Qurban Qurbanov: Bu elə bir oyundur ki...
Bizi izləyin

İdman

Qurban Qurbanov: Bu elə bir oyundur ki...

“Qarabağ” sabah UEFA Çempionlar Liqasının 2-ci turunda Danimarkanın “Kopenhagen” klubunu qəbul edəcək.

Publika.az xəbər verir ki, oyundan bir gün əvvəl “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Qurbanov sevincli olduqlarını bildirib:

“Sevindirici haldır ki, böyük turnirin Bakıda ilk oyunu keçiriləcək. Sevincliyik. Bacardığımız qədər hazırlaşdıq. Düzdür, vaxtımız az oldu. Bu gün də hazırlaşacağıq. Yaxşı rəqibə qarşı oynayacağıq və inanıram ki, futbolçularımız inamlı mübarizə aparıb azarkeşlərimizi sevindirəcək.

Rəqibimiz imkan verəcəyi təqdirdə, məlum ev tapşırığını yerinə yetirəcəyik. Düşünürəm ki, bütün rəqiblər həmin epizoddan məlumatlıdırlar.

Ümumiyyətlə, inanın ki, mən həmişə belə anlarda çox sevinirəm. Çünki Avropa futbolunda “Qarabağ”a bu qədər diqqət varsa, deməli, Azərbaycana maraq artır. Futbol idmanın şahıdır və buradakı nəticələr, qalibiyyətlər illərlə danışılır. Belə hallarda məsuliyyət daha da çoxalır. Və ən vacibi odur ki, hamınız, azarkeşlər bura ümidlə gəlir. İstənilən halda, həyəcan olur. Bunun da arxasında məsuliyyət dayanır. Belə olan halda da nəticə istər-istəməz gəlir. Ola bilər ki, oyunun əvvəlində həyəcan olsun, amma bu həyəcan vaxt keçdikcə aradan qalxır. Hə, həyəcan 90 dəqiqənin sonuna kimi davam etsə, o zaman işimiz çətin olar. Amma yaxşı ki, bizdə belə hallar olmur.

Hər bir halda, meydan amili rol oynayır. Hazırda futbolçular burada özlərini komfortlu hiss edirlər. Bakı Olimpiya Stadionunda da olsaydı, eyni məsuliyyət olacaqdı.

Heyəti təxmini müəyyənləşdirmişəm. Amma axşamkı məşqdən sonra daha dəqiq biləcəm.

“Kopenhagen”in ən böyük üstünlüyü sabit oyun sistemi ilə oynamasıdır. Bu gün heyətlərində daha dinamik, daha sürətli futbolçuları var. Amma ümumi, klubun fəlsəfəsi eyni qalır. Bu da sabit nəticələrin olmasına gətirib çıxarır.

Biz istənilən rəqibə qalib gəlmək üçün çalışırıq. Bunu nə dərəcədə edirik, qarşımızdakı rəqibdən də çox şey asılıdır. Amma bacardığımız qədər yaxşı hazırlaşmışıq.

Mən həmişə istəmişəm Bakıdakı oyunlarda qonaqlarımız çox olsun. Xüsusilə də, mətbuatdan… Bakının gözəl yerlərini görüb, tanış olsunlar.

Rəqibə gəldikdə, sistemli çıxış edirlər. Yaxşı tərəfi odur ki, biz bunu bilirik. Ola bilər ki, sabah meydanda taktiki savaş da getsin. Bu elə bir oyundur ki, mən də 90 dəqiqə bu oyunun içində ola bilərəm”.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:45-də start götürəcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm