Sənət dostu mərhum aktyor barədə: “Uşaq kimi ağlayırdı”
Bizi izləyin

Art

Sənət dostu mərhum aktyor barədə: “Uşaq kimi ağlayırdı”

Bu gün Azərbaycan kinosunda və səhnəsində özünəməxsus yeri olan aktyor, xalq artisti Kamal Xudaverdiyevin xatirə günüdür.

İstər kino, istərsə də teatrda rəngarəng obrazlar qalereyası ilə yaddaşlarda iz qoyan aktyoru sənət dostu, xalq artisti Səidə Quliyeva belə yad edib: “Kamal Xudaverdiyev istər aktyor, istərsə də insan kimi bütöv şəxsiyyət idi. Mən dəfələrlə onunla tərəf müqabili olmuşam. “Atayevlər ailəsi” tamaşasında mənim əmimi oynayırdı. Roldan-rola dəyişməyi bacaran aktyor idi. Allah aktyor üçün ona bütün özəllikləri vermişdi. Yaraşıqlı boy-buxun, xarici görünüş, qeyri-adi səs və aktyorluq qabiliyyəti. O zabitəli görünsə də uşaq kimi kövrək idi. Anası dünyasını dəyişəndə mən də yas mərasiminə getmişdim. Elə nəhəng aktyor anasına görə uşaq kimi göz yaşı tökürdü. Baxmayaraq ki, anası ahıl yaşında dünyasını dəyişmişdi, 90-ı ötmüşdü, amma o boyda aktyor uşaq kimi ağlayırdı. Bu gün onun yeri çox görünür”.

Kamal Xudaverdiyev 1938-ci il mayın 3-də Bakıda doğulub. 1965-ci ildə ali təhsilini başa vuran Kamal Xudaverdiyev Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun təklifi ilə teatra işə dəvət olunur. Ömrünün sonuna qədər həmin teatrda fəaliyyət göstərən aktyor bu illər ərzində gözəl tamaşalarla yanaşı, televiziya tamaşalarında da bir-birindən maraqlı obrazlar yaradıb. “Atayevlər ailəsi”ndə oynadığı İldırım, “Şərqin səhəri”ndə Cavanşir bəy, “Alov”da Qaşqay, “Yadigar”da Müəllim bu gün də tamaşaçıların yaddaşında yaşayır.

Kamal Xudaverdiyev eyni zamanda, kinoda da öz sözünü deyən sənətkarlardan olub. O, “Dədə Qorqud”, ”Əlvida cənub şəhəri”, “Şahid qız”, “Qəzəlxan”, “Qatır Məmməd”, “İstintaq davam edir”, “Nəsimi” kimi milli kinomuzun incilərində özünəməxsus obrazlar yaradıb.

Aktyor 2008-ci ildə Bakıda ürək çatışmazlığından dünyasını dəyişib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm