Böyük dövlət müəssisələri xərclərini şişirdirlər - Həsənquliyev
Bizi izləyin

Sosial

Böyük dövlət müəssisələri xərclərini şişirdirlər - Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı öz fikirlərini bölüşüb.

Millət vəkili bildirib:

- Müzakirə olunan məsələ ilə bağlı onu qeyd etmək istəyirəm ki, hörmətli həmkarım Razi müəllimdən fərlqi olaraq mən bu dəyişikliyi gözəl hesab etmirəm. Hesab edirəm ki, bu bizim Konstitusiyamıza ziddir, həm də ədalət hissinin pozulmasıdır. Konstitusiyaya ona görə ziddir ki, Konstitusiyamızın “Mülkiyyət hüququ” adlanan 29-cu maddəsində qeyd olunur ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mən əminəm ki, həmin sənaye parkındakı Bakı Gəmiqayırma Zavodu özəl bir şirkət olsaydı, bu güzəştlər nəzərdə tutulmayacaqdı. Bakı Gəmiqayırma Zavodu 20 sentyabr 2013-cü ildən fəaliyyətə başlayıb və vergilərdən azad olunub.

İndi daha 6 il də onu vergilərdən, gətirdikləri mallara görə, gömrük rüsumlarından azad edirik.
Vergiləri kim ödəməlidir? Pinəçilər və corab satanlar, yəni kiçik sahibkarlar vergiləri ödəməlidir? Axı büdcənin gəlirlər hissəsi artmalıdır ki, biz bir çox sosial xərcləri qarşılaya bilək, bir çox problemləri həll edə bilək. Arayışda da qeyd olunub, təzad da buradadır: Bakı Gəmiqayırma Zavodu Xəzər regionunda ən böyük sənaye müəssisələrindən biri olmaqla, Azərbaycan dəniz donanmasının müasirləşdirilməsində öz müsbət töhfəsini verməkdədir. Mən internet üzərindən bir araşdırma apardım. Bu illər ərazində ondan artıq yeni gəmi tikilib, 170-dən artıq gəmilər təmir olunub. Yəni bu gəlirlə işləyən bir müəssisədir. Niyə biz bunu vergidən azad etməliyik?

Donanmanın yeniləşdirilməsində iştirak edir, əslində donanma da çox təəssüf ki, dövlət mülkiyyətindədir. Bunlar əgər gəlirlə işləyə bilmirsə, onda biz bunları niyə özəlləşdirmirik? Bunları özəlləşdirsəydik biz heç onları vergidən azad da etməli deyildik.

Bundan başqa, mən əvvəllər də bu məsələni qaldırmışam, vergilərin müəyyənləşdirilməsi və onun həcminin müəyyən olunması birbaşa Milli Məclisin səlahiyyətinə aid olan məsələdir. Məsələn aksiz markaları. Əslində aksiz də verginin bir növqdür. Bəzi aksiz vergisini biz Vergilər Məcəlləsi ilə müəyyənləşdiririk. Bəzilərini müvafiq icra hakimiyyəti orqanına verirdik ki, aksiz dərəcələrini özləri müəyyənləşdirsinlər.
Konstitusiyanın 149-cu maddəsində qeyd olunur ki, normativ hüquqi aktlar haqqa, ədalətə, bərabər mənafelərə, bərabər münasibətə əsaslanmalıdır.

Və Normativ hüquqi aktlar haqqında konstitusiya qanununun 64.8-ci maddəsində qeyd olunur ki, “vəzifəli şəxsin öz mülahizələrindən asılı olaraq, fiziki və hüquqi şəxslərə ümumi qaydalardan istisnalar müəyyənləşdirmək imkanı nəzərə tutula bilməz”. Yəni, Konstitusiya qanununun da tələbidir. Bilirsiniz ki, Konstitusiya qanunu həm də Konstitusiyanın əsas mətni ilə ziddiyyət təşkil etmirsə Konstitusiyanın tərkib hissəsi sayılır.

Ona görə də mən bunun qəti əleyhinəyəm və hesab edirəm ki, biz böyük ədalətsizliyə yol vermiş oluruq ki, kiçik sahibkarlardan, fiziki şəxslərdən vergilər topladığımız halda, bu qədər böyük bir dövlət müəssisəsini vergilərdən yayındırırıq. Ümumiyyətlə, hesab edirəm ki, biz Milli Məclis olaraq hökumət qarşısında məsələ qaldırmalıyıq. Bütün dövlət müəssisələri ödədikləri vergilərin həcmini ilin sonunda açıqlasınlar. Yəni burada bir aşkarlıq olmalıdır. Onda bəlli olacaq ki, böyük dövlət müəssisələri xərclərini şişirdirlər və çox az miqdarda vergi ödəyirlər. Belə olduğu halda həm də o məsələ gündəmə gəlir ki, niyə bu dövlət müəssisələri özəlləşdirməyə çıxarılmır? Mən, qanun layihəsinin əleyhinə səs verəcəyəm. Diqqətinizə görə çox sağ olun...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm