Azyaşlı anaların sayı niyə artır?
Bizi izləyin

Qırmızı xətt

Azyaşlı anaların sayı niyə artır?

Onun 19 yaşı var, 3 uşaq anasıdır. İlk uşağını 15 yaşında dünyaya gətirib. Ailə qurduğu gündən qaynana və ərinin yaxınları tərəfindən müxtəlif zorakılığa məruz qalıb. İndi boşanmaq istəyir. Amma onun boşanmaq şansı belə yoxdur. Çünki rəsmi nikahda deyil. Molla kəbinini göstərib, mənim sənədim var deyir. Onun hər hansı rəsmi qüvvəsinin olmamasından xəbərsizdir. Uşaqlarının heç bir sənədi yoxdur, onları da evdə dünyaya gətirib.

İndi valideynləri ona ərinin yanına qayıtmasını məsləhət bilirlər, o isə uşaq yaşında gəlin olduğu evə bir daha addım atmaq istəmir. Çərəsiz və kimsəsizdir.

Bu cür azyaşlı anaların sayı heç də az deyil. Təkcə 2012-ci ildə 15-17 yaş arasında olan qadınlar tərəfindən 3236 uşaq dünyaya gətirilib. Bu, ən azı 3236 problem deməkdir. Bu, yalnız aşkarlananlardır. Azyaşlı gəlinlərin dəqiq sayı isə məlum deyil.

Publika.Az-ın “Qırmızı xətt” layihəsində erkən nikah və onun yaratdığı problemləri, uşaqlığını yaşamadan analıq etməyə məcbur qalan “azyaşlı analar” ın vəziyyətini araşdıracağıq.

Rəqəmlər

Birləşmiş Millətlər Təşkilatının açıqlamalarına görə, hər gün dünyada yaşı 15-dən az olan 5 qız, inkişaf etmiş ölkələrdə isə hər il yaşı 18-dən az olan 7.3 milyon qız uşaq dünyaya gətirir. Dünyada hər il 3 milyon yeniyetmə ana uşaq düşürür.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2012-ci ildə (2013-cü ilin statistik məlumatları hələ açıqlanmayıb) 15-17 yaş arasında olan qadınlar tərəfindən 3236 uşaq dünyaya gətirilib.

Doğumun ardıcıllığı üzrə 15-17 yaş arasında olan analar tərəfindən 15 uşaq ailənin 3-cü övladı kimi dünyaya gətirilib. 278 uşaq isə 15-17 yaş arasında olan qadınların ikinci övladı kimi dünyaya gəlib. 15-17 yaş arasında olan qadınlar tərəfindən dünyaya gətirilən uşaqların 67 faizi (2169 uşaq) kəndlərdə doğulub.

2013-cü ildə 5 mindən çox qız uşağı erkən evliliyin qurbanı olub. 2012-ci ildə isə bu rəqəm təxminən 4 min idi.

Erkən ailə quran qızların ilk qarşılaşdıqları problem psixoloji olur. Psixoloqların sözlərinə görə, istər oğlan, istərsə də qız bioloji cəhətdən daha tez ana-ata ola bilir. Psixoloji baxımdan isə hələ vaxt lazımdır ki, bir insan kimi tam formalaşaq. Qız uşağı ərə gedərkən onda heç emosiyalar da oyanmır. Ərə gedəndən 5-6 il sonra tam formalaşanda ona sevgi də gələ bilər. Bu zaman bu sevgi həyat yoldaşına qarşı yox, başqasına qarşı ola bilər. Bu da sabah böyük problemlərə gətirib çıxarır. Bundan başqa, onlar psixoloji cəhətdən hazır olmadığına görə, çox zaman dünyaya gətirdikləri uşaqdan da imtina edir, hətta onu qucağına belə almaq istəmirlər.

Ən problemli məsələ isə bu nikahların rəsmi olmaması, uşaqlarını xəstəxana yox, ev şəraitində dünyaya gətirmələri, uşaqların sənədsiz böyümələri və erkən yaşda doğumun qadın və uşağın səhhətində qalıcı təsirlər qoymasıdır. Psixologiyası yerində olmayan və uşaq yaşında bu problemlərlə qarşılaşan qızların üstəlik məişət zorakılığına məruz qalması onları çıxılmaz vəziyyətdə qoyur. Ailəsi də qəbul etmədiyi halda onun intihar etməsi və ya insan alverinin qurbanı olması qaçılmaz olur.

Rəsmi qurumlar isə bu istiqamətdə iş apardıqlarını desələr də problem həll olmur, əksinə rəqəmlər artır.

Bəs nə etməli?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlovanın sözlərinə görə, bu məsələ hər zaman ölkə gündəmindədir. Problemin səbəbləri, fəsadları hər zaman öyrənilir. Bunun aradan qaldırılması ilə bağlı həm qanunvericilik bazasında, həm də maarifləndirici kompaniyalar şəklində aparılır. Aparılan tədbirlər nəticəsində bu nikahların sayı azalıb. Amma hələ də bu faktlar qalmaqdadır.

Problemin hansı bölgələrdə yayılmasına gəldikdə isə, A.Veysəlova bu barədə konkret olaraq fikir deməyin çətin olduğunu bildirdi. Onun sözlərinə görə, bu bütün ölkənin problemidir, çünki bütün bölgələrdə aktualdır. İnkarolunmaz faktdır ki, erkən yaşda ana olmaq həm fizioloji cəhətdən düzgün deyil, həm də doğuş zamanı fəsadlar, uşaqda problemlər olur. Səbəblərinə gəldikdə isə komitə rəsmisi bunun, ilk növbədə ailənin bu məsələyə münasibətindən asılı olduğunu dedi:

“Çox vaxt valideynlər ağır xəstə olduqları və övladının xeyir işini görmək istədiklərinə görə, onlaı erkən yaşda ailə qurmağa məcbur edirlər. Ailədə uşaqların sayının çox olması da bir amil hesab edilir. Qısa zamanda övladlarının hamısının gələcəyini təmin etmək məqsədi güdürlər. Amma bir şeyi dəqiq bilmək lazımdır ki, bu mentalitet yox, strereotipdir. Çünki bizim mentallığımızda belə qaydalar yoxdur.

14-15 yaşlı qızların özlərinin anaya ehtiyacı olduğu bir vaxtda ana olması da bir problemdir. Çünki bu qızlar çox zaman övlad tərbiyəsindən xəbərsiz olurlar. Bu da həyat təcrübəsinə malik olmayan insanın yetişdirdiyi uşağın da dünyagörüşünə təsir göstərir”.

Bu yaşdaki qızlar həm də şagirddirlər, ailə qurarkən isə məktəbdən uzaqlaşırlar. Məktəb rəhbərliyi bu evliliklərə müdaxilə edə bilərmi?

A.Veysəlovanın sözlərinə görə, valideynlərlə yanaşı, məktəblərdə də maarifləndirici iş aparılmalıdır. Eyni zamanda məktəblə ailə münasibətlərinin yüksək səviyyədə təmin edilməsi, ailə, məktəb və səhiyyə ocaqları arasında birgə iş aparılması önəmlidir.

“Uşaqları bilgiləndirmək lazımdır ki, bu cür evliliklər, onların səhhətində hansı problemlər yarada bilər. Bir istiqamətli iş aparmaq effekt verməyəcək.

Biz ailə-məktəb-cəmiyyət adlı layihəyə start vermişik. Bu üçün bütün sistemdə qarşılıqlı münasibət qurmağa, onlar arasında əlaqələri formalaşdırmağa çalışacağıq. Həmçinin məktəb psixoloqlarının bu işə cəlb olunmasını gündəliyə gətiririk. Reproduktiv sağlamlıqla bağlı maarifləndirici materiallar çap edib, paylayırıq. Müxtəlif səpkilərdə təhlillər aparılır, bunun nəticəsində hazırlanan təkliflər planı müvafiq qanunvericiliklərdə əksini tapır.

2009-cu ildə aparılan tədqiqatların nəticəsində Ailə Məcəlləsində dəyişikliklər edilib, Cinayət Məcəlləsinə yeni maddə əlavə edilib. Bu yenilikdə erkən nikaha razılıq verən valideynin məsuliyyətə cəlb edilməsi göstərilib. Amma hər bir insanla fərdi iş aparmaq çətindir.

Ona görə də təhsil, səhiyyə müəssisələri, icra hakimiyyətləri, QHT-lər birlikdə bu problemin aradan qalıdırlması üçün səy göstərməlidir”.

Bəs erkən yaşda evlilik, 15 yaşında övlad dünyaya gətirmək qadının səhhətində hansı fəsadlar yarada bilər?

Genekoloq Tənzilə Əliyeva qızların bu yaşda ailə qurması və övlad dünyaya gətirməsinin inandırıcı olmadığını dedi:

“Amma bu cür faktlar baş verərsə, həmin qadınların hamiləliyi risk qrupuna daxil edilir. Çünki onlarda bədən tam formalaşmamış endokriniki, maddələr mübadiləsinin pozulması baş verə bilər. Epilepsiya, dar çanaq ola bilər, bunlar isə riskli hesab olunur. Bədən formalaşmadığına görə, düşüklər olur. Çünki uşaqlıq yetişmədən hamiləliyin olması risklidir. Bundan başqa, doğuş ağır patologiyalı, travmatik, instrumental, cərrahi ola bilər. Yeniyetmə dövründə olan qadınlar hamilə olarsa, bu tip problemlərin yaranması inkar olunmur”.

Genekoloq yeniyetmə qızların dünyaya gətirdikləri uşaqlarda hər hansı məxsusi xəstəliyin olması barədə araşdırma aparılmadığını desə də, onların xüsusi müayinəsinin mütləq olduğunu bildirdi:

“Dünya statistikasında 15-17 yaş arası anaların dünyaya gətirdiyi uşaqlarda hansı xəstəliklərin aşkar edilməsi ilə bağlı statistika yoxdur. Amma bu uşaqların genetik faktorları yoxlanmalıdır. Hamiləliyin 3-4-cü aylarında bu cür müayinələr aparılmalıdır”.

Bu qadınlara kim kömək etməlidir?

Qadın Krizis mərkəzinin rəhbəri Mətanət Əzizovanın sözlərinə görə, qızların erkən nikahı illərdir aktual olaraq qalır. Amma məsələ yalnız nikahla bitmir, bu problem özü ilə xəstə, əlil uşaqlar, uşaq və ana ölümləri, məişət zorakılığı və s. kimi yenilərini gətirir:

“Onun sözlərinə görə, bu qadınlar yalnız son mərhələdə, zorakılığa məruz qalıb, uşaqları ilə küçədə qalanda, yaxud da sənədləşmə məsələsinə görə, mərkəzlərə müraciət edirlər. 13 ildə bizim mərkəzə erkən nikaha məcbur edilən 3-4 qız zəng edib. Bunun səbəbi isə qurumlar, QHT-lər və KİV-in əlaqəsiz formada işləməsidir.

Tərəflər problemlə bağlı araşdırma aparıb nəticələrin həllinə birgə çalışmalıdırlar. Səhiyyə, Təhsil və Daxili İşlər Nazirliklərinin statistikaları üst-üstə düşmür. Səhiyyə Nazirliyinin statistikası isə inandırıcı olmur, çünki bu qadınların əksəriyyəti evdə doğum edir. Bu uşaqların sənədləri olmur. Həmçinin, maariflənmə, vaxtında həkimə müraciət etmək hüququndan məhrum olduğuna görə, uşaqlarının da sayı çox olur.

Bundan başqa, həkimlər yalnız xəstəxanada övlad dünyaya gətirənlər barədə məlumat verirlər. Evdə iştirak etdikləri doğumlar barədə isə susurlar”.

Məsələnin aşkarlanması, səbəbkarların cəzalanmasına gəldikdə isə, M.Əzizova bunun çox zaman bilənlər tərəfindən də gizlin saxlandığını dedi:

“Bu insanların toyunda iştirak edən qonaqlar, bələdiyyə, icra nümayəndələri erkən nikahdan xəbərdar olur, lakin heç kim şikayət etmir. Vaxtında məlumat verilsəydi, araşdırma aparılardı. Ərə verilən qızların hüquqlarından xəbərsiz olması da onları qurbana çevirir. Avropada uşaqlara hüquqları kiçik yaşlardan aşılanır. Hətta valideyn tərəfindən hüququ pozulduğu halda hansı addımı atacağını bilir. Bizdə isə uşaqlar bu barədə məlumatsızdır. Ona görə də situasiyalar düzəlmir. Bundan başqa, valideynlər də uşaqların sahibi olması düşüncəsindən azad olmalıdırlar.Uşaqları ilə davranışına dövlət tərəfindən müdaxiləyə yol vermirlər. Qanunla uşaqlarını zorla ərə verən valideynlərə valideynlik hüququndan məhrum edilməlidir”.

Sonda qeyd edək ki, Milli Məclisin 2011-ci il noyabrın 15-də keçirilən iclasında Ailə Məcəlləsinə əlavə və dəyişiklik layihəsi qəbul olunub. Yenilik qızların nikah yaşının 17-dən 18-ə qaldırılmasını nəzərdə tutur.

Həmin iclasda Cinayət Məcəlləsinə dəyişiklik layihəsi də qəbul olunub. Yeniliyə əsasən, qadını nikaha daxil olmağa məcbur etmə 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılmalıdır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə 3 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası tətbiq olunacaq.

Erkən uşaq dünyaya gətirən qızların, bu nikahdan doğulan uşaqların sayı bəlli olsa da, qızlarını 14 yaşında ərə verən valideynin həbs və ya cərimələnməsi barədə rəqəmlər açıqlanmır. Əslində bütün problem də elə bundan başlanır.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm