"Mənə təcili pul at..." - İnsanlar bu psixoloji tələyə niyə düşür?
Bizi izləyin

Sosial

"Mənə təcili pul at..." - İnsanlar bu psixoloji tələyə niyə düşür?

"Mənə təcili pul at..." - İnsanlar bu psixoloji tələyə niyə düşür?

Son illər ən çox rast gəlinən kiberdələduzluq sosial şəbəkələrdə və mesajlaşma tətbiqlərində insanların profillərinin ələ keçirilməsi ilə həyata keçirilir. Dələduzlar istifadəçinin hesabını ələ keçirdikdən sonra onun yaxınlarına "təcili pul lazımdır", "kartım işləmir", "mənim yerimə bunu ödə" və yaxud, profilimə daxil ola bilmirəm, göndərdiyim linki kliklə kimi mesajlar göndərərək pul və ya şəxsi məlumat əldə etməyə çalışırlar.

Maraqlıdır ki, bu cür fırıldaq üsulları barədə məlumatlı olan insanlar belə bəzən həmin tələyə düşürlər. Bəs insan niyə tanıdığı şəxsin adından gələn mesaja dərhal inanır? Dələduzlar hansı psixoloji üsullardan istifadə edirlər? Belə mesaj alan şəxs emosiyalarına qapılmadan özünü necə "dayandırmalı" və qərar verməzdən əvvəl nələrə diqqət etməlidir?

Publika.az xəbər verir ki, Qaynarinfo mövzunu Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmovla müzakirə edib.

Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, bunun əsas səbəbi məlumat çatışmazlığından çox, insan psixologiyasının necə işləməsi ilə bağlıdır:

"İnsanların sosial şəbəkələrdə və mesajlaşma tətbiqlərində ən çox üzləşdiyi dələduzluq üsullarından biri tanış şəxsin profilinin ələ keçirilməsi və həmin hesabdan yaxın çevrəyə təcili pul və ya hər hansı linkə daxil olmaqla bağlı müraciət göndərilməsidir. Maraqlıdır ki, bu cür halların qurbanları arasında təhlükədən xəbərdar olan, kifayət qədər məlumatlı insanlar da olur. Bunun əsas səbəbi məlumat çatışmazlığından daha çox insan psixologiyasının necə işləməsi ilə bağlıdır".

Psixoloq deyir ki, insan beyni gündəlik həyatda qərarları sürətlə vermək üçün etibar etdiyi psixoloji qısayollardan istifadə edir:

"Mesaj tanımadığımız bir nömrədən deyil, uzun illər ünsiyyətdə olduğumuz dostumuzdan və ya qohumumuzdan gəldikdə, beynimiz avtomatik olaraq həmin şəxsə olan etibarı aktivləşdirir. Bu vəziyyətdə insanlar əvvəlcə məlumatın doğruluğunu yoxlamaq əvəzinə, qarşı tərəfə kömək etməyə fokuslanırlar. Dələduzlar da məhz bu psixoloji mexanizmdən istifadə edirlər".

Elnur Rüstəmov yazılan bu cür mesajlarda insanlara təsir etmək üçün ən çox işlədilən sözləri də vurğulayaraq bildirib ki, adətən "çox təcilidir”, "heç kimə demə”, "indi kömək et”, "telefonum işləmir” kimi ifadələr işlədilir:

"Bu sözlər insanda vaxt təzyiqi yaradır. Vaxt təzyiqi altında insanın tənqidi düşünmə qabiliyyəti zəifləyir, emosional qərarvermə isə güclənir. Xüsusilə yaxın insanın çətin vəziyyətdə olduğu təəssüratı yarandıqda empatiya və məsuliyyət hissi məntiqi analizdən önə keçir”.

Psixoloq deyir ki, bu cür vəziyyətlərdə psixoloji dayanıqlılığı qorumağın ən vacib yolu emosiyaları deyil, yoxlama davranışını aktivləşdirməkdir:

"İlk reaksiya pul göndərmək və ya linkə daxil olmaq deyil, məlumatı təsdiqləmək olmalıdır. Həmin şəxsə adi telefon zəngi etmək, videozəng vasitəsilə əlaqə saxlamaq və ya başqa bir ailə üzvündən vəziyyəti dəqiqləşdirmək ən doğru addımdır. Əgər qarşı tərəf zəngə cavab vermirsə və yalnız yazışmaqda israr edirsə, bu, artıq şübhə yaradan əlamətlərdən biri hesab olunmalıdır. İnsanlar özlərinə sadə bir psixoloji qayda formalaşdırmalıdırlar. Məndən təcili pul, bank məlumatı, təsdiq kodu və ya linkə daxil olmağım istənilirsə, əvvəlcə dayanmalı, sakitləşməli və məlumatı mütləq başqa kanalla yoxlamalıyam. Bir neçə dəqiqəlik yoxlama bəzən ciddi maddi və mənəvi ziyanın qarşısını ala bilir".

Elnur Rüstəmov son olaraq qeyd edib ki, rəqəmsal təhlükəsizlik artıq yalnız texniki məsələ deyil, psixoloji savadlılığın da bir hissəsidir:

"İnsan nə qədər emosiyalarını idarə edə, tələskənlik hissini nəzarətdə saxlaya və qərar verməzdən əvvəl faktları yoxlaya bilirsə, kiberdələduzluğun qurbanına çevrilmə ehtimalı da bir o qədər azalır. Cəmiyyətdə bu istiqamətdə maarifləndirmənin gücləndirilməsi, ailələrdə və təhsil müəssisələrində rəqəmsal davranış mədəniyyətinin formalaşdırılması müasir dövrdə psixoloji təhlükəsizliyin vacib şərtlərindən biridir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm