Bu Azərbaycan mahnısını ifa etdilər, bütün Fransa paylaşır - Qrup üzvündən sevgi dolu SÖZLƏR
Bizi izləyin

Xüsusi

Bu Azərbaycan mahnısını ifa etdilər, bütün Fransa paylaşır - Qrup üzvündən sevgi dolu SÖZLƏR

Bu günlərdə internetdə Fransa musiqi bayramında Azərbaycana aid caz əsərləri ifa edən fransız qrupun görüntüləri yayıldı və sosial şəbəkə istifadəçilərində dərin maraq oyatdı. Bu hal bizim də diqqətimizdən qaçmadı, Publika.az olaraq musiqi qrupunun bas-gitaraçısı Çinar Böyükçinarı tapıb, müsahibə götürdük:

- Çinar bəy, Fransada böyümüsünüz?

- Xeyr. İstanbulda doğulub böyümüşəm. Elə orada Saint-Benoit fransız liseyini bitirmişəm. Sonra Fransaya köçüb hüquq ixtisası üzr təhsil almışam. Hazırda Strazburq şəhərində yaşayıram.

- Bəs musiqi qrupunuzu nə vaxt yaratmısınız?

- 2017-ci ildə “Sons of Smooth” caz qrupumuzu yaratdıq. Qrup 4 nəfərdən ibarətdir. Mən bas gitaraçıyam. Pianoçu və violonçel ifaçısı Luka Streit, zərb alətlərində Matyö Hoffman, nəfəs alətlərində isə Martin Geyerdir. Məndən başqa bütün qrup üzvlərimizin ali musiqi təhsili var. Hər üçü Fransanın müxtəlif şəhərlərində konservatoriyanı bitiriblər. Mən isə musiqi nəzəriyyəsini və ifaçılığı özüm öyrənmişəm.

- Smoothun oğulları… Diqqətçəkən ad vermisiniz qrupa…

- “Smooth jazz” cazın bir növüdür. Qrupumuzun adı buradan gəlir. Yəni Smoothun oğulları deməkdir. Çünki biz cazla fank, soul, r&b, bossa-nova kimi digər musiqi üslublarını da sintez edirik. Ən əsası isə Şərq musiqisindən çox bəhrələnirik.

- Bu gün adını musiqi tarixinə yazdırmaq istəyən hər bir musiqi qrupunun ilk işi albom çıxarmaq olur. Sizdə necə, albom varmı?

- 2017-ci ildə Fransada "Compilation" adlı albomumuz işıq üzü gördü. Fransanın bir çox şəhərinin məşhur konsert salonlarında, mədəni tədbirlərində, musiqi festivallarında konsert proqramları ilə çıxış edirik. Sosial şəbəkələrdə də kifayət qədər fəalıq, sonsofsmooth.com adlı saytımız fəaliyyət göstərir.

- Fransa miqyasında kifayət qədər məşhursunuz…

- Mediada haqqımızda tez-tez xəbərlər çıxır, Alzas bölgəsinin ən məşhur qəzetı “DNA” bizdən yazır. Hətta bir dəfə saytların birində karikaturamız hazırlanmışdı.

- Necə düşünürsünüz, bir türk üçün avropalı musiqiçilərlə çalışmaq çətindir?

- Uzun müddətdir Fransada yaşayıram. Ölkəyə də, dilə də çoxdan alışmışam. Odur ki, musiqiçi dostlarımla da heç bir problem yaşamadım. Hər birimiz dünyanın bütün musiqi janrlarına maraq göstərən insanlarıq. İlk gündən bəri heç bir problem, anlaşılmazlıq olmayıb. Hər birimiz musiqini mədəniyyətlərin vəhdəti, dialoqu kimi görürük. Bizi də bu birləşdirir.

- Əslində idman da eyni prinsipləri yerinə yetirir, amma sevimli Mesut Özilin başına gələnlər məni bir az məyus etdi. Madam ki, mədəniyyətlər arası dialoqlardan söz düşdü, sizcə, musiqinin dili varmı?

- Məncə, musiqinin dili var. Hər mədəniyyətin özünəxas bir musiqi dili olduğunu düşünürəm. Məsələn, Avropanın klassik musiqisi, Amerikanın cazı, hind musiqisi, orta Asiya xaqlarının muğamı var. Amma bütün bu musiqilər bir-biri ilə sıx ünsiyyətdə və əlaqədədirlər. Məsələn, cazla muğamın vəhdəti çox möhtəşəm səslənir. Musiqiçilər bu janrları duyduqları kimi də cəmiyyətə ötürə bilirlər. Tək fərq həmin xalqların musiqi alətlərindədir.

- Çinar bəy, Strazburqda təşkil olunan musiqi festivalında Əzizə Mustafazadənin kompozisiyalarını səsləndirdiniz. Möhtəşəm ifanızı fransızlar da heyrətlə izlədilər. Bu haqda danışa bilərsinizmi?

- Bəyəndiyiniz üçün təşəkkür edirəm. Vaqif Mustafazadə və Əzizə Mutafazadəni uzun müddətdir tanıyıb, sevirəm. Bu yaxınlarda Strazburqda yaşayan yazıçı dostum Nicat Kazımovla söhbətləşirdik. Mənə bu musiqiçilərin kompozisiyalarına üz tutmağı tövsiyə etdi. Fikir çox xoşuma gəldi, ideyanı qrup yoldaşlarımla da bölüşdüm. Əzizə xanımın “Dance of fire” albomunu çox dinləmişəm. Albomdakı əsərləri dostlarıma da dinlətdim. Hər kəs kompozisiyalardakı harmonik zənginliyə heyran qaldı. “Bana bana gəl”, “Dance of fire” əsərlərini öz tərzimizdə ifa etdik. Strazburqun musqi bayramında da bu kompozisiyaları səsləndirdik. Fransızlar da böyük zövq aldılar.

- Qrupunuzun digər üzvləri türk musiqisinə necə yanaşırlar?

- Çox sevirlər, maraqla yanaşırlar. Çünki biz caz qrupuyuq və musiqimizin ruhunda azadlıq, sərbəstlik var. Bu xüsusiyyətlər türk musiqisində də var.

- Musiqi bizi bir neçə dəqiqə ərzində əbədiliyə qovuşduran möcüzədir. Bəs sizin üçün musiqi nədir?

-Mənim üçün musiqi bir növ rahatlığa qovuşmaq vasitəsidir. Musiqi dinləyəndə, ifa edəndə duyğularımı daha da dərindən yaşayıram. Ən kədərli, xoş anlarımı musiqinin müşaiyətilə keçirdirəm. Musiqini əhvalıma görə seçirəm və özümü onun ixtiyarına verirəm. Musiqi ilə yanaşı, musiqi alətlərinə də dərin marağım var. Alətlər hazırlanan emalatxanalarda oluram, bütün detallarla maraqlanıram. Bu da çox sevdiyim hobbimdir.

- Sizə hobbilərinizdə uğurlar. Qrupunuzla birgə tezliklə Fransanın sərhədlərini aşmağı arzulayıram.

- Təşəkkür edirəm.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm