Bakılı oğlanlar “Bəxt üzüyü 2” filmi ilə hamını ŞOKA SALACAQ: “Varlı ailələrin uşaqları...”
Bizi izləyin

Xüsusi

Bakılı oğlanlar “Bəxt üzüyü 2” filmi ilə hamını ŞOKA SALACAQ: “Varlı ailələrin uşaqları...”

Moşu ilə Rasim kimilərin...

Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyinə həsr olunmuş “Bəxt üzüyü 2” filmi çəkilib. Ekran əsərində Xalq artistləri Afaq Bəşirqızı, Valeh Kərimov, Rəfael Dadaşov, Firəngiz Rəhimbəyova, Tahir və Cabir İmanov qardaşları, aparıcı Fariz İlyasov, aktrisa Duyğu Dəvəli və başqaları rol alıb.

Publika.az “Planet Parni iz Baku” komandasının ideyası əsasında və Ənvər Mansurovun rejissorluğu ilə ərsəyə gələn filmin yaradıcı heyəti ilə müsahibəni təqdim edir.

“O dövrdə belə bir film çəkmək yaradıcı insanlar üçün həqiqətən də böyük qəhrəmanlıq idi”

Tahir İmanov:

- Tahir bəy, “Bəxt üzüyü 2” filmini çəkmək ideyası necə yarandı?

- Bu ideya üzərində tək biz yox, digər film şirkətləri də nə vaxtsa düşünüb. Şübhə etmirəm ki, “Bəxt üzüyü” 1991-ci ildə ekranlara çıxdıqdan sonra tamaşaçılar onun davamını gözləyirdilər. Şükürlər olsun ki, bu ideyanı reallaşdırmaq bizə qismət oldu.

Bir neçə il əvvəl “Ölülər”in təqdimatı üçün Gəncəyə gedəndə yolda filmlərdən söz düşmüşdü, SOY prodakşndan Dilarə Əliyeva da bizimlə idi. Onda “Yaxşı olardı ki, “Bəxt üzüyünün” davamanı çəkilsin” dedim. Dilarə xanım dərhal cavab verdi ki, “Biz artıq bunun üzərində çalışırıq”. SOY-un film üzərində işlədiyini biləndə biz kənara çəkildik. Hadisənin üstündən 8-9 ay keçəndən sonra Afaq xanımla görüşdük. Afaq xanımın ilk cümləsindən başa düşdüm ki, filmi çəkmək bizə qismət olacaq. O, “Mən ancaq sizinlə işləmək istəyirəm” dedi. Halbuki, bizdən əvvəl də ona çox təkliflər olmuşdu. Afaq xanım kimi böyük sənətkarın bizə qarşı olan etimadı böyük şərəfdir. Çəkilişlər payız aylarında Bakı şəhərində baş tutub.

“Bəxt üzüyü” filmi 1991-ci ildə efirə çıxıb. O dövrdə belə bir film çəkmək yaradıcı insanlar üçün həqiqətən də böyük qəhrəmanlıq idi. Sovetin dağılması bütün sistemin dəyişməsi demək idi. Bu da iqtisadiyyata, mədəniyyətə, incəsənətə və digər sahələrə təsirsiz ötüşməmişdi. Ekran işi müstəqil Azərbaycanın qurulduğu illərdə çətin şəraitdə Sədrəddin Daşdəmirovun prodüserliyi ilə baş tutub. Kollektiv olaraq Sədrəddin Daşdəmirova öz təşəkkürümüzü bildirirəm ki, elə bir çətin dövrdə şəxsi hesabına “Bəxt üzüyü” filmini ərsəyə gətirib. Yeri gəlmişkən onu da qeyd edim ki, həmin ərəfədə kinostudiya artıq dağılmağa başlamışdı, demək olar ki, yox idi. Ümumiyyətlə, “Bəxt üzüyü” Azərbaycanda istehsal olunan ilk kommersiya filmidir.

“Bəzi qapılar kimi xoşbəxtliyin də bəzən açara ehtiyacı olmur”

Afaq Bəşirqızı:

- Afaq xanım, “Bəxt üzüyü”ündə üzük simvolik məna daşıyır. Əslində burada söhbət bir nəfərin deyil, bütün xalqın taleyindən, bəxtinin itməsindən gedir. Sizin çəkdiyiniz versiyada kimin və ya kimlərin bəxtindən söhbət açılır?

- Bəxt üzüyü insan xoşbəxtliyinin açarıdır. Amma bəzi qapılar kimi xoşbəxtliyin də bəzən açara ehtiyacı olmur. Ya da elə olur ki, açar o qapıya düşmür, səhv seçilir. Vaqif Səmədoğlu ssenaridə üzüyü sadəcə bir bəhanə kimi göstərmişdi. Bir süfrədə çörək kəsdiyimiz, can deyib can eşitdiyimiz, dərdinə və problemlərinə yandığımız insanların münasibətlərinin bir saniyə içində bir dəmir halqaya görə dəyişməsi drammaturqun hiyləsi idi. Çox qəribədir ki, adi insanlar da, elm adamları da, sənətçilər də indiyədək məndən üzüyü kimin oğurladığını soruşur. Bu ssenaridə üzüyün sirri bir balaca açılır və onun əhəmiyyəti vurğulanır. Sonda da bütün konfliktlər bir üzüklə həll olunur.

“Övladının tərbiyəsi ilə məşğul olmağa vaxtı yoxdur”

Tahir İmanov:

- Tahir bəy, Vaqif Səmədoğlunun ssenarisində çoxlu mesajlar var idi. Bəs sizin ssenaridə hansı düşündürücü məqamlara və mesajlara yer verilib?

- Əlbəttə ki, yer verilib. Əsas mesajları Rafael müəllimin qızı ilə söhbətində görə biləcəksiniz. Başı biznesə o qədər qarışır ki, övladının tərbiyəsi ilə məşğul olmağa vaxtı qalmır. Bu barədə Rafel bəy özü danışsa, yaxşı olar.

Rafel Dadaşov:

- Filmdə oynamaq mənim üçün həqiqətən də böyük xoşbəxtlikdir. Afaq xanımla Valeh bəy artıq bir personaj kimi təsdiqlənmişdi, mənim olmağım isə tapıntı idi. Rasim təbiətcə çox yumşaq və humanist adamdır. Obrazı tam açmaq istəmirəm, təkcə onu deyə bilərəm ki, burada da düşündürcü məqamlar çoxdur. Bundan başqa birincidə mən “Mercedes” Rasim idim, burada isə “Vedma” Rasim.

Yeri gəlmişkən, çoxları elə bilmişdi ki, “Bəxt üzüyü”ndə sürdüyüm maşın özümündür. Sual verənləri pərişan etmək istəmirdim, bəzən deyirdim mənimdir, bəzəndə açıb həqiqəti söyləyirdim ki, mənim deyil.

Afaq Bəşirqızı:

- “Bəxt üzüyü”ndəki, yoxsa “Bəxt üzüyü 2” dəki Söylü obrazı sizə daha doğmadır? Və necə oldu ki, Tahir bəyin təklifini qəbul etdiniz?

- Ana öz övladını bir-birindən ayırmadığı kimi rollarım arasında fərq qoymuram. Aktyor güldürmək naminə komediya oynayırsa, yaxud da ağlatmaq naminə faciə oynayırsa, sadəcə ağlayır. Amma o, yaratmır və yaşamır. Aktyor oynamamalıdır, yaratmalıdır.

“Bəxt üzüyü” ilə bağlı 4 təklif gəlmişdi, 4-ünə də dərhal “yox” cavabı vermişdim. “Planet Parni iz Baku” komandasına etibar etdiyim üçün razılaşdım, ay yarım onların çıxışlarını izlədim. İşimi-gücümü atıb ssenari ilə tanış oldum və gördüm ki, işbirliyimiz alına bilər. İmanov qardaşlarının öz işinə çox məsuliyyətli və ciddi yanaşmasını yüksək qiymətləndirirəm.

Valeh Kərimov:

- Valeh bəy, sizin təəssüratlarınızı bilmək maraqlı olardı. Axır ki, xoşbəxtliyin qafiyəsini tapa bildiniz?

- “Qoymerler” (gülürük). “Bəxt üzüyü” həm aktyorluq karyeramda, həm də taleyimdə böyük rol oynayıb. Moşu sayəsində tanınmışam, adlar almışam. Birinci Sevda ilə Moşunun səhnəsi çəkilmişdi. Onda Sumqayıtda yaşayırdım. Evə gələndə bildim ki, oğul atası olmuşam. “Bəxt üzüyü 2”nin çəkilişləri bitəndə isə xəbər verdilər ki, nəvəm dünyaya gəlib. Bu ekran işi mənə çox doğmadır, ən ümdəsi odur ki, bütün Azərbaycan bizi tanıyır.

“Bəxt üzüyü” ilə “Bəxt üzüyü 2”ni bir-biri ilə müqayisə etməyin. Əgər “Bəxt üzüyü” 2-ci seriya yazılsaydı, onda müqayisə edilə bilərdi. Yeni çəkilən “Bəxt üzüyü” tamamilə fərqli ssenaridir, burada ssenari müəllifinin də, rejissorun da, yazıçının da, aktyorların da fikri tamamilə başqadır.

“Moşu kimilərin xoşbəxtliyə qafiyə tapan gücü yoxdur”

Afaq Bəşirqızı:

- Moşu kimilərin xoşbəxtliyə qafiyə tapan gücü yoxdur, əgər qafiyə tapsaydı, nə Söylü, nə də ki, onun yaşadığı cəmiyyət olacaqdı. Moşu və Rasim kimi adamlar istər filmdə, istərsə də həyatda qalib ola bilərlər. Çünki zəmanə adamlarıdır. Bu, 27 il əvvəl də, indi də belədir. Amma insan kimi cəmiyyətdə sayılmaq, nüfuz sahibi olmaq onların işi deyil.

Cabir İmanov:

- “Planet Parni iz Baku” konsertlərində həmişə improvizasiyalar olur. Cabir bəy, bəs bu filmdə necə o bacarıqlarınızı görə biləcəyik?

- İllər əvvəl KVN səhnələrində improvizasiyalara başlayanda komandamızın kapitanı Anar Məmmədxanlı və məndən yaşda böyük olanlar belə şeyləri xoşlamırdılar. Amma o improvizasiyalardan yeni-yeni səhnələr yaranırdı. Ümumiyyətlə, improvizasiyaları çox sevirəm. Bilirdim ki, 27 il əvvəl çəkilən “Bəxt üzüyü”nün bəzi səhnələri məhz Afaq xanımın və Valeh bəyin improvizasiyaları üstündə qurulmuşdu. Əmin idim ki, çəkdiyimiz filmdə də ssenaridə yazılmayan səhnələr olacaq. Odur ki, özümü böyük bir improvizasiya dənizində kiçik balıq kimi hiss edirdim. Bununla belə həm Valeh bəy, həm də Afaq xanımla mənim çox uğurlu improvizasiyalarımız alınıb. Filmdə Afaq xanımın qardaşını oynamışam.

“Tərbiyəmiz və mədəniyyətimiz icazə vermir ki, özümüzdən böyüyə cavab qaytaraq”

Tahir İmanov:

- “Bəxt üzüyü”nün rejissoru Ramiz Əzizbəyli sizin “Bəxt üzüyü 2”ni çəkdiyinizi saytlar vasitəsilə öyrəndiyini söyləyib. Ondan xeyir-dua almadığınız üçün incidiyini də gizlətməyib, bununla belə bütün yaradıcı heyətə uğurlar arzulayıb. İstərdim ki, bu məsələyə aydınlıq gətirəsiniz.

- Çox istərdim ki, filmimiz ekranlara çıxmamış onun haqqında qalmaqallı yazılar çıxmasın. Ramiz bəy özü böyük rejissordur. İnanın ki, Ramiz bəylə bu məsələni çoxdan həll etmişik.

“Bəxt üzüyü 2” Azərbaycanın görkəmli şairi, neçə-neçə ölməz əsərlərə imza atan drammaturqun 80 illik yubileyinə həsr olunub. Bu işdə ən böyük xeyir-duanı onun ailəsindən almalı idik. Nüşabə xanımla görüşüb onun icazəsini almışıq. Çünki bu əsəri yazan və Azərbaycanda populyarlaşdıran şəxs məhz Vaqif Səmədoğludur. O, öz millətini sevməsəydi, “Bəxt üzüyü”nü yaratmazdı.

Bu səbəblərə görə Ramiz bəyə cavab vermək istəmirdim. Bundan başqa tərbiyəmiz və mədəniyyətimiz icazə vermir ki, özümüzdən böyüyə cavab qaytaraq. İkincisi də onun səhhətindən yəqin ki, xəbərdarsınız. Bu vəziyyətdə biz tərəfdən ona heç bir neqativ fikir deyilməməlidir. Çünki səhhətinə mənfi təsir göstərə bilər və bunu özümüzə bağışlamarıq. Ona can sağlığı arzu edirəm.

Xahiş edirəm ki, “Bəxt üzüyü 2”ni digər filmlərlə müqayisə etməyəsiniz. Bizə qalmaqal lazım deyil. Çünki Afaq xanımla Valeh bəy qalmaqalla məşhurlaşmayıblar, digər “aktyorlardan” fərqli olaraq əsl sənət göstəriblər. Bu gün Azərbaycanda əvəzolunmaz korifey aktyorların da iştirakı ilə filmlər az çəkilir. Digər filmlər çox çəkilir və tez unudulur, onlara “odnorazoviy” şipris deyirəm.

“Drammaturq özü vaxtı ilə nöqtə qoyub”

Tahir İmanov:

- Tahir bəy, filmin treylerində Hüseyn və Saranı oynayan aktyorlarımız Ayşad Məmmədovala Gülşad Baxşıyevanı görmədik. Onların filmdə rol almamasının səbəbi nədir?

- Bəli, onlar “Bəxt üzüyü 2”də çəkilməyib. İdeyada əvvəlcədən onları görmürdük. Afaq xanımla bu barədə çox müzakirə apardıq. Qərara gəldik ki, həmin qəhrəmanlar arasında olan faciə öz həllini tapıb, artıq öz missiyalarını həyata keçiriblər. Drammaturq özü ona vaxtı ilə nöqtə qoyub.

Yadınızdadırsa, “Bəxt üzüyü”ndə Arif Quliyev də rol alıb. O, bizim filmdə də çəkilib, amma artıq sahə rəisi deyil. Hansı peşə sahibi olduğunu bizim filmə baxandan sonra biləcəksiniz və şoka düşəcəksiniz.

“Bu zəngi düz 27 ildir gözləyirdim”

Tahir İmanov:

- Firəngiz Rəhimbəyova uzun illərdir ki, Amerikada yaşayır. Bildiyim qədəriylə sizin dəvətinizlə çəkilişlər üçün Bakıya gəlib. Onu razı salmaq çətin olmadı ki? Ümumiyyətlə, hansı təəssüratlarla qayıtdı?

- Firəngiz xanıma zəng edəndə bizə “Mən bu zəngi düz 27 ildir gözləyirdim” dedi. Çox təsiredici sözlərdir. Los-Ancelesdən Bakıya 2 günə gəlib çatdı. 10 gün burada qaldı, vaxt tapıb yeni Bakımızı ona göstərdik. Onu şəxsən mən Xalça Muzeyinə, Heydər Əliyev Mərkəzinə apardım. Çox müsbət təəssüratlarla yola saldıq, bunu bir cümlə ilə xarakterizə edə bilərəm: “Mən başqa Bakıdan getmişdim” dedi. İşlərindən dolayı çox güman ki, təqdimat gecəsində iştirak edə bilməyəcək.

“Elə yüksək qonorar istədi ki, elə bildim Hollivuddan gəlib”

Tahir İmanov:

- “Bəxt üzüyü 2”də yeni simalar da görəcəyik. Aparıcı Fariz İlyasov və aktrisa Duyğu Dəvəli də rol alıb. Bu aktyorların oyunu sizi qane etdimi?

- Bu iki gənci tapana qədər çox əziyyət çəkdik. Kastinqə gələn aktyorlardan bir neçəsi elə yüksək qonorar istədi ki, elə bildim Hollivuddan gəlib. Biri də dedi ki, mətbuat xidmətim razı deyil və s. Belə söhbətlər bizi çox yordu.

Farizlə Duyğu çox məsuliyyətli, istedadlı və yumşaq gənclərdir. İkisi də bizim nə istədiyimiz çox yaxşı başa düşürdü və öz vəzifələrinin öhdəsindən layiqincə gəlirdilər. Bundan başqa Fariz canlandırdığı obraza çox uyğundur. Yaratdığı obrazın atası azərbaycanlı deyil, xaricidir. Bizə də yaraşıqlı, boy-buxunlu, idmançı bədəni olan aktyor lazım idi. Fariz isə bütün kriteriyalara çox uyğun gəlirdi. Odur ki, qərara gəldik ki, bu rolu Farizdən başqa heç kim daha yaxşı canlandıra bilməz.

“Cavanlıqda çox xətalara yol vermişik”

Tahir İmanov:

- Şübhəsiz ki, ekran işində müəyyən tənqid hədəfləriniz də olub. Sizcə, tamaşaçılar filmə baxanda orada özlərini tapacaq? Tənqid hədəfləriniz özünü tanıya biləcək?

- Əsas mesaj gənclərimizə ünvanlanıb. Söhbət varlı ailələrin uşaqlarından gedir. Şüurlu və ağıllı gənclər özlərini görə biləcək. Əlbəttə ki, hamısının üstündən xətt çəkmək istmirəm. Cavanlıqda hamımız çox xətalara yol vermişik. Yaxşı iş olmadığını dərk etdikdən sonra səhvlərimizi düzəltməyə çalışmışıq.

Əgər biz mesajımızı gənclərə çatdıra bilsək və gənclər səhvləri düzəltsə, deməli, qarşımıza qoyduğumuz missiyanı həyata keçirmiş kimi olacağıq.

Aytən,

Foto: Elnur Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm