Xüsusi
Məxfi görüşün detalları İLK DƏFƏ AÇILDI: Əliyevlə Ter-Petrosyan Olbraytın evində görüşür və...
Video əlavə olunub.
xxx
44 günlük Vətən müharibəsi ilə Qarabağ münaqişəsi tarixə qovuşdu. Müharibə Ermənistanın məğlubiyyəti ilə başa çatdı. İndi tərəflər böyük sülh müqaviləsi üzərində işləyirlər. Daha doğrusu, hazırda post-müharibə dövrünün nizamlanma prosesi gedir.
Bu o demək deyil ki, 30 illik münaqişə dövründə tərəflər sülhə yaxın olmayıblar.
Azərbaycan prezidentinin keçmiş müşaviri, politoloq Qabil Hüseynli Publika.az-a müsahibəsində 25-26 il bundan əvvəl Ulu öndər Heydər Əliyevin dönəmində Azərbaycanın böyük sülh sazişinin bir addımlığına qədər yaxınlaşdığını bildirdi. O, son anda baş verən bir hadisənin buna mane olduğunu qeyd etdi.
- Qabil bəy, dövlət müşaviri kimi 90-cı illərdə Qarabağla bağlı aparılan görüşlərdə, mətbuata qapalı iclaslarda iştirak etmisiniz. Bu görüşlərdən ən yaddaqalanı, sülh müqaviləsinin imzalanmasına ən yaxın olanı hansı idi?
- Zənnimcə, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın dövründə danışıqlar prosesi daha uğurla gedirdi. Ermənistan həm beynəlxalq öhdəliklərini, həm də dünyada baş verən prosesləri və reallıqları daha obyektiv qavrayırdı. Elə bu səbəbdən də mənim xatirimdə qalan ən maraqlı görüşlərdən biri Nyu-Yorkda baş tutmuşdu. O zaman BMT-nin Baş Məclisinin payız sessiyası başlamışdı. Demək olar ki, dünyanın əksər ölkələrinin prezidentləri, baş nazirləri həmin sessiyada iştirak edirdi. Amerika Birləşmiş Ştatları da bu fürsəti dəyərləndirmək istədi. O zaman ABŞ-ın dövlət katibi Madlen Olbrayt idi. Olbrayt Ulu öndər Heydər Əliyevə dedi ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərini təşkil etmək istəyir. Xanım Olbrayt bu fikirləri Ulu öndərin diqqətinə çatdıranda Heydər Əliyev bundan imtina etmədi. Madlen Olbrayt dedi ki, görüş yeri kimi mən öz evimi seçmişəm.
- Görüş Olbraytın evində baş tutdu, yoxsa sonradan yeri dəyişdirildi?
- Xeyr, görüş ABŞ Dövlət Departamenti sədrinin, yəni xanım Olbraytın evində gerçəkləşdi. Olbrayt orada zarafatla dedi ki, evimdə Şərq ənənələrinə uyğun olaraq çay içərik və siz orada mənim bişirdiyim şirniyyatdan dadarsınız. Bu söhbətin ertəsi günü görüş baş tutdu. Həmin gün BMT Baş Məclisinin sessiyasında fasilə idi. Səhv etmirəmsə, bu görüş şənbə gününə təsadüf edirdi. Beləliklə, bizim nümayəndə heyətimiz Madlen Olbraytın Nyu-Yorkdakı evinə yollandı. Həmin ev BMT-nin binasına o qədər də uzaq məsafədə deyildi. Hətta deyərdim ki, yaxın idi. Həmin çoxmərtəbəli binanın 24-cü mərtəbəsi bütövlükdə Madlen Olbrayta məxsus idi. Hər halda o, belə deyirdi. Bəlkə də Dövlət Departamentinin icarəyə götürdüyü yerlərdən biri idi, amma Madlen xanım doğrudan da özünü ev sahibəsi kimi aparırdı. Əvvəlcə Azərbaycan və Ermənistan prezidentləri arasında təkbətək görüş keçirildi. Həmin görüşdə ev sahibəsi kimi Madlen xanım da iştirak edirdi. Daha sonra baş tutan söhbətə heyətlər də qoşuldu. Azərbaycan tərəfdən heyətdə xarici işlər naziri Həsən Həsənov, Beynəlxalq məsələlər üzrə dövlət müşaviri Vəfa Quluzadə və mən təmsil olunurduq. Onu da deyim ki, görüşdən əvvəl biz bayırda Ermənistanın beynəlxalq məsələlər üzrə müşaviri Jirayr Libaridyanla da söhbətləşdik. O, həm də Ermənistan prezidentinin köməkçisi idi. Səhv etmirəmsə, onun həm də Amerika vətəndaşlığı var idi. Söhbət edirdik. Onların içərisində nisbətən cavanı mən idim. Onda 40 yaşım var idi. Sonra bizə ortaboylu, saqqalı bir erməni yaxınlaşdı. Mən daha əvvəl onu prezident Ter-Petrosyanın yanında gəzərkən görmüşdüm.
- Kim idi? Nə üçün yaxınlaşdı sizə?
- O şəxs prezidentin mühafizə xidmətinin rəisi idi. Özünü polkovnik kimi təqdim etmişdi. Rus dilini də çox yaxşı bilmirdi. Bu arada, Vəfa Quluzadə ilə Libaridyan çox yaxşı söhbətləşirdilər. Bizə yaxınlaşan erməni məni kənara çəkdi və “siz nə istəyirsiniz?” deyə soruşdu. Mən də kim olduğunu soruşdum, vəzifəsini dedi. Ad, soyadı yadımda qalmayıb. Mən də qayıtdım ki, tutduğunuz torpaqlardan xoşluqla çıxıb getməyinizi istəyirik. O da cavab verdi ki, biz o torpaqları qan tökərək almışıq, sizin də qüdrətiniz çatırsa, qan tökərək torpaqlarınızı geri qaytarın. Həmin görüşdən sonra həmişə bu fikir mənim beynimdə fırlanırdı. İndi biz torpaqlarımızı mühafizə xidmətinin rəhbərinin dediyi kimi, müharibə yolu ilə almışıq.
- Bəs içəridə, təkbətək və heyətlərin iştirakı ilə keçirilən görüşün detalları nələrdən ibarət idi?
- Təkbətək görüşün bütün detalları, təfərrüatı bizə çatdırılmasa da, belə məlum oldu ki, görüş xoş əhval-ruhiyyədə keçib. Tərəflər kompromisə meyllilik nümayiş etdiriblər. Bu məsələdə daha vacib olan Levon Ter-Petrosyanın mövqeyi idi. Biz Ermənistan prezidentinin güzəştə getməsini, danışıqlar yolu ilə daha sonra bölgədə sülh razılaşmasının əldə edilməsini istəyirdik. Petrosyan bir daha heyətlər qarşısında da bildirdi ki, biz nəyin bahasına olursa-olsun, sülh yaratmalıyıq. Sülhyaratma prosesini kompromislərlə, qarşılıqlı güzəştlərlə sona çatdırmalı olduğumuzu söyləyirdi. Ulu öndər Heydər Əliyev çox hazırcavab idi. Cənab Əliyev söylədi ki, siz bizim torpaqlarımızı işğal etmisiniz, biz sizin torpaqları işğal altına salmamışıq, ona görə də siz daha çox kompromisə meylli olmalısınız.
- Bəs Petrosyanın buna cavabı nə oldu?
- Açığını deyim, Petrosyan da Əliyevə cavab verdi ki, sizin dediklərinizdə haqq var, sizin dedikləriniz həqiqətdir. Daha sonra əlavə etdi ki, indi bölgədə başqa status-kvo formalaşıb. Yəni ortada başqa reallıqlar var. Bu o demək idi ki, kompromislər qarşılıqlı olmalıdır. Yəni birtərəfli gedişdən söhbət gedə bilməz. Petrosyan söylədi ki, biz sizə doğru addım atırıqsa, siz də bizə qarşılıq verməlisiniz. Heydər Əliyev bu dəfə Petrosyana BMT-nin 4 qətnaməsini xatırlatdı. Daha sonra Petrosyanın diqqətinə çatdırdı ki, gec-tez Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Petrosyan bundan sonra çox da israr etmədi və Qarabağla bağlı məsələləri xatırlatdı. Bildirdi ki, ermənilərin də Dağlıq Qarabağa “haqları” var, təbii ki, onun ətrafındakı torpaqlar sizindir – söylədi. Bundan sonra görüşdə tərəflər bir-birinə bir neçə dəfə iltifatlar, komplimentlər səsləndirdi. Görüşün heyətlər üçün ayrılmış vaxtı 20 dəqiqə çəkmədi. Amma prezidentlərin təkbətək görüşü 1 saata yaxın olmuşdu. Madlen Olbrayt sonda söhbətə qarışdı və bildirdi ki, biz mütləq sülhə nail olmalıyıq, buna çox yaxınıq. Madlen xanım dedi ki, bunun üçün hər iki tərəfin siyasi iradəyə sahib olduğunu gördüm. Daha sonra əlavə etdi ki, bu prosesi sona çatdırmaq olar. Görüşün sonunda Heydər Əliyev Madlen xanıma qonaqpərvərliyə görə təşəkkür etdi. Doğrudan da belə idi, görüş başa çatdıqdan sonra çay, müxtəlif şirniyyat növlərindən də daddıq. Həmin binadan ayrıldıq. Sonradan Amerika Birləşmiş Ştatlarının danışıqlar prosesinə daha səylə daxil olması, qarışması dövrü başladı. İstanbul danışıqlarını nəzərdə tuturam. Bir neçə aydan sonra Madlen Olbraytı Kolin Pauel əvəzlədi. O, “məkikli diplomatiya” – yəni tez-tez gedib-gəlmək dövrü kimi xarakterizə olunur. Məkik toxuculuq dəzgahında sürətlə fırlanan və tez-tez oturduğu mövqeni dəyişən aparatın adıdır. Pauel çoxgedişli diplomatiyanı işə saldı. O, bir neçə dəfə Azərbaycana gəldi, Ermənistana getdi. Belə göründü ki, bu səfərlərin birində sülhə yaxın bir mövqe əldə edilib. Həmin dövrdə ATƏT-in Zirvə toplantısı da İstanbul şəhərinə salınmışdı. Eyni zamanda bu zirvə toplantısının ətrafında Bakı-Tbilisi-Ceyhan kəmərinin açılışı ilə bağlı Türkiyə prezidenti Dəmirəl, ABŞ prezidenti Klinton, Azərbaycan prezidenti Heydər Əliyev mühüm bir sənədə - yəni tikintinin başa çatması və onun işə salınması ilə bağlı sənədə qol çəkməli idilər. Üstəlik, bütün bunlarla yanaşı, Azərbaycan və Ermənistan arasında böyük sülh sazişi paraflanması – ilkin variantının təsdiq olunması prosesi də baş verməli idi. Bundan da bir neçə gün əvvəl Pauel sonuncu səfərini İrəvana etmişdi. Oradan da geri qayıdaraq ATƏT-in toplantısına qatılmalı idi.
- Yenə problem yarandı, yoxsa hansısa qırılma nöqtəsi baş verdi?
- Elə bu zaman xəbər gəldi ki, Ermənistanda çox ciddi hadisələr baş verib. Uzunyan adlı ailənin iki üzvü – ata və oğul Ermənistan parlamentinə hücum edib. Ermənistan parlamentinin spikeri Karen Dəmirçiyan, baş nazir Vazgen Sarkisyan və spikerin müavini, daha bir neçə nəfər gülələlənərək qətlə yetirilib. Təxminən 9 nəfər öldürülmüşdü. Bu hadisədən sonra böyük sülh sazişinin paraflanması baş tutmadı. Beləliklə, böyük diplomatik səylərdən sonra ərsəyə gələn və demək olar ki, imzalanmağa yaxın olan bir sənədin imzalanması ideyası pozuldu. Bu proseslərin hamısının iştirakçısı olmuşdum. Mənim də böyük ümidlərim var idi ki, bu məsələ baş tuta bilər. Hansısa dövlət parlamentə hücum hazırladı və danışıqlar prosesinin Amerikanın səyləri ilə baş tutması prosesi pozuldu.
Tural Turan
-
Sosial20:40
Metropolitenin yeni rəisi kimdir? - DOSYE
-
Rəsmi xronika20:20
Prezident “Bakı Metropoliteni”nə yeni sədr təyin etdi
-
Sosial19:40
Bu uşaq bağçasının müdiri işdən çıxarıldı - SƏBƏB
-
Sosial19:00
Azərbaycanda bu il baş verən zəlzələlərin sayı açıqlandı - İnanılmaz rəqəm
-
Hadisə17:43
Hərbçimiz minaya düşdü
-
Nida Xəbər 16:03
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət ödəniləcək - Prezident təsdiqlədi
-
Nida Xəbər 14:26
Oruc Zalovun polkovnik oğlu işdən çıxarıldı - FOTO
-
Nida Xəbər 13:31
Baş Prokurorluğa yeni səlahiyyət verilir