52 il bir qadını dəlicəsinə sevən Nobel mükafatçısının MƏHƏBBƏT MƏKTUBLARI - FOTO
Bizi izləyin

Art

52 il bir qadını dəlicəsinə sevən Nobel mükafatçısının MƏHƏBBƏT MƏKTUBLARI - FOTO

“Lolita” romanının müəllifi kimi tanınan Nobel mükafatıçısı Vladimir Nabokov təkcə qeyri-adi istedada malik deyildi. Tale onu daha bir hədiyyə - əsl sevgi ilə mükafatlandırmışdı. Nabokov dəfələrlə müsahibələrində qeyd edib ki, o, Vera olmadan heç bir roman yazmazdı. Vera Nabokovun ilk görüşdən aşiq olduğu və bütün yaradıcılığı ərzində ona şeirlər ithaf etdiyi yeganə və əvəzolunmaz qadını idi. O, kitablarının əksəriyyətini də “Həyat yoldaşım Veraya” ithafı ilə yazıb.

Ər-arvadı ayrılmaz siam əkizləri ilə müqayisə edirdilər. Hətta onların fikirləri də eyni idi, qeydlərini ikisi bir gündəliyə yazırdı. Vladimir Nabokov və onun xanımı Vera 52 il birlikdə ömür sürüb.

Vera ərinin kitablarının çap olunması ilə məşğul olur, naşirlərlə danışıqlar aparır, qonorarla razılaşır, lazım gələrsə, yazıçının adından məktub yazırdı. Ən başlıcası o, Nabokovun ilk oxucusu idi. Nabokov telefondan istifadə etməyi sevmirdi, onun əvəzinə həmişə həyat yoldaşı danışardı.

Nabokov həyat yoldaşı üçün şeirlərdən savayı kəpənək şəkilləri çəkərdi. Bu, rusiyalı yazıçının öz xanımına olan sevgi hisslərinin daha dərin ifadəsi idi. V.Nabokov Veradan çox qısa müddətli ayrı qalanda onun üçün uzun-uzadı məktublar yazardı. Əldə edilən sənədlərə görə, onların yarım əsrlik birgə həyatı ərzində yazıçı xanımına 300 məktub yazıb. Onların ölümündən sonra oğlanları Dmitri sözügedən sevgi məktublardan bir neçəsini mətbuatda dərc etdirib.

Publika.az oxucuları yazıçının həyat yoldaşına yazdığı məktublardan bir neçəsi ilə tanış edib.

Berlindən Berlinə, 8 noyabr 1923-ci il

“Mənim xoşbəxtliyim, qızılım, əvəzolunmaz sevincim, bütün şeirlərimlə, bütün qəlbim və xatirələrimlə sənə aid olduğumu necə izah edim? ...mənim üçün əziz olan hər şeyə and içirəm ki, həyatımda heç kimi səni sevdiyim qədər sevməmişəm. And içirəm ki, heç kimi belə həssaslıqla, belə dərin hisslər və gözüm yaşla dolana qədər sevməmişəm. Və hər şeydən çox istəyirəm ki, sən xoşbəxt olasan. Elə hesab edirəm ki, adi olmayan, günəş şüaları kimi parlaq xoşbəxtliyi sənə bəxş edə bilərəm.

Heç bilirsən köhnə quldurlar kimi səni özümlə birlikdə nə qədər uzaqlara aparmaq istəyirəm: Enli şlyapa, qara maska və muşket ilə. Mən səni sevirəm, mən səni istəyirəm və sənə ehtiyacım var. Gülməli bir hadisə danışanda inanılmaz dərəcədə parlayan gözlərin, səsin, dodaqların və çiyinlərin elə yüngül və elə etibarlıdır ki...

Sən həyatıma qonaq kimi şlyapanı çıxarıb gəlmədin, hakimiyyət və səltənət kimi gəldin, hansı ki, bütün çaylar, bütün yollar və bütün addımlar sənin əksini gözləyirdi...

Bütün bunları çarpayıda uzanaraq vərəqi böyük kitaba söykəyib yazıram. Mənim məhəbbətim, gecən xeyrə qalsın. Sənin bu savadsız məktubdan nə isə anlayacağını bilmirəm. Amma fərqi yoxdur. Mən səni sevirəm. Sabah axşam 11 saat səni gözləyəcəyəm, alınmasa saat 9-da mənə zəng et”.

Berlindən Şvarçvald (Qara meşə), 8 iyun 1926-ci il

“Sevincim bu gün əldə etdiyim qeyri-adi, qulaqbatırıcı uğuru (yəqin ki, bu barədə yaxınlarda qəzətlerdə çıxacaq) sənə təsvir etməzdən əvvəl günümün necə keçdiyini danışmalıyam. Səhər Zakın yanına getdim, yağışın altında onunla top oynadıq. Nahara ağ dadsız balıq və gilas (Yox, sən bu dadı təsəvvür edə bilməzsən) var idi. Sonra yağışın altında sənin şubanı Anyutaya apardım. Daha sonra Kaplanların arxasınca qaçdıq (Mənim sevincim, çox təəssüf etdim ki, sən yadımda deyildin) Saat 5-də isə artıq evdə idim.

Smokinqi geyindim, saat səkkizdə Belvyu 5 küçəsində olan təntənəli tədbirə getdim. Pərdənin arxasından tam sükut içində Yasinskinin məni çağırdığını eşitdim. Və dərhal alqış eşitdim. Mən pərdəni araladım və səhnəyə çıxdım. Oxuyub qurtardıqdan sonra ağzınacan dolu olan böyük zal elə əl çaldı ki, hətta bir anlıq xoşuma gəldi. Mən üç dəfə səhnəyə çıxdım. Hamı məni təbrik edir və sən yanımda olmadığın üçün çox təəssüf edirəm.

Ah mənim sevincim, mənim sevgilim sən nə edirsən? Məni xatırlayırsan? Bu gün səni çox sevirəm. Dünən axşam Postdamer küçəsi ilə gedəndə qəfil istilik hiss etdim, nə yaxşı ki varsan, sən mənim sevincimsən. Mənim xoşbəxtliyim, mənim sevimlim, mənim əzizim... Bu gün axşam da sənə yazacağam. Bax belə, əzizim (nə qədər də doğmasan) mən getməliyəm. Yeri gəlmişkən ikinci vərəq də qurtardı”.

Berlindən Şvarçvalda, 12 iyul 1926-ci il

"Mənim sonsuz məhəbbətim əvvəlcə sənə Qrunvelda getməyim, naharım, tenneis oynamağım və iclasdakı nitqim (məni eləcə tərifləyir və tərifləyirlər, bu isə mənə xoş gəlmir. Hətta vəziyyət o yerə çatdı ki, Tolstoyla müqayisə etdilər. Ümumiyyətlə tərif boş şeydir) haqqında danışmaq istəyirəm.

Əslində bütün olanlar barədə yox, ancaq səni necə sevdiyimdən və necə gözlədiyimdən danışmaq istəyirəm. İstəyirəm ki, bu məktubda sənə qarşı olan sevgimdən başqa heç nəyə yer verməyim. Mənim xoşbəxtliyim və həyatım, səni tezliklə görəcəyimi və qucaqlayacağımı fikirləşəndə elə həyəcanlanıram ki, sanki ürəyim bir anlıq dayanır.

Bu müddət ərzində səni ancaq bir dəfə yuxuda görmüşəm, o da ötəri. Oyananda yuxunu xatırlaya bilmədim, amma hiss edirdim ki, onda yaxşı nə isə var: gözlərini yumub küçədə günəşin çıxdığını düşündüyün, sonra aşxam düşəndə yenə də həmin yuxu haqqında fikrə getdiyin kimi. Mən anladım ki, yuxuda gizlənən və heyranedici olan sən, sənin üzün və sənin bircə hərəkətin idi. Yuxuma parlaq işıq saçaraq onu qiymətli, ölməz və günəşli etdin.

Mənim həyatım, mənim xoşbəxtliyim, əziz varlığım, sənə bir şeyi yalvarıram. Elə et ki, vağzalda səni tək qarşılayım, bundan başqa elə et ki, sənin bu gün gəldiyini heç kim bilməsin. Həyatım, indi gecdir, mən bir az yorulmuşam; Səma ulduzlarla doludur. Mən də səni sevirəm, səni sevirəm, mən səni sevirəm, bax bu sözlərdən necə nəhəng, başdan-başa nurlu dünya yaratmaq olar. Gecən xeyrə qalsın, mənim sevincim, mənim sonsuz sevgim. Mən indi sən yatanda necə diksindiyini və daha sözlə ifadə olunmayan bir çox başqa məsələləri gözümün önündə canlandırıram”.

Parisdən Praqaya, 10 may 1937-ci il

“.... Ən əsası isə tezliklə sənin yanına gəlmək istəyirəm, sevgilim. Mən necə xoşbəxtəm ki, biz nəhayət Almaniyadan getdik. Mən heç vaxt ora qayıtmayacağam. Lənətə gəlsin o əclaf soyuq yer. Heç vaxt... Vida səfərləri edirəm. Buninlərlə nahar etdim. O necə də xamdır. Amma Vera Nikolayevna ağılsız olsa da, gənc məhəbbətin həsrətini çəkir. İvan isə onunla kobudcasına, böyürərək və acıqla yamsılayaraq danışır. Dəhşətlidir, yazıq boynu əyilmiş, göz qapağında torbaları olan tısbağalar kimi əbədi olaraq aşağılanır. Amma İlyuşа səhv edir: O, məni heç də ədəbiyyatda deyil, "qadınlar üzərimdə qazandığım uğuru”ma həsəd aparır.

Kembricdən Nyu-Yorka, 6 iyun 1944-cü il

"Əzizim, dünən qeyri-adi macəralar günü idi. Təxminən bir saat sağlam və gümrah şəkildə Vurstxauzda ispanaqlı səhər yeməyi yedim və qəhvə içdim. Saat 2.30-da birdən qusma hiss etdim, küçəyə çıxmağa güclə macal tapdım: qanlı ishal, qusma, spazmalar və zəiflik. Evə necə gəlib çatdığımı bilmirəm, qusmaq üçün zibil səbətindən istifadə etdim. T.N-ya zəng etmək üçün nə cürsə özümdə güc tapdım, o, təcili tibbi yardım maşını çağırdı, dəhşətli hospitala apardı. Tamamilə köməksiz qarabuğdayı mədəmi yumağa çalışırdı, yaxşısı budur xatırlamayım, sancıdan qıvrılaraq ondan məni tezliklə başqa yerə aparmağı xahiş etdim. T.N dedi ki, həkim məni onlara aparıb. Onda artıq tamamilə çökmüş vəziyyətdə idim. Məni dəhşət və xırıltılı səslər çıxaran qoca ilə eyni palataya keçirmişdilər, bu xırıltılar üzündən bütün gecə yata bilmədim.

Mənə duz məhlul verdilər, səhər ishal yenə davam etsə də, bu gün özümü əla hiss edirəm və yaman acımışam, siqaret çəkmək istəyirəm, ancaq su verirlər... Elə indicə (5.30) yemək verdilər, özü də çox qəribə rizoto, bekon və armud konservisi. Bekonu yemədim. Naharı çox gözəl açıq qalleriyada etdim, birinci siqareti də orda çəkdim. Heç bir halda gəlmə, mən sağalmışam. Oğlum necədir? Mənim əzizim! Hər ikinizi sevirəm”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm