Köşə
Bir də çalınmayacaq bizim zəngimiz... - Bu da son
İllər keçdikcə o qədər hadisə görürsən, eşidirsən ki, hər pis xəbər səni bir az da sərtləşdirir. Sanki içindəki duyğular qat-qat örtülür, daşlaşır. İşimlə bağlı hər gün sarsıdıcı xəbərlərin içində olmaq məni elə bir nöqtəyə gətirib ki, "artıq doğmalarımdan savayı heç bir pis xəbər məni kövrəldə bilməz" deyirdim. Hətta buna görə bəzən özümü qınayırdım da. Necə ola bilər ki, bir vaxtlar küçədə ölmüş balaca bir sərçəyə görə günlərlə üzülən insan bu qədər dəyişsin? Özümü ruhsuz biri kimi qəbul etməyə başlamışdım. Ta ki, bu günə, müəllimimin paylaşımını görənə qədər.
Paylaşım cəmi bir cümlədən ibarət idi: "Qobustan rayonu Bəklə kənd tam orta məktəbi – Bu da son".
Bir anlıq donub qaldım. "Son" nə deməkdir? Nə üçün tədris ilinin ortasında, aprel ayında müəllim belə bir paylaşım edib?..
Nə baş verdiyini anlamaq üçün tələsik müəllimimə zəng vurdum.
Onun cavabı sarsıdıcı oldu. Səsi titrəyə-titrəyə məktəbimizin bağlandığını bildirdi:
"Uşaqlar azalıb, siniflər boş qalıb. Müəllimləri artıq başqa kənd məktəblərinə təyin ediblər. Bu il bizim məktəbimizdə "Son zəng" yox, sonuncu zəng çalınacaq..."
Müəllim bu sözləri sakit bir şəkildə deyirdi. Amma səsində sanki bir hayqırtı var idi. İçində qopub da dilə gəlməyən, ürəyin dərinliyində əks-səda verən bir fəryad kimi. Sanki o səsdə bir məktəbin yox, bütöv bir kəndin susqunluğu var idi.
Nə deyəcəyimi bilmədim. Telefonda səssizlik yarandı. Sanki ikimiz də eyni ağrını susaraq bölüşürdük. Bir anda məktəbin boş qalan sinifləri gözümün önündə canlandı. Səssiz dəhlizlər, qapanan qapılar, lövhəyə yazılmayan son dərs... Gözlərimdən yaş damcılarının süzüldüyünü hiss etdim.
Axı bu məktəb "son" ola bilməzdi...
Nə olsun ki, kiçik idi, divarları köhnə idi? Axı məktəbin böyüklüyü divarlarının hündürlüyü ilə ölçülmür... Bəzən ən böyük insanlar elə ən kiçik siniflərdən çıxır.
Bu məktəb neçə-neçə alim yetişdirib. Neçə həkim insanların həyatını xilas edib. Neçə müəllim yeni nəsillərə yol göstərib. Neçə hərbçi bu Vətənin keşiyində dayanıb. Neçə jurnalist cəmiyyətin səsini çatdırıb...
Axı o məktəb mənim uşaqlığımın səsi idi. O sinif otaqlarının hər küncündə bir xatirəm qalmışdı.
Orta məktəbi bitirməyimdən 20 ildən çox vaxt keçməsinə baxmayaraq, hər il olmasa da, fürsət düşən kimi "Son zəng" günü kəndimizə gedirdim. Müəllimlərimi, şagirdləri görər, onlarla məktəb illərindən uzun-uzadı söhbət edərdim. Bütün sinifləri gəzər, 11 il ərzində məktəb həyatında baş verənləri gözümün önündə bir səhnə kimi canlandırardım.
İndi o doğma yerin bir daha üzümüzə açılmayacağını düşünmək çox ağır idi.
Bir vaxtlar həyəti uşaq səsi ilə dolan məktəb indi səssizliyə təslim olur. İndi kənddə yaşayan uşaqlar təhsillərini davam etmək üçün başqa yerlərə getmək məcburiyyətində qalacaq.
Bu, sadəcə bir məktəbin bağlanması deyil. Bu, bir kəndin səsinin susmasıdır. Bir kəndin uşaqsız qalmasıdır.
Bəlkə də o qapılar bir daha açılmayacaq.
Bəlkə də kimsə o partalara bir daha oturmayacaq...
Və ən dahşətlisi də budur ki, müəllimin paylaşdığı "son"un nə qədər böyük bir itki olduğunu çox adam anlamayacaq...
-
İdman13:00Rövşən Nəcəf eyham vurdu: AFFA işlək qurumu ləğv edəcək?
-
Nida Xəbər 12:22Deputat pəncərədən tullanıb qaçıbmış...
-
Köşə11:43Bir də çalınmayacaq bizim zəngimiz... - Bu da son
-
İdman11:24UEFA "Qarabağ"a neçə milyon ödəyib? - AFFA AÇIQLADI
-
Köşə09:12Azərbaycanda məmurdan sensasion etiraf: Tapşırıqla...
-
Avropa08:48Şahzadə Harri qadın jurnalistə görün nə yazıb - İlk görüşdən sonra...
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
































