Ermənistanı gözləyən BÖYÜK TƏHLÜKƏ: Yoxsul ölkədə tezliklə... - ŞOK DETALLAR AÇIQLANDI
Bizi izləyin

Xüsusi

Ermənistanı gözləyən BÖYÜK TƏHLÜKƏ: Yoxsul ölkədə tezliklə... - ŞOK DETALLAR AÇIQLANDI

Bu gün Qarabağın işğaldan azad edilməsi uğrunda başlayan Vətən Müharibəsinin bir ayı tamam olur.

Düz bir ay əvvəl həm Azərbaycan xalqı, həm də onun qüdrətli Ordusu şanlı bir tarix yazmağa başladı. Azərbaycan Silahlı Qüvvələri uğurlu hərbi əməliyyatlarla 27 ildir düşmən tapdağı altında qalan bir sıra yaşayış məntəqələrimizi azad etdi. Hazırda da qüdrətli Ordumuz düşməni döyüş meydanında məhv edir, işğalda olan torpaqlarımızı bir-bir azad edir.

Vətən müharibəsinin 30 günü ilə bağlı parlamentdə Füzuli rayonunu təmsil edən deputat Vüqar Bayramov Publika.az-ın suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Bu gün Qarabağın işğaldan azad edilməsi uğrunda başlayan Vətən Müharibəsinin 1 ayı tamam olur. Bu bir ay ərzində Ordumuzun nailiyyətlərini, qazandığı uğurları necə qiymətləndirirsiniz?

- Azərbaycan son 30 gün ərzində beynəlxalq qurumların 30 il ərzində edə bilmədəyini etdi. O cümlədən ölkəmiz BMT-nin qətnamələrinin icrasını təmin etmiş oldu. Nəzərə alaq ki, 30 ilə yaxın idi ki, danışıqlar gedirdi, ancaq heç bir nəticə yox idi. Bu 30 gün on illər ərzində danışıqlarda həll edilməyən məsələlərin əhəmiyyətli hissəsinin həll edilməsinə imkan verdi. Bu günlər ərzində Azərbaycan Ordusu 4 rayonu işğaldan azad etdi, 3 rayonun isə əhəmiyyətli yaşayış məntəqələrini düşmən tapdağından qurtardı. Bu isə ondan xəbər verir ki, Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə şanlı tarix yazdı. Bu bir ay tarix boyu qürurla xatırlanacaq. Savaş başlayan günü mən Füzuli rayonunda idim. Elə həmin gün xoş xəbərlər gəldi, 7 kənd işğaldan azad edildi. Bu qürurverici xəbərlər vətəndaşlarımızda olan inamı daha da artırdı. Horadiz şəhərində, Füzuli rayonunun kəndlərində insanlarla görüşdüm. Dinc sakinlərin hədəf alınmasına baxmayaraq, onlarda Ali Baş Komandana və Orduya böyük inam var idi. Bu inam, insanlıq, vahid komandanlıq və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Ordumuz bu bir ay ərzində ciddi uğurlara imza ata bildi.

- Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atırdı, “yenilməz Ermənistan ordusu” haqqında miflər yaradırdı. 30 illik bu mif 30 günə məhv edildi, hətta daha tez. Sizcə bütün bunlara baxmayaraq Ermənistan niyə hələ də təslim olmaq istəmir?

- 30 il ərzində Ermənistan və onun havadarları nəticəsiz danışıqlarla prosesi uzatmağa çalışdılar. Fərqli vaxtlarda Azərbaycana qarşı təzyiqlərin artması da müşahidə olunurdu, elə son bir ayda da bir sıra beynəlxalq təşkilatlar işğalçı ölkə ilə, işğala məruz qalan, torpaqlarını düşmən işğalından azad edən ölkəyə fərq qoymadılar. Bu qurumlar ölkəmizə daha çox təzyiq etməyə çalışdılar. Ermənistan ilk günlərdən öz ordusunun zəif oldunu, illərdir uydurulan “güclü erməni ordusu” ifadəsinin mif olduğunu başa düşdülər. Müharibənin ilk günündən Ermənistanın baş naziri dünya liderlərinə hətta gündə bir neçə dəfə zəng edərək xahişlər etdi ki, atəşkəs olsun. Azərbaycan Prezidentinə də bir neçə dünya lideri, o cümlədən də Fransa lideri zəng etdi və savaşın dayandırılmasını xahiş etdi. Ermənistan zəif olduğunu bildiyi üçün fərqli ölkələrdən imdad diləndi. Onların indi təslim olmaması da başa düşüləndir. Onlar ümidlidirlər ki, hansısa formada atəşkəs ola, konfliktin coğrafiyası genişlənə və digər ölkələr və ya ölkə müharibəyə cəlb edilə bilər. Ermənistan hərbi-siyasi rəhbərliyi hələ də buna ümidlidir və özləri üçün ssenarilər qururlar. Amma reallıq odur ki, İrəvan Azərbaycan Ordusunun gücünü hiss etdi. Ordumuz irəlilədikcə, Şuşada bayrağımız dalğalandırıldıqdan sonra rəsmi İrəvan sülh danışıqlarına getməyin əhəmiyyətini başa düşəcək. Söhbət atəşkəsdən yox, Azərbaycanın şərtləri ilə aparılacaq danışıqlardan gedir. Bizim şərtlərimiz beynəlxalq hüquqa söykənir. Azərbaycanın şərtləri erməni silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılması, vaxt cədvəlinin təqdim edilməsi və ərazi bütövlüyümüzün tam bərpa edilməsidir. Ermənistan bu şərtləri qəbul edəcəyi halda Azərbaycan sülh danışıqlarının aparılmasında maraqlıdır. Ölkəmiz regionda sülhün olmasında hər zaman maraqlı olub. Ancaq bu sülh ərazi bütövlüyümüzün bərpa olunması ilə mümkündür.

- Bir aydır davam edən müharibədə darmadağın olan Ermənistan döyüşməyə əsgər tapmır. İşğalçı ölkə döyüşmək üçün qocalardan, qadınlardan, yeniyetmələrdən, hətta azyaşlılardan istifadə edir. Son günlər azyaşlı uşaqların əlinə silah verildiyi, döyüşlərə cəlb ediliyi xəbəri yayıldı. Hətta Tovuz döyüşlərində Azərbaycan qadınlarını sülhə səsləyən Paşinyanın arvadı Anna Akobyan da əlinə silah alaraq qadınlardan ibarət dəstə yaradır. Ümidi uşaqlara, qadınlara qalan Ermənistan bununla nəyə nail olmaq istəyir? Sizcə bu, düşmən ölkənin son çırpıntıları deyil?

- Paşinyanın arvadı Anna Akopyanın qadınlardan ibarət dəstə yaratması sadəcə şoudur. Paşinyanın açıqlamaları, onun ailəsinin son davranışları daxili auditoriyaya hesablanan şoudan başqa bir şey deyil. Uşaqların müharibəyə cəlb edilməsi, hətta onların belə bir görüntülərinin yayılması beynəlxalq konvensiyalara ziddir. BMT-nin uşaqların hüquqlarının qorunması bağlı konvensiyası var. Amma təəssüf ki, ermənilər daxili auditoriyaya hesablanan görüntülər, məlumatlar yayırlar. Uşaqları müharibəyə cəlb edəcəklərini bildirir, onların silahlı fotolarını paylaşırlar. Bu, həm insanlığa ziddir, həm də beynəlxalq konvensiyaların kobud şəkildə pozulmasıdır. Görüntülər göstərir ki, erməni ordusu artıq qaçır. İşğaldan azad edilən ərazilərimizdə Azərbaycan Ordusu düşmənin silahla dolu anbarlarını nəzarətə aldı. Onlar silahları qoyub qaçmışdılar. Fərarilik orada kifayət qədər yüksəkdir. Azərbaycan torpaqlarını azad etdikcə həm fərarilik artacaq, həm də Ermənistan ordusunda əhval-ruhiyyə aşağı düşəcək. Ona görə də rəsmi İrəvan, Paşinyan hakimiyyəti bu günlərdə belə çalışır ki, öz hakimiyyətinin ömrünü uzatsın və ictimai fikirdə öz mövqeyini qoruyub saxlasın. Amma Paşinyan hakimiyyətini xilas edə bilməyəcək. Ümumiyyətlə, Ermənistan üçün ən məqbul olan Qarabağ konfliktinin həll edilməsidir. Bu ölkə iqtisadiyyatının inkişafında və investisiyaların cəlb edilməsində maraqlıdırsa, qoşunlarını Qarabağdan çıxarsın və Azərbaycanın ərazi bütövlüyünü tanısın. Ermənistan işğalçı siyasətinə görə regional layihələrdən kənarda qalır. Oradakı investisiyaların həcminə konflikt birbaşa təsir göstərir. Ona görə də erməni cəmiyyəti bir reallığı qəbul etməlidir ki, qoşunlarının Qarabağdan çıxarılması gələcəkdə Ermənistan iqtisadiyyatı üçün də faydalı olacaq. Amma təəssüf ki, Paşinyan hakimiyyəti daha çox özəl maraqları güdür və bu maraqlardan çıxış edərək açıqlamalar verir. Amma Ordumuz güclüdür. Növbəti ay biz qalan torpaqlarımızın da işğaldan azad edilməsini və ərazi bütövlüyümüzün bərpasını müşahidə edəcəyik.

- Müharibə işğalçı Ermənistana təkcə minlərlə canlı qüvvə, yüzlərlə hərbi texnikanın itirilməsi ilə nəticələnmir, həm də ölkə iqtisadiyyatını çökdürüb. Ermənistanın kasıb ölkə olduğu, beynəlxalq borclarının olduğu bütün dünyaya məlumdur. Son 30 gündə isə ölkədə ciddi bahalaşma müşahidə olunur, xüsusilə gündəlik təlabat məhsullarında qiymət artımı sürətlə artır. Düşmən ölkə çökmüş iqtisadiyyatla nə qədər müharibə apara bilər?

- Savaşdan öncə də Ermənistan iqtisadiyyatında tənəzzül müşahidə edilirdi. Çünki pandemiya da təsir etmişdi. Bu ilin birinci yarısında Ermənistan iqtisadiyyatında 5,8 faiz azalma qeydə alınıb. Eyni zamanda xarici borcların artması, rezervlərin əriməsi müşahidə edilir. Hazırda dövlət zəmanəti ilə alınan kreditlər də daxil olmaqla, Ermənistanın xarici borcu 8 milyard dollardan çoxdur. Bu isə Ermənistanın ümumdaxili məhsulunun 70 faizini təşkil edir. Eyni zamanda, ölkə parlamenti Ermənistanın 2020-ci il dövlət büdcəsinə əlavə dəyişikliklər etdi və borclanma kreditini artırdı. Bu da o deməkdir ki, Ermənistanda qarşıdakı aylarda da borclanma davam edəcək. Ölkənin rezervləri məhduddur və 2 milyard dollardan azdır. Mövcud valyuta rezervləri xarici borcun heç beşdə birini təşkil etmir. Bu baxımdan Ermənistan acınacaqlı bir vəziyyətdədir. Digər tərəfdən, nəzərə alsaq ki, hazırda Ermənistanda işsizlik və yoxsulluq səviyyəsi artır və ölkədə 3 nəfərdən biri yoxsuldur, hər 4 nəfərdən biri işsizdir. Bunlar rəsmi statistikadır. Bu yaxınlarda bir sıra beynəlxalq təşkilatlar, qiymətləndirmə şirkətləri Ermənistanın kredit reytinqinin azaldılması ilə bağlı qərar qəbul etdi.O şirkətlərin məlumatında da qeyd edilir ki, savaş Ermənistan iqtisadiyyatını daha da tənəzzülə aparacaq. Düşmən ölkə bu baxımdan uzunmüddətli müharibə aparmaq gücündə deyil. Yalnız Azərbaycan Ordusunun son bir ayda məhv etdiyi və hərbi qənimət kimi götürdüyü silah-sursatlarının ümumi məbləği artıq 4 milyard dollara yaxınlaşır. Bu, 3 milyard dollardan az olan Ermənistan büdcəsindən çoxdur. Ermənistanda tezliklə həm xarici borclanma artacaq, həm də savaşın davam etdiyi və savaşdan sonrakı vaxtlarda iqtisadiyyatının çökməsini müşahidə edəcəyik. Çünki infilyasiya səviyyəsi də yüksəkdir. Orduya yardım edən şirkətlər və ya supermarketlər etdikləri yardımları Ermənistan vətəndaşlarının cibindən çıxarmağa çalışırlar. Əslində, qiymətlərin qalxması və milli valyutanın dəyərsizləşməsi prosesi növbəti dövrlərdə də davam edəcək və düşmən ölkədə yoxsulluq həddi daha da dərinləşəcək.

- Prezident İlham Əliyev xalqa müraciəti zamanı Ermənistanın havadarlarına səsləndi. Onlara silah verməyi dayandırmağı və hətta bir sözləri ilə Ermənistanın qoşunlarını Dağlıq Qarabağdan çıxaracağını qeyd etdi. Sizcə, bu “havadarlar” məğlub Ermənistanı nə üçün hələ də müdafiə edirlər? Onlar Ermənistanı acınacaqlı durumdan çıxarmaq istəyirlər, yoxsa başqa məqamlar var?

Ordumuz Ermənistanın 4 milyard dollara yaxın dəyəri olan silah-sursat və hərbi texnikasını məhv edib. Kasıb ölkənin bu qədər pulu yoxdur. Amma yenə də Ermənistanın silah-sursatı var, Azərbaycan Ordusu təbii ki, onları məhv etməyə davam edəcək. Bütün bunlar ondan xəbər verir ki, kasıb Ermənistan pulsuz, xarici borc və ya hansısa öhdəlik müqabilində digər ölkələrdən silah alır. Dünya həm savaşın dayandırılmasını istəyir, həm də Ermənistanı silahlandırır. Bu da ikili standartların təzahürüdür. Bu onu deməyə əsas verir ki, bir sıra aparıcı ölkələrdə, beynəlxalq təşkilatlarda ikili standartlar hələ də qalmaqdadır. Bəzi ölkələr isə Azərbaycanın güclənməsini qəbul edə bilmirlər və konfliktdə maraqlıdırlar. Bəzi şirkətlər isə öz silahlarının satılmasında maraqlıdır. Bir ayın yekunları ondan xəbər verir ki, Azərbaycan təkcə döyüş meydanında deyil, beynəlxalq siyasi arenada da vuruşdu. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi son qanun layihəsinin qəbul edilməsinə ölkəmiz imkan vermədi. Azərbaycan nüfuzundan, əlaqələrindən istifadə etdi. Düşünürəm ki, Ermənistana pulsuz silah verilməsi davam edəcək. Amma bütün bunlar Azərbaycan Ordusunu qorxutmur. Təzyiqlərdən, Ermnənistan Ordusunun silahlandırılmasından asılı olmayaraq Ordumuz növbəti günlərdə də uğurlara imza atacaq. Əminəm ki, biz növbəti günlərdə də xoş xəbərlər alacağıq.

- Məscidlərimizdə donuz saxlayan, müqəddəs məkanlarımızı təhqir edən Ermənistan bu gün son çarə kimi fərariliyin qarşısını almaq üçün din pərdəsinə bürünüb, keşişlər cəbhə xəttinə gəlir. Erməni Qriqoryan kilsəsinin rəhbəri, katolikos II Qaregin erməniləri müharibəyə qoşulmağa çağırıb. Başqa dinlərə hörmət bəsləməyən Ermənistan sizcə bu üsulla müxtəlif yollarla müharibədən yayınan, gizlənən, “koronavirusa yoluxan” və ya özlərini cinsi azlığın nümayəndəsi kimi təqdim edən əsgərləri döyüşlərə cəlb edə biləcəklərmi?

- Ermənistan işğal etdiyi ərazilərdə bizim dini, tarixi-mədəni abidələrimiz dağıdıb, müqəddəs məkanlarımızı təhqir edib, məscidlərimizdən heyvanları saxlamaq üçün istifadə ediblər. Bu, əslində Ermənistanın barbarlığını göstərməklə yanaşı, düşmən ölkənin dünya dinlərinə olan münasibətini göstərən faktordur. İşğal etdikləri ərazilərimizdəki məscidlərimizdən tövlə kimi istifadə etmələri ilə bağlı xeyli görüntülər var. Ermənistan Dağlıq Qarabağda 30 ilə yaxındır həm ekoloji, həm də infrastruktur soyqırımı edib. Görüntülər də göstərir ki, yaşayış yerləri dağıdılıb. Bu, barbarlıqdır və Ermənistan bu siyasətini təssüf ki, 30 ildir davam etdirir. Onlar çalışır ki, konfliktə dini don geyindirsin. Əslində bu, dini bir konflikt deyil və ölkəmiz öz torpaqlarını işğalçılardan təmizləyir. Azərbaycanın heç bir ölkənin torpaqlarında gözü yoxdur, öz torpağımızı azad edirik və bu, davam da edəcək. Bu baxımdan buna dini don geyindirilməsi konfliktin mahiyyətini və Ermənistanın konfliktə münasibətini dəyişə bilməz. İşğalçı ölkə öz maraqlarını güdür və başqa dövlətləri münaqişəyə cəlb etməyə çalışır. Erməni dini liderlərinin çağırışları Ermənistan ordusundakı fərariliyin qarşısını almayacaq. Erməni hərbçiləri Azərbaycan Ordusunun gücünü gördü və onlar bizdən qorxurlar. Düşmən ölkə fərariliyin hansısa bir çağırışla, motivasiya yolu ilə qarşısını ala bilməz. Orada saxta koronavirusa yoluxma testlərinin nəticəsi müsbət formada rüşvətlə verilirsə, döyüşə qatılmamaq üçün insanlar saxta arayış alırsa, deməli Ermənistan ordusunda vəziyyət kifayət qədər acınacaqlıdır.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm