Alim ŞOK FAKTLARI AÇDI: Nəsimi dərisi soyularkən... - VİDEO
Bizi izləyin

Nida Xəbər

Alim ŞOK FAKTLARI AÇDI: Nəsimi dərisi soyularkən... - VİDEO

Bakı Dövlət Universitetinin “Ərəb filologiyası” kafedrasının professoru, filologiya elmləri doktoru Aida Qasımova Teleqraf.com-un “Brifinq” layihəsinin budəfəki qonağı olub.

Alim bir çox maraqlı məqamlardan danışaraq, Nəsimi ilə bağlı şok faktlara toxunub.

Publika.az Aida Qasımovanın Nəsiminin dərisinin soyulması ilə bağlı mübahisələrlə bağlı fikirlərini təqdim edir:

Səhv etmirəmsə, bu mübahisəli mülahizəni ədəbiyyatşünaslığımıza Qəzənfər Paşayev gətirib. Nəsimişünaslıqda böyük xidməti olan Qəzənfər müəllim, yəqin ki, bu məsələyə münasibət bildirəcək. Nəsimi ona görə Nəsimidir ki, o, təkcə şair deyil, həm də bir əzabkeşdir. Əzabkeşlik dinlər tarixində çox böyük yer tutur. Əzabkeş olmağın özünün xüsusi məqamı var.

Nəsimi niyə bu qədər məşhurdur, insanlar nəyə görə əsrlər boyu onu sevir? Ona görə ki, o, əzabkeş olub. İsa əl-Məsih də əzabkeşdir. İsa peyğəmbər haqqında Quranda deyilir ki, “onu öldürmədilər, çarmıxa çəkmədilər”. Amma məntiqlə yazılmalı idi ki, çarmıxa çəkmədilər, öldürmədilər. İsa əl-Məsih çarmıx əzabı çəkib, onun müqəddəsliyi birbaşa əzabkeş olması ilə bağlıdır.

Nəsiminin həyatını mükəmməl şəkildə araşdırdığımı söyləsəm, düzgün olmaz. Hər kəsin məşğul olduğu konkret sahələr var. Mən ərəbşünasam və əsas sahəm də klassik ərəb ədəbiyyatıdır. Bununla belə, bu məsələ ilə maraqlandım və gördüm ki, həqiqətən də bəzi ərəb mənbələrində şairin qətli barədə “boynu vuruldu, dərisi soyuldu və çarmıxa çəkildi” yazılır. Bu əl-Asqalanidə belədir və ərəb mənbələrinə xas təkrarçılığı xatırlasaq, əl-Asqalanidən təsirlənən tarixçilərin də onun mətnini olduğu kimi təkrarladığını görərik. (Sibt əl-Əcəmidə isə Sultan Müəyyədin fərmanında deyilir ki, dərisi soyulsun, sonra yeddi gün Hələbdə cəsədi car çəkilib nümayiş etdirilsin. Gördüyümüz kimi, bu, bir qədər fərqli xəbər olub dərisi soyulmaqla edam edilməni nəzərdə tutur.)

Quranda da, yuxarıda qeyd etdiyim kimi İsa ilə bağlı bu cür sıralanma var. İsa əl-Məsih haqqında ibri mənbələrinin əksəriyyətində onun edamı bu cür ardıcıllıqla gedir: edam olundu, çarmıxa çəkildi. Amma heç kəs söz sırasını əsas tutub “İsa əvvəl öldürülüb, sonra çarmıxa çəkilib”, - demir. Bu, absurd bir iddia olardı. Biz hərfi mənadan yapışıb düşünməməliyik ki, İsa əvvəl edam olunub, sonra çarmıxa çəkilib, eləcə də Nəsimi öldürülüb, sonra dərisi soyulub.

Çünki sami dillərinin, eləcə də ərəbcənin öz qaydaları var. “Və”, yəni “vav” bağlayıcısını İbn Mənzurun “Lisan əl-Ərəb” kitabında axtardım. Orada VIII əsr ərəb dilçisi Fərranın “vav”la “fə” bağlayıcılarının fərqi ilə bağlı fikrinə rast gəldim. Vurğulayır ki, “fə” bağlayıcısı yazılanda ardıcıllıq gözlənilir, “vav” olanda isə ardıcıllıq gözlənilmir. Fikir “vav”la bağlananda hərəkətin ardıcıllığı pozula bilər. Digər tərəfdən, “vav”ın bir mənası da “ilə”dir. Fikrimcə, Nəsiminin dərisi soyulub, sonra qətlə yetirilib.

Mən sonra başqa müəlliflərin, Şəraninin əsərini tapdım. Bu, sufizm mövqeyindən yazılıb, İbn Ərəbi tərəfdarlarına və onların kitablarına qarşı olan terrordan bəhs edən əsərdir.

Orada Nəsimidən də danışılır və ona olan məhəbbət özünü göstərir. Şərani yazıb ki, Nəsimi hətta dərisi soyularkən muvaşşah şeirləri də deyib. Təbii ki, bu hissə uydurula da bilər, amma bir məqam da var: dərinin soyulması Hələbdə, qədim Assuriyada əsas edam növlərindən biri olub. Bəşər tarixində bu dəhşətli edama məruz qalanlar olub. İsa əl-Məsihin həvarilərindən olan Vorfolomey də bu üsulla qətlə yetirilib. Bu barədə Mikelancelonun çəkdiyi bir tablo da var. İsa əl-Məsihin həvarilərindən olan Vorfolomey barədə daha bir faktı şərqşünas Vüqar Qaradağlıdan öyrəndim. Dedi ki, Vorfolomey Bakıda qətlə yetirilib. Axtarış apardım, bu zaman qarşıma başqa bir məlumat çıxdı; ermənilər yazır ki, Vorfolomey ermənilərin qədim şəhəri Albanipolisdə, Albaniyanın paytaxtında, indiki Bakıda öldürülüb.

Yeri gəlmişkən, ermənilərin fantaziyasına, həyasızlığına baxın ki, Bakını qədim erməni şəhəri kimi qələmə verirlər. İkincisi, onların albanlarla nə əlaqəsi ola bilər?! Ağ bənizli, sarışın, mavi gözlü, uca boylu albanlar hara, ermənilər hara?

Burada bir məqam da var: Niyə məhz dəri? Bunun hürufilikdə önəmi nədir? Bu da maraqlı məsələdir. İslamda deyilir ki, qiyamət günü insanın dərisi onun üzünə duracaq, əleyhinə şahidlik edəcək. Dəri adi məsələ deyil, hürufilikdə də bunun xüsusi önəmi var. Çünki Qurani-Kərim aşılanmış dəri üzərində yazılan kitab kimi vurğulanır (Va kitəbin masturin fi raqqin mənşurin, Tur surəsi, 2-3). Hürufilər söyləyir ki, o kitab insan özüdür. Yəni aşılanmış dəri insanın simasıdır, insan özü həm Quran, həm də Allahın məzhəridir. Quranda antropomorfik “danışan kitab”dan bəhs edilir (Muminin, 62).

Digər maraqlı cəhət odur ki, Nəsimi “zındıq” ittihamı ilə qətlə yetirilib. Zındıq birbaşa manixeyçiliklə bağlıdır. Yəni zındıq tərcümədə “kafir”, “dinsiz” mənasındadır, amma əsl mənası Avestanı batini şərhidir ki, ona “zənd” deyilib, “zındıq” sözü də oradan yaranıb, yəni batini şərhə varan.

Bir ərəb mənbəsində qəribə detal diqqətimi çəkdi. Həmin mənbədə Nəsiminin qətlə yetirilməsinin ardınca Şamaxıdan söhbət gedir, məsələn, belə: Şamaxıda həmin il filan hadisə baş verdi. Bilmirəm müəllif Nəsimini fikrində tutub Şamaxıdan söhbət salır, yoxsa bu, təsadüfdür”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm