Gələn il torpaq bahalaşacaqmı? - Açıqlama
Bizi izləyin

Təhlil

Gələn il torpaq bahalaşacaqmı? - Açıqlama

Gələn ilin yanvar ayının birindən torpaq sahələrinin satışı sadələşdirilmiş vergiyə cəlb ediləcək.

Gələn ilin yanvar ayının birindən torpaq sahələrinin satışı sadələşdirilmiş vergiyə cəlb ediləcək. Vergi məcəlləsinə edilən dəyişikliklərə əsasən verginin həcmi, torpağın qanunvericiliklə müəyyən edilmiş təyinatından və yerləşməsindən asılı olacaq. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa bütün torpaq sahələrinin satışı zamanı vergi torpaq sahəsinin hər kvadrat metrinə görə ödəniləcək. Ölkə üzrə baza məbləği hər kvadrat metr üçün 50 qəpik müəyyənləşdirilib.

İqtisadçı-ekspert Rəşad Əliyev Publika.az-a açıqlamasında bildirdi ki, torpaq sahələrinin satışının əvvəlki vergiqoyma sistemi həddən artıq ağırdı:

“Elə torpaq sahələri olurdu ki, onlar üzrə vergi məbləği torpağın satış qiymətinin az qala 15%-ə çatırdı. Bu bahalı torpaqlara aid idi”.

Ekspertin sözlərinə görə, yeni vergiqoyma sistemində isə verginin torpağın satış qiymətinə nisbəti az olacaq:

“Bu interval aktiv və nisbətən aktiv zonalarda hardasa 0,1%-dən təxminən 4%-ə kimi təşkil edəcək. Bakının mərkəzi üzrə nisbət 0,1-0,5%, Xırdalan şəhəri üzrə təqribən 0,3-1,4% və bu rəqəmlər müxtəlif olacaq. Ancaq bəzi hallarda 4%-dən də çox olacaq və bunu qeyri-aktiv zonalarda olan torpaqların satışı zamanı müşahidə edəcəyik. Torpaq nə qədər aktiv zonada yerləşirsə, vergi məbləği satış qiymətinə nisbətdə daha az olacaq”.

O ki qaldı dəyişikliklərin bazara təsirinə, iqtisadçı deyir ki, daşınmaz əmlak bazarında vəziyyət kritikdir:

“Buna görə də biz təsiri az hiss edəcəyik. Lakin torpaq investisiya aləti kimi cəlbediciliyini daha da artıracaq və gələcəkdə bunun bazara müsbət təsiri olacaq. Vergi sistemi sözsüz ki, bazara təsir edir, ancaq bu təsir həlledici deyil. Hazırda bazar başqa ab-havanın təsiri altındadır”.

Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələri olan torpaq sahələrinin satışına dair şərtlərə toxunan mütəxəssis bildirdi ki, bu növə aid torpaq sahələrinin satışı zamanı hər kvadrat metrə görə ödənişin ölkə üzrə baza məbləği 0,5 manat, yəni 50 qəpik müəyyən olunub:

“Torpaq sahəsinin yerləşməsindən asılı olaraq bu baza məbləğinə əmsallar tətbiq ediləcək. Bu əmsallar bizə tanışdı, çünki yaşayış evlərinin satışının vergiyə cəlb edilməsində həmin əmsallar artıq çoxdan tətbiq olunur. Bakı üzrə şəhərin yerindən asılı olaraq 1,2 – 4 əmsalları ( buda yerləşmədən asılı olaraq hər kv.m. üçün 0,6-2 manat arasında təşkil edir) Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə – 1,5 əmsalı (0,75 manat yəni 75 qəpik), Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərləri üzrə – 1,2 əmsalı ( 0,6 manat, yəni 60 qəpik), digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) yerləşdikdə isə – 0,5 əmsalı (0,25 manat, yəni 25 qəpik) tətbiq ediləcək. Məsələn, Xırdalan şəhərində olan torpaq sahəsinin (yuxarıda qeyd edilən kateqoriya) satışı zamanı hər kvadrat metrinə görə 0,75 qəpik (0,5 manat və ya 50 qəpik x 1,5 əmsalına) və ya sotuna 75 manat (100kv.m.x75 qəpik) təşkil edəcək. Bakı şəhəri üzrə 1-ci zona üzrə 4 əmsalı (son nəticədə hər kv.m. görə 2 manat təşkil edəcək), 2-ci zona – 3 əmsalı (hər kv.m. görə 1,5 manat), 3-4 zonalar – 2,2 əmsalı (hər kv.m. görə 1,1 manat), 5-6 zonalar – 1,8 əmsalı (hər kv.m. görə 0,9 manat), 7-8-9 zonalar – 1,5 əmsalı (hər kv.m. görə 0,75 manat), 10-11-12 zonalar – 1,2 əmsalı (hər kv.m. görə 0,6 qəpik) tətbiq olunacaq. Beləliklə Bakının ən bahalı yerində yaşayış təyinatlı torpaq satışının hər kvadrat metrinin vergisi 2 manat və ya sotuna görə 200 manat təşkil edəcək. Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqların satışına gəlincə, bu növ torpaq sahələrinin satışı zamanı əlavə əmsallar tətbiq ediləcək”.

Ekspertin sözlərinə görə, Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə 1,5 əmsalı (bu da yerindən asılı olaraq hər kv.m. üçün 0,9 – 3 manat təşkil edəcək), Gəncə, Sumqayıt, Xırdalan şəhərlərində 1,3 əmsalı (hər kv.m. görə 0,975 manat), Abşeron rayonunun qəsəbə və kəndləri, Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində 1,2 əmsalı (hər kv.m. görə 0,72 manat), digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) 1,1 əmsalı (hər kv.m. görə 0,275 manat) tətbiq ediləcək. Məsələn, Mingəçevirdə o cür torpaq sahələrinin satışı hər kv.m. üçün 0,72 manat və ya 72 qəpik (0,5 manat ölkə üzrə baza x 1,2 əmsalı yerləşməyə görə x 1,2 əmsalı torpağın növünə görə) təşkil edəcək. Bakının ən bahalı yerində isə bu növ torpaq sahəsinin hər kv.m. satışı 3 manat və ya 1 sot üçün 300 manat olacaq”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm