İnsanlar şəbəkə torunda - HƏYƏCAN
Bizi izləyin

Texnoloji

İnsanlar şəbəkə torunda - HƏYƏCAN

Bu gün internet həyatımıza bir göz qırpımında daxil olur, onu tanınmaz dərəcədə dəyişdirir. Günün 24 saatı istənilən zaman, istənilən məkanda, istədiyimiz informasiyanı tapmaq su içimi qədər asanlaşıb. İnternetin ən böyük nailiyyəti ondan ibarətdir ki, o, qızıldan qiymətli olan informasiya daşıyıcısıdır. Əbəs yerə deməyiblər ki, informasiyaya sahib olmaq, hər şeyə sahib olmaq deməkdir. Lakin internet son zamanlar əsas funksiyasını yerinə yetirmir və burada yerləşdirilən informasiya bəzən faydasız ola bilir.


İnternetin inkişaf mərhələsinin ilk çağlarında o, əsl informasiya mənbəyi idi və başqa heç bir funksiya yerinə yetirə bilməzdi.

Sovet İttifaqı olmasaydı, internet də olmazdı

Əvvəl Amerika alimlərinin qarşısına məlumatları düzgün ötürə bilən şəbəkə yaradılması məqsədi qoyulmuşdu. Beləliklə, internet yaradıldı. Əsas səbəb nə idi?

İnternet, SSRİ-də ilk peykin buraxılması sayəsində yarandı. Belə çıxır ki, Sovet İttifaqı olmasaydı, internet də olmazdı. Hər halda bizim indi tanıdığımız şəkildə olmayacaqdı.

Lakin ARPANET şəbəkəsi kimi tanınan, keçən əsrin 70-ci illərində işə başlayan şəbəkə insanların həyatına daha çox daxil olmağa başladı. Bu işdə fərdi kompyuterlərin inkişafı da xüsusi rol oynadı. Lakin 1981-ci ildə ABŞ-da yaradılan universitet şəbəkəsi - NSFNetin inkişafı ARPANET-in get-gedə aktuallığını itirməsinə və 1990-cı ildə fəaliyyətinin sona çatmasına, tarixi fakta çevrilməsinə gətirib çıxardı.

NSFNet-ə telefonla birləşmək mümkün olduqdan sonra həmin şəbəkədən təkcə elmi idarələr deyil, sadə vətəndaşlar da istifadə etməyə başladı. 1993-cü ildə ilk brauzer yarandı, 1995-ci ildə NSFNet öz irsini Milli Elmi Fondun super komyuterlərinə deyil, indi dünyada minlərlə olan sadə internet-provayderlərinə buraxaraq, tədqiqat işlərinə qayıtdı.

İnternet yeni auditoriyanı cəlb etməklə hələlik medianın ən artan seqmentinə çevrilməsə də, yaxın gələcəkdə televiziya və radionu əvəz edəcəyi gözlənilir. Tam olmasa da, gələcək nəsillərin başlıca informasiya və əyləncə mənbəyinə çevriləcəyi görünür.

Hamının, həm də heç kimin olmayan - İnternet

İnternetin belə güclü inteqrasiyası bizim özümüzə xeyirdirmi? İnsanlar şəbəkədə çox vaxt keçirdiklərindən “ölüblər”. İnternet özünəməxsus narkotikdir. Lakin bir vaxtlar kitablar da çox geniş yayılmışdı. Əvvəlcə yüksək təbəqələrdə, sonra isə sadə insanlar arasında. Həmin oxşarlığı televiziya və radionun aktuallığı dövrünə də aid etmək olar.Yəni İnternet yeni, lakin heç də ilk olmayan informasiya və əyləncə mənbəyidir. Kim bilir, bəlkə də biz artıq onun içində yaşayırıq. Əgər biz həddimizi biliriksə, internet təhlükə yaratmır. Bax, həmin bu həddi çoxlarımız bilmirik. Bu isə xoşagəlməz nəticələrə gətirib çıxarır.

Cəmiyyətə təsiri

İnternet veb resurslar, saytlar tərəfindən təqdim olunan müxtəlif xarakterli informasiyaların açıq saxlandığı vasitədir. Bu informasiyalar qeyri-dəqiq, qanunvericiliyə uyğun olmaya və ya qəbul edilmiş mənəvi dəyərlərlə ziddiyyət təşkil edə bilər. Buna parlaq misal, kitab, musiqi, filmlərin pulsuz köçürülməsidir. İnternet vasitəsilə hələ kirayəyə verilməyən filmə baxmaq olar, kitabı mağazadan almaq əvəzinə, oxumaq olar. Bunlar isə sahiblərin az qazanmasına və dövlətə az miqdarda vergi ödənilməsinə gətirib çıxarır. Təbliğat saytları insanların düşüncəsini dəyişdirir. Məsələn, dini sektaların saytları gənclərə təsir edərək onların normal inkişaf etmələrinə və təhsil almalarına mane olur. Bütün bu misallar internetin cəmiyyətin həyatına necə zərərli təsiri olduğunu göstərir.

Bundan əlavə, internet böyük kompaniya və korporasiyalar üçün təhlükə yaradır. Setin köməyi ilə internet hakerləri müştərilərin bank hesablarına daxil ola bilərlər. Hakerlər - xüsusi tip kompyuter mütəxəssisləridir. Çox vaxt onlar bank və şirkətlərin təhlükəsizlik sistemini pozaraq onların hesabından böyük məbləğdə pul çıxara bilirlər. Hakerlərin bu hərəkəti maddi cəhətdən təsir etməklə bərabər, müştərilər arasında belə bank və kompaniyalara inamı da azaldır, şübhə altına salır. Hakerlərin üstünlüyü ondan ibarətdir ki, bu cinayəti onlar öz qurbanlarından çox uzaqlarda olarkən törədə bilirlər. Onları tapmaq yalnız şəbəkədə fərdi kompyuter nömrələri ilə mümkündür ki, bu da çox səmərəsiz, əbəs olur. Hakerlərin hücumu təkcə varlanmaq məqsədi ilə edilmir, onlar eyni zamanda bunu öz etirazlarını bildirmək və ya özünütəsdiq üçün edirlər.

ABŞ-ın hərbi bazalarının məlumatlarına, Böyük Britaniyanın və Gürcüstanın kompyuter şəbəkəsinə olan haker hücumlarını da misal çəkmək olar. Şəbəkə fırıldaqçılarının belə hücumları ölkələr arasında gərginlik yaradır. Bu səbəbdən hücuma məruz qalan kompaniyalar elə həmin hakerləri işə götürürlər ki, onlar yeni müdafiə sistemi yaratsınlar.

Şəxsiyyətə təsiri

Şəbəkə istifadəçilərinin sayı ildən-ilə artır. Bununla bərabər, virtual “meydanlar” da artır, insanlar bir-biri ilə real vaxt çərçivəsində informasiya mübadiləsi apara bilirlər. Dünya şəbəkəsində oxşar maraqları, dünyagörüşü olan insanları tapmaq asanlaşır. Adətən, insanlar öz suallarına cavab axtararkən belə qrupları tapır, tez-tez ora müraciət edirlər. Belə qruplar arasında qarşılıqlı əlaqə yaranır, internet-qruplarda insanın virtual şəxsiyyəti yaranır ki, bu, onların real şəxsiyyətindən çox fərqlənir. Beləliklə, bəziləri virtual həyata o qədər aludə olurlar ki, ümumdünya şəbəkəsini real həyat hesab edirlər. Belə adamlar kompyuter arxasında 18 saat keçirirlər. Bu hadisə internet asılılığı adlanır. Alimlərin hesablamalarına görə, dünyada internetdən aslılıq 33 yaşdan sonra daha çox müşahidə olunur. Asılılığın nəticəsi onların yaxınlarını, əzizlərini başa düşməməsinə, insanın sosial statusunun aşağı enməsinə gətirib çıxarır. Bütün bu misallar internetin zərərli təsirini göstərir.

Qurban olmaq istəmirsinizsə...

Dünyada internet fırıldaqçıları ilə, kiberhücumçularla mübarizə davam edir. Psixoloqlar asılı olanlara kömək etməyə çalışsalar da, hələ buna tam nail ola bilməyiblər. Mübarizə aparmaq üçün öz kompyuterlərinizi yeni tipli təhlükəsizlik sistemi ilə təmin etməyə çalışın. Nəzərdə saxlayın ki, internet informasiya vasitəsidir, real problemlərdən gizlənmək üçün həyat deyil. Ehtiyatı əldən versəniz, ümumdünya şəbəkə torunun qurbanı ola bilərsiniz.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm