ABŞ Azərbaycanın layihəsinə niyə “qırmızı vərəqə” göstərdi? - ŞOK MƏQAMLAR
Bizi izləyin

Xüsusi

ABŞ Azərbaycanın layihəsinə niyə “qırmızı vərəqə” göstərdi? - ŞOK MƏQAMLAR

Dekabrın 15-də Azərbaycan və Ermənistan rəhbərlərinin Brüsseldə görüşü baş tutacaq. Bəzi ekspertlər düşünür ki, münaqişənin nizamlanması istiqamətində bu cür görüşü təşkil etməklə Qərb Rusiyanı qabaqladı. Ermənistan mediası isə Brüssel görüşündən əvvəl, 26 noyabrda Kremldə Əliyev-Paşinyan görüşünü gerçəkləşdirmək istəyir. Amma bu görüşlə bağlı hələlik rəsmi məlumat və ya etibarlı mənbələrin informasiyası yoxdur.

Nələr baş verir? Ermənistan uduzmuş tərəf olaraq bu davranışları ilə nəyə nail olmağa çalışır? Brüssel görüşü Ermənistan baş nazirinin bölgəyə Qərbi cəlb etmək cəhdidirmi? Yoxsa, Nikol Vovayeviç yenə hiylələr üzərində “quyruq çarxı” fırladır?

Politoloq Tofiq Abbasov Publika.az-a müsahibəsində söyləyib ki, Ermənistanın indiki durumu bazara pulsuz gedən adamın vəziyyəti ilə eynidir:

- Ermənistanın indiki davranışları nəyə bənzəyir?

- Bunu izah etmək üçün metaforik anologiya aparmaq istəyirəm. Təsəvvür edin, cibində pulu olmayan insan bazara gedib nəsə almaq istəyir. Belə adam həmişə təsadüflərə güvənir. Düşünür ki, bəlkə kimsə bunu qonaq edə, bəlkə yerdən nəsə tapa, bəlkə kimisə aldada... Ermənistanın düşdüyü durum da buna bənzəyir. İrəvanın davranışı konkret olaraq budur. Düşünürsünüz ki, 15 dekabrda Brüsseldə ölkə rəhbərlərinin görüşünü keçirməklə Rusiyanı üstələdi. Heç bir halda Qərb Rusiyanı üstələyə bilməyəcək.

- Bu cür düşünməyinizin səbəbi nədir?

- Ona görə ki, coğrafi baxımdan burada olan Rusiyadır, Qərb deyil. Qərbin Ermənistanın daxilində öz təsir vasitələri, alətləri, rıçaqları var. Ermənistanın marağında olan məsələ Qərbin Rusiyanı regiondan çıxarması məsələsidir. Həqiqətən də İrəvan bu cür düşünür. Amma bu, reallıqda baş verə biləcək bir iş deyil. Heç bir halda alınmayacaq. Birincisi, Moskvanın Qərblə arasında razılaşma var ki, postsovet məkanı mənim dairəmdir. Buna baxmayaraq, Qərb bu razılaşmaya məhəl qoymur və öz işini görür. Artıq bu, siyasi aləmdə normaya çevrilmiş bir gedişdir. Yəni rəqibinə “hə” deyirlər, amma yenə də öz işlərini görürlər. Fəqət, məsələ burasındadır ki, Ermənistanın daxilindəki qərbpərəst qüvvələrin Rusiyanı oradan sıxışdırıb çıxarmaq gücləri yoxdur. Digər tərəfdən, erməni xalqına alternativ vermək gücünə də malik deyillər. İkincisi, Rusiya da öz planları üçün tələsmir. Bir halda ki, Ermənistan cəmiyyəti, siyasi elitası, onun hakim qüvvələri tələsmirlərsə, Kreml xüsusilə tələsməyəcək. Bəzi hallarda prosesləri bilərəkdən ləngidəcək.

- Bu halda Rusiyanın marağında olan əsas məqamlar nələrdir?

- Rusiyanın marağında olan odur ki, ilk növbədə Zəngəzur dəhlizi açılsın. Hətta bununla bağlı Türkiyə və Azərbaycan tərəfi ilə də razılaşma var. Yəni burada üç oyunçunun bir nöqtədə kəsişən maraqları mövcuddur. Qərb çalışacaq ki, bu oyunu pozsun. Yadınıza gəlirsə, bu yaxınlarda Pentaqonun rəhbəri Lloyd Austin də bildirdi ki, biz həmin dəhlizə qarşıyıq. Burada məntiq var, gəlin, düşünək; ABŞ buradan 10-15 min kilometr uzaqda yerləşir. Buna baxmayaraq, Birləşmiş Ştatlar Zəngəzur dəhlizinə “qırmızı vərəqə” göstərir. Deyir ki, bu dəhlizin açılmasını bəyənmirəm. Amma bölgədə olan ölkələrin hamısı deyir ki, bu dəhliz bizə lazımdır. Hətta bu dəhliz Ermənistanın özü üçün lazımdır. Ona görə də mən Ermənistanın davranışını nahaq yerə bazara pulsuz gedən adamın davranışına bənzətmədim. Bu, həqiqətən də belədir. Çünki onlar özlərinin heç bir kapitalı olmadan əlverişli konyuktura formalaşdırmağa çalışırlar. Bu, qəti şəkildə mümkün deyil. Ümumiyyətlə, hipotetik baxımdan da alınası iş deyil. Birincisi, Ermənistan müharibəni uduzub. Oyun qaydalarını həmişə udan tərəf müəyyənləşdirir. Mən deyərdim ki, Brüsseldəki danışıqlara razılıq verməklə Azərbaycan bənzəri olmayan centlmenlik nümayiş etdirir. Biz müharibəni udmuşuq. Özü də bu, 1-2 illik deyil, ən azı 30 illik müharibədir. Hələ dərinə getsək, 170-180 ilin müharibəsidir. 1828-ci ildə Rusiya-İran müharibəsi bitdikdən sonra imperiya qüvvələri, sonradan Qərb dairələri ermənilərdən rıçaq kimi istifadə etməyə başladılar və bir bıçaq kimi müsəlman-türk aləminin ürəyinə sancdılar. Daha sonra ermənilərin vasitəsi ilə situasiyanı öz xeyirlərinə formalaşdırmağa çalışdılar. Biz bunların hamısını bilirik. İndiki reallıqlarda isə Ermənistanın ümumiyyətlə realist yanaşması yoxdur. Ermənilərin baxışları son dərəcə bəsit və əsassızdır. Apardıqları bütün hesablamalar da reallıqlardan yox, xülyadan irəli gəlir. Ona görə də görüşün Brüsseldə keçirilməsinin heç bir əhəmiyyəti yoxdur. Ola bilsin ki, görüş sabah Avstraliyada keçirilsin. Biz deyə bilmərik ki, Avstraliya qitəsi bu məsələdə kimisə üstələdi. Hətta Amerikada keçirilsə belə, mahiyyət dəyişmir. Aydındır ki, həm Avropa, həm də Amerika Rusiyanın Qarabağ məsələsindəki moderatorluğunu bəyənmir. Bəs başqa variant varmı?! Kim daha əlverişli variant təklif edir?!

- Bu “masa davası” nə ilə bağlıdır?

- Bu, onların özlərinin arasında olan davadır. Elə ATƏT-in Minsk qrupunun daxilində də parçalanma var idi. Rusiya bir tərəfdə, Qərb və ABŞ digər tərəfdə idi. Ona görə də 15 dekabrda Brüsseldə görüş keçirməklə Qərbin ortaya ürəyəyatan, real model qoyacağına inanmıram. Sadəcə ortada hər iki qütb arasında çəkişmə gedir. Kimin diplomatiyası daha uğurludur, kiminki qərəzlidir... Biz bilirik ki, Qərblə Rusiya arasında çəkişmələr var. Amma biz həmin oyunların qurbanı ola bilmərik.

- Erməni mediasının yazdığına görə, Brüssel görüşündən əvvəl - 26 noyabrda Moskvada görüş keçirilməsi planlaşdırılır. Əgər bu baş versə, Kreml Brüssel görüşündən əvvəl nələrin qarşısını almağa ümid edə bilər?

- Birincisi, Azərbaycanın üzərinə düşən məsuliyyət ondan ibarətdir ki, biz problemin yükünü öz üzərimizdə daşımaqla hər hansı düşmənə, bədxah qüvvəyə şans verməyək. Bəzən mən bu cür danışanda elə təəssürat oyana bilər ki, Rusiyanı dəstəkləyirəm, xeyr. Bizim marağımızda odur ki, Azərbaycanın mövqeyi güclü olsun. Hazırda Rusiyanın kilsə xətti ilə gördüyü işlər təxribatyönümlüdür. Artıq Qarabağda xristian yeparxiyası yaradırlar. Ermənistanda da yeparxiya yaratmaqla məşğuldurlar. Kilsə xətti ilə bəzi keşişlər, ruhanilər əvvəlcə Moskvadan İrəvana gedirlər, sonra İrəvandan Qarabağa gəlirlər. Bunların hamısını biz nəzərimizdə saxlamalıyıq ki, mövqelərimiz zəifləməsin. Heç bir qüvvə Azərbaycanın maraqlarını bizim özümüz kimi və 100% səviyyəsində həll etməyəcək. Bizim diplomatiyamızın vəzifəsi maksimal dərəcədə dividendlərimizi götürmək üçün situasiya formalaşdırmaq, şərait yaratmaqdır. Eyni zamanda qalib tərəfə xas olan tərzdə maraqlarımız təmin olunmalıdır. İstənilən halda böyük oyunçuların öz aralarında gedən hesablamaları var. Onlar heç vaxt xırda dövlətlərin, tərəfdaş saydıqları ölkələrin maraqlarını düşünmürlər. Ona görə də biz bunların hamısını diqqətdə saxlamalıyıq. Biz artıq Rusiyada Azərbaycanpərəst qüvvələrin, lobbinin olduğunu da bilirik. Bunu mən sizə dəqiq deyirəm. Yəni bu lobbi mövcuddur və formalaşıb. Amma bu o demək deyil ki, biz Rusiyanın daxilindəki bütün problemlərimizi həll etmişik. Rusiyanın daxilində xeyli sayda maliyyə, sənaye, bank qrupları mövcuddur. Hərbi, texniki mafioz dairələr var. Onlar həmişə Azərbaycana qarşı istifadə olunması üçün Ermənistana silah satırdılar. Yəni biz bunların hamısını nəzərdə saxlamalıyıq. Çünki sıx şəkildə aparılan bir oyunda istənilən komponent vacib əhəmiyyət daşıyır. Biz hələ bu proseslərin nöqtəsini qoymamışıq. Bizdən çox şey asılıdır, amma hər şey asılı deyil. Çünki problemin marağında olan superqüvvələr var. Biz bunu bilirik. Biz çalışıb elə bir situasiya formalaşdırmışıq ki, artıq Azərbaycan həqiqəti göz önündədir. Biz dünya, onun gözləntiləri, beynəlxalq hüquq baxımından üstünlük əldə etmişik. Həmin üstünlüyü məntiqi xəttə, nöqtəyə çatdırmaq lazımdır. Ona görə də düşünürəm ki, 26 noyabrda görüşlər olacaqsa, Azərbaycan diplomatiyası özünü elə tərzdə ifadə edəcək ki, onun sözü eşidiləcək. Bunun özü böyük bir nailiyyətdir.

- Bundan sonra nə etməliyik və ya nələr olmalıdır?

- Son nöqtə bizim tələblərimiz səviyyəsində vurulmalıdır. Gərək Ermənistan öz məğlubiyyətini rəsmən qəbul etsin. Dəhlizin açılmasına razılıq verməlidir. Demarkasiya və delimitasiya prosesləri getməlidir.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm