Əsnək əsnək gətirirmiş, samanlıqdakına heyf: Xəstəlik, yoxsa başqasına ötürülən anlıq davranış?
Bizi izləyin

Sosial

Əsnək əsnək gətirirmiş, samanlıqdakına heyf: Xəstəlik, yoxsa başqasına ötürülən anlıq davranış?

Azərbaycan folklorunda belə bir deyim var: "Keçmişdə bir ər-arvadın evinə qonaq gəlir. Onlar qonağı lazımınca qarşılayır, Allah verəndən yedirdib, içirib, söhbətə başlayırlar. Bir müddət sonra yol yorğunu olan qonaq əsnəməyə başlayır. Ev yiyəsinin xanımı da qonaq əsnədikcə, əsnəyir. Qonaq əsnəyir, arvad əsnəyir, axırda ev sahibi gözünün işarəsi ilə arvadını bayıra çağırır. Qısqanc ər arvadını samanlığa aparıb orada öldürür, sonra qayıdıb heç nə olmamış kimi qonaqla söhbətini davam etdirir. Bu dəmdə qonaq bir də əsnəyir və bu dəfə ev sahibi olan kişi də əsnəyir. Tutduğu əməldən peşman olan kişi deyir: "Vay, əsnək əsnək gətirirmiş, samanlıqdakına heyf”.

Bu məsəli eşitməyən yəqin ki, çox az adam olar. Amma güman ki, kimsə də bunun fərqinə varmayıb: Əsnək niyə əsnək gətirir? Bunun elmi əsası varmı?

Hələ Hippokrat dövründən irəli sürülən nəzəriyyədə bildirilir ki, əsnəmək beyinə bağlı bir işdir. Beyin isə kompüter kimidir. Yorulanda qızır və pis işləyir. Sərinlədiyi zaman daha yaxşı işləyir. Əsnəmək isə beyini sərinlədir və yaxşı işləməsinə yardım edir.

Lakin hər dəfə kiminsə əsnədiyi vaxt qarşısındakı insanında da mütləq əsnəməsi bir çox suallar yaradır.

Bu keçici haldırmı, yoxsa hansısa bir psixoloji səbəbləri var?

Ümumiyyətlə, əsnəmək bir xəstəlikdir? Xəstəlikdirsə, müalicə olunurmu? Beyində hansı narahatlıq yarananda əsnək baş verir?

Mövzu ilə bağlı Publika.az-ın suallarını cavablandıran həkim-terapevt Sübhan Hacıyev bildirdi ki, əsnəmək həm fiziki, həm də patoloji ola bilər:

“Əsnəmək ümumiyyətlə bir çox insanlarda görülə bilir. Bu həm normal, yəni fiziki, həm də patoloji ola bilər. Fizioloji əsnək daha çox insanın qanında karbon qazının yığılması nəticəsində yaranır və insan bu karbon qazını bədəndən artması üçün əsnəyərək daha çox oksigeni daxilə qəbul edilir. Bu, orqanizmdə fizioloji hal olar, eyni zamanda beyinin ağ ciyərlərə hipoksi yayan oksigen azlığı zamanı ötürdüyü bir siqnal nəticəsində də baş verir. Bundan əlavə durğunluq zamanı, hər hansı bir şeydən sıxılan zaman və yaxud çox yorulan insanlarda fizioloji əsnəklər görülə bilər. Patoloji əsnəklər isə daha çox beyin qan dövranına və beyin qan dövranının patoloji xəstəliklərinə bağlı olan məsələlərdir. Yəni beyinin arxa çuxurunda olan zədələnmələr, beyin şişləri, beyin damarlarının ateroskleroz xəstəlikləri, xolesterin maddəsi ilə beyin damarlarının tıxanması zamanı, eyni zamanda epilepsiya zamanı ketoasidoz vəziyyətlərdə əsnəklər ola bilər.

Həkimin sözlərinə görə, əsnək də gülmək kimidir, çox rahatlıqla digərinə keçə bilir:

"Lakin bu bir patoloji hal deyil. Bu üzdən bundan qorxmaq lazım deyil. Amma gün ərzində sağlam insanlarda daha çox əsnək müşahidə olunarsa, onlara açıq havada olmaq, çox gəzmək, idmanla məşğul olmaq tövsiyə olunur. Yəni daha aktiv həyat tərzi sürsələr, yaxşı olar”.

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov hadisənin psixoloji səbəblərini açıqladı.

O bildirdi ki, əsnəmək vərdiş kimi görünsə də, başqasına ötürülən anlıq davranışdır:

“Bəzi düşüncələr var ki, insanların yaşadığı mühit onlar üçün ictimai şüurdur, yəni mühitin özüdür. İnsanlar məsəllərə, atalar sözlərinə və digər bənzər nəsihətlərə ehtiyac duyur. Elm ağırdır və öyrənmək üçün əziyyət tələb edir. İnsanlar düşüncələrində formalaşan rahatlıq ərazisindən çıxmaq istəmirlər. Rahat olan isə şüardır. Hazırda sosial platformalarda da şüarlar insanların daha çox diqqətini çəkir. İnsanlar hekayəsini bilmədikləri fəlsəfə kimi görünən fikirlərin arxasınca gedirlər və həmin fikirləri həyatları üçün inanca çevirirlər. Həmin fikirlər insanların nitq və davranışlarında özünü büruzə verir. Həqiqət şüarla tənzimlənmir.

İctimai şüurda mövcud olan fikirləri sorğulamaq cəsarət tələb edir. İctimai şüura qarşı çıxanda qərəz və qınaq yaranır. Uzaq keçmişdə ifadə olunmuş fikirlər bu gün aktual ola bilməz. Şəxsdə obsessiya olanda müxtəlif elmi əsası olmayan fikirlərə inanclar daha çox özünü göstərir. Məntiqə sığmayan və hazırki resurslar üçün əhəmiyyəti olmayan fikirlər həyat tərzi formalaşdıra bilməz. İnsanlar totem və tabulara meyillidirlər. İstəyirlər ki, hansısa anlayış onların həyatlarını idarə etsin. İnsanlar düşünmədən davranışlarını ifadə etmək istəyirlər. İnsanın həyata baxışı reallığa əsaslanmalıdır. Reallığını itirən insanlar isə psixoloji halın nizamsızlığını yaşayırlar”.

Gülnar Süleymanova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm