Qan Turalıdan Cümhuriyyətlə bağlı MÖHTƏŞƏM İŞ: "İstərdim ki, insanlar..." - FOTO
Bizi izləyin

Xüsusi

Qan Turalıdan Cümhuriyyətlə bağlı MÖHTƏŞƏM İŞ: "İstərdim ki, insanlar..." - FOTO

May ayı Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşı ilə yaddaşlara yazıldı. Şərqin ilk Cümhuriyyətinin doğuluşunun yüzüncü ilini qeyd etmək üçün dünyanın dörd bir yanında Azərbaycan bayrağı dalğalandı. Bu müddət ərzində ərsəyə gətirilən şanlı tariximizə həsr olunmuş bədii və sənədli ekran əsərləri, səhnələşdirilən tamaşalar cümhuriyyət dövrünə səhayət etmək, millətinin azadlığı uğrunda canını fəda edən ziyalılarımızın həyat yolunun qaranlıq məqamlarını işıq üzünə çıxarmaq üçün əsaslı addımdır.

Publika.az xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səda” tədris teatrında təhsil ocağının istedadlı tələbələrinin iştirakı ilə “Hərə bir qəhrəman” adlı tamaşasının premyerası baş tutub.

Cümhuriyyətimizin 100 iliyinə həsr olunmuş tamaşanın ssenari müəllifi, yazıçı Qan Turalı ilə həmsöhbət olduq.

- Tural bəy, premyera münasibətilə sizi və əməyi keçən bütün yaradıcı heyəti təbrik edirəm.

- Minnətdaram.

- Vətən eşqi qoxan bu qəhrəmanlıq əfsanəsinin yaranma tarixindən danışa bilərsinizmi?

- Bu ilin əvvəlində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sabiq rektoru Fərəh xanım Əliyeva mənə Cümhuriyyətimizin doğum günü münasibətilə pyes yazmağı təklif etdi. Uzun fikir mübadiləsindən sonra tamaşanın rejissoru Gümrah Ömərlə araşdırmalara başladıq və qərara gəldik ki, Rəhim bəy Vəkilovun taleyindən bəhs edən əsər qələmə alım. Rəhim bəy biraz arxa planda qalmış, hətta deyərdim Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və digərləri kimi böyük siyası rol oynamamış bir insandır. Lakin onun həyat hekayəsi məni çox həyəcanlandırdı. Hadisələrin gedişatında bir sıra redaktələr olsa belə, əsər əvvəldən sonadək sənədlidir. Mən bu pyesi sənədli yuxu adlandırıram. Düşünürəm ki Rəhim bəy Vəkilovun, Mədinə Vəkilovanın, həmçinin 23 yaşında Cümhuriyyətimizin ilk Daxili İşlər naziri olmuş Mustafa bəy Vəkilovun həyatı 100 il sonra xatırlanmalı idi. Özü də pafosdan uzaq, üç gəncin kədərli hekayəsi kimi…

- Yaradıcı heyətin, rejissorun işini necə dəyərləndirirsiniz?

- Doğrudur, pyesin müəllifi mənəm, lakin elə məşqlər zamanı da bir sıra əlavələr edildi. Gümrah Ömər çox istedadlı rejissordur. Aktyorlar universitetin ikinci kurs tələbələridir, buna baxmayaraq obrazlarının öhdəsindən böyük peşəkarlıqla gəldilər. Düşünürəm ki, bu tamaşa nəinki universitet müstəvisində, bütövlükdə Azərbaycan teatr məktəbi səviyyəsində böyük hadisədir.

- Pyesinizi digər teatr truppalarının ifasında səhnələşdirmək istərdinizmi?

- Açığı bu haqda düşünmürəm, ehtiyac da görmürəm. Bu quruluş artıq Səda təris teatrının repertuarına daxil edilib və il ərzində gəlib baxmaq istəyənlərin ixtiyarına veriləcək. Özünüz də şahid oldunuz ki, tamaşanın üzərində böyük əmək, entuziazm var.

- Bundan sonra sənədli əsərlər üzərində çalışmağı düşünürsünüzmü?

- Çox güman ki, başqa səpkili dramlar yazaram. Çünki araşdırmanı evdə oturub yazmaq mümkün deyil.

- Tural bəy, tarixi faktları kənara qoysaq, bir qızla oğlanın saf sevgisindən bəhs edən kədərli məhəbbət əfsanəsinin şahidi olduq.

- Təbii… Bu yöndən də yanaşmaq olar. Əsər bir neçə qatlı olmalıdır.

- Sonda nakam sevənlər cənnətdə görüşürlər. Bəs Qan Turalına görə insanlar bu dünyadan köçəndən sonra hara üz tutur?

- İstərdim ki, insanlar elə bu dünyada qovuşub xoşbəxt olsunlar çünki bilmirik sonra başımıza nə gələcək.

Leyla Sarabi,

Fotolar: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm