Xüsusi
Azərbaycanlıların atdığı, əcnəbilərə övladlığa verdiyimiz körpələr: İLK DƏFƏ OXUYACAĞINIZ FAKTLAR - FOTO
Vaqif nə anasını, nə də atasını tanıyır. Bilmir ki, bacısı, qardaşı var, ya yox. Gözünü açanda qaldığı uşaq evinin rəhbərini, müəllimləri ana bilib, ata anlayışına sahib deyil. Amma müəssisədə özünə yer tapmır Vaqif. Daim uşaqlarla dalaşır, heç bir sinif yoldaşı ilə yola getmir. Müəllimləri artıq ondan şikayət etməkdən beziblər. Hər kəs onu “divarda gəzən uşaq” kimi tanıyır. Bir gün Yeni Zelandiyadan olan bir qadın və ABŞ vətəndaşı olan bir kişi Azərbaycana gəlir. Ailənin bir qızı olsa da, onlar azərbaycanlı uşağı övladlığa götürmək üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edirlər. Onlara təklif edilən uşaq isə məhz Vaqif olur. Heç kimin yola getmədiyi Vaqifi ailə övladlığa götürür. Hamı ailənin bir müddət sonra Vaqifi geri qaytaracağını düşünür. Lakin gözlənilən olmur. 6 ay sonra isə Vaqifi görənlər onu tanımır. O, tam dəyişib, artıq heç kimlə dalaşmır, daha ünsiyyətcildir, hətta ingilis dilində səlis danışır. Məktəbdə də hər kəs ondan razıdır. Artıq Vaqif bir müddətdir ailəsi ilə Yeni Zellandiyada yaşayır, həm də ABŞ vətəndaşıdır.
Vaqifi bir neçə ayda dəyişdirən səbəb isə illərdir həsrətində olduğu ailə mühitidir.
Bu gün Azərbaycanda 4 körpələr evində 167, 8 uşaq evində 729, sağlamlıq imkanı məhdud uşaqlar üçün 10 xüsusi internat məktəbində 2612 uşaq, bu cür uşaqlar üçün 2 sosial xidmət müəssisəsində 329 uşaq, 21 ümumi təhsil internat məktəbində 7327 uşağın böyük əksəriyyəti ailə mühitinə həsrət böyüyür.
Bioloji valideynlərinin imtina etdiyi vaqiflərə Zelandiya, ABŞ kimi ölkələrin vətəndaşlarının övladlığa götürməsi, habelə bu sahədəki real vəziyyət və yeniliklər barədə Publika.az-ın suallarını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin nümayəndəsi Seymur Məmmədov cavablandırıb.
- Bir əcnəbi azərbaycanlı uşağı övladlığa götürmək üçün nə etməlidir?
- Azərbaycan vətəndaşını övladlığa götürmək istəyən xarici vətəndaş yaşadığı dövlətin mərkəzi qurumuna müraciət edərək, tələb olunan sənədlərlə bağlı məlumat əldə edir. Övladlığa götürmək üçün namizəd ailə kimi həmin qurumda qeydiyyata alınır. Bu qurum razılıq verəndən sonra sənədləri toplayaraq Azərbaycanın xaricdə akreditə olunmuş nümayəndəliklərinə və ya poçt vasitəsilə birbaşa Komitəyə göndərir. Azərbaycanla müraciət edilən ölkələr arasında hüquqi saziş varsa, həmin ölkələrin vətəndaşlarının sənədlərinin həqiqiliyinin təsdiq edilməsinə ehtiyac yoxdur. Bizə daxil olan müraciətlər qeydə alınır və həmin şəxslərin psixoloji durumu, şəxsi keyfiyyətləri araşdırılır. Psixoloji testlərdən keçirlər.
- Araşdırma nə qədər davam edir?
- Qanunvericilikdə bu müddət göstərilmədiyi üçün araşdırma 7-10 gün davam edə bilir. Sənədlər təqdim edilərkən ailənin qiymətləndirilməsi aparılır. Onların şəxsi keyfiyyətləri, uşaqla davranışları təhlil olunur. Məsələn, Rusiya, ABŞ-da övladlığa uşaq götürənlər üçün xüsusi kurslar keçirilir. Orada valideynlər uşağa baxmaq, qayğılarını çəkmək üçün bu kurslardan keçirlər. Çünki övladlığa uşaq götürənlər arasında heç vaxt uşağı olmayanlar var. Onlarda uşağa baxmaq vərdişi yoxdur. Bizdə isə bu ailələrlə bağlı araşdırmadan sonra Komitənin bazasındakı uşaqlarla bağlı məlumatları onlara təqdim edirik. Təqdim olunan uşaq ailəyə uyğun olmadığı halda gözləmə mövqeyində qalırlar.
- Gözləmə müddəti nə qədər olur?
- Hazırda bizdə övladlığa uşaq götürmək istəyən 10-a yaxın ailə var. Onların bəziləri iki ildən çoxdur qeydiyyatdadırlar. Bəzi hallarda həmin ailələrlə danışıb, müraciətlərini geri götürməyi təklif edirik.
- Nə üçün?
- Azərbaycan vətəndaşları tərəfindən müraciət çoxdur. Bizə qalan yalnız fiziki qüsurlu uşaqlar olur, çünki azərbaycanlılar onları övladlığa götürmək istəmir. Xarici ailələrdə adətən, belə tələb olmur. Onlar sağlam uşaq istəyir, olmadığı halda fiziki qüsurlu uşaq götürməyə razılaşırlar. Çünki onların yanaşması fərqlidir. Əcnəbilərin məqsədi hər bir uşağa ailə bəxş edib, onu vətəndaş kimi böyütməkdir.
- Uşağın qüsurlu olmasına fərq qoymasa da, yəqin ki, müəyyən tələblər olur...
- Onlar sadəcə yaş məsələsinə önəm verirlər. Adətən, 4 yaşa qədər uşaq istəyirlər. Çünki 5 yaşdan sonra uşaqların ailəni qəbul etməsi çətinləşir.
- Övladlığa uşaq götürmək istəyən ailə necə araşdırılır?
- Uşaq təklif olunan ailə ilə mütləq görüşüb, təmasda olmalıyıq. Çünki burada bir uşağın taleyindən söhbət gedir, ona görə də onlarla görüş mütləqdir.
- Kimlərə uşaq verilmir?
- “Ailə Məcəlləsi”nin 120-ci maddəsində qeyd olunan tələblərə əsasən, məhkəmə tərəfində fəaliyyət qabiliyyəti olmayan, narkoloji, vərəm, dayaq hərəkət kimi xəstəlikləri olanlar, məhkəmə qərarı ilə təqsirləndirilənlər, valideynlik hüququ məhdudlaşdırılan şəxslər övladlığa uşaq götürə bilməzlər.
- Bizdə əsasən, uzun illər uşağı olmayanlar övladlığa uşaq götürmək istəyir. Əcnəbilər əsasən, nə vaxt müraciət edir?
- Bu məsələ əcnəbilərdə bir az fərqlidir. 3 il əvvəl bizə Azərbaycanda hərbi attaşe kimi fəaliyyət göstərən ABŞ vətəndaşı olan ailə müraciət etmişdi. Onların 4 uşaqları var idi. Həmin ailənin qohumlarından belə bir prinsip varmış ki, hamısının 5 uşağı olsun. Bunlar da arzu ediblər ki, 5-ci uşağı övladlığa götürsünlər. İndi ailə Almaniyada yaşayır. Onlar bizə şəkil və videolar göndərirlər. Uşaqlar arasına heç bir fərq qoymadıqlarını müşahidə edirik. Həmin uşaq sağlam mühitdə böyüyür, ingilis dili ilə yanaşı alman dilini də öyrənib.
- Xaricilərin qüsurlu uşaqları övladlığa götürməyə müsbət yanaşdıqlarını dediniz. Bu uşaqların sonradan əməliyyat edilməsi, tam sağalması faktları olubmu?
- Bu ailələr adətən, sonradan əməliyyatı mümkün olan fiziki qüsurlu uşaqları övladlığa götürürlər. Əqli qüsurlu uşaqları övladlığa götürmək arzusunda olmurlar. Çünki, bu uşaqların qayğısında durmaq və böyütmək çox çətindir. Bir çox fiziki qüsurlu uşaqların isə xaricdə müalicə və əməliyyatı uğurla həyata keçirilə bilir. Bizim təcrübəmizdə fiziki qüsurlu uşaqların övladlığa götürülüb, müalicə, əməliyyatla sağlamlığına qovuşması halları olub. Bir fransız ailə ilə bağlı 3 il əvvəl belə hal yaşanmışdı.
- Valideynləri imtina etdiyi halda, əcnəbilər nə üçün qüsurlu azərbaycanlı uşaqları övladlığa götürmək istəyir? İstər-istəməz bu sual düşündürür insanı...
- Xarici ölkələrdə fiziki qüsurlu uşaqları övladlığa götürənlərə bəzi imtiyazlar nəzərdə tutulur. Bu da ailələrdə müəyyən stimul rolunu oynayır. Biz də istərdik ki, ölkəmizdə də müəyyən imtiyazlar olsun. Çünki, onsuz da, azyaşlı uşaqları götürürlər. Yuxarı yaşlı uşaqları götürənlər üçün stimullaşdırıcı tədbirlərin görülməsi mümkündür. Vergidən azad edilmə, əlavə müavinət verilə bilər. Biz bu məsələdə dünya təcrübəsini araşdırmışıq. ABŞ-da belə ailələrə uşaqpulu verilir. Onun miqdarı uşağı saxlamaq üçün qənaətbəxş olduğu üçün ailələr uşaq götürməyə maraqlıdır.
- Belə fikir var ki, uşaqlarımız adətən bir tərəfi Azərbaycanla bağlı olan ailələrə övladlığa verilir...
- Bu gün övladlığa götürmə ilə bağlı müraciət edənlər əsasən, Rusiyada yaşayan azərbaycanlı soydaşlarılmız, xarici ilə ailə quran azərbaycanlılardır ki, birinci nikahlarından olan uşaqları əcnəbi ailə kimi övladlığa götürmək üçün müraciət edirlər. Rusiyada yaşayan soydaşlarımız əsasən, sonsuzluqdan əziyyət çəkən və qohumlarının uşaqlarını övladlığa götürmək istəyənlər olur. Ailə Məcəlləsinə görə, bu məsələ hüquqla tənzimlənir. Uşağın bioloji valideyni notarial qaydada uşağını qohumuna övladlığa verə bilər.
- Bəs Azərbaycanla heç bir bağlılığı olmayan əcnəbi ailələr nə üçün məhz bizim uşaqları övladlığa götürmək istəyir?
- Çox zaman biz də müraciət edən əcnəbilərə bu sualı veririk. Hər bir vətəndaşın özünün müstəqil seçimi var. Bunu bizim ölkəmizdəki ailə dəyərləri, bəziləri yerləşdiyimiz zonadan asılı olaraq istiqanlı olmağımız, milli keyfiyyətlərimizlə əlaqələndirirlər.
- Ən çox narahatlıq doğuran məsələ uşaqların sonrakı taleyinin izlənməsidir. Araşdırma zamanı hər şey qaydasında olsa da, sonradan əcnəbi ailənin uşaqla necə davranış şübhəsi ağlın bir ucunda daim ilişib qalır.
- Yerli və ölkələrarası övladlığa götürmə Ailə Məcəlləsi, Hüquqi Prosesual Məcəllə, Nazirlər kabinetinin qərarı və bunlara bərabər tutulan normativ hüquqi aktlarla tənzimlənir. Uşaqların sonrakı həyatına nəzarət Mülkü Prosesual Məcəllənin 350-ci maddəsi ilə nizamlanır. Məhkəmə övladlığa uşaq götürənlər qarşısında Azərbaycan tərəfinə məlumat verməyi tələb qoyur. Bundan başqa, qanunvericiliyin tələbinə görə, həmin şəxslər 3 il müddətinə ildə 2 dəfə uşağın inkişafı, təhsili, sosial mühitə uyğunlaşması, səhhətilə bağlı hesabat təqdim edirlər. Həmin hesabatlarda uşağın fotosu, 15 dəqiqəlik video da yer alır. 3 ildən sonra isə bəzi ailələr könüllü olaraq hesabat verirlər. Biz maraqlı olduğumuz üçün ildə bir dəfə 2 ildən bir məlumatları bizə göndərirlər.
- Necə düşünürsünüz, 3 il az müddət deyil. 3 yaşında övladlığa verilən bir uşaq 3 il sonra 6 yaşında olur. Bu zaman övladlığa götürülən ailə tərəfindən istismara məruz qalsa, özünü müdafiə edə bilməz...
- Hər ölkənin qanunvericiliyinin öz tələbləri var. Övladlığa götürülən uşaq bir müddət sonra həmin ölkənin vətəndaşı statusunu alır. Həmin ölkənin qanunlarına əsasən hüquqları pozulduğu halda, dövlət onu qoruyur.
- Yəni bu müddətin artırılmasına ehtiyac görmürsünüz?
- Biz müddətin artırılması ilə bağlı təkliflər vermişik. Gürcüstanda bu məsələdə tələb fərqlidir. Uşağın 18 yaşına qədər hər ildə bir dəfə hesabat verilməlidir. Bizim də təklifimizdə bu məsələ nəzərdə tutulub. Yəqin ki, layihə qəbul ediləndən sonra müzakirəyə çıxarılacaq. Ümumiyyətlə, bu müddət ölkələrə görə 3-5 il arasında dəyişir.
- Bu vaxta qədər övladlığa verilən uşaqların istismar edilməsi və ya digər neqativ hallar yaşanıbmı?
- Sevindirici haldır ki, 10 il ərzində bu cür faktlar aşkarlanmayıb. Bu cür hadisələr yaşansa, qanunvericiliyin tələbinə uyğun tədbir görüləcək. Həmçinin övladlığa verilənlərin valideynlik hüququndan məhrum edilməsi də baş verməyib.
- 10 il ərzində nə qədər uşaq xaricə övladlığa verilib?
- Bu statistika hazırda yoxdur. Lakin təkcə bu il ərzində 6 uşaq övladlığa götürülüb. Onlardan üçü Rusiyada yaşayan soydaşlarımız, digər üçü Türkiyə, Almaniya və Gürcüstan vətəndaşlarıdır. Onlar əcnəbi ilə ailə qurublar və birinci nikahlarından olan uşaqlarını övladlığa götürüblər. Bu il sağlamlıq imkanı məhdud olan uşaqlar övladlığa götürülməyib. Ümumiyyətlə, bəzən ildə 8-9 uşaq övladlığa götürülüb. Lakin nəzarət güclü olduğundan 5-6 uşaqdan çox olmur.
- Əcnəbilərin seçimində cinsiyyət fərqi olur?
- Onlarda cinsə önəm vermirlər. Görünüşü də əcnəbilər üçün əsas deyil. Yeganə məqsəd bir uşağa ailə bəxş etməkdir.
- Bu gün övladlığa verilmə 3 qurum tərəfindən icra edilir. 3 yaşa qədər Səhiyyə, daha sonra Təhsil Nazirliyi, xarici ölkəyə isə Komitə. Bu işin bir mərkəzdən idarə edilməsi mümkündürmü?
- Biz həmişə bu məsələnin tərəfdarı olmuşuq. Qonşu ölkələrdə bu iş vahid mərkəzdən idarə edilir. Gürcüstanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində sosial xidmət agentliyi bu işi həyata keçirir. Biz də gələcəkdə Təhsil və Səhiyyə Nazirliyi tərəfindən icra edilən işin Komitəyə həvalə edilməsinin tərəfdarıyıq. Bu, həm də vətəndaşların işini asanlaşdırır. Komitənin ailə və uşaq siyasətini həyata keçirən təşkilat olduğunu nəzərə alaraq bu işdə mərkəz rolunu oynaması da yaxşı olardı.
- Övladlığa uşaq vermədə vətəndaşlar uzun növbələrdən, süründürməçilikdən şikayət edir...
- Övladlığa götürmə uzun çəkən prosesdir. Çünki burada bir uşağın taleyindən söhbət gedir. Hər bir uşağın ailədə yaşamaq hüququ var. Lakin bunun üçün ailə müvafiq sənədlərini toplamalıdır. Çünki, həmin sənədlər vətəndaşın valideyn olmaq hüququnu təsdiq edir. Bu müəyyən vaxt apara bilər. Ancaq hər bir sənədin əhəmiyyəti var. Təkcə bizdə deyil, bütün ölkələrdə bu sənədlər istənilir. Hər bir sənəd beynəlxalq standartlara uyğundur. Bəzən xəstəliklərlə bağlı dispanserlərin müxtəlif ərazidə yerləşməsindən də narazılıq edirlər. Xarici təcrübədə bütün xəstəliklər eyni mərkəzdə müayinə olunur. Lakin bu problemin həlli bizdən asılı deyil. Bəzən uşaq evlərində çoxlu uşaq olduğunu əsas gətirərək, uzun müddətli növbələrdən şikayət edirlər. Lakin həmin müəssisələrdəki uşaqların bir çoxunun valideyni var. Həmin uşaqları övladlığa verə bilmərik.
- Övladlığa uşaq seçərkən nələrə diqqət edirsiniz?
- Bizim məqsədimiz budur ki, ailənin tələbinə görə yox, uşağın ehtiyacına görə ailə seçilməlidir.İlk növbədə uşağın yaşına diqqət edirik. Azyaşlılarda çox da problem olmur. Əsas məsələ böyük yaşlı uşaqlarla bağlıdır. Bu cür müraciətlər isə az olur.
- Uşaqlar bu təklifləri necə qəbul edir?
- Uşaqlar bunu normal qarşılayır. Onlar müəssisə həyatındansa, normal bir ailə mühitində olmağı daha üstün tuturlar.
- Övladlıq üçün təklif etdiyiniz uşaqdan imtina edən ailə olub?
- Bəli, belə hallar olub. Bizə fiziki qüsurlu uşaqları götürmək üçün müraciət edirlər. Bir dəfə ayaq barmaqlarında qüsuru olan uşaq olub. Ailə onu götürmək istəməyib.
- Bu vaxta qədər övladlıq götürmək üçün müraciətə rədd cavabı vermisinizmi?
- Bir neçə belə vətəndaş olub. Biz həmin vətəndaşlarla bağlı ölkələrinin mərkəzi orqanlarından rəy ala bilməmişdik. Yadımda qaldığı qədərilə bir dəfə Avstriya, bir dəfə də Belçika vətəndaşına qarşı belə rəy verilib. Belçika vətəndaşında məhkumluqla bağlı məqamlar var idi.
- Bəs övladlığa verilən ailədə valideynlər öldüyü, ya da fiziki baxımdan uşağa baxmaq qabiliyyətlərini itirdikləri halda onlar geri qaytarıla bilərmi?
- Təcrübəmizə görə, adətən, belə hallara görə valideynlər əvvəldən bununla bağlı vəkalət verir. Ölümlərindən sonra müəyyən etdikləri qəyyumun uşaqla məşğul olacağını bildirirlər. Lakin bu sənəd məcburi deyil. Hər bir ölkədə uşaq hüquqları ilə məşğul olan qurum var. Belə hallar yarandığı halda, həmin təşkilatlar lazımı tədbirlər görülür. Həmçinin, bizə də məlumat verə bilərlər.
- Bizim vətəndaşlar hansı hallarda xaricdən övladlığa uşaq götürürlər?
- Həmin vətəndaşlar da bizim Komitəyə müraciət edir. Biz bu məsələdə vasitəçi rolunu oynayırıq. Azərbaycanlılar adətən, Gürcüstandan uşaq götürürlər. Çünki, Gürcüstanın bəzi bölgələrində azərbaycanlılar yaşayır, ailədə yaşanan problem, ya da valideynlər dünyasını dəyişdiyi halda, yaxın qohumlar övladlıq üçün müraciət edir. Azərbaycanlılar eyni zamanda Ukraynadan övladlığa uşaq götürmək üçün bizə müraciət ünvanlayırlar.
- Bizimlə əcnəbilər arasında övladlığa uşaq götürməyə yanaşmada əsas fərq nədir?
Əcnəbilər uşaqların öz ölkəsi ilə məlumatlı olması üçün çalışırlar. Bizdə ailə uşağın övladlıq olduğunu sirr kimi saxlayır. Lakin əcnəbilər uşaq özünü anlayanda övladlıq olduğunu, hansı ölkədə doğulduğu, dili və mədəniyyəti barədə məlumat verirlər. Hətta zaman-zaman ölkəyə gətirirlər.2001-ci ildə Azərbaycandan uşaq götürən iki ailə 10 il sonra təkrar müraciət etmişdi. Onlardan biri Avropa, biri ABŞ-da yaşayırdı. Uşaqların əvvəlki və bu ölkələrə gedəndən sonrakı şəkillərini gətirmişdilər. Uşaqlar dəyişmişdilər. Yaşadıqları ölkənin dilində çox gözəl danışırdılar. Azərbaycan dilində danışa bilmirdilər, ancaq ailələri onlara Azərbaycan haqqında yetərincə məlumat vermişdi. Uşaqlar azərbaycanlı olduqlarını unutmurdular.
- Əcnəbilərə övladlığa verilmə ilə bağlı dəyişiklik və yeniliklər gözlənilirmi?
- Qanunvericilikdə yalnız hesabat müddətinin artırılmasının tərəfdarıyıq. Bununla yanaşı həmin uşaqlarla görüşlərin keçirilməsini də planlaşdırırıq. ABŞ-da övladlığa verilən uşaqların bir assosiasiyası var. İldə bir dəfə Azərbaycandan uşaq götürən ailələrlə görüş keçirir. Bizim də gələcəkdə, bu ailələri və uşaqları Azərbaycanda bir konfransda bir araya toplamaq barədə ideyamız var. Düzdür, hamısını bir yerə toplamaq çətin olsa da, bu ideyanı gerçəkləşdirə bilərik.
Gülxar Şərif,
Foto: Elnur Muxtar
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO