Uşağın məktəbə ilk addımı: Psixoloq valideynlərə vacib məsləhətlər verdi
Bizi izləyin

Sosial

Uşağın məktəbə ilk addımı: Psixoloq valideynlərə vacib məsləhətlər verdi

Uşağın məktəbə ilk addımı: Psixoloq valideynlərə vacib məsləhətlər verdi

İlk dəfə məktəbə getmək uşaqlar üçün yalnız dərsə başlamaq deyil, həm də yeni kollektivə uyğunlaşmaq deməkdir. Ailə psixoloqu Maryana Razumovskayanın sözlərinə görə, xüsusilə utancaq və uşaq kollektivində az olmuş uşaqlar üçün bu proses daha çətin keçə bilər.

Publika.az xəbər verir ki, psixoloq uşağın məktəbə başlamazdan əvvəl gələcək sinfi, qarderobu, yeməkxananı və digər məkanları görməsinin onun özünü daha rahat hiss etməsinə kömək etdiyini bildirib. İmkan varsa, gələcək sinif yoldaşları ilə əvvəlcədən tanışlıq da faydalıdır.

Utancaq uşaqlar üçün evdə sosial situasiyaları məşq etdirmək tövsiyə olunur. Məsələn, oyuncaq vasitəsilə “Mən də sizinlə oynaya bilərəm?”, “Yanınızda otura bilərəm?” kimi sadə cümlələri təkrarlamaq uşağın real vəziyyətdə özünü daha inamlı aparmasına kömək edir.

Psixoloq valideynlərə uşaqları digər həmyaşıdları ilə müqayisə etməməyi də tövsiyə edib. “Samir artıq oxuyur”, “Vüsalın çoxlu dostu var” kimi ifadələr uşağın özünəinamını sarsıda bilər. Bunun əvəzinə uşağın dünənki vəziyyəti ilə müqayisə aparmaq daha doğrudur.

Mütəxəssis məktəbə uyğunlaşmanın çətin getdiyini göstərən əlamətlərə də diqqət çəkib. Uşaq üç həftədən artıq hər səhər ağlayır və məktəbə getmək istəmirsə, onda tiklər yaranırsa, məktəbə getməzdən əvvəl davamlı qarın ağrısından şikayətlənirsə və ya uzun müddət sinif yoldaşlarının adlarını yadda saxlaya bilmirsə, valideyn və müəllim müdaxiləsi vacibdir.

Yeni məktəbə keçid isə daha mürəkkəb ola bilər. Çünki uşaq artıq formalaşmış kollektivə daxil olur. Psixoloq belə halda uşağın əvvəlcə müşahidə etməsini, sinifdə sakit və mehriban bir şagirdlə ünsiyyət qurmasını tövsiyə edir. Müəllimdən yeni şagirdi mehriban və sakit bir uşağın yanında əyləşdirməsini xahiş etmək də uyğunlaşmanı asanlaşdıra bilər.

İlk günlərdə uşağın öz bacarıqlarını nümayiş etdirməyə tələsməməsi də məsləhətdir. Çox sürətli şəkildə oxumaq, riyaziyyat və ya digər bacarıqları göstərmək sinifdə yanlış anlaşılaraq lovğalıq kimi qəbul edilə bilər. Əvvəlcə kollektivə uyğunlaşmaq, müşahidə etmək və münasibət qurmaq daha faydalıdır.

Valideynlərin əsas vəzifəsi isə uşağa dəstək olmaqdır. Onun narahatlığını “Ağlama, hər şey düzələcək” deyərək kiçiltmək əvəzinə, “Sənin çətinlik çəkdiyini görürəm, bu normaldır” demək daha doğrudur.

Psixoloq həmçinin valideynlərə hər kiçik problemə görə dərhal müəllimə müraciət etməməyi tövsiyə edib. Uşağa müəyyən qədər sərbəst şəkildə münasibət qurmaq və problemi həll etmək imkanı vermək lazımdır. Əsas olan isə uşağın evdə sevildiyini və dəstəkləndiyini hiss etməsidir.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm