Nida.az
Nemət Pənahlı: “... bunu biləndə, intihara əl atdım” – ÜZ-ÜZƏ
"Mənimlə süfrə arxasında oturmayan jurnalistə müsahibə verməyəcəm" deyən Meydan hərəkatının əsas simalarından olan Nemət Pənahlı bizim yemək yeməmək üçün uydurduğumuz min cür bəhanəmizə birdəfəlik son qoyur. Süfrə arxasında ümumi məsələlərdən danışır, evinin divarında asılan və dərhal nəzərlərimizi cəlb edən yağlı boya ilə çəkilmiş böyük portretinin tarixçəsini nəql edir. Kitabxanasındakı kitablar haqda müzakirə aparırıq, daha sonra yeni nəşrlərin çatışmazlıqları və bahalığından birgə şikayətlənirik. Şeirdən, ədəbiyyatdan danışırıq və "Üz-Üz"-ə layihəsi çərçivəsində aldığımız müsahibəyə də elə buradan başlayırıq.
"Kimsə "Petrosyan gəlib bizi xilas edəcək" düşüncəsi
ilə yaşaya bilər?"
- Nemət bəy, siz həm də ədəbiyyata, şeirə marağı olan insansınız. Yenə yazırsınız?
- Əslində, cəmiyyət məni siyasət meydanlarından tanıyır. Ancaq mən 5-ci sinifdən yaradıcılıqla məşğul olmuşam, şair "işləməsəm" də, şeir yazmışam. Bizim cəmiyyətdə isə daha çox şair "işləyənlər" tanınır. Yəni kim reklam edilirsə, onlar tanınır. Çox təəssüflər olsun ki, millət də öz tarixini araşdırmır və reallıqları bilmir. Mən həbsdə olan zaman istədiyim qəzeti almaq və saytları izləmək imkanım yox idi. Ancaq radioya qulaq asa bilirdim. İctimai radioda "Ovqat" verilişi gedirdi. Bu kimi bir neçə veriliş var idi ki, mən onları mütəmadi izləyirdim. Ancaq həmin verilişlərə qulaq asanda dəhşətə gəlirdim. Çünki Sovet İttifaqı dövründə ən yüksək mükafatları alan və təpədən dırnağa qədər bolşevizmlə fəxr etmiş şəxsləri bu gün xalqa istiqlal şairi kimi sırımaq istəyirlər. Misal üçün, Hüseyn Cavidi, Mikayıl Müşfiqi və digər milli ziyalılarımızı sürgünlərdə məhv edən Süleyman Rüstəm kimi adamları "istiqlal şairi" kimi təqdim edirlər. Ad çəkməyəcəm, dostlarımdan biri var, deyir ki, Səməd Vurğun təpədən dırnağa qədər Allah aşiqi və sufi olub. Halbuki, Səməd Vurğunun bütün yaradıcılığı dinə və Allaha qarşı olub. Doğrudur ki, Səməd Vurğun 20-ci əsrdə Azərbaycanın ən istedadlı şairi olub. Fitri istedad baxımından da hər zaman demişəm ki, mənim üçün Səməd Vurğun faciəsi var, Hüseyn Cavid faciəsi yoxdur. Çünki Hüseyn Cavid ləyaqətlə, mənəviyyatla öz Vətəninə, millətinə, Allahına xidmət edib və bu yolda da ölüb. Ancaq Səməd Vurğunun bütün yaradıcılığının 99 faizi millətə xəyanət, düşmənə xidmət olub. Səməd Vurğun mənim dinimi, Allahımı, peyğəmbərimi, millətimi, tariximi söyüb. Misal üçün, bu gün özünü türk hesab edən kimsə "İlham Əliyev yox, Petrosyan gəlib bizi xilas edəcək" düşüncəsi ilə yaşaya bilər? Ümumiyyətlə, belə düşünən adama necə haqq qazandırmaq olar? Səməd Vurğun da bizim tariximizi, keçmişimizi, Məmməd Əmin Rəsulzadəmizi, Quranımızı, peyğəmbərimizi, Allahımızı və bayrağımızı söyərək deyirdi ki, bizim Şaumyanımız var, o gəlib bizi xilas edəcək.
Konkret misal çəkim, Səməd Vurğun Hüseyn Cavidə müraciət edərək
deyirdi:
Nədən şeirimizin baş qəhrəmanı
Gah Turandan gəlir, gah da İrandan
Bəs mənim ölkəmin varlığı hanı
Böyük bir şairin yazdığı dastan
Gah Turandan gəlir, gah da İrandan.
Xəbərdar eyləyin Ərəbistanı,
Ocaqda yandırdı anam quranı.
Çinar kölgəsində tüstülənməyir
İxtiyar babamın ağac qəlyanı!..
"Stalin Hüseyn Cavidi, Mikayıl Müşfiqi nə
tanıyırdı?"
Mən bu gün bəzi gəncləri görüb çox təəssüflənirəm. Mənim illərim
Axundov adına kitabxanada keçib. Bütün bu faktları ən azı siz qələm
əhli də araşdırıb doğru olanı bu xalqa çatdıra bilər. Mənim üçüm
qələmdən müqəddəs heç nə yoxdur. Peyğəmbərimiz hədisində də deyir
ki, qiyamət günü alimin mürəkkəbi ilə şəhidin qanı tərəziyə
qoyulacaq və alimin mürəkkəbi ağır gələcək. Yəni, qələm bu qədər
müqəddəsdir. Odur ki, gedib siz də o dövrün mətbuatını araşdırıb
baxın. Görəcəksiniz ki, 1937-ci ilin repressiyalarını kimlər təşkil
edib. Hamısı göz qabağındadır. Həmin Süleyman Rüstəm, Səməd Vurğun,
Məmməd Rahim, Mirzə İbrahimov və digər bu kimi şəxslər 1937-ci il
repressiyalarının əsas təşkilatçıları olub. Çünki Hüseyn Cavid,
Mikayıl Müşfiq və repressiyaya məruz qalan digər yazıçı və
şairlərimizin fərmanı o vaxtı Azərbaycan Yazıçılar Birliyində
verilib, daha sonra icra olunub. Süleyman Rüstəm, Səməd Vurğun,
Məmməd Rahim, Mirzə İbrahimov və digər bu kimi şəxslər təkcə
1937-ci ildə 82 min Azərbaycan ziyalısının ölümünə imza atıblar.
Təbii ki, bunların ölümü öz-özünə baş verməyib. Stalin Hüseyn
Cavidi, Mikayıl Müşfiqi nə tanıyırdı? Bütün bunların hamısı o zaman
Azərbaycan Yazıçılar İttifaqında təşkil edilib, adlarını çəkdiyim
adamlar da bu şairləri "Vətən xaini" adlandıraraq, ölümlərinə bais
olublar. Bunların bəraəti yoxdur.
Mən bu sözü hələ meydanda demişdim. Bu xalqın ən böyük faciəsi
odur ki, Vətənin və millətin yolunda həyatını, canını qurban
edənlər bu millətə xalq düşməni və Vətən xaini kimi tanıdılıb, bu
milləti sataraq, onun üzərində şan-şöhrət sahibi olanlar isə
"dahi", "xalq yazıçısı", "xalq şairi" və sairə kimi təqdim edilib.
Bir irad tutan zaman da deyirlər ki, zaman və dövr onu tələb
edirdi. Şaumyan təkcə Bakı və onun ətrafında 52 min Azərbaycan
türkünü məhz Süleyman Rüstəm, Səməd Vurğun, Məmməd Rahim, Mirzə
İbrahimov kimi adamların gözləri qarşısında qətlə yetirib. Bəs bu
adamlar bunu görmürdü?
Bir anlıq təsəvvür edin ki, 20 yanvar hadisəsindən sonra hansısa
Azərbaycan şairi çıxıb Mixail Qorbaçova mədhiyyə yazardı. Bu necə
qarşılanardı? 20 yanvar günü 167 nəfər qətlə yetirildi, 1937-ci
ildə isə Şaumyan təkcə Bakı və onun ətrafında 52 min Azərbaycan
türkünü öldürüb. Özü də Azərbaycan yazıçılarının gözü
qarşısında.
- 20 Yanvar hadisələrini necə xatırlayırsınız?
- 20 Yanvar bizim üçün böyük imtahan olub. Mən dəfələrlə demişəm ki, 20 yanvar hadisəsi bizim qürur mənbəyimizdir. Bu gün 20 yanvar hadisəsindən 26 il ötür. Mən ilk dəfə o günlərdə Şəhidlər Xiyabanındakı dəfn mərasimində bunu deyən olmuşam. O vaxtı demişdim ki, bu gün Sovet İmperiyasının dəfn, şəhidliyimizin doğum günüdür. Ey Azərbaycan türkü, şəhidin mübarək olsun. 20 yanvar hadisəsi bizim qələbəmizdir, məğlubiyyətimiz deyil. Ancaq ötən 26 ildə bu hadisəyə gah "qara yanvar", gah da "faciə" adı veriblər. Ən azı "qara yanvar" deyil, "qırmızı yanvar" demək olardı. İtin qanı qara olur, mənim şəhidimin qanı qırmızıdır, heç olmasa "qanlı yanvar" deyin. 20 yanvar günü 167 nəfər həlak olub. Mən dəfələrlə də demişəm ki, bir millətin istiqlalı üçün də 100-200 nəfər şəhid vermək millətin faciəsi deyil. Millətin faciəsi köləlikdir.
"Sovet İttifaqının bütün yüksək mükafatlarını alan adam
həya etmədən deyir ki, mən də dissidentəm"
- Siz həmin vaxt meydanlara necə düşdünüz?
- Bu gün məni hələ də araşdırırlar ki, axı Nemət Pənahlı haradan və
necə peyda oldu və sairə. Nənəm 118 yaşında rəhmətə gedib. Atam,
anam və nənəm beşik başında bizə deyirdi ki, erməni bizim
düşmənimizdir, rusları da bizim üzərimizə ermənilər qızışdırıb
salıblar. Hələ o zaman nənəm deyirdi ki, 1905-ci illərdə ermənilər
bizə qarşı soyqırımlar törədib. İndi onlar unudulub və erməniləri
başa çıxarmışıq. Vaxt gələcək, ermənilər yenə bizim başımıza
müsibət açacaqlar. Bütün bu fikirləri hələ nənəm biz beşikdə olan
zaman söyləyirdi. Nənəmin dedikləri yenə də doğru çıxdı və ötən
sərin 90-cı illərində ermənilər Azərbaycan türklərinə qarşı
soyqırımlar törətdi. Ancaq ziyalının əsas vəzifəsi nədir? Xalqına,
millətinə doğru yol göstərmək, dostunu və düşmənini tanıtmaqdır.
Bəs bizim ziyalılar bütün bunları görmürdü? "Azərbaycanın əbədi
xoşbəxtliyi Rusiya ilə bağlıdır" fikirlərini kimlər dedi? 11-ci rus
qızıl ordusunu Azərbaycana gətirənlər kimlər oldu? Bu adamlar
Mircəfər Bağırova bəraət qazandırmaq istəyirdi. Təsəvvür edin ki,
bütün milli və vətənpərvər insanlar göz görə-görə məhv edilir,
kimlərsə əli Azərbaycan türkünün qanına batmış qatil Mircəfər
Bağırova bəraət qazandırmaq istəyir. Bundan əlavə, Sovet İttifaqı
dövrünün bütün yüksək mükafatlarını alan adam utanmadan, həya
etmədən deyir ki, mən də dissidentəm. Ona sual olunur ki, axı sən
necə dissidentsən ki, sənin Sovet İttifaqı əleyhinə bir dənə belə
fikirlərin yoxdur. Qayıdıb deyir ki, biz Sovet İttifaqı dövründə
Azərbaycanla bağlı fikirlərimizi Afrika adı ilə söyləmişik və
sairə.
Bilirsiniz ki, Sovet İttifaqı dövründə hökuməti təbliğ edən şair və
yazıçılar "poqonsuz general" hesab olunurdu. Yazıçı və şairlər
Sovet imperiyasının ideoloji aparatının təbliğatçısı idi. Yəni
yazıçı və şairlər hara gedirdilərsə, onlar yüksək səviyyədə
qarşılanırdı və sairə. O dövrdə mən gənc idim, həmin yazıçı və
şairlər gəlib zavod və fabriklərdə kommunizm mədhiyyəsini
edirdilər. Deyirdilər ki, guya biz azad xalqlarıq, bütün dünya
müstəmləkə altındadır və sairə. O dövrdə hər yerdə məddah şair və
yazıçılar var idi. Onlar zavod və fabriklərdə, təhsil
müəssisələrində bir-birlərinin şeirlərini oxuyub, Sovet
imperiyasına təriflər yağdırırdı.
"Şeirlər söyləyirdim, hər kəs "papka"sını götürüb bir
yana qaçırdı"
Bir dəfə həmin tədbirlərdən birində mən də icazə alıb şeir
söylədim. Cənubi Azərbaycandan olan rəhmətlik İsfəndiyar Coşqun
adlı satirik şair var idi. O, Pişəvəri zamanı aldadılıb Azərbaycana
gətirilən adamlardan biri idi. Bildiyimə görə, onun sağ qalan ailə
üzvləri və yaxınları indi Almaniyada yaşayırlar. Fürsətdən istifadə
edib, sizin vasitənizlə İsfəndiyar Coşqunun yaxınlarını salamlarını
göndərirəm. Mən onun şeirlərini oxudum. Həmin şeirdən yadımda
qalanı sizlər üçün də söyləyəcəm. Şeir belə idi:
Ay İvan, sən gəl inan, biz daha o xamlar
deyilik,
Babanın aldatdığı o keçmiş adamlar deyilik!
Bilmədik ki, sizi kim etdi böyük qardaşımız,
Bu qohumluqda yaman işlərə düşdü başımız,
Doğrudur, hələ var ortada beş-on naşımız,
Ancaq hər halda tamam cahili-biar deyilik,
Babanın aldatdığı o keçmiş adamlar deyilik!
Bəs deyirdin ki, zavod fəhlələrin olmalıdır,
Nə qədər olsa gəlir, işçilərə qalmalıdır,
De niyə indi nə var, hamısı dövlət malıdır,
Görürük aşkar, açıq, hamı rusun hambalıdır,
Qanmışıq indi sən öl, baxma tələbkar deyilik,
Babanın aldatdığı o keçmiş adamlar deyilik!
Mən bilən ay camaat bəsdir daha yatdığımız,
Əli qoynunda qalıb, dərdə, qəmə batdığımız,
Yığılın bir yerə, əyri oturaq, düz danışaq,
Çağırın gəlsin İvan, burda üzbəüz danışaq,
Yetmiş ildir o deyir, bir kərə də biz danışaq!
Məlum olsun ona da, əqli-huşa çatdığımız,
Mən bilən ay camaat bəsdir daha yatdığımız!
Fəhlənin işlədiyin büst-bütün ondan qoparır,
Kəndlinin işlədiyin kolxoz adı ilə aparır,
Üstəlik kim danışır, xox eləyir, bağrı yarır,
Belədir, bəli bizim rus verən azadlığımız!
Mən bilən ay camaat bəsdir daha yatdığımız!
Yəni, mədhiyyə deyənlər gələndə bu cür şeirlər söyləyirdim, hər kəs
"papka"sını götürüb bir yana qaçırdı. Hər kəs də gözləyirdi ki,
Neməti bu gün-sabah öldürəcəklər. Mən İsfəndiyar Coşqunun
şeirlərini demək olar ki, əzbər bildirdim. Onun bir şeiri də belə
idi:
Söylə hardandır sənə bu qədər şan-şöhrət İvan,
Şan və şöhrət olar, kimdə ki, var sərvət İvan,
Hələlik istəmirəm çox şeyi aşkar eləyim,
Əl atıb tarixinə varlığını xar eləyim,
Sübut olsun deyə qoy bir neçəsin car eləyim,
Get oxu Çexov ilə Qorkidən al ibrət İvan,
Axı onlar da yazıb Rusiya bir vaxt nə imiş,
Əcdadın it və pişik, qurbağa, siçan da yemiş,
Babanız Lenin özü "Rusiya virandır" demiş,
Ancaq odlar diyarı daim olub cənnət İvan,
Siz bu odlar elinə qardaş adı verdiz ədə,
Qardaşın var-yoxunu hərraca döndərdiz ədə,
Bizi yox, kosmosa da yadları göndərdiz ədə,
Belə qardaşlığa, yoldaşlığa min lənət İvan.
Kim biqeyrət sizi dəvət elədi biz tərəfə,
Hansı babam ağız açdı sizin tək bişərəfə,
İşləyən indi bizik, daxmadayıq, sizsə kefdə,
Üstəlik boynumuza qoymusunuz minnət İvan,
Təsəvvür edin ki, indi İsfəndiyar Coşqun da dissident olur, Sovet İmperiyasının bütün məddahları da deyir ki, biz də dissident olmuşuq. Bir daha xahiş edirəm ki, bu şeirləri də yayımlayasınız. Çünki Azərbaycanın azadlığı İsfəndiyar Coşqun kimi fədakar insanların çiyinlərində qalxıb, məddahların, satqınların, simasızların deyil.
İsfəndiyar Coşqun məddahlar haqqında bir şeiri də var. Yazır
ki:
İxtiyar olsa əlimdə bu şeir məktəbini,
Bağlaram, ləğv edərəm bir kərə yazmaq dəbini,
Ay canım, köhnə zamanlarda da şair var idi,
Sərf edirdilər bunlar doğruluğa öz təbini,
Yaradarkən "hop-hopu", bilmədi Sabir nədi pul,
İndi isə şeir yazanlar güdür ancaq cibini,
Vardısa sözlərimə bir balaca şübhələnən,
Oxusun Müşfiqi, Cabiri, ya da Nəbini,
Qoca kaftardır Süleyman, yenə də ar eləmir,
Yetmiş ildir elə hey tərif edir əcnəbini,
Elə bil ki, yaramaz lap bu rusun arvadıdır,
Bir o çatmır ki, gedib kəsdirə rəsmən kəbini,
Korlamaqdansa bu xalqın, bu mürəkkəb kağızın,
Bir kərə ləğv eləmək yaxşıdır yazmaq dəbini!
Hesab edirəm ki, Mirzə Ələkbər Sabirdən sonra bu qədər saf, başa
düşülən və kəskin qılıncdan iti söz deyən satirik şair Azərbaycanda
olmayıb. Ancaq çox təəssüf ki, bu gün Azərbaycanda əksər insanlar
İsfəndiyar Coşqunu tanımırlar. Ancaq Sovetin məddahları tanınır. 70
il Sovet İmperiyasına mədhiyyə yazanlar bu gün də Peyğəmbər
haqqında mədhiyyə yazırlar. Dünən ateist müəllimləri bu gün dindən
dərs deyirlər. Ona görə də haqla nahaq aydınlaşmayana qədər millət
öz fəlakətini yaşayacaq.
Mən 1990-cı illərdə İran və Türkiyədən qayıdandan sonra
Naxçıvanda ilk mitinq təşkil etdik. Orada mənə sual verildi ki,
millət bu qədər mütəşəkkil və milli birliklə olduğu dövrdə axı biz
niyə bu vəziyyətə düşdük? Çünki 1988-1989-cu illərdə Azərbaycan
xalqı UNESKO tərəfindən dünyanın ən mübariz xalqı elan edilib. Mən
həmin suala şeirlə belə cavab verdim:
Ayırma-ayırma bülbülü güldən,
Bülbül nalə çəkər, gül ağlar qalar,
Naşı mizraq vursa ustad sazına,
Pərdələr inildər, tel ağlar qalar,
Yaxşı, yaman itsə, nizam pozulsa,
Ayaq başa çıxsa, baş da səy olsa,
Dərə xəlvət olsa, tülkü bəy olsa,
Sonalar qırılar, göl ağlar qalar,
Yaxşının, yamanın yeri bilinməz,
Keçi elçi olar, eli bilinməz,
Yolçu yola çıxar, yolu bilinməz,
Yolçunun əlindən yol ağlar qalar.
Yolsuzlar milləti yolundan eylər,
Azadlıq aşiqin elindən eylər,
Həqiqət deyəni dilindən eylər,
Həqiqət söyləyən dil ağlar qalar.
Gədələr el-oba qədrini bilməz,
Hər korun oğlundan Koroğlu olmaz,
Bu dünya fanidir, kimsəyə qalmaz,
Dolar göz yaşların, sel ağlar qalar.
Axanlar durular, dolanlar yağar,
Oğurluq, əyyaşlıq milləti boğar,
Gizlində iş tutan aşkarda doğar,
Zinakar əlindən el ağlar qalar.
Zinakar, haramxor, namərd, nakişi,
Ey Nemət belədir haqqın gərdişi,
Dünyaya, şeytana aldanan kişi,
Haqqın divanında bil, ağlar qalar!
O zaman dedim ki, bir ölkədə yağla şora, ayaqla başa, dostla
düşmənə fərq qoyulmayıbsa, orada vəziyyət normal olmayacaq.
Təsəvvür edin ki, biz bir tərəfdə iblisə sitayiş edirik, ancaq İmam
Hüseynə ağlayırıq. Belə şey ola bilməz. Ya Hüseyn Cavid satqın idi,
ya da onu sürgünə göndərənlər. Mümkün deyil ki, bunun hər ikisi ya
düz, ya da səhv olub.
"Azadlıq meydanının adını mən
qoymuşam"
Vaxtilə Məmməd Əmin Rəsulzadə də az qala bolşeviklərə yalvararaq
deyir ki, nə edirsinizsə edin, ancaq rusu bu ölkəyə buraxmayın.
Bəzən deyirlər ki, guya 1990-cı ilin 19 yanvarında xalq
meydanlardan dağılsaydı, o zaman 20 Yanvar hadisəsi baş
verməyəcəkdi. Bütün bunlar cəfəngiyatdır. Biz bu təcrübəni ötən
əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin timsalında
gördük. O zaman xalq dağılıb hakimiyyəti bolşeviklərə təhvil verən
kimi Xalq Cümhuriyyəti iştirakçılarının hər birinin nəslini kəsib
yox etdilər. Bir nəfəri belə sağ buraxmadılar. Təsəvvür edin ki,
Almas İldırım qaçıb Türkiyəyə getdi, onun burada bir bacısı
qalmışdı. Yazığı dəli edib öldürdülər və sonra da dedilər ki, bu
adam "xalq düşməni"nin bacısı olub.
Ötən əsrdə Stalinə mədhiyyə yazanlar bu gün də öz əməllərini davam
etdirir. Azadlıq meydanının adını mən qoymuşam, bu istiqlal
savaşını mən başlamışam, Şəhidlər Xiyabanında yatanların 70-80
faizi şəxsən tanıdığım silahdaşlarım, dostlarım olub. Biz bir yerdə
qan töküb bu müstəqilliyi qazanmışıq. Sovet İttifaqı dövründə 70 il
tapdanan bayrağımızı yenidən səmalara biz qaldırmışıq.
Bu gün Azərbaycanda təqvimə düşən 4 tarixi gün var ki, onlar birbaşa Nemət Pənahlının imzası ilə möhürlənib. Mən bu günləri 30 yaşıma qədər tarixə salmışam. Azərbaycan Vətənimin adıdır, azərbaycanlı deyilən millət isə yoxdur. Biz Azərbaycan türküyük. Azərbaycanlı yer adı, məkan bildirir. Azərbaycanlı millət yoxdur. O cür yanaşsaq, o zaman Koçaryana, Sarkisyana da azərbaycanlı deməliyik. Çünki onlar da Qarabağda doğulublar. Yaxud da Azərbaycanda doğulan hər hansı yəhudi, talış, ləzgi, kürd də azərbaycanlıdır. Bu cür yanaşma doğru deyil. Biz Azərbaycan türküyük. Türk milləti dünyanın ən qədim və nüfuzlu millətidir.
"Bu adamı evində oğlu, qızı, arvadı saymırsa, bir
ailəyə rəhbərlik edə bilmirsə..."
- Bizim Anadolu türkündən fərqimiz nədir?
- Bizim Anadolu türkləri ilə bir çox fərqimiz var. Həmin fərqlər də odur ki, Anadolu türkünün ən yaxınını söysən, o sənə güzəştə gedəcək. Ancaq Anadolu türkünün bayrağını, millətini söysən, səni dərhal öldürər. Anadolu türkləri sülaləcə bir-birinə qırarlar, qan düşməni olarlar, ancaq elə ki, xaricdən ölkəyə, millətə təcavüz olarsa, dərhal birləşib xarici düşmənlərə qarşı vuruşarlar. Ancaq Azərbaycan türklərində bunun əksidir. Bizdə çox şeyə göz yumarlar, amma şərəfsizin birinə "sən şərəfsizsən" desən, o dərhal sənin gözünü çıxarar. İndi guya bu qəhrəmandır. Bu necə olur axı? Əgər sənin millətini, bayrağını söyürlərsə... Bizim əsas faciəmiz budur. Pyotrun vəsiyyətnaməsi var. Orada da türklərlə bağlı xeyli məqamlar əks olunub. Pyotr da deyirdi ki, çalışın işğal etdiyiniz ərazilərdə öz simanız görünməsin. Yəni, müstəmləkə altına aldığınız ölkələrin içərisindən satqınlara və şərəfsizlərə vəzifə verin və o yerləri həmin insanlar vasitəsi ilə idarə edir. Yəni, bir millətin məhv etmək istəyirsənsə, onun içərisindəki düşünən və anlayan ziyalı insanları məhv edirsən, ən aşağı şəxsiyyətli adamları isə həmin millətə rəhbər təyin edirsən. Bununla da həmin millət məhv olur. Rus İmperiyası da Azərbaycanı işğal edəndən bəri bu millətin üzdə olan görkəmli şəxsləri və ziyalıları sürgünlərdə və repressiyalarda məhv edilib.
Bəzən məni radikal millətçi adlandırırlar. Ancaq mən öz millətimi sevdiyim qədər digər millətlərə də hörmət edirəm. Türkün böyüklüyü və əzəməti də ondan ibarətdir ki, tarixən ayrı-ayrı millətlər türkün bayrağı altında çox rahat və təhlükəsiz şəkildə yaşaya biliblər. Bu gün dünyada baş verən hadisələrə nəzər salsaq görərik ki, bu gün Qərbin viran qoyduğu müsəlman ölkələri 600 il Osmanlı İmperiyası bayrağı altında sabit yaşayıblar. Heç bir dini qarşıdurma yaşanmayıb və sairə. Ancaq İraqda, Liviyada, Suriyada baş verən dəhşətli hadisələrə baxın. Görün müsəlman ölkələrini necə yerlə yeksan edirlər.
Əsrlər boyu Azərbaycanda da millətlər və dinlərarası
qarşıdurmalar yaratmağa çalışıblar. Hətta indi də bunu etməyə
çalışanlar var. Ancaq bu addımlar baş tutmur. Bilirsiniz ki,
Azərbaycanda talış, ləzgi və digər etnik qruplarla bağlı
ayrı-seçkilik yaratmaq istəyənlər var. Ancaq Azərbaycanda yaşayan
bütün xalqlar o qədər bir-birinə qaynayıb qarışıb ki, ölkədə etnik
ayrı-seçkilik sala bilməyiblər. Bu gün Türkiyədə buna müəyyən
mənada nail ola biliblər. İndi Türkiyədə kürdlərlə türklərin
toqquşmasından ən çox qazanan Qərbdir. Bundan ən çox ziyan çəkən
kürdlər, daha sonra isə Türkiyədir. Qərbin qızışdırıb ortaya atdığı
həmin kürdlər bir əsr öncəyədək Osmanlı İmperiyası bayrağı altında
düşmənlərə qarşı çiyin-çiyinə vuruşublar.
Azərbaycanda yaşayan bütün eynik qruplar da tarixən, o cümlədən
Qarabağ uğrunda gedən müharibədə Azərbaycan türkləri ilə
çiyin-çiyinə düşmənə qarşı vuruşublar. Onlardan indi də vuruşanları
var. Ona görə də mən türkü necə sevirəmsə, ölkəmdə yaşayan azsaylı
xalqlara da o qədər böyük hörmət bəsləyirəm. Bu gün mən rus və fars
şovinizminə qarşıyam, bu xalqlara qarşı deyiləm. Bəzən deyirlər ki,
türkün türkdən başqa dostu yoxdur. Hesab edirəm ki, bu yanlış
fikirdir.
"Həyatda nə əldə etmişəmsə, buna görə iki borclu
olduğum səbəb var"
Bu gün bizim üzləşdiyimiz reallıq odur ki, xristian dünyası
Osmanlıya qarşı savaş açdı və çökdürdü. Biz də türkük. Təbii ki, bu
bizim üçün də maraqlı olmalıdır. Mənə görə, milli olmayan bəşəri
ola bilməz. Əgər kimsə bəşərilikdən danışaraq milliliyini inkar
edirsə, deməli o saxta və riyakardır. Özündə əxlaq və mənəviyyat
olmayan insanın milli namus ola bilməz. Mənim həyata baxışım da hər
zaman belə olub.
Tanınmış yazıçı və şairlərimizin içərisində elə adamlar olub ki,
onlara qarşı böyük hörmətim və sevgim olub. Ancaq sonradan gedib
onların ailələrini görəndə həmin tanınmış adamların mənim üçün
dəyəri heç olub. Görmüşəm ki, bu adamı evində oğlu, qızı, arvadı
saymırsa, bir ailəyə rəhbərlik edə bilmirsə, deməli bu adamın
millət və Vətən üçün verdiyi heç nə yoxdur. Ümumiyyətlə, cəmiyyətdə
inkişaf fərdilikdən başlayır.
Evdə oğluma da deyirəm ki, millətinə, Vətəninə xidmət etmək
istəyirsənsə, ilk növbədə gecə-gündüz çalışıb intellektual
səviyyəni artırmalısan.
Şeyx Şamilə deyirlər ki, sözünün bu qədər keçərli olmasına necə
nail olmusan? Deyir ki, sözümün keçərli olmasının əsas səbəbi mənim
ailəmlə bağlıdır. Çünki birinci növbədə ailəm məni görüb ayağa
qalxır. Daha sonra övladlarım, qonşular, mahal ardıcıl olaraq məni
görən kimi ayağa qalxır.
Mən demək olar ki, bütün dünyanı gəzib görmüşəm. Ancaq atam
şəxsiyyətdə və ləyaqətdə insan görməmişəm. Mən kəndə olarkən
məhəlləmizdə 7 müəllim yaşayırdı. Atam isə sadə bir kolxozçu idi.
Həmin müəllimlərdən eləsi var idi ki, onlar öz evlərinə gedəndə
uşaqları belə tərpənmirdi. Ancaq atam evə, məhəlləyə gələndə hamı
ayağa qalxaraq deyirdi ki, Əhəd əmi gəlir. Atam zəhmli insan idi və
hansı məclisə gedirdisə, hamı ayağa qalxırdı. Bütün bunlar onun
davranışı və əxlaqına görə idi. Bu sevgi heç nədən yaranmır. Ona
görə də mən hər zaman demişəm ki, həyatda nə əldə etmişəmsə, buna
görə iki borclu olduğum səbəb var. Bunlardan biri atam, digəri isə
"Koroğlu" dastanı idi.
"Koroğlunun real olmadığını öyrənəndə, intihar etmək
istəyirdim"
- Niyə "Koroğlu" dastanı?
- Mən 4-cü sinifdə oxuyanda "Koroğlu" dastanını əvvəldən axıradək
əzbər bilirdim. Bu dastan mənim bütün ruhuma və iliyimə işləyib.
Yəni, "Koroğlu" dəlisi necə olmalıdır, ona bənzəməyə çalışırdım.
Uşaq vaxtı mən bütün varlığımla inanırdım ki, Çənlibel həqiqətən
mövcuddur və mən böyüyüb ora gedəcəm. Mənim üçün "Koroğlu" dəlisi
namərd ola bilməz. Özümü də məhz buna uyğun hazırlayırdım. Hətta,
buna görə mən həyatda intihar etmək istəmişəm.
- Necə yəni intihar, həqiqətən bu olubmu?
- Yeddinci sinifdə oxuyanda başa düşdüm ki, sən demə "Koroğlu" bir
dastandır və burada əks olunanlar reallıqda mövcud deyil. Buna görə
də düşündüm ki, bəs mən hara gedəcəm və sonum necə olacaq.
Mən 4-cü sinifdə oxuyanda "Koroğlu" ideyalarını özümdə daşımaq üçün
atama at aldırmışam və həmin atla at minməyi öyrənmişəm. Təkəbbür
kimi çıxmasın, bu yaşımda belə at minməkdə mənə çatan olmaz.
Dördüncü sinifdə oxuyanda ən vəhşi atları minərək əhilləşdirirdim,
qaçaraq at minirdim. Çünki özlüyümdə düşünürdüm ki, bu atla
Çənlibelə gedəcəm. Özümü "Koroğlu" dəlisi kimi aparırdım, məşq
edirdim və buna inanırdım. Yəni, qəbul edirdim ki, doğrudan da mən
bu atla Çənlibelə gedib çatacam. Hətta, Çənlibelə getmək üçün
uşaqlıq dostlarımı bir yerə toplayıb dəstə hazırlamışdım. O zaman
yaşı böyük olanlar mənə lağ edib gülürdülər. Ancaq mən onların nə
üçün mənə güldüyünü sonradan başa düşdüm.
Bilirsiniz, istənilən insanın daxilində mif qəhrəmanlar boş-boşuna
yaradılmır. Misal üçün, mən düşünürəm ki, millətimin içərisində
Cavad xan, Səttar xan, Xiyabani, Nəsimi, Babək, Şah İsmayıl Xətai
olmasaydı, o ruh məndə doğa bilərdimi? Təbii ki, xeyr. Əlbəttə ki,
uşaq dövründə insan kiməsə oxşama çalışır, ancaq sonra hər şeyi
dərk edəndən sonra artıq insan özünü tapır.
Çoxları dədəsinin gözünü çıxartdı ki, ona "Koroğlu" desinlər, ancaq kor kişinin oğlu dedilər. Yəni, tarixdə elə bir hal yoxdur ki, kimsə məqsədli və tarixə düşmək xətrinə hər hansı prosesə qoşulsun, ancaq o tarixdə qala bilsin. Şan-şöhrət və var-dövlət xətrinə hərəkət edən istənilən adam gec-tez rəzil olub. O insanlar tarixə düşüb, tarix yaradıb ki, həmin şəxslər öz əqidəsinə sadiq qalaraq, o yolda sonadək yürüyüb və aparılan prosesin özü onun adını tarixə salıb. Misal üçün, Səttar xan adi bir at saxlayan adam idi, zülmə qarşı mübarizə apardığı üçün adı dillər əzbəri oldu və tarixə düşdü. Eyni fikirləri Qaçaq Nəbi və digərləri haqqında da söyləmək olar. Atalarımızın yaxşı misalı var: sonunu düşünən qəhrəman ola bilməz.
- Sizin yaşadığınız binada Əli Kərimli də yaşayır. O, necə
qonşudur?
Davamı var...
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı