Alim ŞOK FAKTLARI AÇDI: “Qarakənddən cəsədləri gətirdi, həlak olanların hamısı...” - - VİDEO
Bizi izləyin

Xüsusi

Alim ŞOK FAKTLARI AÇDI: “Qarakənddən cəsədləri gətirdi, həlak olanların hamısı...” - - VİDEO

Publika.az Teleqraf.com-un “Brifinq” layihəsində Bakı Dövlət Universitetinin “Ərəb filologiyası” kafedrasının professoru, filologiya elmləri doktoru Aida Qasımova ilə müsahibənin ikinci hissəsini təqdim edirik:

Əvvəli burada

Qurban Yaquboğlu: Çox dartışılan mövzulardan biri də orta və ali məktəblərdə dinin tədrisi ilə bağlıdır. Bəziləri bunu təhlükəli hesab edir, bəziləri tamamilə normal və gərəkli olduğunu düşünür.

- Dünyanın nüfuzlu universitetlərinin əksəriyyətində dini dərslər tədris olunur, tədqiqatlar aparılır. Din elmi əsaslarla öyrənilməlidir. Gənclərə dini alim öyrətməsə, təriqətçi öyrədə bilər. Onların beyni ağ səhifədir, qoy, o səhifəni təriqətçilikdən uzaq elm adamı yazsın, onlara dinin tarixini öyrətsin.

Din özü də bir siyasətdir. Vəhhabiliyin, rafiziliyin kökündə siyasi məqsədlərin dayandığı izah etmək lazımdır ki, gedib kiməsə uymasınlar. Mən də düşünürəm ki, dinin tədrisi lazımdır.

Mənsur Rəğbətoğlu: Kosmosun tədqiq olunması və ya hansısa elmin kəşfində Quranın rolu nə dərəcədə önəmlidir? Müsəlmanların bir şakəri var, bir kəşf olanda deyilir, Quranda bu barədə var. Quran necə elm ola bilər?

- Bibliya ilə bağlı da belə iddialar çoxdur. Mənim özüm bir vaxtlar Qiyamət günü ilə bağlı Quran ayələrini araşdırmışdım. 1990-cı illər idi, dini təzə-təzə öyrənirdik. Mənə çox qəribə gəlirdi, dünyanın sonunun, qiyamətin bütün əlamətlərini sanki Quranda görürdüm. Məsələn, “pislik yağışı”nı radiasiya yağışı kimi qavramaq olar. Təkvir surəsində Günəşin sönəcəyi bildirilir.

Mənsur Rəğbətoğlu: Bu, elm deyil axı. Bunu şair də yaza bilər...

- Təbii ki, elm deyil. Mənim dinin tədrisi ilə bağlı nəzərdə tutduğum İslamın yarandığı ictimai, siyasi, əqli, mənəvi şərait, peyğəmbərin həyatı, onun missiyası, təriqətlərin necə yaranması, əsas ehkamlarıdır. Şagird və tələbə dinin mahiyyətini bilməlidir. Din, əlbəttə, elmi əvəz edə bilməz.

Sevinc Xan qızı Süleymanova: Bakı Dövlət Universitetinin professorusunuz, şərqşünaslıq fakültəsini bitirən tələbələrin aqibəti necə olur? Onlar ancaq tərcümə mərkəzlərində çalışırlar, yoxsa necə?

- Sovet dövründə bizim qeyrətli alimlərimiz başa düşürdü ki, Azərbaycan ədəbiyyatının tədqiqi birbaşa Şərq dilləri ilə bağlıdır. Təhsil aldığım illərdə ərəb filologiyası ilə yanaşı mənə Azərbaycan dili və ədəbiyyatı üzrə də ixtisas verilmişdi. Müstəqillik dövründə filologiya bölməsi bağlandı və regionşünaslıq ixtisası onu əvəzlədi.

Sonra fakültədə yenidən filologiya bölməsi açıldı. Amma yenə də hər şey ürəyimizcə olmadı. Bu özünü uğursuz dərs bölgüsündə göstərir. Tələbəyə qeyri-ixtisas fənni olan fars dili ilə bərabər ixtisas fənni olan ərəb dilinə eyni dərs saatı ayrılır. Elə fənlər var ki, məsələn, ümumi dilçilik, dilçiliyin əsasları, ədəbiyyatşünaslığın əsasları və s. onların saatı ərəb dilinin hesabına süni şəkildə artırılır. Biz oxuyan vaxt həftədə beş dəfə ərəb dili keçmişik. Niyə belə edirlər? Axı bu, ixtisas fənnidir, dünyada çətinliyinə görə Çin dilindən sonra ikinci yerdə ərəb dili dayanır. Bilmirəm, bu dərs bölgüsü universitet, yoxsa Təhsil Nazirliyi səviyyəsində bu cür bərbad aparılır. Bu tələbələrin imtahandan kəsilmək şansı çox böyükdür. İndi həmin tələbələr üçüncü kursda oxuyurlar və gedib kənarda ərəb dili kursuna yazılırlar. Heç olmazsa, həftədə dörd dəfə ərəb dili tədris olunmalıdır. Gələn il məzun olacaqlar, bir kitabı başa vura bilmirlər. Axı, bu tələbələr gələcəyimizdir, belə olmalı deyil.

Nərgiz Ehlamqızı: Bəzən tələbələr gileylənir ki, qəbul balım hüquq, yaxud tarix fakültəsinə çatmadı, gəlib şərqşünaslıq fakültəsinə daxil oldum. Tələbələrin ərəb dilini öyrənməyə meyli necədir?

- Elə olur qrupda iki-üç tələbə ərəb dili ilə həqiqətən maraqlanır. Bu, özü də böyük uğurdur. İndi ikinci kursda oxuyan tələbələrə ərəb ədəbiyyatı fənnindən dərs deyirəm, çox savadlıdırlar, öyrənməkdən ötrü dəridən-qabıqdan çıxırlar. Onu da deyim ki, indi yeni nəsil yaranır. Mövzumun biri üz cizgiləridir, üzə baxanda insanların daxilini bilirəm. 20 il bundan qabaq tələbələrin üzündə gördüyüm o çəkingənlik, qorxaqlıq, illərin köləliyindən əmələ gələn yazıqlıq indiki gənclərin üzündə yoxdur. Bu gənclər müstəqilliyin övladlarıdır. Biz müstəqilliyin qədrini bilməliyik.

Qurban Yaquboğlu: Müasir elmin səviyyəsi sizi qane edirmi?

- Konkret olaraq ədəbiyyatşünaslıq, ərəbşünaslıqda vəziyyət heç də ürəkaçan deyil. Sovet dövründə Azərbaycanın bir çox görkəmli alimləri olub. Həmin alimlərin məktəbi unudulub, səviyyəsiz əsərlər ortaya qoymaqla onların xatirəsinə hörmətsizlik edilir. Axı, bizim alimlərimiz, ənənəmiz olub.

Azərbaycan elmi sovet elminin möhtəşəm bir qolu olub, indi sanki o, unudulub. Plagiat baş alıb gedir. Bir kitabın plagiat olduğunu açırsan, deyirlər, mənimlə şəxsi-qərəzliyi var. Plagiatı açmayanda da vicdan əzabı çəkə-çəkə qalırsan. Bir tərəfdən türklərin, digər tərəfdən rusların əsərlərini və ərəb mənbələrini tərcümə edib gətirirlər. Zülmlə iki-üç ilə 1 kitab yazırsan, bir də görürsən başqası bir ilə 5 oğurluq kitab buraxıb.

Son vaxtlar prezidentimiz bu məsələ ilə bağlı sərəncam verdi; savadsız adamlar elmə müdaxilə etməməli, elmə daxil olmamalıdır. Heç olmazsa, böyük alimlərimizi, onların xatirəsini fikirləşək, Azərbaycan elminin bu günə düşməsi ilə razılaşmayaq.

Sanki plagiat qəbul olunub... Deyirsən olmaz, deyir, hamı haradansa köçürüb yazır. Bizim sovet dövründə alimlərimiz olub, onlar bir əsər yazanda yüzlərlə kitab oxuyublar, mənbələrlə işləyiblər, tədqiq ediblər. Sənsə gedib ərəbin, rusun kitabını başqasına tərcümə etdirib gətirirsən, gündə bir kitab çıxarırsan...

Dilçilik İnstitutunda orfoqrafiya lüğəti ilə bağlı məsələ qalxdı və bu məsələ hələ də uzanmaqdadır. Mənə elə gəlir ki, AMEA prezidenti Akif Əlizadə buna ya münasibət bildirməlidir, ya bir komissiya təşkil etməlidir. Bilirsinizmi, biz ya qəbul eləməliyik ki, plagiat olar, hamı oğurluq eləsin, ya da bunun qarşısı alınmalıdır.

İndi plagiat lətifəyə çevrilib. Bir tanışım danışır ki, müəllim yoldaşlarımızdan biri – söhbət Bakı Dövlət Universitetindən getmir – götürüb tələbəyə mövzu verib, tələbə yazıb və müdafiə edib, həmin müəllim öz kitabına tələbənin buraxılış işini kopiyalayıb atıb, məzmununa da baxmayıb. İndi insanlar nəinki başqasının kitabını oxumurlar, heç öz kitablarından da xəbərləri olmur. Sözümə qayıdım. Həmin tələbə rus dilindən tərcümə edəndə mətndə germonofil sözü olub, yəni almanpərəst. Bu tələbə bunu “alman fili” kimi tərcümə edib, həmin alimin kitabında da “alman fili” ifadəsi gedib.

Bizim görkəmli alimlərimiz – Həmid Araslı, Aida İmanquliyeva, Mübariz Əlizadə, Malik Mahmudov, Rüstəm Əliyev olub. Necə oldu, biz bu günə gəlib düşdük, bu dərəcədə oğru olduq? Bir tanışım var, rus alimidir, mənə yazır ki, xahiş edirəm, mənim kitablarımdan orada nə isə oğurlasalar, mənə bildir. Azərbaycan elmini bu səviyyəyə salmaq olmaz.

Kitab nəşr edirlər, ortalığa qoyurlar, baxırsan ki, kitabda on üslub var. Alimin bir üslubu olar. Oradan-buradan göçürülər.

İkinci məsələ gizlədilən kitablardır. Bunlar kitabı yazıb elmi dərəcə alırlar, amma ortada kitab yoxdur, çap eləsələr də, ortalığa çıxarmağa qorxurlar. Mənim kitablarım, məqalələrim hamısı internetdədir, kimə lazımdırsa, academia.edu saytına baxsın. O gün oxuyuram, haradasa kimsə kiminsə kitabını tənqid edib, biri o birindən soruşub ki, o, kitabı necə əldə edib?.. Görün, iş nə günə çatıb ki, kitabları tapmaq olmur. Bunun qarşısını almağın bir yolu var; kitab yazmısan, zəhmət çək, qoy internetə. Ərəb ölkələrində, Türkiyədə, Rusiyada elə proqramlar var ki, oğurluğu dərhal özləri tapacaq. Kitablar müdafiə şurası üçün yazılır, beş-altı vəzifəli qeyri-professionalları aldatmaq üçün yazılır.

Nərgiz Ehlamqızı: Deyəsən, indi plagiat proqramları ilə yoxlanılır.

- Bu proqramlar da başabəla proqramlardır. Tərcüməni aşkarlaya bilmir, rusca yazmısansa rusca plagiatı, Azərbaycan dilində yamısansa, azərbaycancanı tapır. Tutaq ki, mən deyirəm, bu kitab filan alimin kitabının tərcüməsidir, gedir plagiat proqramından arayış gətirir ki, kitabımda plagiat yoxdur. Çünki Azərbaycanın plagiat proqramları tərcüməni tapa bilmir.

Qurban Yaquboğlu: Problemlərə toxundunuz, Feysbukdakı statusunuzda dərs yükünün ağırlığını da qeyd eləmişdiniz...

- Düzdür, yoruluram, amma tələbələrlə olmaq, onları öyrətmək xoşdur. Həftədə 16 saat dərs yükü professor üçün həddən artıq çoxdur. Niyə belə olur, mən özüm də bilmirəm. Fürsətdən istifadə edib tələbələrin bəzi xahişlərini də diqqətinizə çatdırmaq istəyirəm.

Əvvəla, onu deyim ki, tələbələr cəmiyyətin ən incə, həssas və ümidverici təbəqəsidir, biz onlara xüsusi qayğı göstərməliyik. Tələbələrin əksəriyyəti uzaqdan – Hövsan qəsəbəsindən, Sumqayıt, Xırdalan şəhərindən gəlir, bir neçə marşrut dəyişirlər, inanırsınız, yol pulu çatmır. Çox arzulayardım ki, tələbələrin ictimai nəqliyyatdan pulsuz və ya güzəştlə istifadəsinə göstəriş verilsin. Tələbələr çox çətinlik çəkilər, məcbur olub dərsdən sonra gedib toyxanalarda ofisiant işləyirlər.

İkincisi, yay gəlir, 20 qəpiklik sular universitetlərdə 50, bəzən 80 qəpiyə satılır. Bəlkə tələbə susuzdur, pulu da yoxdur, neyləsin, ciyəri yansın? Yaxı olardı ki, dəhlizlərdə, auditoriyalarda pulsuz sular qoyulsun, ya da suların qiyməti aşağı endirilsin. Sivil dünyadır, Avropada ictimai yerlərdə, ali məktəblərdə ümumi istifadə üçün avtomatik su aparatları var.

Nərgiz Ehlamqızı: Bakı Dövlət Universitetinin yeni rektorunun tələbələrə münasibəti barədə vaxtaşırı pozitiv məlumatlar yayılır, bu məsələləri onun da diqqətinə çatdırmaq olar...

- Mənim özüm üçün də sürpriz oldu, 30 ildir müəllimlik edirəm, heç vaxt zəhmətim qiymətləndirilməyib, amma bu yaxınlarda xaricdə çap olunan məqalələrimi qiymətləndirdilər. Əlbəttə, islahatlar elm müəssisələrinə də gedib çatıb. Onu da vurğulayım ki, Bakı Dövlət Universitetinin inkişafında müstəqillik dövründə böyük dəyişikliklər olub. 20 il bundan qabaqkı universitetin binasına da baxın, indikinə. Yaxud şəraitə, kitabxanalara baxın. Həqiqətən çox böyük dəyişikliklər var.

Yeni rektor eşitdiyimə görə, çox demokratik adamdır, onu bufetdə tələbələrlə görmək mümkündür. Çox ümid edirəm ki, yaxşılığa doğru dəyişiklik davam edəcək. Bundan əvvəl Elmin İnkişaf Fonduna rəhbərlik etməsi universitetin yalnız təhsil deyil, elm ocağı kimi çiçəklənməsinə də ümidləri artırır.

Qurban Yaquboğlu: “Eşitdiyimə görə” deyirsiniz... Yeni rektorla görüşməmisiniz?

- Bir dəfə sertifikatımı verəndə görüşmüşəm. Mən xoşlamıram, tez-tez gedim, özümü hər dəqiqə tanıdım və sair. Getdiyim auditoriyadır, gəldiyim ev.

Aynur Camalqızı: Sizi Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasovanın qızı kimi çoxdan tanıyıram. Səhv etmirəmsə, 1988-ci il idi, o vaxt qəzet və jurnalları poçtalyon gətirirdi. Qəzetləri gətirdi, arasında “Azərbaycan qadını” jurnalı da vardı. Üz qabığında baxdım, üç gözəl qızın şəklini vurmuşdular – sizin və bacılarınızın fotosu... Moskvadan gəlmiş rus jurnalist mərhum ananızın Qarabağ məsələsi ilə bağlı fəaliyyətinə görə sizdən müsahibə almışdı, jurnal da tərcümə edib yayımlamışdı.

O vaxt mən məktəbli idim, həmin müsahibə, həmi şəkil dünyagörüşümdə ciddi dönüş elədi. Fikirləşdim ki, mütləq təhsil almalı, irəli getməliyəm, özünüzün də xəbəri olmadan mənə böyük stimul oldunuz. Tanımadan-bilmədən o vaxtdan sizi sevmişəm. Mənə maraqlıdır, Ağdamda doğulmusunuz, böyümüşünüz, indi həmin bölgə işğal altındadır, o illəri, Ağdamı necə xatırlayırsınız?

- Ağdamda yaşadığımız günlərə hər şeyi qurban verərdim. Tez-tez Kislovodskiyə getməyi xoşlayıram. Çünki ora mənə Ağdamı, onun təmiz havasını xatırladır. Ağdamın xüsusi ətri var idi. Çox vaxt buradan təyyarə ilə gedirdik, 50 dəqiqəyə çatırdıq, orada bizi aeroportun müdiri Məzahir əmi qarşılayırdı. Aeroportdan evə gələn yolda gözəl, ətirli hava...

Sözün düzü, bu barədə çox fikirləşirəm, indiki düşüncələrim 20 il öncəki kimi deyil. Hesab edirəm ki, nəyin bahasına olur-olsun, bu müharibəyə imkan vermək olmazdı. Qarabağın azərbaycanlı sakinlərinin sayı sürətlə artırdı. Hər ailədə ən azı 6 uşaq böyüyürdü, 10-dan çox uşağı olan ailələr də vardı. Amma erməni qadınlarının bətni quruyurdu, artmırdı. Əgər müharibə olmasaydı, Qarabağda demoqrafik durum bizim xeyrimizə dəyişəcəkdi.

Qurban Yaquboğlu: Hesab edirsiz ki, Qarabağ müharibəsinin demoqrafiq səbəbi də varmış?

- Bəli. Zori Balayanın “Ocaq” kitabında demoqrafik vəziyyətdən bəhs olunur. Müharibənin bir səbəbi də azərbaycanlıların sayca artımıydı. Onlar müharibəni etməklə azərbaycanlıların Qarabağda artımının qarşısını aldılar. Gərək o müharibə olmayaydı...

Bəzi məsələlər səbir tələb edir. Mən sülh tərəfdarıyam. Biz sülhə nail olsaq, demoqrafik yolla o yerlər onsuz da bizim olacaq.

Aynur Camalqızı: Sosial şəbəkələrdə bəzən neqativ fikirlər səslənir, ümidsizlik hiss olunur, bəziləri deyir, artıq Qarabağ əlimizdən çıxıb... Bu şeyləri eşidəndə həddən artıq əsəbiləşirəm. Çox inanıram ki, insan bir şeyə inananda mütləq həyata keçir.

Təbii ki, bu məsələnin dövlətlərarası danışıqlar yolu ilə həlli, yaxud müharibə variantı var. Məsələnin siyasi tərəfini bir kənara qoyuram, sırf mənəvi müstəvidə, özünüz qarabağlı olaraq inanırsınızmı Qarabağ qayıdacaq?

- Əlbəttə, qayıdacaq. Ola bilər, biz onu görməyək, amma 100 faiz qayıdacaq. Müharibə yolu ilə olmasa da, sülhlə torpaqlarımızın qayıdacağına inanıram. Bizim uşaqlığımız, gəncliyim, həyatımız, o torpaqlarda keçib. Təsəvvür edin, Ağdamdan daha çox Turşsunu xatırlayıram. O vaxt isti düşən kimi atam bizi yığıb Turşsuya, Şuşaya aparırdı. Özümüz burada olsaq da, ruhumuz oradadır.

Aynur Camalqızı: Ananız qəhrəmanınız idimi?

- Anam qeyri-adi bir insan, kişi qeyrətli bir qadın idi, çox səxavətli idi. O, qapısına 50 min manata gələni də, 50 manata gələni də boş qaytarmazdı. Pul, var-dövlət onun üçün həqiqətən əl çirki olub. SSRİ Ali Sovetinin deputatı və Sosialist Əməyi Qəhrəmanı olan anam o vaxtlar öz statusundan istifadə edib onlarla, bəlkə də yüzlərlə gəncin təhsil almasına nail olub. Yayın istisində Bakıya gəlib rektorların qəbuluna düşürdü. O vaxt qəbul test üsulu ilə deyildi, institutlara qəbul olmaq çox çətin idi.

Anam bir yandan sərt olub, o biri yandan çox ürəyiyumşaq, səmimi, mehriban idi. O, əsl qəhrəman idi. 20 noyabrda Qarakənd faciəsi zamanı Qarakəndə gedib cəsədləri anam yığıb gətirib. Həmin hadisədə şəkər xəstəliyinə tutuldu. Anam özünü çox təhlükələrə atmışdı. O vaxt başa düşmürdüm, indi anlayıram ki, bəlkə də qardaşım dünyasını dəyişdiyi üçün ölmək istəyirdi. Cəsədləri gətirəndən sonra anamın halı xarablaşdı, şəkəri birinci dəfə qalxdı. Çünki həlak olan adamlarla dost idi. Baş prokuror İsmət Qayıbov bir ay idi anamın kabinetində çalışırdı, Daxili işlər naziri Məhəmməd Əsədovla dost idi, Vəli müəllimlə həmişə Moskvaya bir gedirdi, jurnalist Alı Mustafayevi öz oğlu kimi çox istəyirdi, Osman Mirzəyevlə münasibəti y axşı idi.

Anam Əsgərana, Xocalıya silah aparardı. Anam qorxmazdı, Ali Sovetin deputatı kimi toxunulmazlığı vardı, maşını heç vaxt yoxlanılmırdı, alma yeşiklərinin altında həmişə silah daşıyırdı. Özü ilə qohumlarını götürürdü, yad uşaqları aparmazdı.

Bir dəfə toy məclisində idim, Kürdəmir rayonundan bir kişi mənə yaxınlaşdı, bir əhvalat danışdı. Dedi, bir dəfə Kürdəmirdən silah aparmışdıq, ananla getdik, həmişə postda ruslar dayanırdı, amma bu dəfə gördük ermənilər dayanıb. Bilmək olmurdu deputat nişanına baxacaqlar, ya yox. Anan saxlanc yerindən iki tapança çıxardı, birini özü götürdü, birini də mənə verdi, dedi: Bunu gizlət, tutulsaq, sən məni vur, mən səni...

Aynur Camalqızı: Bunu mənə qohumlarınız danışıb, bilmirəm, xatırlatmaq nə qədər doğrudur. Amma həm də fikirləşirəm ki, bu, nümunədir, ibrət götürülməli bir məsələdir. Bacınızın nişanı günü qardaşınız rəhmətə gedib və evdə qonaqlar, çal-çağır olub. Ananız hamıdan gizlədib, nişan mərasimi qaydasında baş tutub, səhəri gün yas çadırı qurulub...

- Anamın ətrafında həmişə əfsanələr dolaşıb. Nəsimidən danışanda da dedim ki, xalq bir qəhrəmanını sevəndə onun haqqında əfsanələr yaradır. Siz deyən hadisə gözümün qabağında olub. Hadisə nişan gününün səhəri olub.

Aynur Camalqızı: Neçə yaşınız vardı onda?

- 14 yaşım vardı, atam qardaşımın ölümü barədə eşidəndə yıxıldı, düzdür, işə gedib-gəlirdi, amma o yıxılan oldu, həyatda özünü cəmləyə bilmədi. Anam cəsədi gətirdi, qonaqları yola saldı, sonra yas məclisini açdı. Başqa qadın olsaydı, ağlayıb qışqırardı, gözünə heç nə görünməzdi, yox, elə olmadı, özünü ələ ala bildi, qonaqları yola salıb yas məclisi qurdu. O hadisə bizi məhv elədi, bütün ailə məhv oldu.

Çox təəssüf ki, bizim qəbirlərimiz də orada qaldı. İnanmıram heç orada qəbir daşları qala. Eşitdiyimə görə, Ağdamın evləri mismarına qədər sökülüb.

Aynur Camalqızı: Özü də ən gözəl evlər Ağdamda idi.

- Bəli. Ağdam alınmamışdan qabaq biz evimizi yaxşı təmir də etmişdik, mozaika döşəmə, qoz qapılar...

Aynur Camalqızı: Bakıda son illər artan villa kimi tanınan evlər Ağdamda adi evlər idi...

- Qarajdan evin altına girmək olurdu. Mənim yataq otağım qarajın üstü idi, qarajın üstündə yatırdım, altda 3 maşın vardı, Qarabağ məsələsi ilə bağlı ora silah anbarı olmuşdu.

Bir məsələni xüsusi qeyd etmək istəyirəm, indi xalqlar arasında çaxnaşma salmaq meylləri də var. O qaraja ən çox silah cənub zonasından, Lənkərandan gəlirdi. Çox təəssüf ki, o kişinin adı yadımda deyil, bir qaraqabaq, zəhmli kişi hər həftə gəlirdi.

Aynur Camalqızı: 1988-ci ildə Topxana meşəsinin qırılmasından sonra insanlar Ağdamda yığışıb ermənilərin üstünə getmək istədi, ananız yaylığını çıxarıb onların qarşısını atdı. İnsanlar da ona tabe oldular.

- Yenə deyirəm, anamın ətrafında əfsanələr həmişə dolaşıb. Anam həmişə papaq qoyurdu, amma yaylıq söhbəti də olub. Eşitdiyimə görə, yaylığı evdən gəlib götürüb. Bir məsələ də var ki, burada nə Xuraman, nə də onun yaylığı heç bir iş görən deyildi. Qarabağ məsələsi təbii ki, rus imperiyasının əlində idi. İndi də onların əlindədir. O vaxt 366-cı motoatıcı alay vardı, hazır vəziyyətdə dayanmışdı, hətta qayıdan kütləni də öldürmək haqqında əmr verilmişdi.

Anam danışırdı ki, respublika rəhbərlərindən olan Telman Orucov generalla bu barədə danışmışdı, demişdi, insanlar artıq geri qayıdıblar, atəş açmayın.

İndinin özündə də çox adamlar deyir, Qarabağı müharibə yolu ilə alaq. Unutmayaq ki, biz böyük dövlətlərin əhatəsindəyik, biz kiçik dövlət kimi nə qədər baş qaldırsaq da, onlara tabeyik. Mənim fikrimcə, Qarabağın həlli Rusiyadan keçir. Bəlkə də səhv edirəm.

Aynur Camalqızı: Xeyirin şərə qalib gələ bilməməsi ilə bağlı Feysbukda maraqlı statusunuz vardı. Vurğulamışdınız ki, nə islam, nə də xristian dini bu suallara cavab verə bilir. Manixeyçilikdə bunun müəyyən izahı var, deyilir ki, şər nə qədər güclü olsa da, cahildir, özünü öz içərisində məhv edir.

Bu günlərdə V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi və açılış mərasimində dünyada gedən qanlı ocaqlarla bağlı film nümayiş etdirildi. Müharibələrdə ölənlərin daha çox günahsız insanlar – uşaqlar, qocalar, qadınlar olduğu vurğulanırdı. Filmə baxa-baxa ağlımdan ancaq bu fikir keçirdi ki, yəni doğrudanmı bu müharibələri dayandırıb qatillərin qarşısını almağa Allahın gücü çatmır?! Eyni zamanda bunu fikirləşə-fikirləşə sizin statusunuz yadıma düşdü.

- Bu məsələ məni uzun müddət maraqlandırırdı. Hətta bir xristian din xadimindən də bu barədə soruşmuşam. Nə üçün İkinci Dünya müharibəsində milyonlarla insan Hitlerin qurbanı olsun, yaxud Stalin repressiyasında yüz minlərlə günahsız adamlar öldürülsün, milyonlarla insan Sibir düşərgələrində məhv edilsin? Buna hansı qüvvə icazə verə bilər, bunun mənası nədir?..

Xristianlar aydın cavab verə bilmirlər, deyirlər, düzdür, insan oğlu məhv olub, amma İsa-əl Məsih özü çarmıx əzabı çəkib, yəni bu, təbii hadisədir.

Bir insanın günahı ucbatından milyonlarla gəncin müharibə meydanlarında qırılması nə dərəcədə ədalətlidir? İslamda üsuliddinin əsas bəndlərindən biri də Allahın adil olmasıdır; bəs bunu necə izah edərsiniz? İslam alimi cavab verər ki, Allah-təala günahkara imkan yaradır ki, lap çox günah işlətsin, cəhənnəmdə ona verilən əzab ona haqq olsun. Deyirəm, günahı o işlədir, bəs günahsız insanlar da əzab çəkir, axı. Bunun cavabını azdan-çoxdan manixeyçilikdə maraqlı gördüm...

Manixeyçilik zərdüştlüklə xristianlığın qovşağında yaranan dini cərəyan olub. Zərdüştlüyə çox yaxın olub, amma fərqlənib. Sosial ədalət məsələsində barışmaz olublar, Mani özü dahi olub. Zərdüştlüyə görə, xeyir Şərə qalib gəlir, amma manixeyçilik deyir ki, xeyir zəifdir, işıqdır, yaxşıdır, ancaq şərə qalib gələ bilməz, buna gücü çatmaz. Şərsə güclüdür, amma cahildir, içəridən özü-özünü yeyib məhv edəcək. Bu məsələlər özü dolaşıq, qeyblə bağlı məsələlərdir, çox məsələlərə insan ağlı cavab tapa bilmir.

Aynur Camalqızı: Sizcə, başımıza gələnlər, yaşadıqlarımız təsadüfən alınan şeylərdir, yoxsa qabaqcadan proqramlaşdırlıb?

- Alın yazısı və iradə azadlığı islamda ən mübahisəli məsələlərdən biridir. Abbasilər dövründə mötəzillik cərəyanı olub, onlar hər şeyi ağılla izah etməyə çalışıblar. Mötəzili müəllimi tələbələrə hər şeyi ağılla, məntiqlə başa salırmış. Tələbənin biri müəllimə sual verir. Deyir, müəllim, üç qardaş olur, biri kafirdir, biri mömindir, biri də uşaq vaxtı ölür, onların o dünyada taleyi necə olacaq? Müəllim də cavabında deyir ki, aydındır ki, kafir cəhənnəmə, mömin cənnətə gedəcək, uşaq isə bərzəxdə, iki məqamın arasında qalacaq. Tələbə qayıdır ki, onda uşaq etiraz edəcək, deyəcək ki, ay Allah, sən niyə məni qoymadın böyüyüm, mömin olum, cənnətə düşüm. Müəllim deyir, ki, Allah-təala ona deyəcəkdi ki, böyüsəydin, kafir olacaqdın, cəhənnəmə düşəcəkdin. Tələbə də qayıdır ki, onda kafir qardaş deyəcək, ay Allah, niyə məni uşaq vaxtı öldürmədin, mən də günah işlətməyib cəhənnəmdən xilas olardım...

Müəllim cavab verə bilmir, tələbə deyir ki, müəllim, (bağışlayın ifadəmə görə), sizin eşşəyiniz palçığa batdı. Yəni sən indiyə qədər ağılla hər şeyi izah etmək istəyirsən, amma edə bilmirsən.

Bir kəsb nəzəriyyəsi var, insan seçim qarşısında olur, ona seçim haqqı verilir. Bir yolla gedirsən, qarşında daha üç yol açılıb, onun birini seçəndə digər ikisini artıq itirirsən, yenə də gedirsən, yolun haçalanır. Bəlkə də başqa yolu seçsən taleyin daha fərqli olardı.

Mən alın yazısına da, iradə azadlığına da inanıram. İnsan öz iradəsi ilə də nəyəsə nail ola bilər.

Aynur Camalqızı: Bir alim kimi həyatınızdan razısınızmı? Saatlarla oxumaq, araşdırmaq, yazmaq...

- Mən öz zəhmətimdən razıyam. Başqaları asan yolun tapıb vəzifə, şöhrət, pul ardınca qaçıb, mən isə ruhumun, qəlbimin zövq aldığı işlərin ardınca gedib araşdırmalar aparmışam, tələbələrə elm vermişəm. Yeni çap elədiyim “Ərəb ədəbiyyatı” 30 illik zəhmətimin bəhrəsidir, 2 ildir onu toplayırdım, söz vermişdim, bitirim, dincələyəcəm. İndi də “Nəsimi ili”dir, konfranslar, tədbirlər...

Məndə də bir adət var, maraqlı konfrans görəndə mövzu gəlir, göndərirəm, qəbul olunur, mən məcbur olub artıq işləyirəm. Beləcə işdən başım açılmır...

Aynur Camalqızı: Neçə dil bilirsiniz?

- Alim üçün çox az sayılacaq qədər dörd dil bilirəm. Öz ana dilimi, rus, ingilis və ixtisasım olan ərəb dilini...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm