Məşhur aktyor: “İşimə görə qəpik-quruş almışam” - FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

Məşhur aktyor: “İşimə görə qəpik-quruş almışam” - FOTOLAR

Fransanın ən məşhur, ən istedadlı aktyorlarından biri olan Daniel Otoyla müsahibə:

Patrik Fabr: Bir teatr aktyoru kimi kinoda çəkildiyiniz müddətdə tamaşaçılarla ünsiyyət üçün, çox güman ki, darıxırsınız...

Daniel Otoy: Tamaşaçı daha çox kinozallarda çatışmır. Mən düşünürəm ki, hətta ən ağır filmləri belə maksimal sayda tamaşaçı izləməlidir. Bu haqda hər kəs fikirləşməlidir – həm müəlliflər, həm də kino prokatçılar.

P. F. Bir il ərzində siz bir neçə filmdə çəkildiniz: “Polislər bizim dostumuzdur”, “Arzunun qiyməti”, “Orfevr sahili, 36”, “Biri qalır, digəri gedir”, “Gizli”... Qorxmursunuzmu ki, tamaşaçı sizdən bezə bilər?

D. O. Düşünmürəm. Çalışıram ki, filmlər müxtəlif olsun, bir-birinə bənzəməyən personajları canlandırım. Dalbadal altı eyni xarakterli qəhrəmanı oynasaydım, tamaşaçılar, birmənalı olaraq, məndən bezərdilər. Əvvəlcə dedektiv filmdə, daha sonra tipik italyan dramında, ondan sonra isə dərin psixoloji, hətta deyərdim ki, fəlsəfi filmdə rol aldım. Odur ki, zənnimcə, tamaşaçılar simamı görməkdən bezməzlər. Üstəlik KİV-də də bir o qədər görünmürəm, sağa-sola müsahibələr vermirəm, televiziya verilişlərinə nadir hallarda çıxıram.

İş o yerə çatıb ki, tanışlarımız valideynlərimdən: “Oğlunuz neyləyir? Nəsə görünmür son vaxtlar” – deyə soruşur. (Gülür.)

- Özünüz və peşəniz haqda danışmaqdan bezmirsiniz ki?

- Qorxuram ki, yox. (Gülür.) Ən dəhşətlisi odur ki, bu söhbət üçün sonsuz mövzudur.

- Özünüzü nə zaman aktyor hiss edirsiniz?

- Jorj Vilsonun rəhbərlik etdiyi teatra iyirmi yaşım olanda götürmüşdülər. Mənə “aktyor” sözü yazılan buraxılış vərəqəsi təqdim etdilər. Hər şey həmin vaxtdan başladı. Əlbəttə, başqa kim sizə aktyor olduğunuzu söyləyəcək ki? Heç kim. Aktyorluq peşəmlə aramda heç bir sərhəd yoxdur. Bu mənim üçün, sadəcə, yaşamağın yoludur. Yalnız kino karyeram üçün çəkilmirəm, hər yeni iş daxilimə alov saçır. Çəkilişlərə getmək, çəkiliş meydançalarında həyatı hiss etmək, rolun, tərəf müqabilinin, rejissorun qarşısında həyəcan, qorxu, məsuliyyət hisslərini yaşamaq – bütün bunlar möhtəşəm hisslərdir...

- Roldan öncə həmişə həyəcanlı olursunuz?

- Bəli. Özü də zaman keçdikcə bu həyəcan azalmır, əksinə artır. Qorxu və özünəəminlik hisslərini yaşamaq vacibdir. Təcrübəmdən artıq bilirəm ki, hansı səhnə haqqında ki, çox düşünürsənsə, o mütləq başqa cür çəkiləcək. Çəkilişə gələrkən özümü hər şeyə hazır və açıq hiss edirəm. Bu da mənə hərəkət azadlığı verir.

- Düzdür ki, siz ssenarini bir dəfə oxuyursunuz?

- Razılıq vermək üçün daha çox oxumağa heç gərək də yoxdur. Çəkilişə hazırlaşarkən mən bir dəfə də ssenariyə göz gəzdirirəm və tez bir zamanda hadisələrin necə inkişaf edəcəyini başa düşürəm. Mən işləməyi sevirəm, əlbəttə, kameranın harada dayanacağını bilirəmsə. Kameralarsız baş tutan məşqlərə nifrət edirəm.

- Bu qədər təcrübəniz var, özünüzü rejissor kimi də sınamaq istəyiniz var?

- Xeyr.

- Fransız kinosu üçün nə etdiyinizi dərk edirsiniz?

- Bircə onu bilirəm ki, estafeti gənclərə ötürməyin zamanıdır. Necə ki, bir vaxtlar bunu bizə ötürübər. Mən bu sənətin çətinliklərini, sirlərini və problemlərini bilirəm. Özünəəminliyin olmamasının nə kimi maneələr törətdiyindən və aktyor olmağın çətin iş olduğundan xəbərdaram. Bütün bunlar təcrübə adlanır və istənilən nəslin nümayəndəsi ilə rahat ünsiyyətimi təmin edir.Yeni nəslin məndən nəsə öyrənməsinə cəhd etdiyini gördükdə sevinirəm, bununla yanaşı, onların da mənə çox şey öyrətdiklərini anlayıram.

- Populyarlıqla bərabər pullar da gəlir. Hansısa maraqlı filmdə çəkilmək üçün böyük qonorardan imtina edə bilərsiniz?

- Mənə böyük qonorar verilmədikdə belə heç vaxt çəkilişdən imtina etməmişəm. Kiçik büdcə məni qətiyyən narahat etmir. Mühüm olan maraqlı filmdə çəkilməkdir. Qalan heç nə vecimə deyil! Gəncliyimdə peşəmə görə, ümumiyyətlə, qəpik-quruş almışam...

- Bu gün bir aktyor kimi bütün arzularınızın həyata keçdiyini söyləyə bilərsiniz?

- Bəli. Deyə bilərəm ki, gözəl karyeram alınıb. Ancaq mən heç vaxt dayanmıram.

-Keçmiş tərəf müqabilinizlə, məsələn, Jerar Depardye ilə “Orfevr sahili, 36” filminin çəkişilərində görüşdüyünüz vaxt keçmiş ümumi təcrübələrinizdən istifadə edirsiniz?

- Əlbəttə! Tamaşaçı üçün ən əsas qəhrəmanın həqiqiliyidir.

- Əvvəlki tək rola asanlıqla daxil olursunuz?

- Asan, çox asan.

- Bu zaman əziyyət çəkirsiniz?

- Qəhrəmanın kimi hər gün əzab çəkmək mümkün deyil. Bu illər ərzində mən stresin bütün növləri ilə mübarizə aparmağı öyrənmişən.

- Rejissorun zalım davranışı, xasiyyəti ucbatından hər hansısa rollardandan imtina etdiyiniz an olub?

- Bəli, olub.

- Buna görə peşmansınız?

- Xeyr, mən yalnız artıq çox gec olan şeylərə görə peşmanam. Məsələn, gənc olanda mənə Müssenin teatrında rol vermədilər. Fəqət ümid edirəm ki, teatrda dünyaca məşhur rolları oynamaq fürsətim hələ var. Heç olmasa, bəzilərini. Hələ ki, vaxtım var.

- Nikol Garsia sizin haqda deyib: “Daniel üçün ən böyük təhlükəni ssenaristlər və rejissorlar təşkil edir: bəlkə, onda məlum olacaq ki, Danielə layiqli rol təklif etmək üçün onların istedadı yoxdur”...

- (Gülür.) Bu, məlum olan gün mən rejissor olacam!

Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm