“Maştağadan dəli gətirib baş redaktor qoysunlar” – Ədəbi dərgilər barədə sorğu
Bizi izləyin

Yazarlar

“Maştağadan dəli gətirib baş redaktor qoysunlar” – Ədəbi dərgilər barədə sorğu

“Maştağadan dəli gətirib baş redaktor qoysunlar” – Ədəbi dərgilər barədə sorğu

Ötən ay Azərbaycan Yazıçılar Birliyinin nəşrlərində kadr dəyişiklikləri oldu. AYB nəşrlərində baş verənlərin ədəbi prosesə təsiri olacaqmı? Yoxsa bütün bunlar kosmetik xarakter daşıyır?

Publika.az bu məsələ ilə bağlı tanınmış qələm adamlarının fikirlərini təqdim edir.

Vaqif Nəsib: “Sabir Əhmədovun yerinə Ayaz Vəfalını təyin edəndə aydın oldu ki, onlara özlərinə vəfalı adamlar lazımdır. Hazırkı durumda Yazıçılar Birliyi ədəbi prosesdən kənarda qalıb. Qəzet-jurnalların rəhbərliyində edilən dəyişiklik heç bir təsir etməyəcək. Ordakı adamların çoxu vəzifədən əl çəkməlidir. Gərək gənclərə imkan yaratsınlar, qabağa çəksinlər.

AYB-də Əsəd Cahangir kimi istedadlı adam var. O, rəhbərliyə gətirilsə, böyük bir ədəbi proses yarada bilər, onda istedadlı gənclər də qol-qanad açar. Amma hazırda həmin dərgilərdə ədəbi prosesin istiqamətini müəyyənləşdirən bir məqalə belə dərc edilmir. Ona görə də, heç bir prosesdən söhbət gedə bilməz. İndiki halda, mən onlara ancaq bunu məsləhət görə bilərəm ki, Maştağadan dəli tutub gətirsinlər, onu baş redaktor qoysunlar”.

Vaqif Bəhmənli: “Elçin Hüseynbəyli və Qulu Ağsəs həm yaxşı yazıçı, həm də yaxşı redaktorlardır. Onların təyinatı ədəbiyyata müsbət təsir edəcək.

Deyə bilmərəm ki, hazırda bu mətbu orqanları əl -əl axtarırlar. İlk növbədə tiraj artmalı, ən azı 10 min olmalıdır. Hazırda həmin dərgilər 500-1000 tirajla çıxır. Bu ciddi tiraj hesab edilə bilməz. Onların hər nömrəsi internetdə yayılmalı, əhatə dairəsi genişlənməlidir. Yoxsa oxucuya təsir etmək mümkün olmayacaq. İnanıram ki, redaktorlar əli qələmli insanlara üz tutsalar, uğur qazanacaqlar.

Bundan başqa, dünya ədəbiyyatı nümunələrinə daha geniş yer verilməlidir. “Ulduz” jurnalında gənc yazarlara yaradılan imkan ənənə halını almışdı, bu proses davam etməlidir. “Ədəbiyyat qəzeti”ndə poeziya, nəsr, dramaturgiyanın problemləri ilə bağlı yazılara yer ayrılmalı, diskussiyalar açılmalıdır. Ədəbiyyatla yanaşı, incəsənət nümunələrinə də yer ayrılsa, daha yaxşı olar. Çünki bu qəzet vaxtilə rəssamlıq, teatr, hətta sosial problemlərlə bağlı yazıçı fikirlərinə yer ayırıb. Məncə, həmin ənənə bərpa olunmalıdır”.

İradə Tuncay: “Məncə, təsiri olacaq. Yeni qüvvələr gəlib. Ədəbiyyat varsa, mütləq özünü göstərəcək”.

Şəhriyar del Gerani: “Əlbəttə, təsiri olacaq, qonorar artsa, dəqiq olacaq. Qonorar daha çox artsa, mütləq olacaq. Mən gəncliyin vurğunuyam, hətta metrosunun da”.

Əsəd Qaraqaplan: “Məncə, bütün bunlar hamısı şərtidir. Ona görə, belə yerdəyişmələr çox da diqqətimi çəkmir”.

Cəlil Cavanşir: “İnanmıram ki, AYB nəşrlərində baş verən dəyişikliklərin bir effekti olsun. Hərçənd, kifayət qədər uğurlu təyinatlar olub. Qulu Ağsəs, Əsəd Cahangir, Elçin Hüseynbəyli, Fərid Hüseyn bacarıqlı adamlar olsalar da, bu təyinatlar kifləmiş, kəsafət basmış AYB nəşrlərində heç nəyi dəyişməyəcək.

Dilqəm Əhməd: "Fikrimcə, bir dərgi üçün ilk öncə onun dizaynı önəm daşıyır. Məsələn, mən vitrində "Qobustan", "Ulduz" dərgilərini görəndə almıram. Çünki o cür zövqsüz, çağa uymayan bir jurnala pul verməyə heyfim gəlir. Amma onlardan 4 qat baha jurnalları almışam, hansı ki, onlar möhtəşəm dizaynı və yazıları ilə diqqət çəkir. AYB-nin nəşrləri mütləq müasir poliqrafiyanın üstünlüklərindən istifadə etməlidir.

"Ədəbiyyat" qəzeti isə formatını dəyişməlidir. Kollektiv də yenilənməlidir. “Filankəs qohumumdur”, “filankəs qocadır”, anlayışları olmamalıdır. Qəzet və jurnal xeyriyyə mərkəzi deyil. Oxuculara xidmət edirsənsə, peşəkarları yığmalısan".

Kəramət Böyükçöl: “Nə qədər ki, ədəbiyyatdan 525 il uzaq olan Rəşad Məcid ordadır, AYB-də heç nə dəyişməyəcək və inanmıram ki, ordakı islahatların ədəbi prosesə bir təsiri olsun”.

Faiq Balabəyli: “Təsir ola bilər, əgər Azərbaycan yazıçıları doğrudan da, ciddi əsər ortaya qoya bilsə. Düşünürəm ki, "Ədəbiyyat qəzeti"ndə dəyişiklik daha qabarıq şəkildə özünü göstərəcək. Elçin qəzetin kollektivinin imkanlarından istifadə edəcək. Ayaz müəllim qəzeti demək olar ki, tək çıxarırdı. "Ulduz" jurnalı da Qulu Ağsəsin ideyaları, gerçək layihələri ilə dəyişə bilər. Amma gərək yazarlarımız daha yaxşı əsər yaza bilsinlər.

Səxavət Sahil: “Dəyişiklik varsa, təsir də olmalıdır. Bu dəyişmələr müsbət addımlardır. İllərdir eyni havanı oynayan ədəbi orqanlarda baş verən istənilən yenilik yaxşı qarşılanmalıdır.

Ədəbi prosesə təsirinə gəldikdə isə bunu zaman göstərəcək. Hesab edirəm ki, bugünkü ədəbi proses daha çox gənclərin təsir dairəsindədir. AYB-nin nəşrlərinə nə qədər gənc yazar cəlb olunarsa, o qədər ədəbi prosesə təsir edər. Ədəbi orqanların prosesdən kənarda qalması biabırçılıqdır. “Ədəbiyyat qəzeti” bu günə qədər elə bil ki, Tanzaniyada çap olunurdu”.

Hazırladı: Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm