İrəvanın kapitulyasiyası: Ermənistan bunu etsə, Azərbaycan, Türkiyə və Pakistan... - Polkovnikdən ANONS
Bizi izləyin

Xüsusi

İrəvanın kapitulyasiyası: Ermənistan bunu etsə, Azərbaycan, Türkiyə və Pakistan... - Polkovnikdən ANONS

Bu gün 10 noyabr üçtərəfli bəyanatının 1 ili tamam olur. Dünyanın aparıcı ölkələrinin siyasi araşdırma mərkəzləri, nüfuzlu politoloqlar bu bəyanatı Azərbaycanın diplomatik uğuru hesab edirlər. Amma Ermənistan tərəfi bir çox hallarda bəzi təxribatçı addımları ilə bu bəyanatın müddəalarına kölgə salmağa cəhd göstərir. Azərbaycanın Zəfər Günündə Ermənistanın müdafiə naziri Arşak Karapetyanın qanunsuz erməni silahlı birləşmələrinin hələ də mövcud olduğu Qarabağa səfəri Azərbaycan cəmiyyətində, eləcə də dövlətimiz tərəfindən sərt şəkildə qınandı.

Bəs bütün bunlar nəyin göstəricisidir? Azərbaycan tərəfi ermənilərin təxribatlarına cavab olaraq Laçın dəhlizini bağlaya və Qarabağda anti-terror əməliyyatları gerçəkləşdirə bilərmi?

Suallarımızı Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki, hərbi ekspert Şair Ramaldanova ünvanladıq.

Polkovnikin Publika.az-a müsahibəsini təqdim edirik.

- Cənab polkovnik, Zəfər Günündə Ermənistan müdafiə nazirinin rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizə səfərini Ermənistan tərəfinin 10 noyabr üçtərəfli bəyanatına növbəti hörmətsizliyi adlandırmaq olarmı?

- Ermənistanın müdafiə naziri Arşak Karapetyanın Qarabağa səfəri 8 Noyabr Zəfər Günü və 9 Noyabr Bayraq Gününə təsadüf edirsə, deməli, ermənilərin bu təxribatlarla bağlı müəyyən məqsədləri var. Bu, təbii ki, belədir. Bilirik ki, Azərbaycanın qələbəsini, zəfərini həzm edə bilməyən qüvvələr mövcuddur. Qələbəmizi istəməyən, həzm etməyən qüvvələrin bir qismi də elə Ermənistandadır. Ermənistanın müdafiə naziri də onlardan biridir. Onlar bilirdilər ki, Azərbaycan Karapetyanın Qarabağa – rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərə gəlişinə həssas olacaq. Onlar anlayırdılar ki, Karapetyanın Qarabağdakı qanunsuz erməni silahlı dəstələri ilə görüşməsi, onların mövqelərinə baş çəkməsi birmənalı qarşılanmayacaq. Hətta bu məsələ Ermənistan mətbuatında da geniş yer alıb. Bunun da məqsədi ondan ibarətdir ki, Azərbaycan cəmiyyətində bu kimi məsələlərə narahatlıq bir qədər də artsın. Bunun qarşılığında da Azərbaycan tərəfi müəyyən addımlar atsın. Bununla ermənilər 10 noyabr anlaşmasının müddəalarına, sərhədlərin demarkasiyası və delimitasiyası məsələlərinə müəyyən problemlər yaratmaq məqsədi güdürlər. Atalar məsəli var, milçək bir şey deyil, ürək bulandırır. Ermənistanın müdafiə nazirinin Qarabağa səfəri də ürəkbulandırıcı addımdır. Bildiyimiz kimi, Arşak Karapetyanın Qarabağa səfəri ilə bağlı Azərbaycan rəsmiləri öz mövqeyini bildirib. Hər halda, Azərbaycanın ən qürurlu günündə - Zəfər Günündə Ermənistan tərəfinin bu cür addım atması təsadüfi deyil.

- Bu hal Azərbaycan, Rusiya və Ermənistan liderlərinin gözlənilən görüşü ərəfəsində baş verib.

- Ermənilər onsuz da həmişə hansısa danışıqlar, müəyyən görüşlər öncəsi bu cür təxribatlara əl atırlar. Düşünürəm ki, Ermənistan müdafiə nazirinin məhz həmin tarixdə rusiyalı sülhməramlıların nəzarətində olan Qarabağa səfəri başqa bir tarixə də salına bilərdi. Səfərin 8 noyabr tarixinə salınması Ermənistanın 10 noyabr anlaşmasına mövqeyini – hörmətsizliyini bildirir. Ermənistan rəsmiləri Qarabağa bu cür icazəsiz səfərlər etdikcə, eləcə də rusiyalı sülhməramlılar bu səfəri sadəcə izlədikcə Azərbaycan tərəfinə bu kimi addımlara qarşı etiraz bəyanatı səsləndirməyə imkan yaradırlar. Bu kimi təxribatçı səfərlərin müsbət tərəfi də budur. Belə demək mümkünsə... Yenə deyirəm, Ermənistan müdafiə nazirinin Qarabağa səfəri elə də böyük bir əhəmiyyət kəsb etmir. Çünki bu gün Ermənistanın nəsə etməyə gücü yoxdur. Düşünürəm ki, Azərbaycan dövləti Karapetyanın bu təxribatçı səfərinə diqqəti cəlb edir. Azərbaycan sülhməmarlı kontingentin komandanlığının, Rusiya Federasiyasının qarşısında bu məsələni qaldırır. Həmin iradlar Ermənistana deyil, öz tapşırıqlarını icra edən sülhməramlıların komandanlığına və Rusiya Federasiyasına bildirilir.

- Bir neçə gün öncə erməni mediası yazmışdı ki, Azərbaycan Laçın dəhlizini bağlayıb. Bu cür təxribatçı addımların ardı gələrsə, Azərbaycan tərəfi anoloji addımı təkrarlaya bilərmi? Hətta qanunsuz erməni silahlı birləşmələrinin olduğu yerlərdə anti-terror əməliyyatlarının keçirilməsi mümkündürmü?

- Onlar özləri Azərbaycanın anti-terror əməliyyatlarını keçirmək üçün şərait yaradırlar. Dövlətimiz öz maraqlarını qorumaq və bu maraqlara zidd olan hər hansı bir addımın qarşısını almaq üçün istənilən hərəkətə əl ata bilər. Bunun anti-terror əməliyyatı və ya digər istənilən addım olması mümkündür. Azərbaycan dövləti bu kimi məsələlərdə öz sərt mövqeyini hər dəfə bəyan edib. Düşünürəm ki, bölgədə Azərbaycanın bu mövqeyindən hamı xəbərdardır. Bunu hamı bilir. Elə bizimlə düşmən mövqeyində olan Ermənistan da bunu çox yaxşı dərk edir. Azərbaycan tərəfi yalnız Laçın dəhlizinin təhlükəsizliyinə zəmanət verib. Bu da 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyannamənin dördüncü bəndinə əsaslanır. Həmin təhlükəsizlik tədbirləri də beynəlxalq normalarla tənzimlənir. Beynəlxalq normalara əsasən, bir dövlətin ərazisindən digərinə keçərkən müəyyən prosedurlar mövcuddur. Həmin prosedurlar yerinə yetirilməlidir. Fərqi yoxdur, orada sülhməramlılar və ya başqa qüvvələr durur. Yəni bir dövlətin ərazisindən başqa dövlətin ərazisinə keçid varsa, orada razılaşdırılmış şəkildə hərəkətə icazə verilir. Rusiya sülhməramlılarının bu kimi addımları mütəmadi atacağına inanmıram. Çünki Azərbaycan və Rusiya arasında, eləcə də iki ölkə prezidentləri arasında dostluq münasibətləri mövcuddur. Rusiya prezidenti dəfələrlə Dağlıq Qarabağa Azərbaycan ərazisi deyib. O, Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərini tanıdığını vurğulayıb. Bu kimi fikirlər Rusiya rəhbərliyi tərəfindən dəfələrlə açıq-aydın şəkildə səsləndirilib. Fikrimcə, Rusiya tərəfi Azərbaycanın dövlət maraqlarına qarşı hər hansı hörmətsizlik göstərməz. Düşünürəm ki, yuxarıda haqqında bəhs etdiyimiz bəzi addımlar daha çox icraçılarla bağlıdır. Daha dəqiq desək, mövcud fəaliyyətləri icra edən Qarabağdakı rusiyalı sülhməramlı kontingentin aşağı vəzifəli şəxsləri ilə əlaqədardır. Düşünmürəm ki, təxribatlara rəvac verən bəzi addımlar hansısa rəhbərlik və ya dövlət səviyyəsindədir. Hər halda, icraçılar da bəzən öz vəzifə borclarını layiqincə yerinə yetirmirlər və ya hansısa başqa çirkin əməllərə əl atırlar. Ola bilsin ki, sülhməramlılar içərisində xidmət apararkən öz vəzifəsindən istifadə edənlər də mövcuddur. Bu, Rusiyanın öz daxilində də var. Düşünürəm ki, Qarabağdakı bəzi əməllərin reallaşmasında bu fakt daha çox rol oynayır.

- Cənab polkovnik, qanunsuz erməni silahlı birləşmələrinin və rusiyalı sülhməramlıların olduğu ərazilərdəki təxribatlardan vaxtında xəbər tutmaq imkanımız varmı?

- Bəli, bir şeyi unutmayaq ki, hər hansı xoşagəlməz hadisə baş verərkən Azərbaycan tərəfi bundan dərhal məlumat tutur. Dövlətimiz bu kimi nüanslara öz reaksiyasını gecikdirmir. Bütün bunlar onu göstərir ki, Azərbaycan tərəfi Laçın dəhlizini də nəzarət altında saxlayır. Bu nəzarət çox şey deməkdir. Nəzarət varsa, deməli, onlar biləcəklər ki, nə edirlər, nə etmək istəyirlər. Bunun da qarşısını almaq üçün müəyyən qabaqlayıcı tədbirlər görmək mümkündür. Əlbəttə, Laçın dəhlizi vasitəsilə Azərbaycana təhlükə yarada biləcək, qanunlarımıza zidd hansısa addımlar atılarsa, eləcə də ərazi bütövlüyümüzə təhlükə yarada biləcək hansısa vəziyyət yaranarsa, dövlətimiz bütün imkanlarımızı səfərbər edəcək. Onun qarşısını alacaq.

Qanunsuz erməni silahlı birləşmələrinin və rusiyalı sülhməramlıların olduğu ərazilərdəki təxribatlardan vaxtında xəbər tutmaq üçün Ağdamda Rusiya və Türkiyə hərbçilərindən ibarət Monitorinq Qrupu da yaradılıb. Həmin Qrup vasitəsilə Azərbaycan tərəfinin müvafiq dövlət qurumları Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə daimi əlaqədədir. Onlar bütün problemləri hələ ki, heç bir problem yaşamadan həll edə bilirlər. Düşünürəm ki, bundan sonra da belə olacaq. Hər halda, bu ilin əvvəlinə və indiyə baxsaq, ilin birinci yarısı ilə ikinci yarısı arasındakı fərqi görə bilərik. İndiki məqamda Azərbaycanın maraqları daha çox qorunur. Hətta Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətini müəyyən bir şəkildə nəzarətdə saxlaya, ona reaksiya verə bilirik. Düşünürəm ki, bundan sonra da belə olacaq.

- Əks halda nə baş verə bilər?

- Əks halda başqa addımlar ata bilərik. Bildiyimiz kimi, Rusiyanın sülhməramlı qüvvələri Azərbaycanın razılığı ilə orada yerləşdirilib. Əgər həmin qüvvələr Azərbaycanın dövlət maraqlarına uyğun fəaliyyət göstərməsələr, o zaman müəyyən addımlar atılacaq. Bu addımları reallaşdırmaq üçün Azərbaycan tək deyil, dövlətimizin yanında Türkiyə kimi böyük bir qardaş ölkə var. Eyni zamanda Pakistan kimi dost ölkə mövcuddur. Əgər ehtiyac olarsa, Azərbaycanın maraqlarını qorumaq üçün bu faktlardan da istifadə edə bilərik.

- Bu gün 10 noyabr üçtərəfli bəyannaməsinin birinci ildönümüdür. Bu bəyannaməni Azərbaycanın hərbi-siyasi, diplomatik uğuru saymaq olarmı? Sizcə, növbəti illərdə bəyannamənin yerinə yetirilməyən müddəaları tam olaraq icra ediləcəkmi?

- Bu, təbii ki, belədir. 10 noyabr bəyannaməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı öz münasibətini bildirib. Ölkə başçısı Rusiya sülhməramlılarının fəaliyyətini müsbət qiymətləndirib. Lakin bu o demək deyil ki, onların fəaliyyətində hansısa səhvlər, çatışmazlıqlar yoxdur.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm