Bakı arzular fabrikidir - İslamşünas alim
Bizi izləyin

Xüsusi

Bakı arzular fabrikidir - İslamşünas alim

"Orada özümü nəhəng oyuncaq mağazasında heyrətlə gəzişən uşağa bənzədirdim".

Bu sözləri Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) islamşünas alimi, Paris Tədqiqatlar Ali Məktəbinin doktoru, bir çox beynəlxalq tədqiqat qruplarının üzvü Karim İfrak Publika.az-a müsahibəsində söyləyib.

- Cənab İfrak, Azərbaycanı kəşf etmək sizə nə qazandırdı?

- Azərbaycan minilliklərə söykənən qədim tarixə və əsrarəngiz mədəniyyətə sahibdir. Qafqazdakı coğrafi mövqeyi isə bir sıra ölkələrdə sözün əsl mənasında qibtə doğurur. Ölkəniz min bir gecənin, mədəniyyətin, dil və icmaların vətənidir. Son 3 il ərzində Azərbaycana dəfələrlə səfər etmişəm. Bakı, Gəncə və Ağdamda olmuşam. Qonaqpərvər xalqınızla yaxından tanış olmaq imkanı qazanmışam. İstiqanlı insanlarınız var. Burada həm gündüz, həm də gecələr işıqlı və təhlükəsizdir.

- Bunu bir çox əcnəbidən eşitmişəm.

- Çünki bu, faktdır. Xüsusən də Bakını vurğulamaq istərdim. Yaşamaq üçün olduqca əlverişli və kosmopolit şəhərdir. Bakının mərkəzindəki dəbdəbəli hotellər, möhtəşəm tikililər, müxtəlif dünya brendlərinin mağazaları çox xoşuma gəldi. Əsas odur ki, hər kəs öz büdcəsinə və zövqünə uyğun alış-veriş edə bilər. Eyni zamanda, şəhərin ürəyində yerləşən parkların çoxluğu, orta əsrlərə xas küçələr, abidə və heykəllər o qədər gözəldir ki, insanı divanə edir. Aleksandr Düma "Qafqaz səfəri" kitabında Azərbaycanı çox ətraflı təsvir edib. Bakı haqda danışarkən İçərişəhərin adını çəkməmək günahdır. Etiraf edim, burada yerləşən restoranları xüsusi sevirəm. Həm qədim şəhər aurası, həm də dadlı milli xörəkləriniz ölüyə də can verər. Bir sözlə, Bakı arzular fabrikidir. Sahil boyu sizi izləyən kafelər hər məqamda bunu sizə xatırladır.

- Paris kimi…

- Ümumiyyətlə, azərbaycanlılar fransız mədəniyyətinə də, kinosuna da, incəsənətinə də yad deyillər. Yəni, Bakı müxtəlifliklər şəhəridir. Burada darıxmaq mümkün deyil və nə qədər çox zamanın olsa da, gəzib doya bilmirsən.

- Amma əminəm ki, sizi ölkəmizə bağlayan tək bu cəhətlər deyil.

- Keçmişinə sahib çıxmayan indisinə hakim olub, gələcəyini görə bilməz. Bu, həyatın qızıl qaydasıdır. Keçmişi olmayan millət yaddaşsız, amalsız, gələcəksizdir. Konkret desəm, keçmiş sərmayədir. Keçmişi ilə qürur duymaq hər xalqa nəsib olmur. Keçmişinizi satın ala bilməyəcəksiniz. Bu, sizə çox baha başa gələcək. Odur ki, zəngin tarixi olan ölkələr bu irsin məsuliyyətini dərk edirlər. Bu, milli qürurdur. Azərbaycana marağım islamşünaslıqdan irəli gəlir. Bildiyiniz kimi, Xorasan islam mədəniyyətinin çox önəmli hissəsi olub. Qədim İranın, Orta Asiyanın qədim tarixinin bünövrəsidir. Araşdırdıqca bitməyən mövzudur. Bir neçə il öncə Azərbaycanın Fransadakı səfirliyində təşkil olunan konsertə dəvət almışdım. Yəqin araşdırmalarımın da böyük təsiri vardı ki, səslənən hər bir ifa mənə sonsuz zövq yaşatdı. Azərbaycan haqda maraqlanmağa başladım. Tarixi, mədəniyyəti, mətbəxi, adətləri, musiqisi, məscidləri, kilsələri… sadaladıqca bitmir.

Özümü nəhəng oyuncaq mağazasında heyrətlə gəzişən uşağa bənzədirdim. Odur ki, hamısını əldə etməyə niyyətli idim.

- Ölkəmizlə bağlı layihələriniz gözlənilir?

- Qafqaz Albaniyası Azərbaycan tarixinin əhəmiyyətli parçasıdır. Bu bölgədən sarsılmaz sivilizasiya quran dahi sərkərdələr çıxıb. Düşünürəm ki, dünya Azərbaycanın kollektiv mədəniyyətini tanımalıdır. Bunun üçün elmi araşdırmalar, beynəlxalq layihələr, arxeoloji qazıntılar aparılmalıdır. Daha doğrusu, Azərbaycanla bağlı əcnəbi mütəxəssislər yetişdirməliyik. Bu yolla beynəlxalq hüquq, diplomatiya və siyasət də Azərbaycanın yanında olacaq. Bu, həmçinin yatmış tarixin izlərini də oyadacaq. Azərbaycanın dini irsinə diqqət çəkmək lazımdır. Kilsələr, sinaqoqlar, məscidlər və qədim inancların gerçəkləşdirildiyi məbədlər yenidən tədqiq olunmalıdır. Bu yolda mən də əlimdən gələni etməyə hazır olduğumu bildirmək istərdim.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm