"Yağış bəhanə olmamalıdır!” - Fermerlərə mühüm mesajlar verildi
Bizi izləyin

Sosial

"Yağış bəhanə olmamalıdır!” - Fermerlərə mühüm mesajlar verildi

"Yağış bəhanə olmamalıdır!” - Fermerlərə mühüm mesajlar verildi

Son günlər təbiətin yağışlı mənzərəsini seyr edəndə dahi Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasındakı iki misra yada düşür:

“Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da”.

Dahi şair bu misraları sözün qədrini bilmək, az və yerində danışmağın fəzilətini anlatmaq üçün qələmə almışdı. Lakin bu gün ölkəmizə yağan intensiv yağışlar və onun ardınca gələn fəsadlar bu misraların həm də necə böyük bir təbiət qanunu, acı həqiqət olduğunu sübut edir.

Əslində, yağışlı hava ruhun qidasıdır - kimisi onun romantikasına bürünür, kimisi yaz yağmurunda islanmağın uşaqcasına həzzini yaşayır, kimisi üçün bu bəhanəli bir istirahət, kimisi üçün isə sadəcə təbiətin ən doğma halıdır. İnsanlar bu “sulu” vəziyyətdən qorunmağın min bir çarəsini tapır. Bəs görəsən, ayağımızın altındakı səssiz torpaq necə? Onun bağrında boy atan bitkilər, qol-budaq atan ağaclar necə, sevirmi bu cür intensiv yağan yağışı?

Publika.az olaraq bu və ya digər düşüncələrimizi suallara çevirib "Aqrar İslahatlara Dəstək" İctimai Birliyinin rəhbəri, aqrar səhə üzrə ekspert Vahid Məhərrəmliyə müraciət etdik.

“Yağışın norması yoxdur” - məsuliyyətdən yayınma ittihamı

“Bəzən kənd təsərrüfatına cavabdeh olan məmurlar üzərlərinə düşən vəzifənin öhdəsindən gələ bilməyəndə bəhanələr axtarırlar. Yağışın norması və ya normadan artıq olması deyilən bir şey yoxdur”, – deyə o qeyd etdi.

Ekspert vurğuladı ki, yağıntının “normadan artıq olması” kimi təqdim edilməsi düzgün yanaşma deyil: “Onlar vəziyyəti belə əsaslandırmağa çalışırlar ki, guya yağıntılar normadan artıqdır. Bildirirlər ki, güclü yağışlar nəticəsində məhsullar su altında qalır, xarab olur, istehsal azalır, xərclər artır və su basma halları baş verir”.

İqlim dəyişir - leysanlar artacaq

Müsahibimiz bildirdi ki, yağış təbiət hadisəsidir və onun intensivliyi iqlim proseslərindən asılıdır: “Amma "yağışın norması" anlayışı yoxdur. Heç bir dövlət və ya qurum yağıntının konkret normasını müəyyən edə bilməz”.

O əlavə etdi ki, qlobal istiləşmə bu prosesləri daha da gücləndirir: “Havalar istiləşdikcə buxarlanma artır - su daha yüksək qatlara qalxır və nəticədə daha güclü yağıntılar baş verir. Son illərdə müşahidə etdiyimiz də məhz budur”.

Vahid Məhərrəmli xatırlatdı ki, 1980-ci illərdən bəri temperatur artımı müşahidə olunur: “Bu da buxarlanmanı artırıb və nəticədə yağıntılar həm daha çox, həm də daha intensiv - leysan xarakterli olub”.

Əsas məsələ - risklərin düzgün idarə olunması

Ekspertin sözlərinə görə, əsas diqqət risklərin azaldılmasına yönəlməlidir: “Əsas məsələ budur: intensiv yağışlar şəraitində riskləri necə minimuma endirmək olar?”

O qeyd etdi ki, burada əsas amil bitkinin sağlamlığıdır: “Bitki də insan kimi canlı orqanizmdir. Əgər sağlamdırsa və "immun sistemi" güclüdürsə, biotik və abiotik amillərə qarşı daha dözümlü olur”.

Məhərrəmlinin sözlərinə görə, aqrotexniki qaydalara əməl olunmadıqda problemlər qaçılmazdır: “Amma bitki zəifdirsə, aqrotexniki qaydalara əməl olunmursa, o zaman məhsuldarlıq azalacaq, hətta bitki məhv ola bilər”.

Ekspert əlavə etdi ki, bu vəziyyət xəstəlik riskini də artırır: “Nəticədə bitkilərdə xəstəliklərin yaranma riski də artır”.

Xarici təcrübə: yağış maneə deyil

Vahid Məhərrəmli bildirdi ki, yağışlı iqlimdə də kənd təsərrüfatı uğurla inkişaf edə bilər: “Mən Rusiyanın elə bir bölgəsində çalışmışam ki, orada yağışlı hava kənd təsərrüfatı işlərinə mane olmurdu. Əksinə, səpin də, əkin də, hətta məhsul yığımı da yağış şəraitində həyata keçirilirdi”.

"Bu təcrübə onu göstərir ki, problem təkcə yağışda deyil" deyən ekspertin fikrincə, əsas məsələ düzgün idarəetmədir.

Fermerlərə çağırış - bilik və planlama əsas şərtdir

Ekspert qeyd etdi ki, fermerlər müasir yanaşmalara keçməlidir. Onun sözlərinə görə, bu gün zaman artıq bunu tələb edir. Köhnə, ənənəvi üsullarla uğur əldə etmək çətindir.

Məhərrəmli hesab edir ki, hər bir fermer fəaliyyət sahəsini dərindən öyrənməlidir: "Birincisi, sahəni dərindən öyrənmək lazımdır. İkincisi, aqronomlardan məsləhət almaq vacibdir. Üçüncüsü, bazar əvvəlcədən araşdırılmalıdır".

Ekspert fermerlərə məsləhət verərkən əlavə etdi ki, planlı fəaliyyət olmadan uğur qazanmaq mümkün deyil: "Sadəcə təbii axına buraxmaqla yüksək nəticə əldə etmək artıq mümkünsüzdür".

Yekun fikir:

Müsahibimiz sonda vurğuladı ki, güclü yağışlar fəlakət deyil, düzgün yanaşma tələb edən təbii prosesdir: “Bitki normal qidalanacaq, normal inkişaf edəcək və məhsul verəcək. Sadəcə, müəyyən risklər var və həmin riskləri minimuma endirmək lazımdır”.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm