Neft bu tarixdə bahalaşacaq - TƏHLİL
Bizi izləyin

Təhlil

Neft bu tarixdə bahalaşacaq - TƏHLİL

Neftin qiymətinin ilin əvvəlindəki kəskin ucuzlaşmadan sonra son iki ayda 50 dollara qədər yüksəlməsi “qara qızıl”la bağlı bütün proqnozları alt-üst edib. Artıq müxtəlif şərhlərdə 2016-cı ildə neftin bir barelinin qiyməti 45-55 dollar diapazonunda dəyişəcəyi, ilin sonunda isə bu göstəricini keçəcəyi irəli sürülür. Lakin bir fakt var, o da aparıcı neft ölkələrinin hasilatı azaltmaması. Xüsusilə İranın da bazara yenidən daxil olması sayəsində təklif yenidən artıb.

Hasilat azalmayıb

Beynəlxalq Enerji Agentliyinin (İEA) aprel ayı üzrə neft bazarı hesabatında da qeyd edilir ki, İranın istehsalı keçən ay gündəlik 300 min barel artaraq 3,56 milyon barelə çatıb. Bu da 2011-ci ilin noyabr ayından bəri ən yüksək səviyyədir. İxrac isə gündəlik 600 min barel artaraq gündəlik 2 milyon barelə çatıb. İranın hasilatındakı bu artıma baxmayaraq, qlobal neft ehtiyatlarındakı yüksəlişin ilin ikinci yarısında yavaşlayacağı proqnozlaşdırılır. OPEC üzvü olmayan ölkələrin neft hasilatlarında 2016-cı il üçün azalma proqnozu gündəlik 710 min bareldən 800 min barelə, qlobal neft tələbində artım proqnozunu isə gündəlik 1,16 milyon bareldən 1,2 milyon barelə qaldırılıb.

Ümumiyyətlə qeyd edək ki, OPEC üzvü olmayan ölkələrin neft hasilatı aprel ayında gündəlik 125 min barel azalma ilə 56,6 milyon barelə enib. OPEC-in hasilatı isə aprel ayında gündəlik 330 min barel artaraq 32,76 milyon barelə çatıb. İran, İraq və BƏƏ-nin hasilatı artarkən Nigeriya, Liviya və Venesuelanın hasilatlarının ötən illə müqayisədə gündəlik 450 min barel azaldığına diqqət çəkib. Səudiyyə Ərəbistanı isə hasilatını gündəlik 10,2 milyon barel səviyyəsində qoruyub. Hasilatın əsasən İran, İraq və BƏƏ-də artması və Küveyt ilə Nigeriyada göstəricinin azalmasının örtülməsi hesabına formalaşıb. Səudiyyə Ərəbistanı hesabat dövründə gündəlik 10,20 mln. barel, İranın isə 3,56 mln. barel hasil edib. Göründüyü kimi hasilatçılar kvotanı aşağı salmayıblar.

Neftin qiymətində siyasi faktorlar

Bir sözlə neft qiyməti o qədər kövrək və neft bazarı isə o qədər qeyri-stabil dəyişkən bazardır ki, onun proqnozlaşdırılması olduqca çətindir. Başqa tərəfdən hesablamalara görə, dünyada neftin qiymətinin formalaşmasında siyasi faktorların rolu da az deyil. Bu, 20%-dən yüksəkdir. Məsələn, qlobal neft sənayesində ilk böyük hərəkətlilik Birinci Dünya Müharibəsinin başladığı 1914-cü ilə təsadüf edir. 1914-cü ildə neftin qiyməti 0.81 dollar olsa da, müharibənin sonuna doğru bu rəqəm iki dəfədən çox artaraq 1,98 dollara çatıb. İkinci dünya müharibəsinin başlaması da neftin qiymətinə ciddi təsir edib. Lakin müharibə başa çatdıqdan sonra ölkə iqtisadiyyatları bərpa olunduğundan qiymətlər yenidən artaraq 1948-ci ildə 1,99 dollar olub. Başqa bir misal 1990-cı ilə “Körfəz böhranı” səbəbindən neftin qiyməti 40 dollara yüksəlib və 2004-cü ilə qədər nisbətən stabil qalması ilə bağlıdır. 2004-cü ilin ikinci yarısında təxminən 30 dollar olan neftin qiyməti bu dövrdən etibarən yüksəlməyə başladı. 2005-ci ilin son rübündə neft 60 dollar, ilin sonunda 75 dollar, 2006-ci ilin gedişində 100 dollar səviyyəsinədək yüksəldi. 2007-ci ildə neftin qiyməti qeyri-stabil oldu və 68-78 dollar arası dəyişdi. Əvəzində 2008-ci ilin iyun ayında Brent tipli xam neftin bareli 47 dollara qədər yüksəldi.Neftin qiymətini bu dəfə də qlobal iqtisadi böhran vurdu. Neft 147 dollardan 2008-ci ilin sonuna 36 dollara qədər gerilədi. Böhrandan sonra dəyər qazanaraq 2012-də 128 dollara qədər yüksəldi. Neft qiymətləri 2014-cü ilin iyunda 115 dollara qədər qalxdığı halda həmin ilin sonundan etibarən sürətlə aşağı doğru getdi. 2016-cı ilin əvvəlində artıq neft 30 dollardan aşağı satılırdı. Hazırda sual doğuran neftin qiymətinin bir də 100 dollara qədər qalxıb-qalxmayacağıdır.

Rəqəmlərin təhlili göstərir ki, dünya neft bazarında aşağı və yüksək qiymətlər müddəti bəzi istisnalarla 10 ildən az olmayıb. 1960-1970-ci illərdə Brent markalı neftin bir barrelinin orta illik qiyməti 2-2.1 dollar intervalında dəyişib. 1971-1985-ci illər yüksək qiymətlər dövrü olub. Neft 2.6-35.5 dollar intervalında dəyişib. Son 50 ildə müşahidə olunan qanunauyğunluqlar belə deməyə əsas verir ki, neftin qiyməti ən azından 2024-25-ci ilədək aşağı olacaq.

Gündən-günə zərəri böyüyən iri şirkətlər

Məsələnin başqa tərəfi neft şirkətlərinin aşağı qiymətlərə nə qədər dözəcəkləridir. Təkcə dünya iqtisadiyyatında deyil, siyasətində də kifayət qədər söz sahibi olan bu şirkətlər artıq cari ilin birinci rübünü zərərlə başa vurublar. 2016-cı ilin ilin I rübündə Şell şirkətinin xalis mənfəəti 9,9 dəfə azalıb və 455 milyon dollar təşkil edib. Səhm üzrə mənfəət bir il əvvəlki 0.69 dollara qarşı 0.07 dollar olub. Şirkətin gəliri 26.1% azalaraq 48,554 milyard təşkil edib.

Hesabat dövründə geoloji kəşfiyyat və hasilat bölməsində (upstream) Şell şirkətinin zərəri 2015-ci ildəki 1.4 milyard dollar gəlirə qarşı 1.35 milyard dollar olub. Hasilat 11.1% artaraq gündə 2.828 milyon barel təşkil edib. Emal və satış bölməsində (downstream) gəlir 32% azalıb – 1.7 milyard dollara qədər. Neft məhsulları satışı gündə 5.225 milyon barel təşkil edib ki, bu da bir il əvvəlki göstəricidən 1% azdır.

Amerikanın “Şevron” şirkəti 2016-cı ilin birinci rübündə bir il əvvəlki 2,57 milyard dollar gəlirə qarşı 725 milyon dollar zərər əldə edib. Hesabat dövründə şirkətin gəliri 31,8% azalıb – keçən ilin analoji dövrü ilə müqayisədə 23,55 milyard dollardır. 2016-cı ilin birinci rübündə karbohidrogen hasilatı 2015-ci il səviyyəsində qalıb və gündə 2.67 milyon barel təşkil edib.

“Şevron” ardıcıl olaraq iki rübdür zərər əldə edir. Keçən ilin IV rübündə şirkət bir il əvvəlki 3.47 milyard dollar mənfəətə qarşı 588 milyon dollar zərər barədə məlumat vermişdi.

“ExxonMobil”in birinci rübdə xalis mənfəəti 2.7 dəfə azalaraq 1,81 milyard dollara düşüb. Keçən ilin analoji dövründə bu göstərici 4,94 milyard dollar idi. 2016-cı ilin birinci rübündə şirkətin gəliri 27.9% azalıb – keçən ilin analoji dövrü ilə müqayisədə 48,7 milyard dollara qədər.

2016-cı ilin birinci rübünün nəticələrinə görə, BP şirkətinin zərəri bir il əvvəlki 2,602 milyard dollar mənfəətə qarşı 583 milyon dollar təşkil edib. Hesabat dövründə şirkətin ümumi gəliri 30.6% azalaraq 38,512 milyard dollar olub. Şirkətin neft hasilatı yanvar-martda 2015-ci ilin analoji dövrü ilə müqayisədə 5.2% artaraq gündə 2,428 milyon barel neft ekvivalenti olub.

Neftin iyun ümidi

Hazırda daha bir gözlənti Doha görüşünün (18 ölkə – OPEK-in 13 üzvündən 11-i (İran və Liviya nümayəndələri Dohaya gəlməmişdilər və kartelin üzvü olmayan Rusiya, Qazaxıstan, Azərbaycan, Bəhreyn, Kolumbiya, Meksika və Oman hasilatı dondurmaq məqsədilə bir araya gəlmişdilər) davamı olaraq OPEC və OPEC-ə daxil olmayan neft istehsalçılarının iyun ayına planlaşdırdığı toplantı ilə bağlıdır. Düzdür, çoxluq bu görüşdə ciddi nəticə əldə olunmayacağını düşünür. Çünki baxmayaraq ki, İran hasilatı sanksiyadan əvvəlki vəziyyətə gətirdiyini bəyan edib və hasilatın dondurulması ilə bağlı danışıqlara gedə biləcəyini açıqlayıb, amma hasilatın artırılması prosesi dayandırmaq niyyətində deyil.

Digər tərəfdən OPEK neft qiymətlərinin bahalı olmasında maraqlı deyil. Çünki hesab edilir ki, belə olduğu təqdirdə, şist neft təklifi artırır. Bu təbii ki, Amerika qitəsində Səudiyyə Ərəbistanı kimi ölkələrin bazarlarının daralmasına səbəb olur. Amma hələ iyun ayına kifayət qədər zaman var və bazarda neft bahalaşmaqdadır. Nələr baş verəcək dəqiq söyləmək çətindir. Lakin neftin ümidini iyuna dikdiyini söyləmək yersiz olmaz.

Vəziyyətin necə olacağını isə zaman göstərəcək...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm