəqiyyətlər arzulayıram, seçkilərə qatılacaq həmkarlarıma isə seçkilərdə uğurlar diləyirəm. Ölkəmiz beynəlxalq arenada bir çox təşəbbüslərlə çıxış edir. Hesab edirəm ki, hökumətimizin bir məsələyə diqqət yetirməsinə böyük ehtiyac var. Bu da ondan ibarətdir ki, hər il Azərbaycandan 1500-ə qədər insan həcc ziyarətinə gedir. Bu il çox təəssüf ki, həcc ziyarəti zamanı istilərə görə 1300-dən artıq insan həyatını itirib. Ora gedən insanlar əsasən yaşlı insanlardırlar. Onların bir çoxunun sağlamlıqları kövrək olur. Səudiyyə Ərəbistanına hər il həcc və ümrə ziyarətinə 7 milyona qədər insan gedir. Səudiyyə Ərəbistanı onsuz da kasıb ölkə deyil və oradan da böyük pullar qazanılır. Ona görə də mən hesab edirəm ki, İslam Əməkdaşlıq Təşkilatında biz, zəvvarların ziyarət etdiyi yerlərdə, o cümlədən Kəbənin ətrafında gündən qorunmaq üçün çadır çəkilməsi ilə bağlı məsələ qaldıraq. Hər il gün vurur, mətbuatda diqqət yetirdim ki, Kəbənin örtüyünün dəyişdirilməsi üçün 700 kiloqram ipəkdən, 120 kiloqram qızıl və gümüşdən istifadə olunur. Bu da təqribən 6 milyon dollara başa gəlir. Ona görə ki, gün hər il onu zədələyir. Yəni Kəbənin ətrafında insanlar fırlanır, o ətrafı gündən qorumaq olar, zəvvarların getdiyi yolları, ərəfat dağını, şeytanın daşlanması mərasiminin keçirildiyi yeri, yəni o ərazilərdə gündən qorunmaq üçün xüsusi çadırlar çəkilə bilər. Biz görürük, Bakının özündə də, inkişaf etmiş Avropa ölkələrində də restoranların qarşısında açıq havada əyləşirlər, orada çadırlar var və çadırların kənarından da hava sərinləşdirilir. Ona görə də Azərbaycan belə bir təşəbbüslə çıxış etsə yaxşı olar. Səudiyyə Ərəbistanı bu işi üzərinə götürməsə hesab edirəm ki, biz, yeni bir fondun yaradılması ilə bağlı təşəbbüslə çıxış edə bilərik ki, bütün islam dövlətləri bu fonda pul köçürsünlər və bu iş həll olunsun. Hesab edirəm ki, inkişaf etmiş xristian ölkələrində belə bir ziyarət yeri olsaydı, onlar yəqin ki bunu etmiş olardılar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm