Sosial
Bakıda mənzil bazarında vəziyyət kəskin dəyişdi
Bakının ən ciddi sosial-iqtisadi problemlərindən biri mənzil əlçatanlığının getdikcə zəifləməsidir. Artıq təkcə mənzil almaq deyil, kirayə ev tapmaq da əhəmiyyətli dərəcədə çətinləşib. Kirayə qiymətləri sürətlə artır, bazarda təklif isə tələbi tam qarşılaya bilmir. Son dövrlərdə imkanlı şəxslər əvvəlki illərlə müqayisədə obyekt almaqdansa, mənzil alaraq kirayəyə verməyə üstünlük verirlər. Halbuki bir müddət əvvəl kommersiya obyektləri daha gəlirli hesab edilirdi.
Bu tendensiyanın əsas iqtisadi və sosial səbəbləri nələrdir? Yaxın perspektivdə paytaxtda kirayə bazarında qiymətlərin sabitləşməsi üçün hansı mexanizmlər tətbiq oluna bilər?
Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı danışıb. O deyib ki, hazırda kirayə mənzil bazarında ciddi problem mövcuddur və bu, ildən-ilə daha da dərinləşir:
“Xüsusilə kirayə mənzil fondunun azalması və qiymətlərin hər il artması diqqət çəkir. Köhnə mənzil fondu sıradan çıxdıqca və onun yerində yeni binalar tikildikcə, kirayə mənzil tapmaq daha da çətinləşir və qiymətlər yüksəlir. Şəhərsalma prosesinin sürətlənməsi də bu vəziyyətə təsir göstərir. Şəhərsalma proqramlarının icrası nəticəsində bazara yeni tələb formalaşdıran alıcı və kirayəçi kütləsi daxil olur. Bu isə kirayə bazarında təzyiqi artırır. Aparılan təhlillər göstərir ki, kirayə mənzil bazarında qiymət artımını şərtləndirən amillər kifayət qədər çoxdur və onların əksəriyyəti uzunmüddətli xarakter daşıyır”.
Problemin həllinə gəldikdə isə, ekspert bildirib ki, ilk növbədə bazarın əsas iştirakçılarından biri olan tələbələrin kirayə məsələsi həll olunmalıdır:
“Bunun üçün yeni tələbə yataqxanaları tikilməli, xarici təcrübədən istifadə edilərək müasir tələbə şəhərcikləri yaradılmalıdır. Eyni zamanda, sahibkarları bu prosesə cəlb etmək üçün stimullaşdırıcı mexanizmlər tətbiq edilməlidir. Bu məsələ qısamüddətli dövrdə həll edilə biləcək problem deyil. Hökumət şəhərsalma və mənzil siyasətini daha sistemli şəkildə nəzərdən keçirməlidir. Hazırda xüsusilə ucuz kirayə seqmentində təklif məhduddur, tələbat isə sürətlə artır”.
R.Osmanlının sözlərinə görə, digər mühüm amil regionlardan paytaxta miqrasiyadır:
“Regionlarda iqtisadi inkişafın sürətləndirilməsi və yeni iş yerlərinin yaradılması Bakıya axının qarşısını qismən ala və kirayə bazarındakı təzyiqi azalda bilər. Hazırkı iqtisadi imkanlar çərçivəsində dövlətin bu problemi qısa müddətdə tam və köklü şəkildə həll etməsi çətindir. Mövcud proqramlar olsa da, onlar yetərli deyil. Problemin həlli üçün uzunmüddətli strategiya, genişmiqyaslı islahatlar və sahibkarlar üçün təşviqedici mexanizmlər zəruridir. Yalnız bu halda kirayə mənzil bazarında sabitlik və əlçatanlıq təmin oluna bilər”.
-
Magazin100:30"Efirdə səviyyə o qədər aşağı düşüb ki, utanıram getməyə"
-
Qoroskop00:10Günün ulduz falı - Səmimiyyət ən böyük silahınız olacaq
-
Dünya5 Mart 23:12Bu ölkədə qırıcı təyyarə yoxa çıxdı
-
Magazin15 Mart 21:50Tolikin yeni layihəsi bəlli oldu
-
İnanc5 Mart 21:45Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı
-
Sosial5 Mart 21:00Qapısı açıq evlərə girmək istəyirmiş - Video
-
ABŞ5 Mart 20:36İsrail Tehrana 13-cü zərbə dalğasını başlatdı
-
MDB5 Mart 20:25Tokayev Naxçıvana edilən dron hücumunu pislədi



























.jpg)



.jpg)






