Qırmızı xətt
Qadınlar boşanmaqdan niyə qorxur?
“Akif xəstəxanadayam uşağı müalicəyə gətirmişəm danışa bilmirəm. Bir də mənə zəng eləmə danışmayacam. Axı nə istəyirsən məndən dedim ki, bo-şan-ma-ya-cam. Nə edirsən et, özün bilərsən. Amma mənim boşanmaq fikrim yoxdur. Balalarımı yetim qoya bilmərəm. Heç kim mənim balalarıma yetim, mənə də dul deməyəcək”.
Boşanmaq üzrə olan iki nəfər arasında olan söhbəti təsadüfən eşitdim. Qarşı tərəfin nə dediyini, nə üçün boşanmaq istədiyini bilmirəm. Amma qadının boşanmaq istəməməsi və gətirdiyi səbəblər xeyli maraqlı gəldi.
Axı telefonda səsini belə eşitmək istəmədiyi birindən qadın nə üçün boşanmaq istəmir? Nifrət etdiyi biri ilə necə yaşayacaq?
Publika.Az-ın “Qırmızı xətt” layihəsində qadınların nə üçün boşanmaq istəmədiyini araşdıracağıq.
2013-cü il ərzində ölkədə 86,9 min nikah və 11,7 min boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə əvvəlki ilə nisbətən nikahların sayı 8,6-dan 9,3-ə qədər, boşanmaların sayı isə 1,2-dən 1,3-ə qədər artıb.
Amma boşanmaların heç də hamısı könüllü və razılıq əsasında baş vermir. Dava-dalaş, münaqişələr boşanmaların tərkib hissəsidir. Yəni, boşanma qərarı və bunu həyata keçirmək, evliliyə qərar verməkdən daha ağır olur. Boşanmaq istəməyən tərəf çox vaxt qadın olur.
Qadınların niyə boşanmaq istəmədiklərini əvvəlcə öz dillərindən eşidək.
Aynurə Xəlilova: 10 ildir evliyik, iki övladımız var, bu vaxta qədər bir dəfə də olsun ciddi davamız olmayıb. Yəni bütün ailələrdə olan problemlərdən münaqişə etmişik, amma qısa zamanda barışmışıq. Bir il əvvəl yoldaşım boşanmaq istədiyini dedi. Amma mən razılaşmadım. Axı niyə? Birdən-birə nə baş verdi? O, isə heç nə demədən boşanmaq istəyirdi. Təsadüf nəticəsində onun başqa bir qadınla münasibətinin olduğunu öyrəndim. Düzdür, bunu öyrənəndə çox pis oldum. Amma düşünürəm ki, bu keçicidir. Bir müddət sonra əl çəkəcək o qadından. Həm niyə mənim olanı başqa birinə verməliyəm. Ona görə də, dözürəm hər şeyə.
Aytən Veysəlova: 15 ildir ailəliyik. Yoldaşımla tez-tez dalaşırıq. Demək olar ki, hər gün nəyəsə görə mübahisə edirik. Sevib ailə qursaq da, davasız günümüz olmur. Dəfələrlə küsüb, atam evinə getmişəm. Amma heç vaxt boşanmaq istəməmişəm. Mübahisələrimizin əsas səbəbi onun içki içməsi ilə bağlı olur. Hər gün, ən azı həftədə 2-3 dəfə evə içkili gəlir. Uşaqları danlayır, mənimlə dalaşır. Amma yenə də boşanmaq istəmirəm. Boşanıb nə edəcəm? Heç olmazsa, indi uşaqları saxlamaq üçün pul verir, boşanandan sonra onu verməyəcək. Oxumamışam və heç vaxt işləməmişəm, uşaqları tək necə saxlayaram? Ona görə də ayrılmaq istəmirəm.
Azərbaycanda qadınların boşanmaq istəməməsinin əsas səbəbi maddi problemlə əlaqələndirilir. Təhsili, işi olmayan qadın boşanandan sonra övladlarını saxlaya bilməyəcəyindən qorxur. Axı qadınlar ailə quran kimi iş məsələsinə son qoyur, ömrünü ailə, uşağına həsr edir. Bir neçə il sonra isə əlində uşaqları və ərinin boşanma qərarı ilə təkbaşına qalır. İllərdir cəmiyyətdən uzaqlaşan ya da buna heç vaxt hazır olmayan qadının canına dəhşətli qorxu düşür. Axı əri olmadan necə yaşayacaq, uşaqlarına necə baxacaq?. Yeni bir həyata öyrəşməkdənsə, əvvəlkini qorumaq üçün savaşmaq daha yaxşıdır. Hətta o xəyanət etmiş, başqa qadını seçmiş olsa belə.
Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, qadınların boşanmaq istəməməsi iqtisadi amillərdən daha çox, sevgi ilə bağlıdır:
“Bunun bir səbəbi də sevgi ilə bağlıdır. Ətrafdakılar həyat yoldaşının ona nə qədər uyğun olmadığını desələr də, həmin qadınlar bunu görmür. Bu qarşı tərəfə olan sevgi ilə bağlıdır. Xüsusən də, Azərbaycan qadınlarında bağlılıq, etibarlılıq, aşiqlik var. Əlbəttə, bununla yanaşı iqtisadi asılılıq da var”.
M.Zeynalovanın sözlərinə görə, dava-dalaş olan ailələrdə qadın boşanmaq istəmirsə, bu kənar müdaxilələrlə əlaqədardır:
“Kənardan yanlış müdaxilələr olur. İstər yerli, istərsə də beynəlxalq təşkilatlar yalnız boşanmaq məsələsini gündəmə gətirir. Onlar “konflikt varsa boşan”, “sözünüz düz gəlmirsə boşan” kimi fikirləri təlqin edirlər. Halbuki həmin məqamda ailəyə kömək edəcək psixoloji, reabilitasiya mərkəzləri olmalıdır. Ola bilər ki, onların ailəyə münasibəti uşaq vaxtı yaşadıqları hər hansı problemlə bağlıdır. Bəlkə də, hər hansı bir anda yanlış anlaşılmış fikir var. Ona görə də tərəflər oturub danışmalıdırlar. Amma bizdə bu mədəniyyət yoxdur ki, qarşılıqlı oturub fikirlərini bölüşsünlər. Tərəflər qarşı tərəfdən hansı reaksiya alacağını bilmədiyindən, buna cəsarət etmirlər. Bəlkə də, bir mütəxəssisin kiçik müdaxiləsi ilə məsələ həll edilə bilər”.
Vətəndaş nikahının məsələyə kömək etməsinə gəldikdə isə, M.Zeynalova həmin prosesin bizim vətəndaşlar arasında düzgün qarşılanmadığını dedi:
”Bizim insanların vətəndaş nikahında yaşamağı qarşılıqlı məsuliyyətsizlikdir. Bu nikahların nəticəsində adətən kişilər qadını hər şeydən məhrum edir”.
Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın sözlərinə görə, qadınların boşanmaq istəməməsi daha çox instinklə bağlı olur.
“Qadında ailəsini, ocağını, uşaqlarını qorumaq hissi həddən artıq çox olur. Kişilər bir qadınla görüşə, eyni anda bir neçə qadınla yaşaya bilərlər, amma qadınlar elə deyil. Onlar nadir hallarda iki sevgi arasında qalırlar. Qadınlar bütün problemlərə baxmayaraq ailəni qoruyub saxlayacaqlarına sona qədər inanırlar”.
M.Əzizovanın sözlərinə görə, qadınların boşanmaq istəməməsindəki əsas maneələrdən biri də maddi problemlərdir:
“Kişilər ailəyə pul gətirdikləri, qadınlar isə ailə, uşaqlara baxmaqla daha çox məşğul olduqları üçün, boşanandan sonra yaşamaq və uşaqları saxlamaq üçün xərcləri təmin etmək onlar üçün asan olmur. Aliment də az olur, bununla da qadının maddi problemlərini həll etmək imkanı olmur. Üçüncü əsas problem isə cəmiyyətdə olan qınaqdır. Xüsusən də, bölgələrdə boşanmış qadına qarşı qınaq olur. Boşanmış qadın hər bir addımını düşünməli olur, kiminləsə salamlaşanda belə dedi-qoduları düşünməli olur. Bundan başqa, qadın təkcə özünü yox, uşaqlarını da bu qınaqdan qorumalıdır. O düşünür ki, “mən boşandığıma görə, qızımı alan olmayacaq”. İctimai qınaq məsələsi qadını bəzən susmağa məcbur edir. Qadın maddi çətinliyə dözə bilərlər, amma ictimai qınaq məsələsi ciddi problemdir ki, hətta xəyanətə də susurlar”.
M.Əzizova rəhbərlik etdiyi təşkilata müraciət edən qadınların böyük bir qisminin boşanmaq istəmədiyini bildirdi. Onun sözlərinə görə, insanlarda belə bir fikir formalaşıb ki, qadın təşkilatları insanları daha çox boşanmaya sövq edir. Amma bu yanlış fikirdir. Bizə müraciət edən qadınların ilk sözü “mənə kömək edin” olur. Biz də bacardığımız qədər kömək etməyə çalışırıq:
“Biz ilk növbədə problemin həllinə çalışırıq. Çünki problem birtərəfli deyil, digər tərəflər də danışmalıdır. Bəzən buna görə də, həyat yoldaşının gəlməsini də istəyirik. Boşanmaq istəməyən qadınlar yoldaşının ona xəyanət etdiyini, lakin ayrılmaq istəmədiyini deyir. Bu məqamda isə biz qadına sona qədər mübarizə aparmasını tövsiyə edə bilmirik. Bu birtərəfli problem deyil, kişi əgər onunla yaşamaq istəmirsə, nəyəsə məcbur etmək olmaz. Qadın istəməsə belə 6 ay ərzində məhkəmə bir qərar verəcək.
Ailədəki zorakılığa susan, boşanmaq istəməyən qadınlarla da işləyirik. Bu işə həyat yoldaşını da cəlb edirik. Ailədəki zorakılığı düzəltmək üçün aylar lazım olur. Amma yüz faiz müsbət nəticə əldə etmək olmur. Çünki qadın zorakılıqdan bezəndə gəlir, bu zaman isə ikinci variant mümkün olmur”
Qadına, uşaqların həyatına qarşı təhlükə olanda boşanma variantına müraciət edirik. Amma qadınlar sona qədər ailəni qorumağa çalışırlar.
Gülxar Şərif
-
Qarabağ 13:42
Tokayevdən Bakı və İrəvana təklif: Hazırıq
-
İdman12:57
Daha Ronaldoya ehtiyac yoxdur, Corcina brenddir: Görün nə qədər sərvəti var - FOTOLAR
-
Hadisə12:00
Generala ağır itki üz verdi - FOTO
-
Qoroskop11:12
Ən uğursuz bürclər açıqlandı: Onlar həyata geridə başlayırlar
-
Dünya10:12
İsraili şoka salan taktika: İran bacarmadı, "Hizbullah" isə görün nələr etdi
-
ABŞ09:54
Tramp ilk dəfə açıqladı: “Putin mənə bu haqda danışırdı, amma əngəllədim”
-
MDB09:18
Rusiyada böhran: Rekord sayda insan müflis oldu
-
Elm və təhsil08:22
Tələbələrə şad xəbər: Bu tarixdən təqaüdlər artırılır - VİDEO