Ölmüş almanların dünyaya tanıtdığı ayaqqabı brendi
Bizi izləyin

Ekopublika.az

Ölmüş almanların dünyaya tanıtdığı ayaqqabı brendi

Bahalı ayaqqabı brendlərindən biri hesab edilir.

Almaniyada 50, Avstriya, Fransa, Polşa, Çexiya, Rusiya daxil olmaqla bir sıra Avropa ölkələrində 200-ə yaxın dükanı var. Adi başmaqçı tərəfindən yaradılan bu brend Böyük Depresiya, dünya müharibələri kimi kəşməkeşlərdən keçib. Öz bazar reytinqini qoruyub saxlamağı bacarıb. Söhbət “Salamander”dən gedir.

Publika.az “Brendlərin tarixi” layihəsi çərçivəsində məşhur ayaqqabı brendinin necə yarandığını təqdim edir.

Adi başmaqçı beyninin məhsulu

Şirkət 1885-ci ildə yəhudi əsilli Yakob Siqle adlı başmaqçı tərəfindən yaradılıb. Öz ayaqqabı atelyesini yaradarkən Siqlenin cəmi 23 yaşı varmış. Buna rəğmən, çalışqan olan Siqle 6 il ərzində işini genişləndirməyi bacarır. 1891-cü ildə Maksim Levi adlı miliyyətcə yəhudi olan dəri tacirini özünə biznes tərəfdaşı seçir. Onlar "J. Sigle und Cie" adlı şirkət yaradırlar. Beş il sonra - 1897-ci ildə Siqlenin atelyesindən artıq xatirələr qalır. Ortaqlar beşmərtəbəli binada fabrik quraraq, ştata 125 nəfəri qəbul edirlər. 1900-cü ildə şirkət ayaqqabı taciri, yəhudi əsilli Rudolf Moosadan böyük sifariş alır. 1905-ci ildə “Salamander-Schuhgesellschaft mbH” şirkəti, eləcə də “Salamander” brendi yaradılır. Moos da şirkətin bərabərhüquqlu sahibinə çevrilir. Yəni kapitalın 50 faizi ona, digər 50 faiz isə Siqleyə məxsus olur. Moosun investisiyası sayəsində yeni böyük fabrik tikilir. Məhsullarının effektiv satışını həyata keçirmək üçün filiallar yaradırlır. 1909-cu ildə şirkətin 26 dükanı açılır. 1913-cü ildə artıq “Salamander” ən böyük alman ayaqqabı istehsalçısına çevrilir. Şirkətin ayaqqabıları Avropanın hər yerinə satılmağa başlayır. 1914-cü ildə müəssisə daha da böyüyərək işə 2880 əməkdaş cəlb edir, illik istehsal 2 milyon ayaqqabıya çatdırılır. 1917-ci ildə ortaqlar Bavariyada böyük ərazi alırlar. Orada ayaqqabı atlıqlarının hazırlanması məqsədilə zavod inşa olunur.

Hekayətin qeyri-rəsmi tərəfləri

Əslində, bu hekayətin daha çox bəhs olunan rəsmi tərəfidir. Alternativ mənbələrə görə, Levi və Siqle bizneslərinin gəlir gətirməsinə 13 il gərgin əmək sərf edirlər. Nəhayət, 1904-cü ildə onlar çəkmə istehsal etməyi qərara alırlar. Rəqiblərlə müqayisədə məhsullarını bazara 40 faiz ucuz çıxarırlar. Həll etməli olduqları bir şey qalır: o da ayaqqabılara çəkici ad tapmaq. Beləcə, Siqle və Levin “Salamander” brendini qeydiyyatdan keçirirlər. Getdikcə onlar Avropanın ayaqqabı kralı hesab edilir, Almaniyanın ən önəmli sənayeçilərindən sayılırlar.

Lakin Almaniyada istər Siqleni, istərsə də Levini sevmirdilər. “Salamander”in fabrikində hər hansı ixtisar, maaşdan kəsilmə halı daha sərt qarşılanır, onlara etiraz edilirdi. Bunun da əsas səbəbi sahibkarlarının yəhudi əsilli olmaları idi.

Müharibənin biznesə xeyri

Dünya iqtisadiyyatını sarsıdan Birinci Dünya Müharibəsi ortaqlara uğur gətirir. Müharibədən sonra alman höküməti hərbi çəkmələr hazırlamaq üçün “Salamander”ə 6 fabrik verir. Bəzi mənbələrə görə isə, “Salamander” Sovetlər Birliyinə də böyük partiya ilə ayaqqabı satır. Rusların brend çəkmələri ilə tanışlığı isə ölmüş alman əsgərlərindən başlayır. Bundan sonra çar höküməti böyük partiya ilə ayaqqabı sifariş edir.

1925-ci ildə Maks Levi dünyasını dəyişir. Amma bu fakt şirkətin işinə təsir göstərmir. 1927-ci ildə “Salamander” 123 dövlətdə qeydiyyatdan keçir. 1930-cu ildə Siqle bütün müəssisələrini “Salamander AG” adı altında birləşdirir. 5 il sonra Yakob Siqle 75 yaşında vəfat edir.

“Lurchi” yaranır

Bu arada İkinci Dünya Müharibəsi brendə zərbə vurur. Şirkət istehsalının təxminən 26%-ni, ticarət missiyalarının 50%-ni itirir. Pis günlər cəmi bir il davam edir. 1946-c il şirkət batan biznesini dirçəltməyi bacarır. Böyük depresiyyanı, iki dünya müharibəsini yaşayan “Salamander” təkcə kişilər üçün deyil, qadınlar və uşaqlar üçün də ayaqqabı istehsal edir. Dünyada məşhur olan uşaq ayaqqabılarını - “Lurchi”ni buraxır. 1960-cı ildə şirkətin rəhbərliyi satış assortimentini artıraraq dünya bazarına çıxmağı qərara alır. Həmin ildə brendin dükanları Fransada, 1969-cu ildə Avstriyada fəaliyyətə başlayır. Artıq 1967-ci ildə şirkətin 17 800 əməkdaşı vardı. 13,5 milyon cüt ayaqqabı istehsal edirdi. 1980-ci ildə Şərqi Avropa və Ərəb Əmirliklərində şirkətin törəmə müəssisələri açılır. Eləcə də Rusiya, Polşa, Çexiya, Slovakiya, Venesiyada firma dükanları yaradılır. İstehsalın dövriyyəsi 8 milyon cüt ayaqqabıya yüksəlir, satış həcmi isə 700 milyon dollara, xalis gəlir 6 milyon dollara çatır. 1980-ci illərin sonlarında şirkətin işləri yaxşı getmir. Hətta rəhbərlik Sankt-Peterburqdakı ayaqqabı fabriklərindən birincə baza yaradır. Doğrusu, bazanın fəaliyyəti uzun çəkmir.

“Salamander” bu gün

Hazırda “Salamander” 11 zavoda malikdir. Bunun da səkkizi Almaniyada yerləşir. Həmçinin konserinin törəmə müəssisəsi olan "Salamander Bonded Leather "də ayaqqabılar üçün xamal məhsulları hazırlanır. 2000-ci ildə şirkət “EnBW AG” tərəfindən satın alınır. “EnBW AG” isə öz növbəsində “Salamander”i “Garant Schuh + Mode AG” ya satır. 2004-cü ilin sentyabrında “Garant Schuh + Mode AG” özünü müflis elan edir. Başıbəlalı “Salamander”i bu fədə də “EganaGoldpfeil Group” satın alır. Nəticədə, brendin ayaqqabılarının keyfiyyəti yüksəlir. Onlar daha bahalı dəridən hazırlanmağa başlayırlar. 2009-cu ildə “Salamander” aparıcı ayaqqabı istehsalçısı “Аrа Shoes AG”yə (Almaniya) keçir.

Son rəqəmlərə əsasən, şirkətlər qrupu bütün dünyada 8 min əməkdaşa sahibdir. Satışın həcmi 500 milyon avrodur. “Salamander”2011-ci ildə beynəlxalq pərakəndə ayaqqabı bazarına çıxıb.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm