İKİ ÖLÜM ARASINDA
Bizi izləyin

1937

İKİ ÖLÜM ARASINDA

Nəhayət mart ayının 6-da səhər tezdən İ.Stalinin ölüm xəbəri ildırım sürəti ilə bütün dünyaya yayıldı...

1934-cü il dekabr ayının 1-də Leninqrad vilayət partiya komitəsinin katibi S.M.Kirovun öldürülməsi SSRİ-də total repressiyaların başlanması üçün bəhanə , 1953-cü il mart ayının 6-da İ. Stalinin ölümü isə bu repressiyaların dayandırılması üçün səbəb oldu.

1934- cü il dekabr ayının 1- də Leninqradda baş vermiş dəhşətli qətl hadisəsi bütün Sovet İttifaqını silkələdi. Leninqrad vilayət partiya komitəsinin katibi S.M.Kirov iş yerində- Smolnıda müəmmalı şəkildə qətlə yetirilmişdi.

Başda Stalin olmaqla Kirovu son mənzilə yola salan bütün silahdaşları onun qanının yerdə qalmayacağı ilə bağlı bütün sovet xalqına söz verdilər.

Kirovun ölüm xəbərindən bir neçə saat sonra Siyasi Büronun təcili yığıncağı çağırıldı və SSRİ MİK-nin “1 dekabr qanunu” adını almış qərarı hazırlandı..

“Müttəfiq respublikalarin qüvvədə olan cinayət- prosessual məcəllələrinə dəyişikliklər edilməsi haqqinda”

SSRİ Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin Qətnaməsi,1 dekabr 1934- cü il

Terror təşkilatları və sovet hakimiyyəti işçilərinə qarşı terror aktları haqqında işlərin istintaqı və baxılması üzrə müttəfiq respublikaların qüvvədə olan cinayət- prosessual məcəllələrinə aşağıdakı dəyişikliklər edilsin.

1. Bu işlərin istintaqı on gündən gec olmayaraq başa çatdırılsın.

2. İttiham qərarı müttəhimlərə, işlərin məhkəmədə baxılmasına bir sutka qalmış təqdim edilsin.

3. İşlərə tərəflərin iştirakı olmadan qulaq asılsın.

4. Hökmlərdən kassasiya şikayətlərinin, eləcədə əhv haqqında zəmanətlərin təqdiminə yol verilməsin.

5. Ən yüksək cəza hökmləri, hökm verilən kimi təxirə salınmadan həyata keçirilsin.

Kirovun ölümü Stalindən ötrü bir bəhanə idi. Əslində, ölkədə aparılacaq total repressiyalar üçün baza ilin əvvəlindən hazırlanmışdı.

1934 – cü il yanvarın 26-da Partiyanın XVII qurultayında ("qaliblərin qurultayı") Stalin tərəfindən anti-sovet qüvvələrə qarşı total repressiyanın konsepsiyası bəyan edildi.

Bu qurultayda Lavrentiy Beriyanın çıxışı ən yadda qalanlardan idi. Onun “Mədəniyyət” sözünü eşidəndə öz brauninqimin qoruyucusunu endirirəm”- sözlərini qurultay iştirakçıları gülüş və alqışlarla qarşıladılar. Ancaq bir çoxlari bilmirdilər ki, çox keçməyəcək onların özləri tezliklə “qanlı Lavrenti”nin qurbanlarına çevriləcəklər.

Sonrakı illərdə bu qurultayın 1966 iştirakçısından 1108-i, o cümlədən MK-nın 139 üzvündən 98-i güllələndi.

1934- cü il iyul ayının 10-da SSRİ MİK-i “Ümumittifaq Xalq Daxili İşlər Komissarlığının yaradılması haqqında” qərar qəbul etdi. SSRİ- də Konsentrasiya Düşərgələrinin yaradılmasında və onların idarə olunmasında böyük təcrübəyə malik Henrix Yaqoda Xalq Daxili İşlər Komissarı təyin olundu. Azərbaycanda da 25 iyul 1934-cü ildən xüsusi xidmət orqanları bu cür adlanmağa başladı və Respublika Baş Siyasi İdarəsinə rəhbərlik edən Sumbatov -Topuridze Yuvelian Davıdoviç ona rəhbər təyin edildi.

Bu elə bir dövr idi ki, Almaniyada günü-gündən hakimiyyətini möhkəmləndirən Adolf Hitlerin “Mayn Kampf”- “Mənim Mübarizəm” kitabı bütün dünyada böyük hay-küyə səbəb olmuşdu. Həmin dövrdə bu kitabın rus dilinə tərcümə olunmuş variantı “Məxfidir” qrifi altında Sovet hökumətinin, ÜİK(b)P MK və Siyasi Büronun bütün üzvlərinə göndərilmişdi. Bu kitab Kremldə ətraflı öyrənilib tədqiq edilirdi. Henrix Yaqoda özünün yəhudi olmasına baxmayaraq Hitlerin açıqlamalarına böyük ehtiramla yanaşırdı. Hələ Birləşmiş Baş Siyasi İdarənin rəis müavini işlədiyi müddətdə Yaqoda BSİ- nin iqtisadiyyat sahəsindəki fəaliyyətinə cavabdeh olmuşdu və o burada diversant və ziyankarların aşkar edilməsi, həmçinin QULAQ-ın idarə edilməsi və məhbus əməyinin təşkili sahəsində böyük təcrübəyə malik idi.

1934-cü ildə Birləşmiş Baş Siyasi İdarənin ləğv edilməsi və onun funksiyalarının SSRİ Xalq Daxili İşlər Komissarlığına verilməsi ilə əlaqədar olaraq “SSRİ Xalq Daxili İşlər Komissarlığının Islah-Əmək Düşərgələri, Əmək sürgünləri və Həbs yerləri üzrə Baş İdarəsi” yaradıldı.

İlk dəfə olaraq SSRİ ərazisindəki bütün düşərgələr və həbsxanalar bu ad altında vahid rəhbərliyə tabe edildi. Stalin dövrünün cəza konveyerinin əsas şəbəkələrindən biri olan bu idarə bütün dünyada QULAQ adı ilə məhşurlaşaraq SSRİ- dəki düşərgə və həbsxanaların sinoniminə, bütövlükdə isə totalitar rejimin simvoluna çevrildi. (ГУЛАГ - "Главное Управление исправительно-трудовых ЛАГерей, трудовых поселений и мест заключения НКВД СССР")

Azərbaycan K(b)P 1929-cu il aprel plenumunun dinə qarşı mübarizə, çadranın və papağın atılması ilə bağlı qərarlarının həyata keçirilməsi daha da güclənməyə başladı. Dövlət məscidləri, kilsələri və başqa dini ibadət yerlərini yalnız bağlamaqla kifayətlənirdisə, 1934-cü ildən başlayaraq dini məbədlərin kütləvi surətdə dağıdılmasına, din xadimlərinin fiziki cəhətdən məhv edilməsi prosesi başladı. Qurani- Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə edənlərdən biri Bakı qazısı 83 yaşlı Mir Məhəmməd Kərimağa Nargin adasında güllələndi. 1935-ci ildə “Qızıllı kilsə” adı ilə məşhur olan Aleksandr-Nevski soboru dağıdıldı. Bütün Şərqdə məhşur olan və Azərbaycanın nadir memarlıq incilərindən sayılan Bibiheybət məscidinin taleyi isə daha acınacaqlı oldu. 1936-cı ildə məscid partladıldı və onun söküməsi mərasimini əsl tamaşaya çevirdilər.

1936-cı il avqust ayının 3-də Azərbaycan KP MK-ya ÜKP(b) MK-nın qapalı məktubu daxil oldu. Elə həmin gün Mir Cəfər Bağırov MK-nın təcili yığıncağını çağırdı. Yığıncağın qəbul etdiyi qərarda ÜKP(b) MK-nın qapalı məktubu ilə əlaqədar olaraq Azərbaycanda və Bakıda əksinqilabi terrorçu- zinovyevçi qrupların terrorçuluq fəaliyyəti haqqında konkret material hazırlamaq Akopova tapşırıldı. Təklif olundu ki, bu məktubla əlaqədar bütün partiya təşkilatları hər 5 gündən bir Azərbaycan KP MK-ya məlumat versinlər. 1936-cı il avqustun 19-da isə ÜİK(b)P Zaqafqaziya Ölkə Komitəsinin birinci katibi L.Beriyanın “Pravda” qəzetində böyük bir məqaləsi çap olundu. Məqalədə Zaqafqaziya şəhərlərində, o cümlədən Bakıda və Kirovabadda sosializmin, xalqın düşmənlərinin- “əksinqilabçıların”, trotski-zinovyevçi qrupların ifşa edilməsi haqqında məlumatlar verilirdi. Bundan sonra Bağırov, Akopov, Sumbatov-Topuridze, Yemelyanov, Markaryan, Qriqoryants, Borşev və başqalarının cəza maşını bütün gücü ilə işləməyə başladı. Aşağıdan yuxarıya axın- axın məlumatlar, donoslar, ərizələr daxil olmağa başladı. Kütləvi informasiya vasitələrində “ictimai fikir” hazırlığı aparılır, fəhlələrin, kolxozçuların, alimlərin, mədəniyyət xadimlərinin, partiya fəallarının mitinq və ümumi yığıncaqlarından “zəhmətkeşlərin qəzəbi”, “xalq düşmənlərinə ölüm”, “əksinqilabçılara aman yoxdur” və s. başlıqlı xəbərlər dərc edilməyə başladı.

Kollektivlərdə yaltaqlıq, çuğulluq, inamsızlıq və qorxu hissləri yaradılırdı. Böhtançı ərizələr kompaniyası baş alıb gedirdi. 1937-ci ilin sonlarında təkcə Bayıl, Bibiheybət rayonunda 600-dək belə ərizə yığılmışdı.

Xalqın sayıqlığı o dərəcədə artırılmışdı ki, hamı, hər yerdə- işdə, iclasda, küçədə və hətta öz ailəsində belə xalq düşməni axtarırdı.

Ancaq donoslardan müstəntiqlər ancaq köməkçi material kimi istifadə edirdilər. “Xalq düşmənləri”nin üzə çıxarılması üçün tamam başqa üsullar var idi. İlkin dövrlərdə həbslər Xalq Daxili İşlər Komissarlığının kartotekaları əsasında aparılır, sonra isə istintaq vasitəsi ilə əldə edilmiş “ifadələr” üstünlük təşkil edirdi.

Bakıda dəniz kənarındakı 5 mərtəbəli binanı- indiki Dövlət Sərhəd Xidmətinin binasını demək olar ki, hamı tanıyır. Vaxtilə onun içərisində nələr baş verdiyini isə çox az adam bilir. Bu binanın həyətində nisbətən alçaq mərtəbələri olan daha bir bina da var. Bura Daxili Işlər Nazirliyinin istintaq həbsxanası olub. Bu binanı 30-cu illərdə Mircəfər Bağırov tikdirib. İç bina qəsdən elə tikilibdir ki, divarların arasından keçən yollar, müxtəlif əzabvermə otaqları, xaricə səs buraxmayan xüsusi kameralar burada edilən cinayətləri ört- basdır eləməyə ideal şərait yaradır.

Bu binanın ikinci mərtəbəsində qadınlar, qalan mərtəbələrdə isə kişilər saxlanılırdı. Dustaqlar mühakimə olunduqdan sonra binanın birinci mərtəbəsindəki 2-4 adamlıq kameralardan saxlanılırdılar. Qalan mərtəbələrdəki kameralar təkadamlıq idi.

Hər bir mərtəbədə 40 kamera hesabı ilə, binada cəmi 200 kamera var idi. Ancaq binanın zirzəmisində də çoxlu sayda kameralar var idi.

1936-cı ilin payızında Yejovun Xalq Daxili İşlər Komissarı təyin edilməsindən bir neçə gün sonra “1 dekabr qanunu”nun geniş miqyasda tətbiqinə başlandı. Oktyabr ayının 4-də Siyasi Büro Yejovun və Vışinskinin 585 nəfərin siyahı üzrə məhkum edilməsi haqqındakı xahişinə sanksiya verdi və bu ilk siyahı ilə məhkumların taleyinin “sadələşdirilmiş qaydada” həll olunmasına başlandı.

1937- ci ilin fevralından artıq Siyasi Büroda belə siyahıların təsdiqlənilməsinə başlandı. Cəza dərəcələri əvvəlcədən göstərilmiş bu siyahılar Stalin və onun silahdaşları tərəfindən baxılaraq təsdiq edilirdi. Artıq Siyasi Büronun formal qərarlarına da ehtiyac duyulmurdu.

1937-ci il fevralın 27- də Ümumittifaq Kommunist Partiyasının fevral- mart plenumunun başlandığı gün 479 nəfərin güllələnməsini nəzərdə tutan ilk siyahı təsdiq olundu. Beləliklə kütləvi cəzalandırma və məhvetmə mexanizmi işə salındı. Xalq Daxili İşlər Komissarlığı siyahıları tərtib edib təqdim edir, Siyasi Büro onu təsdiqləyir, Ali Sovetin Hərbi Kollegiyası isə rəsmiləşdirirdi. Bu prosedur 1938-ci ilin sentyabrına qədər müvəffəqiyyətlə tətbiq edildi.

Xalq Daxili Işlər Komissarlığının keçmiş əməkdaşları üçün daha sadələşdirilmiş üsul tətbiq olunurdu. Siyahı təsdiq olunduqdan sonra, bu siyahılar Ali Sovetin Hərbi Kollegiyasına göndərilmirdi. Bu adamları o saat güllələyirdilər. Ruslaşdırma siyasətinə qarşı çıxan Əyyub Xanbudaqov, Novruz Rizayev və başqaları repressiyalara qarşı öz etirazlarını açıq şəkildə bəyan etdiklərinə görə məhz o illərdə məhv edildilər.

1937-ci il iyulun 30- da Xalq Daxili Işlər Komissarlığının “Keçmiş qolçomaqların, cinayətkarların və başqa antisovet elementlərin repressiya olunması üzrə əməliyyat haqqında” 00447 №-li operativ əmri Siyasi Büronun müzakirəsinə təqdim edildi. Bunun ardınca isə 1937- ci il avqust ayının 15-də “Vətən xainlərinin arvadlarının və uşaqlarının repressiya olunması üzrə əməliyyatlar haqqında” SSRİ Xalq Daxili Işlər Komissarlığının 00486 №-li operativ əmri verildi.

Hər iki əmr Xalq Daxili İşlər Komissarı N.Yejov tərəfindən imzalanmışdı.

Bu, “böyük terror” dövrünün ən əhəmiyyətli aksiyası idi və o, “milli” əməliyyatlarla birgə 1937-38- ci illər kütləvi repressiyalarının nüvəsini təşkil edirdi. Əmrdə əməliyyatları 1937- ci il avqust ayının 5- dən 15-nə qədər başlamaq və 4 ay müddətində yekunlaşdırmaq tələb olunurdu. Sənəddə repressiya olunmalı contingent çox dəqiq müəyyən edilmiş və iki kateqoriyaya ayrılmışdı. Birinci kateqoriyaya təcili həbs olunaraq güllələnənlər, ikinci kateqoriyaya isə 8 ildən 10 ilə qədər müddətə düşərgələrdə və ya həbsxanalarda azadlıqdan məhkum edilənlər aid idi. Hər bir vilayət, diyar və respublika üçün hər iki kateqoriyadan repressiya olunacaq insanların sayı üçün limit müəyyən edilmişdi. Azərbaycan üçün müəyyən edilmiş limitdə birinci kateqoriyaya aid edilənlərin sayı 1500 nəfər, ikinci kateqoriyaya aid edilənlərin sayı isə 3750 nəfər idi.

Ümumilikdə SSRİ üzrə 259 450 nəfərin həbs edilməsi nəzərdə tutulmuşdu. Bunlardan 72 950 nəfəri birinci kateqoriyaya aid edilənlər idi. Əmr yerli rəhbərlərə Moskvadan əlavə limitlər almaq hüququ da verirdi.Hökmlərin icrası üzrə maddənin 2-ci bəndində deyilirdi:

“Birinci kateqoriya üzrə hökmlər yerlərdə Xalq Daxili İşlər Komissarlarının... göstərişi üzrə, hökmün icra olunma vaxtı və yeri tam məxfi saxlanılmaqla həyata keçirilir. Hökmün icra olunması haqqında sənədlər ayrıca konvertdə hər bir məhkumun istintaq işinə əlavə olunur.”

Bütün bunlardan əlavə 3-cü kateqoriyaya aid edilən qruplar da var idi.Bu qrupa aid edilənlərin siyahısını yerli XDİK –ları hazırlayırdı. Sürgün həyatı gözləyən belə insanların taleyi Azərbaycanda Xalq Daxili İşlər Komissarlığının Xüsusi Müşavirəsinin sədri Xoren Qriqoryan həll edirdi. Sürgün olunanlar üçün Uzaq Şərqdə, Sibirdə və Orta Asiya çöllərində xüsusi yaşayış sahələri ayrılmışdı.

Azərbaycanda sürgünlər başqa respublikalara nisbətən daha tez başlamışdı. 1934-cü il dekabr ayının 25-də Azərbaycan Kommunist Partiyası, “qolçomaqlardan, qatı antisovet elementlərdən, keçmişdə iri kapitalist müəssisələrinin sahiblərindən, İttifaqın başqa bölgələrindən qaçmış qolçomaqlardan ibarət 87 ailənin əmlakları müsadirə olunmaqla inzibati qaydada konsentrasiya düşərgələrinə sürgün edilməsinə” sanksiya verilməsi xahişi ilə Siyasi Büroya müraciət etdi. Bu, ilk kütləvi köçürmə idi.

1937-ci il may ayının 10- da 600 ailə yük vaqonlarında əsgərlərin müşayiəti ilə ömürlük yaşamaq üçün Orta Asiya çöllərinə yola salındı. 1937-ci ilin iyunundan başlayaraq isə xüsusi qrafik üzrə Azərbaycandan Orta Asiya və Sibirə belə eşalonların yola salınmasına başlandı. SSRİ Daxili İşlər Nazirliyinin 19 yanvar 1955- ci il tarixli 0026 №-li Əmrinə əsasən repressiya olunmuşların 26 minin işinin yandırılması bu əməliyyatın dəqiq miqyasını göstərməkdə çətinliklər yaradır. Lakin bəzi sənədlərə əsasən aydınlaşdırmaq olur ki, 1937- ci ildən sonra Naxçıvan MR-dan 957, Biləsuvardan- 290, Astraxanbazardan- 205, Əli Bayramlıdan-145, Karyagindən- 155, Cəbrayıldan- 205, Ağcabədidən- 195, İmişlidən- 348, Masallıdan- 208, Noraşendən- 417, Naxçıvan şəhərindən- 185 və Bakı şəhərindən – 218 ailə sürgün olunub.

1937-ci iln iyulunda yerli təşkilatlara Stalinin imzası ilə Siyasi Büronun məxfi direktivi göndərildi.

“...Məlumdur ki, bütün burjua kəşfiyyatları sosialist proletariatının nümayəndələrinə qarşı fiziki təzyiqin ən iyrənc üsullarından istifadə edirlər. Sual olunur, nəyə görə sosialist kəşfiyyatı burjuaziyanın agentlərinə, fəhlə və kəndli sinfinin mənfur düşmənlərinə münasibətdə daha humanist olmalıdır? ÜKP(b) MK belə hesab edir ki, hələ tam tərksilah edilməmiş xalq düşmənlərinə qarşı fiziki təzyiq üsulu tamamilə doğru və məqsədəuyğun metod kimi tətbiq edilə bilər.”

Həbs olunanların taleyini yerlərdə “üçlüklər” həll edirdi. Bir qayda olaraq buraya xalq komissarı və ya Xalq Daxili Işlər Komissarlığının yerli idarəsinin rəisi, partiya təşkilatının katibi və prokuror daxil idi. “TROYKA” adlanan bu üçlüklər föqəladə səlahiyyətlərə malik idilər. Onlar müstəqil olaraq hökm çıxara , güllələnmələr də daxil olmaqla bu hökmlərin icrası haqqında əmrlər verə bilərdilər.

1937-ci ildə Azərbaycan KP MK-nın Moskvaya göndərdiyi hesabatlardan birində deyilirdi ki, respublikada 32 nəfər partiya komitəsinin katibi, 28 nəfər rayon icraiyyə komitəsinin sədri, 18 nəfər xalq komissarı və onların müavinləri, 66 mühəndis, 8 professor, 88 hərbi qulluqçu həbsə alınıb.

1937-ci ilin may ayında XII Bakı partiya konfransında Mir Cəfər Bağırov tribunada çıxış edən Soltan Məcid Əfəndiyevin sözünü kəsib qəzəblə demişdi:

“Əfəndiyev istəyir ki, biz ona silahla açıq çıxış etmək imkanı verək. Sən gəbərəcəksən, ancaq biz buna yol verməyəcəyik. Vaxtında sənin nəfəsini kəsib axırına çıxacağıq.”

Yuxarıda həbs edilənlərin guya aşağılarla əlbir olduğunu sübut etmək üçün Azərbaycanın kəndlərində üsyançı dəstələrin olduğunu sübut edən saxta sənədlər hazırlanırdı.

1937-ci ilin iyununda Şamaxı rayonunun Təklə kəndindəki Molotov adına kolxozun sədrinə tapşırıq verilir ki, respublika toplanışında iştirak etmək üçün 70 nəfər qabaqcıl kolxozçunun siyahısını versin. Siyahı tutulur və oraya yaşı 30-dan yuxarı olan 70 kişi daxil edilir. Həmin adamlar gecəykən həbs edilib Bakiya- Xalq Daxili İşlər Komissarlığının həbsxanasına göndərilir. Onlardan 60 nəfəri güllələndikdən sonra xalqa elan olundu ki, Həmid Sultanovun başçılığı ilə Şamaxı rayonunda antisovet, əksinqilabçı, üsyançı , casus-terrorçu və burjua - millətçi təşkilat aşkar edilib.

Kəndlərdə həbs edilənlərin həyat yoldaşlarından ifadələr alınırdı ki, onların ərləri sovet hökumətinə qarşı üsyana hazırlaşırlar. Lazımi ifadələr alındıqdan sonra qalırdı maddi sübut məsələsi. Maddi sübutu- yəni silahı ya NKVD işçiləri özləri həyətlərə atıb sonra tapırdılar, ya da həbs olunanların adamlarını aldadırdılar ki, əgər silahı təhvil versəniz həbsdə olan buraxılacaq. Bunun üçün bəziləri hətta qapısındakı mal-qarasını satıb silah alırdı. Bundan sonra isə ən dəhşətlisi baş verirdi. Həbs olunanlar güllələnir və bu silahlarla onların şəkilləri çəkdirilirdi. İsmayıllı, Şamaxı, Nuxa, Qonaqkənd, Astraxanbazar , Xızı rayonlarında bu ssenari uğurla səhnəyə qoyulmuşdu. SSRİ və Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlıqlarının xüsusi sərgilərində nümayiş etdirilmək üçün çəkilmiş fotolarda həmin illərin dəhşətləri əks olunub.

Təkcə 1937-ci ildə Azərbaycanda “xalq düşməni” kimi 29 min nəfər güllələnmiş və ya sibirə sürgün edilmişdi.

Həbsdən yayınanları tutmaq üçün isə tamam başqa yollar var idi. Həmin dövrdə bir XDİK əməkdaşının yuxarılara göndərdiyi raport öz orjinallığı ilə seçilir.

“Azərbaycan SSR XDİK- nın Xüsusi Müşavirəsinin şöbə rəisi dövlət təhlükəsizliyi kapitanı X. Qriqoryana.

Bildirirəm ki, siyasi quldur qaçaq Həmidin yaxınlarından 32 ailə tərəfimizdən həbs edilərək Nuxa həbsxanasında saxlanılır. Bu adamların artıq 8 aydan çoxdur ki, həbsxanada saxlanılmasına baxmayaraq, siyasi quldur Həmid hələ də təslim olmayıb. Əgər əvvəllər belə hallarda siyasi quldurlar təslim olurdularsa, indi artıq bu üsul fayda vermir. Əgər biz bu adamları azad eləsək camaatda belə bir fikir yarana bilər ki, Sovet hökuməti yerli əhalidən qorxur. Ona görə də Xüsusi Müşavirənin iclasında siyasi quldur Həmidin siyahıda göstərilən bütün qohumlarının respublikadan kənara sürgün olunması işinə baxılmasını məqsədəuyğun sayıram.”

Üç gündən sonra XDİK-nın üçlüyünün qərarı ilə bu 32 ailə respublikadan kənara sürgün edildi.

1938- ci il may ayının 20- də “Repressiya olunmuş valideynlərin uşaqları haqqında” SSRİ Xalq Daxili Işlər Komissarlığının 106 N- li direktivi verildi.

Direktivdə deyilirdi:

“5- ci bənd. Antisovet və terrorçu əhvalruhiyyədə olan sosial təhlükəli uşaqlar, ümumi qaydalarla məhkəməyə verilməli və XDİK- nın Düşərgələr üzrə Baş İdarəsinin fərdi naryadı üzrə düşərgələrə göndərilməlidir.”

“8-ci bənd. Repressiya olunmuş valideynlərin uşaqlarını yaşının ötməsi və təhsilini başa vurması səbəbindən SSRİ XDİK- nın İnzibati- Təsərrüfat İdarəsinin xüsusi göstərişi olmadan uşaq evlərindən buraxmaq olmaz .”

1937- ci ildə həbslər və güllələmələr elə geniş miqyas almışdı ki, elə düşünülə bilərdi ki, cəza əməliyyatları nəzərdə tutulan müddətdə- 1937- ci ilin ikinci yarısında başa çatdırılacaq. Ancaq 1938-ci ilin yanvar ayının 31-də Siyasi Büro yeni terror dalğasinin başlanmasina işarə edən iki qərar qəbul etdi. Birinci qərar xarici ölkə və sovet vətəndaşlarından ibarət casus- diversiya kontingentinin darmadağın edilməsi üzrə əməliyyatların 1938 –ci il aprel ayının 15-nə qədər davam etdirilməsi, ikinci qərar isə SSRİ Xalq Daxili Işlər Komissarlığının “repressiya olunmalı keçmiş qolçomaqların, cinayətkarların və aktiv antisovet elementlərin əlavə miqdarının təsdiq edilməsi haqqında” müraciətinin qəbul edilməsi haqqında idi. 00447 №-li əmr üzrə mart ayının 15- dək aparılacaq əməliyyatlar zamanı daha 57 200 adamın repressiya olunması nəzərdə tutulurdu.

Bunlardan 48 000- nin güllələnməsi nəzərdə tutulmuşdu. Bundan əlavə 1938- ci il fevralın 1-də Siyasi Büro Uzaq Şərq düşərgələrində 12 000 məhbusun güllələnməsini nəzərdə tutan limiti təsdiq etdi.

Repressiyaların 1938- ci ildə də davam etdirilməsinin iki səbəbi var idi. Birincisi, 1937-ci ildə həbs olunanların və həbs olunması nəzərdə tutulanların sayı o qədər çox idi ki, çekistlər bu vəzifənin öhdəsindən gələ bilmirdilər. Digər tərəfdən isə repressiya olunmalı yeni əhali kateqoriyaları müəyyən edilirdi. Bu barədə göstərişləri isə Xalq Daxili Işlər Komissarlığına Kremldən birbaşa Stalin özü verirdi. 1938-ci il yanvarın 17- də Rəhbər özü Yejova yazırdı:

“Eserlərin xətti hələ də dağıdılmayıb... Nəzərdə saxlamaq lazımdır ki, bizdə orduda və ordudan kənarda kifayət qədər eser qalıb. Xalq Daxili Işlər Komissarlığında ordudakı eserlərin siyahısı varmı? Bu siyahının tezliklə mənə göndərilməsini istəyirəm. Bəs ordudan kənardakı- mülki müəssisələrdəki eserlərin Xalq Daxili Işlər Komissarlığında siyahısı varmı? Mən bu siyahının da 2-3 həftəyə mənə çatdırılmasını istəyirəm... Bakıdakı və Azərbaycandakı iranlıların aşkar olunub həbs edilməsi ilə bağlı hansı işlər görülüb? Sizi istiqamətləndirmək üçün deyə bilərəm ki, vaxtilə eserlər Saratovda, Tambovda, Ukraynada, ordunun komandir heyətində, Daşkənddə və ümumiyyətlə bütün Orta Asiyada, Bakının elektrik stansiyalarında daha çox idilər. Bakının elektrik stansiyalarındakı eserlər hələ də orada oturub neft sənayesinə ciddi ziyan vurmaqla məşğuldurlar. Fəal və bacarıqla hərəkət etmək lazımdır!”

Mütləq hakimiyyətin və yüksək maddi təminatın harınlaşdırdığı bəzi XDİK rəhbərləri hətta həbs və məhkum edilənlərin sayına görə şöbələrarası sosializm yarışları təşkil edirdilər. Respublika Xalq Daxil İşlər Komissarının “1938- ci il fevral ayı üzrə respublika XDİK-nin üçüncü və dördüncü şöbələri arasında sosializm yarışının yekunları haqqında” əmrində deyilirdi:

“Dördüncü şöbə üçüncü şöbəyə nisbətən ay ərzində həbslərin sayını 1,5 dəfə artırıb və ifşa edilən casusların, əksinqilabi təşkilatların üzvlərinin sayı üçüncü şöbədəkindən 13 nəfər çox olub. Üçüncü şöbə isə 20 iş Hərbi kollegiyaya, 11 iş isə Xüsusi kollegiyaya təhvil veribdir ki, bu da dördüncü şöbədəkindən yüksək göstəricidir. Ancaq Dördüncü şöbənin əməkdaşları başa çatdırılmış və üçlük tərəfindən baxılmış işlərin sayını təxminən 100 nəfər artırıblar.”

“Böyük təmizləmə” başladığı kimi də mərkəzləşdirilmiş şəkildə başa çatdırıldı. 1938-ci ilin payızında Stalinə aydın oldu ki, “böyük təmizləmə” ölkənin qüdrətini və onun nüfuzunu təhlükə altında qoyub. Əvvəlcə SSRİ Xalq Komissarları Sovetinin və Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinin 15 noyabr 1938- ci il direktivi ilə “üçlük”lərin fəaliyyətinə xitam verildi. Sonra isə “Həbslər, prokuror nəzarəti və istintaqın aparılması haqqında“ 17 noyabr tarixli qərarı ilə kütləvi həbslərin və sürgünlərin dayandırılmasına siqnal verildi. Bir həftədən sonra isə Yejov Xalq Daxili Işlər Komissarı vəzifəsindən kənarlaşdırıldı və çox keçmədi ki, həbs edildi. Bu vəzifəyə Lavrentiy Beriya təyin olundu. “Böyük terror”un dayandırılması ilə məhkum edilmişlərin bir qismi reabilitasiya olundu. Təkcə 1939- cu ildə həbsxana və düşərgələrdən 223 622 məhbus buraxıldı. Ancaq bunların əksəriyyəti adi cinayətkarlar idi. İşləri hələ istintaq altında olanların azadlığa çıxmaq şansı daha böyük idi, çünki onların cinayət işlərini aparan çekistlərin çoxusu özləri “xalq düşməni” kimi həbs edilmişdilər. 1939- cu il yanvarın 1-dən 1940- cı il yanvarın 1-dək ölkə düşərgələrində “əksinqilabi fəaliyyətə görə” həbs olunmuşların sayı 454 432 nəfərdən 444 999 nəfərə qədər azaldı. Lakin repressiya sisteminin bütün mərhələlərini adlamış bu insanlar canlı şahidlər idi və onların tam nəzarətsiz buraxılmasından söhbət gedə bilməzdi.

1938-ci ilin əvvəllərindən başlayaraq Kremlə göndərilən donoslarda Bağırovun Azərbaycan Xalq Daxili İşlər Komissarlığı tərəfindən həbs edilmiş bir çox insanların azad edilməsi barədə göstərişlər verməsi göstərilirdi. Ona görə də həmin il Yejovun tapşırığı ilə Bakıya SSRİ Xalq Daxili İşlər Komissarlığından böyük bir komissiya gəlir. Komissiyanın əsas məqsədi respublika rəhbərliyinin əks-inqilabla mübarizənin zəif təşkil edilməsini və Mircəfər Bağırovun əks-inqilabçılara qayğı ilə yanaşmasını üzə çıxarmaq idi. Komissiya Mircəfər Bağırovun həbsini əsaslandırmaq üçün müəyyən işlər görürdü. Beriyanın NKVD-nin sədri təyin olunması onu həbsdən xilas edir. Beriya istintaq materialları ilə tanış olarkən “Ay-ay-ay, bunlar nə ediblər” deyərək bütün özbaşınalıqlar barədə Stalinə məlumat verir.

1940- cı il mart ayının 21- də Pankratyev və Xalq Ədliyyə Komissarı Rıçkov tərəfindən 57/37 №-li gizli əmr verildi.Əmrdə deyilirdi ki, “əksinqilabi fəaliyyətə görə” həbs olunmuş şəxslər qanunda nəzərdə tutulduğu kimi azad oluna bilməzlər. Bu adamlar SSRİ Xalq Daxili Işlər Komissarlığının Xüsusi Müşavirəsinin qərarı ilə ölkənin ucqarlarına sürgün olunmalı idilər.

1941- ci il iyunun 22- də faşist Almaniyasının SSRİ- yə hücumu ilə repressiyaların səngiyəcəyini güman edənlər yanılırdılar. Rus filosofu İlyinin yazdığı kimi “müharibə vaxtı Xalq Daxili Işlər Komissarlığının həyata keçirdiyi terror həmişə olduğu kimi təhlükə anında ikiqat gücləndi”.

SSRİ-nin müharibəni qələbə ilə başa çatdırmasından sonra insanlarda repressiya olunmuş qohumlarının taleyindən xəbər tutacaqlarına bir ümid yaranmışdı. Merkulov, Çernışov və Kobulovun Beriyaya ünvanlanmış 29 sentyabr 1945-ci il tarixli məlumat vərəqəsində deyilirdi:

“SSRİ XDİK- nın 1- ci xüsusi şöbəsinin rəisi polkovnik Kuznetsov yoldaşın XDİK- nın keçmiş üçlükləri və Ali Sovetin Hərbi Kollegiyası tərəfindən, eləcə də xüsusi qaydada ən yüksək cəza ilə məhkum edilmişlərin ailə üzvlərinə arayışların verilməsi qaydası haqqında təklifinə rəğmən məqsədəuyğun sayırıq:

1. Bundan sonra vətəndaşlara onların1934- 38-ci illərdə XDİK- nın keçmiş üçlükləri və Ali Sovetin Hərbi Kollegiyası tərəfindən, eləcə də xüsusi qaydada ən yüksək cəza ilə məhkum edilmiş qohumlarının harada olması barədə sorğularına şifahi qaydada cavab verilsin ki, məhkumlar həbs yerlərində vəfat ediblər.

2. 1-ci xüsusi şöbələr hər bir belə arayışı yalnız müttəfiq (muxtar) respublikanın XDİK- nın, diyar (vilayət) XDİK İdarəsinin rəisinin sanksiyası ilə versin.

3. SSRİ XDİK yanında Xüsusi Müşavirə tərəfindən 1941- 45-ci illərdə Böyük Vətən Müharibəsi illərində ən yüksək cəzaya məhkum edilmişlərin ailələrinə şifahi arayışlar 1-ci xüsusi şöbələr tərəfindən əvvəlki qaydada verilsin. Yəni onlar yazışma hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum ediliblər...

1947-ci il may ayının 26-da SSRİ Ali Sovetinin fərmanı ilə ölüm hökmü ləğv edildi. Bu, beynəlxalq aləmdə sensasion bir addım kimi qiymətləndirildi. Bütün dünya mətbuatı Sovet ölkəsinin bu humanist addımından vəcdə gəlmişdi.

Ancaq aradan heç 3 il keçməmiş 1950-ci il yanvar ayının 12-də “Satqınlar, casuslar, diversantlar və ziyankarlar üçün ölüm hökmünün tətbiq edilməsi haqqında” SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı verildi.

SSRİ ALİ SOVETİ RƏYASƏT HEYƏTİNİN FƏRMANI

Ölüm cəzası haqqında fərman dəyişdirilərək, bu fərmanın Vətən xainlərinə , casuslara və pozucu-təxribatçılara şamil edilməməsi lüzumu haqqında milli respublikalardan, həmkarlar ittifaqlarından, kəndli təşkilatlarından, habelə mədəniyyət xadimlərindən alınan ərizələri nəzərdə tutaraq SSRİ Ali Sovetinin Rəyasət Heyəti qərara alır:

1.Ölüm cəzasının ləğv edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 1947-ci il 26 may tarixli fərmanından istisna olaraq, Vətən xainlərinə, casuslara, pozucu-təxribatçılara qarşı ən yüksək cəza olaraq ölüm cəzasının tətbiq olunmasına yol verilsin.

2.Həmin fərman elan edildiyi gündən qüvvəyə minsin.

SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri N.ŞVERNİK

SSRİ Ali Soveti Rəyasət Heyətinin katibi A.QORKİN

Moskva, Kreml,12 yanvar 1950-ci il

Bu fərmanın verilməsindən düz 70 gün sonra mart ayının 23-də Mərkəzi Komitəyə Stalinin adına bir məktub daxil oldu:

“Bildirirəm ki, bu il mart ayının 14-də SSRİ Ədliyyə naziri yoldaş Qorşenin, SSRİ Ali Məhkəməsinin sədri yoldaş Volin və SSRİ-nin Baş Prokuroru yoldaş Safonov ÜKP MK-ya çağrılıblar. İndi onlar başa düşür və belə hesab edirlər ki, SSRİ Ali Soveti Rəyasət Heyətinin 12 yanvar 1950-ci il tarixli Fərmanı cinayətin törədilməsi vaxtından asılı olmayaraq bu maddə ilə məhkum olunmuş bütün vətən xainlərinə, casuslara, diversantlara tətbiq olunmalıdır...”

SSRİ DTK-sının sədri Abakumov tərəfindən göndərilmiş bu məktuba 85 nəfərin adı olan bir siyahı da əlavə edilmişdi.

“Keçmişin təcrübəsinə əsaslanaraq Hərbi Kollegiyanın iclaslarının Lefortovo həbsxanasında tərəflərin iştirakı olmadan, hər bir məhkumun işinə təklikdə baxılmaqla, şikayət və əhv xahişləri qəbul edilmədən və hökmün dərhal icra edilməsi ilə həyata keçirilməsini təklif edirik. İşlərin Hərbi Kollegiyada baxılmasına bu il mart ayının 27-də başlamağı nəzərdə tuturuq.”

“Leninqrad işi” və “Yəhudi antifaşist təşkilatının işi” üzrə həbs edilmişlərin də adı olan bu siyahı Stalin tərəfindən dəstəklənmədi. Aprel ayının 11-də Mərkəzi Komitəyə Abakumovdan təxminən eyni məzmunlu lakin düzəlişlərlə başqa bir məktub daxil oldu. Bu dəfə 35 nəfərin adı daxil edilmiş yeni siyahı dərhal təsdiq edildi və orada adı olanlar elə aprel ayındaca mühakimə olunaraq güllələndilər. Siyahıdan adı çıxarılanların - “Leninqrad işi” və “Yəhudi antifaşist təşkilatının işi” üzrə isə Stalin xüsusi məhkəmə prosesləri keçirilməsini tələb edirdi. Bu, proses kompaniyaya çevrilməli, yeni repressiya dalğasının başlanğıcı olmalı idi.

Mərkəzdə başlamış hər bir proses kimi bu iş də yerlərdə öz analogiyasını tapmalıydı.

1952-ci ilin avqustunda bu işlər üzrə sonuncu məhkəmə prosesi yekunlaşdı və hökm çıxarıldı. Dayanmaq olmazdı. 1952- ci il dekabrın 16-da Kreml xəstəxanasının Stalinə qarşı sui-qəsd hazırlamaqda günahkar bilinən rəhbərləri və həkimləri həbs edildi. Ölkə əhalisi bundan 1953-cü il yanvarın 13-də Sovet İttifaqı Teleqraf Agentliyinin rəsmi məlumatından xəbər tutdular.

1953- cü il mart ayının 4-də radio ilə Sov. İKP MK və Nazirlər Sovetinin sovet xalqına İ.V.Stalinin ağır xəstə olması barədə müraciəti səsləndi. Böyük rəhbərin beyninə qan sızmışdı... Hökumət ölkə başçısını müalicə etmək üçün dəvət olunmuş ən yaxşı həkimlərin siyahısı ilə tanış etdi. Əslində həmin vaxt ən yaxşı həkimlər həbsxanada müstəntiqlərin suallarına cavab verirdilər. Mart ayının 5-i günü gecə- gündüz radioda rəhbərin vəziyyətinin ağır olması barədə məlumatlar səslənirdi. Nəhayət mart ayının 6-da səhər tezdən İ.Stalinin ölüm xəbəri ildırım sürəti ilə bütün dünyaya yayıldı...

Füzuli Sabiroğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm