BİZİM TƏRCÜMƏ: Markesin memuarları
Bizi izləyin

Bizim tərcümə

BİZİM TƏRCÜMƏ: Markesin memuarları

Kolumbiya yazıçısı, Nobel mükafatı laureatı, dünya şöhrətli yazar Qabriel Qarsiya Markesin “Yaşananları nağıl etmək üçün yaşamaq” memuar-kitabı yazıçının vətənində on il əvvəl işıq üzü görüb. Əsər, Markesin uşaqlıq və gənclik xatirələrindən, ilk hekayələrindən, jurnalist fəaliyyətindən bəhs edir.


Romandan bir parçanı Aygün Aslanlının tərcüməsində sizə təqdim edirik.

Qabriel Qarisya Markes

"Ağlıma da gəlməzdi ki, iki günlük adi bir səfər həyatımı elə dəyişəcək ki, onu danışıb qurtarmağa bir ömür də bəs eləməyəcək"

... Anam məndən xahiş elədi ki, evi satmağa bir yerdə gedək.

O, Barrankilyaya səhər gəlib və bilməyib, məni harda axtarsın. Başlayıb tanış-bilişdən soruşmağa. Ona məsləhət görüblər ki, “Mundo” kitab mağazasına, ya da onun qonşuluğundakı kafeyə baxsın. Mən yazıçı dostlarımla söhbət eləmək üçün gündə iki dəfə o kafeyə baş çəkirdim. “Amma ehtiyatlı olun”- deyə anama xəbərdarlıq da eləyiblər,- “onların başları xarabdı”.

Anam düz saat on ikidə gəldi. Üstünə kitablar düzülmüş masaların arasından yüngül addımlarla keçib qarşımda dayandı. Keçmiş gözəl günləri xatırladan hiyləgər təbssümlə gözlərimin içinə baxdı və mən ağzımı açmağa macal tapmamış dedi:

- Mən sənin ananam.

Anam dəyişmişdi, onu dərhal tanımadım. Nəzərə alsaq ki, o, 45 illik ömründə on bir dəfə doğmuşdu, yəni on bir dəfə hamilə olmuş və ən azı, elə o qədər il də uşaqlarına süd vermişdi, bu təbii idi. O, ölmüş anasına yas saxlayırdı, saçları tamam ağarmışdı. Bifokal linzalar ucbatından arıq sifətində çox böyük görünən gözlərində qorxu vardı.

Amma toy portretində gördüyüm, indi qürubunu yaşayan o qaraçı gözəlliyini saxlamışdı.

Anam, heç məni qucaqlamamış həmşəki adi, rəsmi səslə dedi:

- Gəlmişəm, səndən bir şey xahiş eləyim - gəl, mənimlə gedək, evi sataq.

Söhbətin hansı evdən getdiyini mənə izah eləməyə ehtiyac yox idi, çünki bizim üçün bütün dünyada bircə ev vardı - babamın Arakatakadakı köhnə evi. Mən o evdə doğulmaq xoşbəxtliyinə nail olmuşdum və səkkiz yaşımdan bəri oranı görməmişdim.

Həmin vaxtlar hüquq fakultəsini təzəcə atmışdım. Orda təhsil aldığım altı semestr boyunca əlimə keçən hər şeyi oxumuşdum, İspan qızıl əsrinin təkrarolunmaz poeziyasını saatlarla əzbər deklamasiya eləyə bilərdim. Nəsrin yaranma texnikasını öyrənmək üçün tapa bildiyim bütün kitabları oxumuşdum, qəzet əlavələrində dostlarımın tərifinə və tənqidçilərin diqqətinə layiq görülmüş altı hekayəm çıxmışdı. Gələn ay iyirmi üç yaşım tamam olurdu, hərbi xidmətdən canımı qurtarmışdım, iki dəfə tripper keçirmişdim, babat içirdim və hər gün ən pis tütündən hazırlanmış altmış siqaret çəkirdim.

Mən Kolumbiyanın Karib sahillərində, Barrakilya ilə Kartaxena arasında yol ölçürdüm, “El-Eraldo”da çıxan gündəlik köşələrimə görə verdikləri pulla birtəhər dolanmağa çalışırdım. Bu isə heç nədən də az idi. Gecəni harda qarşlasam, orda da yatırdım, hərdən tək olmurdum. Amma yuxumdan şikayətçi deyildim. Xaotik həyatımda az-çox aydın bir məqsədim yox idi. Biz - bir neçə ayrılmaz dost sadəcə yaşayırdıq, mübahisə eləyirdik, hardansa pul tapıb Alfonso Fuenmayorun ideyasını üç il əvvəl verdiyi radikal jurnalı dərc eləmək istəyirdik... Bundan artıq adama nə lazımdı?!

Zövqlü olduğuma görə yox, əksinə olmadığına görə dəbi qabaqlamağa başlamışdım: hippilərin meydana çıxmasından xeyli əvvəl üzümü qırxmağı dayandırmışdım, bığ buraxmışdım, uzun, pərişan saçlarım vardı, köhnə cins, güllü köynəklər və zəvvar səndəllərində gəzirdim. Bir dəfə kinoteatrın qaranlıq zalında yanında oturduğumdan xəbərsiz olan tanış xanım kiməsə: “yazıq Qabito - səfilə oxşayır” dedi.
Onunla getməyimi xahiş eləyən anam bildirdi ki, pulu azdı. Mən də qürurumu sındırmayaraq “öz pulumu özüm ödəyirəm” deyə cavab verdim.

Amma bu elə bir problem idi ki, işlədiyim qəzetdə həll eləmək mümkün deyildi. Mənə köşələrimə görə üç, ştatda işləyən müəlliflərin başı qarışıq olanda yazdığım baş məqalələrə görə isə dörd peso verirdilər. Bununla güclə dolanırdım. Kredit götürməyə cəhd elədim, amma redaksiyanın rəisi yadıma saldı ki, 50 pesodan çox borcum var. Həmin gün dostluqdan sui-istifadə eləməyə cürətləndim. Məncə, dostlarımdan heç biri buna qadir deyildi.

Kitab mağazasının yanında yerləşən “Kolumbiya” kafesindən çıxanda köhnə dostumuz, müəllim, kitabçı RamonVinyesə yaxınlaşdım və on peso borc istədim. Onun cibindən cəmi altı peso çıxdı.

Təbii ki, nə anamın, nə də mənim ağlıma da gəlməzdi ki, iki günlük adi bir səfər həyatımı elə dəyişəcək ki, onu danışıb qurtarmağa bir ömür də bəs eləməyəcək.

İndi - 75 yaşımda başa düşürəm, o vaxt anamla getmək qərarı həyatım boyu verdiyim ən ciddi qərar idi.

Uşaq vaxtı adamı gələcək keçmişdən daha çox maraqlandırır. Odur ki, mənim doğulduğum kənd haqqındakı xatırələrim hələ nostalji örpəyinə bürünməmişdi.

Mən oranı olduğu kimi xatırlayırdım: yaşamaq üçün rahat, hamının bir-birini tanıdığı bir yer kimi.. Ora, gözyaşı kimi dumduru çayın sahilində yerləşirdi. Çayın məcrası dinozavr yumurtası boyda, böyük, ağ, cilalı daşlarla döşəliydi. Axşamlar, xüsusən də dekabrda, yağış mövsümü bitib hava büllur kimi təmiz olanda adama elə gəlirdi ki, o biri sahildə Syerra-Nevada de Santa-Mariya ağ caynaqları ilə banan plantasiyalarına yaxınlaşır. Ordan aruaki hinduları görünürdülər. Onlar bellərində zəncəfil tayları, Syerranın sahilində qarışqa kimi qaynaşır və həyatlarını gözəlləşdirmək üçün koka yumruları çeynəyirdilər. Biz uşaqlar heç vaxt əriməyən qardan qartopu düzəldib müharibə oyunu oynayacağımızı xəyal eləyirdik. Hava inanılmaz dərəcədə isti olurdu, xüsusilə də siesta zamanı.. böyüklər havadan elə şikayətlənirdilər, elə bil, heç vaxt belə isti görməmişdilər. Anadan olandan bəri sürəkli eyni əhvalatı eşidirdim: «Yunayted Frut Kompani”nin dəmiryolunu gecələr tikiblər, çünki gündüzlər günəş alətləri elə qızdırırmış ki, əl vurmaq mümkün deyilmiş.

Barrankilyadan Arakatakaya yalnız motorlu, sınıq-salxaq balaca gəmidə müstəmləkə dövründə qullar tərəfindən qazılmış kanalla, daha sonra isə sirli Syenaqa kəndinə qədər uzanan ucsuz-bucaqsız bataqlığın bulanıq suları ilə getmək olardı. Syenaqada adi (ölkədəki ən yaxşı) qatara minirdik və qurtarmaq bilməyən banan plantasiyalarının arası ilə, istidən od püskürən kəndlərdə, saysız-hesabsız, mənasız, bomboş stansiyalarda dayana-dayana yol gedirdik.

Bax, 1950-ci il fevralın 18-də, axşam saat yeddidə, karnaval ərəfəsində, leysan yağışın altında anamla mən bu yola çıxdıq. Cibimizdə otuz iki peso vardı. Əgər evi sata bilməsəydik, bu pul geri qayıtmağa bəs eləməyəcəkdi.

Həmin axşam passat elə bərk əsirdi ki, çay limanında anamı yırğalanan trapla göyərtəyə qalxmağa güclə razı sala bildim.
Gəmilər yeni orlean paroxodlarının kiçildilmış, amma benzinli motorla işləyən variantları idi. Motorlar işə düşəndə gəminin bütün korpusu qızdırmalı adam kimi tir-tir titrəyirdi. Göyərtədə hamak bağlamaq üçün dirəklər düzülmüş kiçik zal və taxta skamyalar vardı. Sərnişinlər o skamyalarda çuvalları, çamodanları, toyuq doldurulmuş zənbilləri, hətta canlı donuzları ilə birtəhər özlərinə yer tapırdılar. Içinə iki dəmir çarpayı qoyulmuş bir neçə boğanaq kayut da vardı, amma onlar, demək olar ki, həmişə yolda əlüstü intim xidmətlər göstərən düşük fahişələr tərəfindən tutulmuş olurdu.

Anamla mən göyərtəyə son anda qalxdıq. Kayutların hamısı dolmuşdu, bizim hamakımız yox idi. Mən böyük çətinliklə mərkəzi zalda iki boş stul tapa bildim, gecəni orda keçirməli idik.

Beləliklə, sudan və qasırğalardan dəhşət dərəcədə qorxan anam indi okean küləyi və axının istiqamətində hərəkət eləyən “Maqdalena” gəmisinin göyərtəsində, mənim yanımda idi. Limandan bir az yemək və ən ucuz siqaretlərdən almışdım. Gəmidə küləkdən gizlənərək tütünü saman dadı verən siqaretləri həmişəki kimi bir-birinin ardınca çəkə-çəkə Uilyam Folknerin “Avqust ayında işıq” romanına daldım. O vaxtlar Folkner mənim üçün ən hörmət elədiyim, ən nüfuzlu tanrılardan biri idi.

Anam iki əli ilə təsbehdən elə yapışmışdı, elə bil o, yerdə traktoru, göydə təyyarəni saxlaya bilən zəncir idi. Və elə bil, bu zəncir onu torpağa bağlamışdı, yerin dibinə düşməyə, ya da göyə qalxmağa qoymurdu. Anamın cınqırı da çıxmırdı. Həmişəki kimi heç nə soruşmurdu, heç nədən şikayətlənmirdi, yalnız on bir övladının həyatı və salamatlığı üçün dua eləyirdi.

Deyəsən, onun duaları hədəfinə çatdı, çünki “Maqdalena” kanala girəndə leysan yavaşıdı, sahil küləyi və yüngül yağış isə lap yerinə düşdü, çünki o yağan kimi accaqndlar yoxa çıxdı. Nəhayət ki, anam özünə gəldi və ətrafdakıları gözdən keçirməyə baaşladı...
O, sadə, imkansız bir ailədə dünyaya gəlmişdi, ancaq elə bir dövrdə böyümüşdü ki, şimali amerika şirkətlərinin banan plantasiyaları üzərində dolaşan var-dövlət illüziyası və ailəsinin vəziyyəti ona, zəngin ailə qızlarının oxuduğu “Müqəddəs Məryəmin Santa-Martada zühuru” kollecində yaxşı təhsil almaq imkanı vermişdi. Milad tətillərində anam ya hörgü hörür, ya da xeyriyyə şənliklərində klavesin çalırdı, hətta xalasının nəzarəti altında yerli zadəganların verdiyi ballara da gedirdi. Atasının razılığı olmadan cavan bir teleqrafçıya ərə gedənə qədər onu heç kim kişi ilə görməmişdi.

Anamın əsas məziyyətləri yumor hissi və möhkəm sağlamlığı idi. Yaşadığı müsibətlər, çətinliklər onu sındıra bilməmişdi. Üstəlik o, inanılmaz iradə gücünə sahib idi. Şir bürcü altında doğulmuşdu və həyatda onun mücəssəməsinə çevrilmişdi. Bizim yerlərin, ümumiyyətlə, Latın Amerikasının bütün adət-ənənələrinə rəğmən ailədə matriarxal hakimiyyət qurmuşdu və adama elə gəlirdi ki, bu ona əcdadlarından miras qalıb, ya da planetlərin paradının nəticəsidi.

Anam paltar yuyanda da, lobya şorbası bişirəndə də ailənin başçısı olaraq qalırdı. Gəmidə anamın səfərin əziyyətlərinə necə qatlandığına baxa-baxa sanki onun ömrü boyu haqsızlıqla, yoxsulluqla, hərdən səfalətlə necə mübarizə apardığını anlayırdım. O, həmişə qalib gəlirdi.

Tərcümə etdi:
Aygün Aslanlı
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm