Paşinyan Rusiyaya kələk gələ biləcəkmi: Brüsseldə nələr ola bilər?
Bizi izləyin

Xüsusi

Paşinyan Rusiyaya kələk gələ biləcəkmi: Brüsseldə nələr ola bilər?

İki gün sonra Azərbaycan və Ermənistan rəhbərləri Brüsseldə görüşəcək. Bakıdan fərqli olaraq İrəvanda bu görüşü səbirsizliklə gözləyirlər.

Politoloq Tofiq Abbasov Publika.az-a müsahibəsində Bakı və İrəvanın Brüssel görüşündən gözləntilərini şərh edib:

- Tofiq bəy, Azərbaycanın Brüssel görüşündən əsas gözləntiləri nələrdir?

- Azərbaycanın Brüssel görüşündən bir o qədər də böyük gözləntisi yoxdur. Ermənistan üçün bu görüşün mahiyyəti daha böyük əhəmiyyət kəsb edir. İrəvan üçün bu görüşün mahiyyəti fərqlidir. Bizim üçün regionun problemləri, demarkasiya və delimitasiya məsələləri, “əsirlərin” dəyişdirilməsi, daha doğrusu, qaytarılması kimi məsələlər önəmlidir və bunların hamısı Soçi görüşündə öz həllini tapdı. Demək olmaz ki, sadalanan məsələlərlə bağlı problemlər bütövlükdə həllini tapıb, amma üçtərəfli formatda həmin nüanslarla bağlı qərarlar qəbul olunub. Qarşıdan gələn 15 dekabr görüşü isə “Şərq Tərəfdaşlığı” proqramının sammitidir. Bizə məlumdur ki, bu görüşü Şarl Mişel zorla, Ermənistanın təkidləri ilə təşkil edib. Eyni zamanda altılıq çərçivəsində toplantılar olacaq, cari problemlərin həllini tapması üçün müzakirələr aparılacaq. Hər halda, ilin sonudur, bu baxımdan ilin yekunlarına baxmağa dəyər. Həmin görüş əsnasında da iki liderin – Prezident İlham Əliyevin və baş nazir Nikol Paşinyanın görüşü nəzərdə tutulub.

- Bu görüş baş tutmaya bilərmi?

- Bəli, Azərbaycan elə konyuktura yarada bilərdi ki, ümumiyyətlə, o görüşə getməzdi. Hətta Bakı həmin sammitin özünü hardasa, ləğv etdirə bilərdi. Hər halda, biz elə diplomatiya yürüdürük ki, öz potensialımızı orada göstəririk. Bu məqamda Avropa, Brüssel, xüsusən də rəsmi Paris üçün vacib, əhəmiyyətli bir görüşdürsə, sammitdirsə, Azərbaycan öz razılığını bildirdi, ona görə də bu görüşdən Bakının gözləntiləri yoxdur. Nikol Paşinyan və bəlkə də orada Ermənistana açıq şəkildə dəstək verə biləcək qüvvələr, xüsusən də Avropa Şurasının prezidenti Şarl Mişel ola bilsin ki, müəyyən məsələlərlə bağlı ölkəmizə müraciət etsinlər.

- Bu müraciətlər sizcə, hansı formada ola bilər?

- Mənə elə gəlir ki, bu müraciətlər ancaq xahiş formasında ola bilər. Heç bir təkiddən, qısnamaqdan söhbət gedə bilməz. Düşünürəm ki, bu görüşün önəmi –“sizə lazımdırsa, biz gəlirik” ismarışından ibarətdir. Yəni bizi fikrimizdən, məramımızdan döndərmək niyyətiniz heç vaxt baş tutmayacaq.

- Brüssel toplantısını “görüş xatirinə görüş”, “mənasız görüşlərdən biri” kimi adlandırmaq olarmı?

- Qismən demək olar. Ona görə ki, həmin müzakirələrin yalnız İlham Əliyev-Nikol Paşinyan hissəsinə aid olacaq. Çünki bu görüş bizim üçün əhəmiyyətli deyil. O ki qaldı, Şərq Tərəfdaşlığı Proqramının növbəti sammitinə, biz deyirik ki, eybi yoxdur, siz bu görüşü lüzumlu sayırsınızsa, biz də burada iştirak edirik. Bu baxımdan ola bilsin ki, Azərbaycan da Şərqi Avropada, o cümlədən Qafqaz bölgəsində olan problemlərlə, proseslərlə, xüsusilə Avropa İttifaqı ilə münasibətlərlə bağlı yeni interaktivlərini, baxışlarını sərgiləsin. Çox güman ki, bu, belə də olacaq. Çünki çox vaxt biz görmüşük ki, Prezident İlham Əliyev bu cür tədbirlərdə iştirak edəndə görüşlərə təşəbbüskarlıqla qatılır. Elə ideyalar, təkliflər verir ki, həmin fikirlər həm diqqətəlayiq görülür, həm də onların üzərində əməli işə başlanılır.

- Bakıdan fərqli olaraq İrəvanın Brüssel görüşü ilə bağlı gözləntiləri böyükdür. Bunu erməni mediasında yayımlanan fikirlərdən də görmək olar. Eyni zamanda görüş öncəsi ermənilər həm sərhəddə, həm də sülhməramlıların nəzarətində olan bölgələrdə təxribatlara əl atırlar. Bütün bunlar nədən xəbər verir?

- Birincisi, bu, ermənilərin gözüqıpıqlığından xəbər verir. İkincisi, bu cür hallar ermənilərin ağılsız hərəkətlərə üstünlük verməsinin göstəricisidir. Əgər bir halda ki, ermənilərə hər hansı bir problemi həll etmək lazımdırsa, gərək Azərbaycan tərəfini nəyəsə təxribatlarla təhrik etməyələr. Digər tərəfdən, ermənilər öz cavablarını alıblar. Müharibədə uduzublar. Özü də çox biabırçı şəkildə məğlub olublar. Bütün parametrlərlə belədir. Əgər uduzmusunuzsa, gərək hücum mövqeyindən əl çəkəsiniz. Xahiş edəsiniz, mülayim hərəkət edəsiniz. Biz görürük ki, hansı dəyişikliklər baş verirsə versin, onlar öz vəhşi mahiyyətlərindən əl çəkmirlər. Onu həmişə büruzə verirlər. Ermənistanın Brüssel görüşündən gözləntiləri ondan ibarətdir ki, Qərb onlara yiyə duracaq. Nikol Paşinyan da, onun ətrafı da bunu gizlətmir. Hazırkı İrəvan hakimiyyəti Moskva ilə münasibətlərini “xala xətrin qalmasın” prizmasında saxlayır. Rusiya isə Cənubi Qafqazdakı nəzarəti hələ də özündə saxlayır. Moskva Bakı ilə elə məsələləri razılaşdırıb ki, onların həlli qaçılmazdır. Bunu məsələlərdə görürük ki, Ermənistan əliyalın qalıb. İrəvan heç bir istəyinə nail ola bilmir. Buna görə də İrəvan can atır ki, Avropanı bu proseslərə cəlb etsin. Ermənistan Qərbə göstərməyə çalışır ki, orada vəziyyət hələ də öz həllini tapmayıb. Gərginliyin qaldığını göstərmək istəyir. Belə baxanda, rusiyalı sülhməramlıların nəzarətində olan ərazilərdə 20-25 min adam qalıb. Guya onların hüquqları pozulur, guya Azərbaycan onlara qarşı aqressiv siyasət yeridir və sair fikirlər irəli sürürlər. Ona görə də düşünürəm ki, bunların hamısı Ermənistanın gecikmiş səyləridir. Bir halda ki, proseslər dönməz xarakter alır, İrəvan onları korrektə etməyə müvəffəq olmayacaq. Hətta bir neçə gün əvvəl gördük ki, Azərbayan Ermənistanın bütün təkliflərini rədd etdi və xarici işlər nazirlərinin görüşü baş tutmadı.

- Bayramov-Mirzoyan görüşünün baş tutmamasının səbəbi nə idi?

- Çünki biz bu cür görüşlərdə hansısa məna və ya potensial görmürük. Ermənistan öz imkanlarını ciddi şəkildə göylərə qaldırır. İrəvan bu baxımdan yanılır. Məncə, Ermənistanın imkanları hazırda yerin dibi səviyyəsindədir. Həmin imkanlarla İrəvan heç bir mənfəət əldə edə bilməyəcək. Bu, sadəcə mümkün deyil. Eyni zamanda Azərbaycanın bu proseslərə öz münasibəti var. Artıq mövcud konfiqurasiyanı formalaşdıran bizik. Rusiya da bu məsələlərdə bizə dəstək verir. Eləcə də biz Türkiyə ilə bunun kimi məsələlərdə sıx əlaqədəyik. Bu üçlük – Azərbaycan, Türkiyə və Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı münasibəti, rəyi qətidir. Bu dəhliz işə düşməlidir. Ermənistanda buna “Turan dəhlizi”, “Meqri dəhlizi” də deyə bilərlər. Bu, heç nəyi dəyişmir. Amma bu, bizim üçün Zəngəzur dəhlizidir. Biz görürük ki, bu termin beynəlxalq səviyyədə istifadəyə verilib. Artıq dövriyyədədir. Dünya birliyi də bu termini qəbul edir.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm