Bildirçin
Deputat olmaq istəyən TAMADA: “Kimisi arxasını, kimisi qabağını...” – MÜSAHİBƏ (FOTO)
Publika.az-ın “Bildirçin”i bu dəfə sözlü, söhbətli, həm də söz-söhbət içində olan, sözü danışılan, sözdən çörək çıxaran Nazilə Səfərli ilə sözləşib, söhbətləşdi. Şairdir, qəlbi var, toyları da var. Deyəcəksiniz toy niyə? İndi bilərsiniz.
- Nazilə xanım, bir qadın kimi nə qədər xoşbəxtsiniz?
- Nə qədər bacara bilirəm. Xoşbəxtliyi əgər madiyyatda görürəmsə, başqa, mənəviyyatda görürəmsə bir başqa. Həyat yoldaşım məni sevsin, o da xoşbəxtlik deyil. Hər insanın maraq dairəsi var. Gücüm yetən qədər xoşbəxtəm.
- Getdiyiniz məclislərdə qadınlar görürsüz qayğısız, geyinib-keçinib gəliblər. Amma siz o pulu əziyyətlə qazanırsız. Qibtə etmirsiniz ki, onlara? Yəni əlim ayağım təmiz, istədiyim yerə gedim mənə də gətirib pul versinlər...
- Altı il əvvəl bu sualı versəydiniz, sizinlə razılaşardım, amma indi yox. Çünki qayğıdan kənar xanımların hamısı xoşbəxt qadınlar deyil. Ola bilər onlar ev qayğısından azaddırlar, paltarları çoxdur, hər gün başqa-başqa brilyantlar taxırlar, pulun çoxluğundan hər gün alış-verişdədirlər. Amma bu gün onlar mənə qibtə edirlər.
- Nəyə?
- Azadlığıma. Onlar evdən çıxmaq üçün 10 dəfə icazə almaq istəyirlərsə, 1 dəfə icazə verilir. Birinə gedəndə, birinə gedə bilmirlər. Mənim kimi avtomobili ola-ola sükan arxasına oturub sürə bilmirlər. Hər şeyləri var, amma mən onlardan çox zənginəm.
- Bu azadlığı əriniz verib? Qazanmısız, yoxsa zorla almısınız?
- Zorla bu həyatda heç nə olmur. Təzə işə başlayanda inqilab sayılırdı. Qadın nədir, toya getdi nədir, şeir dedi nədir? Bununla bağlı evdə çox diskussiyalar oldu. Sonra yəqin sınaqlar keçdim ki, sakitlik oldu.
- Keçdiniz?
- Bəlkə də keçməmişəm. Lakin keçməmiş olsaydım, bu gün deməzdim mənim azadlığım var.
- Yoldaşınız sizdən pul alır?
- Qətiyyən. Hələ bu vaxta kimi bir dəfə də deməyib ki, bu qədər pul qazanırsan hanı bu pullar. Bəzən eşidirəm ki, kişi qadına deyir ki, biz şərikik. Yəni sən işləyəndə mən evdə uşaqlara baxmışam.
- Nazilə xanım, özünüzü ev qadın kimi hiss edirsinizmi?
- Bir gün bizə qonaq gəlsəniz, görərsiniz ki, mən evimin də xanımıyam. Gözlərinizə inanmazsınız ki, bu qədər işin içində yeməkdən başqa qış azuqələri hazırlamağı da çatdırıram. Məsələn, ağacın başı xurma ilə dolu idi. Onu öz əllərimlə yığıb, ipə taxmışam. Qışa qədər qurusun, evimin xurması olsun. Halbuki bunu başqaları bazardan alır. Bütün bunlara vaxt çatdırıram. Toy və ya xınayaxdı saat 6-7-də başlayır. Bu vaxta kimi mən nə etməliyəm? Evin işini görməliyəm, qayınanama yetişməliyəm, uşaqlarımın təhsili ilə maraqlanmalıyam. Qadınam və dərk edirəm ki, ailəm var və mənim öhdəlikləri var.
- Yeri gəlmişkən bu gün evdə yeməyi kim bişirəcək?
- Qayınanam.
- Qayınananızı işlədirsiniz?
- O qayınana deyil e, ürəyimdir. Həqiqətən başqa insandır. Əgər qayınanam Azərbaycan xanımı olsaydı, hər şeyi söz edərdi (çünki əksər azərbaycanlı qayınanalar belədir). Qayınanam milliyyətcə rusdur. Mən səhv eləyəndə belə, üzümə vurmayıb. Və belə-belə aramızda məhəbbət yaranıb.
- Onda belə çıxır ki, ər baxımından lotereyanız udub...
- Nəinki ər, ümumiyyətlə ailə sarıdan çox xoşbəxtəm.
- Həyat yoldaşınızla necə tanış olmusunuz?
- Demək, 1994-cu ildə qonşumuz mənə deyir ki, filankəsə ev telefonu ilə zəng vur de ki, oğlun nə vaxt gəlir? Və nömrəni səhv yığıram. Telefonu bir oğlan götürür. Həmin adamdan Elşəni çağırmağını istəyirəm, o isə evdə yoxdur cavabını verir. Mən də uşağam, o vaxtı nə yaşım var idi ki!? Qayıdıb deyirəm ki, bəs sən kimsən? Oğlan isə cavabında səhv düşmüsünüz deyir. Mən sağollaşmaq istəyəndə, oğlan qoymur. O, mənə tək olduğunu və darıxdığını deyib, bir az da söhbət etməyi xahiş edir. Mənim özümə də maraqlı gəldi və onunla söhbət etməyə başladım. Nömrəmi istədi, vermədim. Ancaq dəstəyi asandan sonra fikrim hələ də o səsdə qalmışdı. Üç-dörd gün sonra bir də yığdım.
- Niyə yığdınız?
- İstədim ki, yığdım. Birinci dəfədən tanımadığım adamla bir saat söhbət eləmişəm. Və bu minvalla mən bu insanın üzünü görmədən doqquz ay yalnız telefonda söhbətləşmişəm. Bir gün mənə elçi gəldiyini oğlana dedim. O isə bildirdi ki, bəlkə evdə sevdiyim adamın olduğunu deyim. Və sonra da deyir ki, “olar həftə sonu görüşək?”. Ürəyimdə fikirləşdim ki, nəhayət bu insan tərpəndi. Elə görüşdüyü gün dedi ki, gələn həftə bizə elçi gələcək. Yeddi ay nişanlı qalandan sonra evləndik.
- Əriniz sizi hələ də sevir?
- Təsəvvür etməyəcəyiniz dərəcədə.
- Bəs hədiyyə alıb sizə?
- Xeyr.
- Niyə bəs?
- Büdcəsi yetmədiyi üçün.
- Mən demirəm bahalı hədiyyə. Məsələn, balaca bir gül dəstəsi...
- Nə yalan deyim almayıb. Bir dəfə nişanlı vaxtı hədiyyə alıb. Görüb-görəcəyim elə o olub.
- Siz ona hədiyyə almısız?
- Bəli, axırıncı dəfə ona çox gözəl köynək almışam.
- Bəs yoldaşınız sizə sevgisini necə bildirir?
- Sözlə. Bilirsiniz bəzi kişilər həyat yoldaşlarını hədiyyələrə boğur, amma ona xəyanət edir. Elə hədiyyə nəyimə lazımdır? Ən azında mənim üçün çox sədaqətli bir yardır, uşaqlarıma gözəl atadır.
- Sizin şeir yazmağınızı və deməyinizi bəzi həmkarlarınız bəyənmir. Məsələn, Cığatel, Pəri məclisində olanlar. Onlar nəinki şeirlərinizi, hətta özünüzü belə bəyənmirlər...
- Doğrudan? O zaman salamımı çatdırın onlara. Bir gün vaxtım olar görüşərik (gülür).
- Niyə sizə paxıllıq edirlər?
- Normaldır, əslində. Etməsələr, təəccüblənərəm. Siz məni çox sevindirdiniz. Şeirimə gəlincə, bunu qoy ədəbiyyatçılar müzakirə etsinlər. Mən Musa Yaqubun yanında şeir söyləmişəm, qayıdıb mənə deyib ki, sənin nə boyda ürəyin var. Ramiz Rövşən də mənə bu sözü deyib. Belə insanların dediyi fikir mənim üçün önəmlidir. Yeri gəlmişkən, mən Cığatelin ruhunu da bəyənirəm. Bəyənməsəm, onun şeirlərini əzbərləməzdim.
- Bəs özünü?
- Elə özünü də bəyənirəm.
- Xinayaxdı məclislərini təşkil etmək ideyası sizin ağlınıza haradan gəldi?
- Xınadan qabaq toy aparırdım. Özü də ağır rayon toyları. Xınayaxdı aləminə məni Zaur Baxşəliyev gətirib. Tiflisə çəkilişə gedəndə Zaurgil də orada idi. İlk efir günüm çox uğurlu alındı. O gündən efirlərdən düşmürəm. Zaur Tiflisə gedəndə məni dedi ki, gəlməyim. Kanalların birində yetim qızla oğlana toy etmək istəyirlər. Təbii ki, qıza toy qabağı xınayaxdı mərasimi keçirmək lazım idi. Mənsə o zaman hələ xinayaxdı necə olduğunu bilmirdim. Zaur qayıtdı ki, məgər toyunuzda xına olmayıb, bax eləcə də sən gəlinə xına yaxarsan. Yenə içimdə narahatlıq var idi. Xınanın məğzinə öyrənməyi qərara aldım. Zəng etdim Mina Təknəli adlı bir alim xanımımıza. Bütün suallarımın cavabını ondan aldım. Elə birinci efirdən toylarım dayandı. Özü də mən toya baha gedirdim. Özümü orada güclə tapmışdım. Xınayaxdı mərasimlərindən isə üç qat aşağı qazanc əldə edirdim. Zıng elədim Zaura ki, bəs bu nə oyundur başıma gəldi. Başladım reklama filan pul qoymağa, düzdür məsrəfim çıxdı, ancaq nəticəsi yaxşı alındı.
- Və xınayaxdı məclisləri qurmağa başladınız, təbii rəqibləriniz ortaya çıxdı. İstər poeziya aləmindən, istərsə də bu aləmdə özünə yer eləmək istəyən elə rəqqasə Fatimə, sonra siyahıda kimlər var?
- Rəqib yoxdur. Sizə dostlarımı saya bilərəm. Mən rəqib tanımıram.
- Yəni onlar sizin səviyyənizdə deyil?
- Səviyyə söhbəti deyil. O zaman kimisə özümə rəqib sayaram ki, filankəs bunu elədi, məndə bunu edim. Amma mən heç nəyi heç kəsdən götürmürəm. Özüm fikirləşirəm, ssenarisini yazıram, sonra həyata keçirirəm. Sonra baxıram ki, kimsə xına yaxır. Dolayı yolla gəlib bu xəbər mənə çatır. Bir balaca da olsa həmin işdə payım olur.
- Fatimə daha çox öyrənib, hə?
- Hə, öyrənib. Halal olsun.
- Etiraf edib?
- Hə, əlbəttə.
- Bəs kim etiraf eləmir?
- Nə bilim, mən heç kəsi məcbur edə bilmərəm ki, nəyisə boynuna alsın.
- Dediniz dostlarınızı açıqlayacaqsız. Kimlərdir onlar?
- Ən çox istədiyim insanlar Xatirə İslam, Xuraman Şuşalı, aktrisa Xuraman, rəqqasə Fatimə, Ülviyyə, Toppuş Bacıdır. Və bir şeyi qeyd edim ki, xına aləmində Toppuş qədər ədəbini qoruyan ikinci adam yoxdur.
- Bəs qorumayan kim var?
- Var, elələri çoxdur
- Bu rəqabətlər bazarınız öldürmədi ki?
- Bu gün anasız qız var, xınasız qız yoxdur. Biz nə qədər adam çata bilər ki?
- Yaxşı bəs nə olmaq istəyirsiz?
- Deputat olmaq istəyərəm.
- Fərz edək ki, millət vəkili seçilmisiz. Hansı komitədə fəaliyyət göstərmək istəyərsiniz?
- Çox istəyərəm qadın və uşaq haqlarını müdafiə edim. Əsas da uşaqların hüquqlarını qoruyum.
- Axı deputatın işi tək bundan ibarət deyil. Başqa nə etmək istərdiniz?
- Şadlıq evləri ilə bağlı hansısa addım atardım. Onlar israfçılığa çox yol verirlər.
- Axı bu da deputatın səlahiyyəti deyil. Yaxşı, hansı dairədən deputat olmaq istərdiniz?
- Mən Qazaxdan namizədliyimi verərdim.
- Tutaq ki, oradan deputat seçildiniz. Qazax camaatı üçün nə edərdiz?
- Çox istəyərdim, Qırmızı körpüdə tıxacın qarşısını alardım.
- Bu da parlamentin səlahiyyətində olan məsələ deyil...
- Mən bu qədər düşünürəm.
- Bir az ailədən danışaq. İki oğlunuz var. Onların ailə quracağı insana qarışarsız?
- Təbii ki, qarışacam.
- Bəs qız şou aləmindən olsa necə, bununla razılaşarsız?
- Nədən olmasın? Bilirsiz şou aləmində elə gözəl, tərbiyəli və mədəni qızlar var ki... Burnum əməliyyat olunanda, xəstəxanada bir dənə də olsun şoudan heç kəs yox idi. Müəllimlər, həkimlər, kimlərinsə xanımları və ya sevgililəri. Və hamısı da silikon elətdirirdilər. Kimisi arxasına, kimisi qabağına, sinəsinə. Ayılar ayılmaz bu sözü dedim. Şou-biznesin adı çıxıb. Baxın xanımlara görün burada şou-biznes var?
- Yoldaşınızla aranızı vuranlar olurmu?
- İşdə ona deyirlər ki, bəs sən belə imkanlısan, amma özünü fağır aparırsan.
- Bəs yoldaşınız nə işləyir?
- Metropolitendə depoda işləyir. Hamı elə bilir qatar sürür. Amma elə deyil. O qədər sadə insandır. Bu uğur mənim deyil. Ailəm mənə dəstək olmasaydı, bunu bacara bilməzdim.
- Bu işlə məşğul olmağa başlayanda məqsəd istedadınızı üzə çıxarmaq idi, yoxsa varlı yaşamaq?
- Mən varlı yaşayıram ki?
- Hər halda bir çoxlarından yaxşı yaşayırsınız...
- Bir çoxlarından da pis yaşayıram. Çox istərdim ki, əsl “biznes ledi” olum.
- Deyilsiz ki?
- Yox hələ tezdir.
- Bəs bunun üçün sizə nə qədər vaxt lazımdır?
- Məsələn, mən indi bir xınayaxdı üçün 30-32 nəfər işçi götürürəm özümlə. Və onlara gündəlik maaş verilir. Amma istərdim 500 nəfər çalışdırım. Zavodum olsun, böyük fabrikim olsun...
- Niyə yazdığınız kitablar təbliğ olunmur?
- O mənim tənbəlliyimdir. Əgər mənə kimsə desə ki, filan rayondan sənə imza günü keçirmək istəyirik, mən yox deməyəcəm. Amma özüm bunu etməyə ərinirəm. Bir də təbliğat məsələsində səriştəsizəm.
- Bəs yaxşı, niyə yazıçı birliyinin üzvü deyilisiz?
- Orada deyirlər ki, get filan şeyi gətir, filan yazını gətir. Bax, mən bunları toplayım ortalığa çıxarda bilmirəm. Əslində mənə heç kəs demir ki, sən burada ola bilməzsən. Bəlkə mənə 50 dəfə təklif gəlib bununla bağlı.
- Yazdığınız şeirlərə mahnılar bəstələnibmi?
- Əlbəttə. Bu yaxın mənim “Dünya Azərbaycanlılara yazdığım şeirimə mahnı bəstələnib. Ümumiyyətlə 20-dən çox şeirimə mahnı yazılıb.
- Kimlər oxuyub bəs?
- Gülyaz, Nüşabə Ələsgərli, Aşıq Samirə və başqaları.
- Şeir yazmaq üçün hansı ab-havada olmalısınız. Yəni ilham pəriniz necə gəlir?
- Bir balaca bağım var. Mən özümə orada bir guşə düzəltmişəm. Şeir yazmaq üçün indi çox zamanım yoxdur. Amma əvvəl zamanım çox olardı. Avtomobili bir başa sürərdim dağa, saatlarda dağın başında oturub yazardım. Ya da dəniz sahilinə gedərdim. Dalğaların səsinə qulaq asa-asa dayanmadan şeir yazardım. Əvvəl harada gəldi yazırdım, amma indi bunu edə bilmirəm. Buna görə indi özümü də qınayıram.
Mələk Heydərova,
Foto Elçin Murad
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı